Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1929/2024 18.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi, vəkil Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə (3-cü şəxs: X6) qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı (bundan sonra - iddiaçı) Bakı Şəhər İcra Hakimiyyətinə (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı Şəhəri Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 15/519 saylı, xx.xx.1989-cu il tarixli qərarına, həmin qərara 4 saylı əlavəyə və 07 iyun 1990-cı il tarixli, 12 saylı orderə əsasən atası X3 Bakı şəhəri Ləhic Bağları 5143-cü ünvanda verilmiş 0,12 hektar bağ sahəsinə olan hüququnun (orderin) ləğv edilərək həmin bağ sahəsinin digər şəxsin adına keçirilməsi barədə qəbul edilmiş Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2003-cü il tarixli, 547 nömrəli sərəncamının atası X3 aid hissədə qanunsuz hesab edilərək ləğv edilməsi və həmin inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə X6 3-cü şəxs qismində hazırkı məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 15/519 saylı, xx.xx.1989-cu il tarixli qərarı və həmin qərara 4 saylı əlavəyə, 07 iyun 1990-cı il tarixli, 12 saylı orderə əsasən iddiaçının atası X3 Bakı şəhəri Ləhic Bağları 5143-cü ünvanda 0,12 ha bağ sahəsi verilmişdir. İddiaçının atası həmin bağ sahəsindən 2007-ci il tarixinə kimi istifadə etmiş və xx.xx.2007-ci il tarixdə vəfat etmişdir. Atası vəfat etdikdən sonra o, Bakı şəhəri 6 saylı Notariat kontorunda atası X2 1-ci növbəli qanuni vərəsəsi kimi müəyyən edilmişdir. Bundan sonra onun tərəfindən 1-ci növbəli vərəsə kimi həmin bağ sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınmasına dair ərizə ilə cavabdehə müraciət edilmişdir. İddiaçıya verilən cavabda həmin bağ sahəsinə dair hüququnun qeydiyyata alınmasından imtina edilərək, imtinanın əsası kimi həmin bağ sahəsinin müqavilə əsasında digər şəxsin istifadəsinə verildiyi göstərilmişdir. Lakin, göstərilən məlumat tam və ətraflı olmamışdır. İddiaçı tərəfindən vəkillə müqavilə bağlanmış və vəkil tərəfindən cavabdehə verilən sorğuya xx.xx.2022-ci il tarixli cavabda Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2003-cü il tarixli, 547 nömrəli sərəncamı ilə X2 Bakı şəhəri Ləhic Bağları 5143-cü ünvanda yerləşən 0,12 ha bağ sahəsinə olan hüququnun (orderin) ləğv edilərək həmin bağ sahəsinin müqavilə əsasında digər şəxsin istifadəsinə verildiyi bildirilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2003-cü il tarixli, 547 nömrəli sərəncamının məzmunundan məlum olur ki, iddiaçının atası X2 qanuni istifadəsində olan Bakı şəhəri Ləhic Bağları 5143 saylı bağ sahəsi atasının rəsmi - notariat qaydada təsdiq edilmiş razılıq ərizəsinə əsasən digər şəxsin adına keçirilmişdir. İddiaçının atası X2 rəsmi - notariat qaydada təsdiq edilmiş razılıq ərizəsi olmamışdır, bu səbəbdən həmin sərəncam qanunsuzdur, iddiaçının hüquqlarını pozur və ləğv edilməlidir. Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxs məhkəmə iclasında təmsil edilməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsaslanaraq, cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, həmin bağ sahəsi atasının istifadəsində olmuşdur. Atasının vəfatından sonra o, həmin bağ sahəsinə gedib gəlmiş və nəzarət etmişdir. Təxminən 2013-2014-cü illərə qədər bağa gedib-gəlib. Lakin, həmin vaxtlar xəstələndiyi üçün bir müddət bağa gedib-gəlməyib. Sonradan təxminən 2015-2016-cı illərdə həmin bağa gedib baş çəkərkən ona bildiriblər ki, həmin bağ sahəsi artıq başqa şəxsə verilib. Bağ sahəsinin başqa şəxsə verilməsi ilə bağlı nə atasının, nə də onun yazılı razılıqları olmayıb. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi məhkəmə iclasında bildirdi ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2003-cü il tarixli sərəncamında göstərilib ki, bağ sahəsinin sahiblərinin notarial qaydada verilmiş razılıq ərizələri əsasında bağ sahələri digər şəxslərə verilib. Lakin, iddiaçı belə bir razılıq ərizəsi verməyib. İşin araşdırması zamanı da iddiaçının belə bir ərizə verdiyi müəyyən edilmir. Eyni zamanda iddiaçı əvvəlcə 2023-cü ildə məhkəmədə iddia qaldıraraq Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli 941 nömrəli sərəncamını mübahisələndirib. Həmin işə məhkəmədə baxılarkən Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2003-cü il tarixli, 547 nömrəli sərəncamının mövcudluğu iddiaçıya məlum olub. Bu səbəbdən həmin iş üzrə iddia ərizəsi geri götürülərək hazırkı iddia irəli sürülüb. Bu səbəbdən nümayəndə iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, iddiaçı və onun nümayəndəsinin izahatlarını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaçıya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İPM-in 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3.). İddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1.). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2.). Məcəllənin qeyd olunan normasının mənası baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia – inzibati prosessual qanunvericiliyə uyğun verilməli, inzibati icraatda baxılan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən qanunla müəyyən edilən iddia müddəti çərçivəsində və qanuna müvafiq cavabdehliyi olan inzibati orqana qarşı verilməli, hüquq və azadlıqların pozulması (sübutlarını da əlavə etməklə) əsaslandırılmalıdır ki, həmin iddianın məhkəmə icraatında baxılması mümkün olsun. Əks təqdirdə, həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Göründüyü kimi iddiaçı Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2003-cü il tarixli, 547 nömrəli sərəncamının atası X4 aid hissədə qanunsuz hesab edilərək ləğv edilməsini tələb edir. Yəni, hazırkı iddia mübahisələndirmə haqqında iddiadır. İPM-də göstərilmişdir ki, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır (2.2.1). Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər (32.1). Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər (38.1). İstinad edilən hüquq normalarının tələblərinə görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Bu şərtlər mübahisələndirmə haqqında iddia növünə də aiddir. Mübahisələndirmə haqqında iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, cavabdehin imtinasının olubolmaması və müddətlərə riayət edilib-edilməməsi yoxlanılmalıdır. Məhkəmə qeyd edir ki, mübahisəli məsələyə münasibətdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 dekabr 2015-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinin tətbiq edilməsi zəruridir. İstinad edilən qərarda göstərilmişdir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. Beləliklə, iddiaçı tərəfindən verilmiş iddiaya məhkəmədə baxılması üçün bu şərtlərə riayət edilib-edilməməsi yoxlanılmalıdır. Belə olan halda, məhkəmə hazırkı iddianın xüsusi mümkünlük şərtini – iddia verilməsi müddətinə əməl edilib-edilməməsini yoxlamalı və bu məqsədlə, mübahisələndirilən sərəncam barəsində iddiaçının nə vaxtdan məlumatlı olmasını müəyyən etməlidir. Göründüyü kimi iddiaçı cavabdehin xx.xx.2003-cü il tarixli sərəncamının verilməsindən təxminən 20 il sonra həmin sərəncamı mübahisələndirmişdir. Məhkəmə qeyd edir ki, İPM-in 38.1-ci maddəsi yalnız “təqdim olunma” ifadəsindən deyil, həm də “elan olunma” ifadəsindən istifadə edir. Buna görə, “elan olunma” eynilə “təqdim olunma”ya bərabər hüquqi nəticələr doğurur. “Elan olunma” isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə, iddia verilməsi axımının başlanılması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır. Öncə qeyd edilməlidir ki, iddiaçı məhkəmə iclasında mübahisəli bağ sahəsinə təxminən 2014-2015-ci illərdə gedərkən həmin bağ sahəsinin başqa şəxsə verildiyinin müəyyən edildiyini bildirir. Belə olan halda iddiaçı artıq öz hüququnun pozulduğunu həmin vaxt bilmişdir. Hesab etsək ki, iddiaçı öz hüququnun pozulduğunu 2015-ci ildən bilmişdir, bundan 8 il keçdikdən sonra, yəni 2023-cü ildə mübahisələndirmə barədə məhkəmədə iddia qaldırmışdır. İddiaçı tərəf əvvəlcə Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli, 941 nömrəli sərəncamını mübahisələndirdiyini və həmin işin gedişatı zamanı cavabdehin qeyd edilən sərəncamından məlumatlı olduğunu və bundan sonra hazırkı iddianı qaldırdığını bildirmişdir. Göründüyü kimi iddiaçının xx.xx.1992-ci il tarixli, 941 nömrəli sərəncamının ləğv edilməsi barədə iddiası xx.xx.2023-cü ildə məhkəməyə daxil olmuşdur. Həmin iş məhkəmənin icraatında olduğu vaxt, yəni xx.xx.2023-cü ildə iddiaçının hazırkı iddiası məhkəməyə daxil olmuşdur. İddiaçı sonradan birinci iddiasını geri götürmüş və məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. İddiaçının özü tərəfindən surəti iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda göstərilir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2003-cü il tarixli, 547 nömrəli sərəncamı ilə xx.xx.1969-cu il təvəllüdlü X5 Ləhiş bağ massivində 5143 saylı bağ sahəsi ayrılmışdır. Həmin sərəncam əsasında Sabunçu rayonu, Ləhiş ərazisində yerləşən 0,10 ha-dan ibarət 5143 saylı bağ sahəsinin istifadəyə verilməsi haqqında keçmiş X1 və İstismarı Birliyi ilə X6 arasında bağlanmış xx.xx.2004-cü il tarixli, 32160 nömrəli müqavilə İdarənin arxivində mövcuddur. Buradan belə görünür ki, həmin məktubu əldə etdikdən sonra iddiaçının Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2003-cü il tarixli, 547 nömrəli və xx.xx.1992-ci il tarixli, 941 nömrəli sərəncamlarından məlumatı olmuş, xx.xx.2023-cü ildə məhkəmədə iddia qaldıraraq xx.xx.1992-ci il tarixli, 941 nömrəli sərəncamı mübahisələndirmişdir. Lakin, sonradan fikrini dəyişərək iddia ərizəsini geri götürmüş və hazırkı iddianı irəli sürmüşdür. Bununla o yenə xx.xx.2003-cü il tarixli sərəncamı mübahisələndirmək üçün qanunla müəyyən edilmiş prosessual müddəti buraxmışdır. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı cavabdehin xx.xx.2003-cü il tarixli, 547 nömrəli sərəncamının atası X3 aid hissədə qanunsuz hesab edilərək ləğv edilməsi barədə iddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-1929/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1929/2024
18.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver