Məhkəmə qərarları › İş №2-1(112)-1929/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1929/2020

26.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1929/2020 26.02.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X1 Ağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı – soyadın dəyişdirilməsi barədə iddia tələbinə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi-56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı cavabdehin imtinasının əsassız hesab edilərək, soyadının “İbrahimli” soyadından “Məmmədli” soyadına dəyişdirilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1987-ci il tarixdə anadan olmuş və hazırda ünvan 1 ünvanında yaşayır. O, Azərbaycan Respublikasında böyüyüb başa çatmışdır. O, soyadını dəyişdirmək istəyir. Soyadını dəyişdirmək üçün Cavabdehnə müraciət etmişdir. Cavabdeh ona imtina məktubu verərək məhkəməyə müraciət etməyi tövsiyyə etmiş, yalnız məhkəmə qərarı olduqdan sonra bu dəyişikliyin edilməsi mümkün olduğu bildirilmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Buna görə də, o, öz soyadının dəyişdirilməsi üçün məhkəməyə müraciət etməyi qərara almışdır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən hər hansı bir münasibət bildirilməmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İşdə iştirak edən şəxslərə məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normalarına əsasən tədqiq edərək, hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan iddiaçıya dair inzibati icraat materiallarından müəyyən edilir ki, iddiaçı barəsində onun xx.xx.1987-ci il tarixdə Bakı şəhərində anadan olmasına dair Cavabdeh tərəfindən xx.xx.1987-ci il tarixli, 1651 saylı akt qeydi tərtib edilmişdir. Həmin akt qeydinə xx.xx.2015-ci il tarixdə düzəliş edilərək, soyadı “Məmmədli”-dan “İbrahimli”-yə dəyişiklik edilmişdir. Bu barədə 4 saylı Bakı “Asan Xidmət” Mərkəzinin qeydiyyat şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixli, 115 saylı “Adın, ata adının, soyadın dəyişdirilməsi haqqında” akt qeydinə əsasən yeni doğum haqqında şəhadətnamə verilmişdir. İşdə olan iddiaçıya məxsus Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçının soyadı “İbrahimli” qeyd edilmişdir. İşdə olan cavabdeh tərəfindən ididaçıya verilmiş 1106-05/15 nömrəli, xx.xx.2019-cu il tarixli imtina məktubunun surətindən görünür ki, ididaçının soyadının “İbrahimli”-dən “Məmmədli”yə dəyişiklik edilməsi barədə müraciətinə baxılaraq bildirilmişdir ki, 4 saylı Bakı “Asan Xidmət” Mərkəzi qeydiyyat şöbəsində tərtib olunmuş xx.xx.2015-ci il tarixli, 115 saylı “Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında” akt qeydinə əsasən onun soyadı “Məmmədli”dən “İbrahimli”yə dəyişdirilmişdir. Soyadının növbəti dəfə dəyişdirilməsi üçün “Adın, ata adının və soyadın dəyişdirilmsi” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarının 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş halların heç biri mövcud olmadığından ərizənin təmin olunması şöbə tərəfindən mümkün deyildir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İşdə olan sənədlərdən müəyyən edilir ki, iddiaçı öz soyadını (soyad sonluğunu) artıq xx.xx.2011-ci il tarixdə dəyişdirmiş, buna dair qeydiyyat orqanı tərəfindən yeni doğum haqqında şəhadətnamə də verilmişdir. Göründüyü kimi, faktiki olaraq iddiaçının soyadı artıq bir dəfə dəyişdirilmiş, iddiaçının soyadının “İbrahimli” dən, “Məmmədli”yə dəyişdirilməsi, onun soyadının yenidən, növbəti dəfə dəyişdirilməsi deməkdir ki, qanunvericiliyin normaları isə buna imkan vermir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları”nın təsdiq edilməsi barədə 12 may 2011-ci il tarixli, 79 nömrəli qərarının 6.3-cü bəndinə əsasən adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Həmin Qaydaların 6.24-6.28-ci bəndlərində isə qeyd edilir ki, Ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. Atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. Hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. Valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. Valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir. Həmin Qərarın 5.10-cu bəndinə əsasən Qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən soyadın sonluğuna dəyişiklik edilməsinə şəxs həm yetkinlik yaşına çatanadək, həm də yetkinlik yaşına çatdıqdan sonra yol verilir. Soyadın sonluğuna yetkinlik yaşına çatdıqdan sonra növbəti dəfə dəyişiklik edilməsinə yol verilmir. Qanunvericiliyin normalarından göründüyü kimi, qanunverici yalnız soyadın növbəti dəfə dəyişdirilməsinə yuxarıda göstərilən hallarda mümkün hesab etmişdir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, qanunvericiliyin tələblərinə əsasən soyadın dəyişdiriməsinə növbəti dəfə yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları”nın təsdiq edilməsi barədə 12 may 2011-ci il tarixli, 79 nömrəli qərarının 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verildiyindən, eləcə də, həmin Qərarın 5.10-cu bəndinə əsasən soyadın sonluğunun yetkinlik yaşına çatdıqdan sonra növbəti dəfə dəyişiklik edilməsinə yol verilmədiyindən, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Odur ki, iddiaçının hazırki tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyası 60.2-ci maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraqməhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar