Məhkəmə qərarları › İş №2-1(112)-19267/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-19267/2025

02.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-19267/2025 02.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X3 Vahid oğlunun sədrliyi İsmayılova Fidan Səxavət qızının katibliyi, İddiaçı1 iştirakı ilə, Birgə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinə qarşı “kompensasiya ödənilməsi” tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Birgə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Qərib küçəsi 2, 114 saylı evin cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən qanunsuz söküldüyünə görə 75 kvm yaşayış sahəsinin hər kv.m-nə 2500 manat olmaqla 187.500 manat məbləğində kompensasiyanın və 90.000 manat məbləğində isə maddi zərərin cavabdehdən alınıb mənə verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1998-ci ildə Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Qərib küçəsi 2, 114 saylı evə gəlin gəlmişdir. Həmin evdə xx.xx.1999-cu ildə X1 ilə olan nikahdan İddiaçı2 adında övladı doğulmuşdur. Həyat yoldaşı X1 xx.xx.2008-ci ildə həmin evdə vəfat etmişdir. 2008-ci ildən həmin evdə oğlu İlqarla birlikdə qalmışdır və həmin evə bitişik əlavə 2 otaq inşa etmişdir və əvvəlki otaqları əsaslı təmir etmişdir. Həmin evin ümumi yaşayış sahəsi 75 kvm-dən ibarət olmaqla 3 böyük otaqdan, mətbəxdən, koridordan, hamam və sanitar qovşaqdan ibarət idi. İddiaçı həmin evin tikintisinə, əsaslı təmirinə 80.000 manat məbləğində vəsait sərf etmişdir. Evin içində 10.000 manata yaxın məişət əşyaları var idi. xx.xx.2025-ci ildə cavabdehin nümayəndələri ünvandakı evə gəlib, evin kv.m-ni lazerlə ölçdülər, evin ümumi kv.m-i 75 kvm təşkil etdi, onlar bildirmişdir ki, evin hər kv.m-nə 2500 manat kompensasiya verdikdən sonra ev söküləcək. xx.xx.2025-ci ildə isə cavabdehin nümayəndələri evə gəlib bildirmişdirlər ki, bir gün ərzində evdən çıxmalıdır, çıxmadığı təqdirdə ev söküləcək, lakin həmin günü onlar vaxt vermədən evi ekskvatorla sökmüşdürlər, evin bütün məişət əşyaları söküntü altında qalmşdır və ona 90.000 manat məbləğində maddi zərər vurmuşdurlar. Cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyəti evi sökəndən sonra Nərimanov rayon məhkəməsində iddiaçıya qarşı qanunsuz tikilinin sökülüb kənarlaşdırma tələbinə dair iddia ərizəsi vermiş, lakin Nərimanov rayon məhkəməsinin 2(005)-3784/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, iddia mümkün hesab edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Müddəanın mənasına görə, inzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə müraciət edə bilər. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia ərizəsindən müəyyən olunur ki, iddiaçının hazırkı iddianı qaldırmaqda məqsədi qanunsuz söküntüyə görə 187.500 manat və ona dəymiş 90.000 manat maddi zərərə görə kompensasiya məbləğinin cavabdeh Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətindən tutularaq ona ödənilməsinə yönəlmişdir. İş materiallarından müəyyən edilir ki, iddiaçının faktiki olaraq məhkəməyə təqdim etdiyi iddia tələbi (kompensasiya ödənilməsi) ilə bağlı cavabdeh orqanlara yazılı müraciəti olmamışdır və imtina alınmamışdır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən qərarında qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. (2.3-cü bənd) ... İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd) Beləliklə də cavabdehin imtinası mövcud olmadığından, nəticə etibarı ilə tərəflər arasında inzibati mübahisə yoxdur. Məhkəmə qeyd edir ki, inzibati məhkəmə tərəfindən hüquqi yardım etmək vəzifəsi iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməkdə ifadə edilir. Məhkəmənin hüquqi yardımı hər bir halda onun mümkünsüzlüyünü istisna etməyəcəkdir və işin hallarından asılı olaraq hazırki işdə olduğu kimi mütləq şəkildə iddianın mümkünlüyü ilə nəticələnməyəcəkdir. Eyni zamanda məhkəmə tərəfindən hüquqi yardım göstərilməsi özlüyündə iddia tələbinin dəqiq ifadə tərzilə bağlı yardımla şərtləndirmir və inzibati məhkəmə araşdırmasının predmeti olmayan iddialar üzrə və ya digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bildiyi iddianın mümkünsüzlüyünü istisna etməyən hallarda iddia tələbinin (ifadə tərzinin) müəyyən edilməsiilə bağlı məhkəmənin vəzifəsini nəzərdə tutmur. Qeyd edilən halda məhkəmənin hüquqi yardım göstərmək vəzifəsi inzibati məhkəmə icraatı zamanı iddia tələbinin hansı meyarlara cavab verməli olduğunu izah etməklə müəyyənləşir. Odur ki, məhkəmə tərəfindən iddiaçılara xx.xx.2025-ci il tarixli məktubla hüquqi yardım göstərilərək müvafiq tələblə cavabdeh inzibati orqana edilmiş müraciətin məhkəmə təqdim edilməsi təklif edilmişdir. Buna baxmayaraq iddiaçılar cavabdeh inzibati orqana müraciəti təsdiq edən sənəd və imtina məktubunu məhkəməyə təqdim etməmişdir. Belə olan təqdirdə, məhkəmə hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Məhkəməyə müraciət hüququ mütləq hüquq olmadığından hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar