Məhkəmə qərarları › İş №2-1(112)-19299/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-19299/2025

12.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-19299/2025 12.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Bakı şəhəri 2 saylı Notariat Ofisinə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrı publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə və Cavabdeh3 qarşı “etibarnamə və bağışlanma sənədin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” qarşı iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 29) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdehlər Bakı şəhəri 2 saylı Notariat Ofisinə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrı publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə və Cavabdeh3 qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Azərbaycan Vəkillər Kollegiyasının üzvü fərdi vəkil X5 verilmiş Etibarnamənin və X11 verilmiş Bağışlanma sənədinin etibarsız hesab olunması vəzifəsini cavabdeh Səbail rayon 2 saylı Natoriat Kontorunun üzərinə qoyulması, qanunsuz və əssassız alınmış etibarnamə və bağışlanma əsasında X9 adına verilmiş Çıxarışın etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Həmidə xanım Məmmədquluzadə küçəsi (əvvəlki adı 26 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin mülkiyyətçisidir. Həmin əmlak Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsində 30/26973 saylı, xx.xx.2002-ci il tarixli çıxarışla Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınmışdır. Ona verilmiş qeydiyyat vəsiqəsində qonşuluqda yerləşən, eyni ünvanda ev 14 “B” saylı fərdi yaşayış evinin əvvəlki mülkiyyətçisi X12 göstərilmişdir. X12 həmin evi xx.xx.2004-cü il tarixdə alqısatqı yolu ilə X1. İddiaçı aldığı çıxarışda paylı mülkiyyət hüququ ilə qeydiyyata alınmış əmlak üzrə verilmiş xx.xx.2002-ci il tarixli, FM seriyalı № 018235 qeydiyyat vəsiqəsində hələ də köhnə küçə adı (26 Bakı Komissarı) və X7 adı göstərilmişdir. Halbuki, ev 14 “B” üzrə yeni mülkiyyətçi X3 adına xx.xx.2004-cü il tarixli, FM seriyalı № 028892 qeydiyyat vəsiqəsi verilmiş və əvvəlki mülkiyyətçinin adı çıxarılaraq yenisi ilə əvəz edilmişdir. Eyni zamanda, ev 14 “B”də yaşayan X10 uzun müddət yataq xəstəsi olmuş, təxminən 5 il Məştağada yerləşən psixiatriya xəstəxanasında müalicə almış, gözdən əlil şəxsdir və sosial müdafiə orqanı tərəfindən ona baxıcı təyin edilmişdir. İddiaçı evi ilə ev 14 “B” paylı mülkiyyət hüququ əsasında bağlıdır. Buna baxmayaraq, Azərbaycan Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil X4 X2 qanunsuz yolla etibarnamə aldığı iddia edilir. Bildirilir ki, həmin etibarnamə Səbail rayon 2 saylı Notariat Kontorunda rəsmiləşdirilmiş, lakin notariat nümayəndəsi faktiki olaraq evə gəlməmişdir. İddia olunur ki, vəkil Elçin Süleymanlı səs yazısı vasitəsilə ərizə imzalatdırmış və paylı mülkiyyət sahibinin razılığı olmadan öz adına etibarnamə almışdır. Həmin etibarnamə əsasında ev 14 “B” X3 adından X11 bağışlanmış və sonuncunun adına 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən çıxarış verilmişdir. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə, 1 saylı Bakı Ərazi İdarəsinə, 1 saylı ASAN Xidmət mərkəzinə və Ədliyyə Nazirliyinə müraciət edərək etibarnamənin etibarsız hesab olunmasını tələb etmişdir. 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 521-3-30/2-H-04xx-xx/2025 saylı imtina məktubunda etibarnamənin və X9 adına verilmiş çıxarışın etibarsız hesab olunması üçün məhkəməyə müraciət edilməsinin zəruri olduğu bildirilmişdir. Buna görə də, Səbail rayon 2 saylı Notariat Kontorunda verilmiş etibarnamənin, həmin etibarnamə əsasında rəsmiləşdirilmiş bağışlama müqaviləsinin və X9 adına verilmiş çıxarışın paylı mülkiyyət sahibinin razılığı olmadan həyata keçirildiyi əsas gətirilərək etibarsız hesab olunması tələb edilir.

3. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.

4. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdirlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

I. Məhkəmənin mövqeyi

5. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.

6. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.

7. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.

7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər.

11. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır

8. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər.

9. Məhkəmə araşdırması nəticəsində müəyyən etdi ki, iddiaçı hazırda cavabdeh Bakı şəhəri 2 saylı Notariat Ofisi tərəfindən verilən etibarnamə və bağışlanma sənədin etibarsız hesab edilməsini və həmin bağışlanma müqaviləsi əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alına çıxarışış etibarsız sayılmasını xahiş edir.

10. Məhkəmə bununla bağlı qeyd edir ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli Qərarının 8-ci bəndində göstərilmişdir: Aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən şikayət verilməsi zamanı mübahisəyə mülki, yoxsa inzibati məhkəmə icraatı qaydasında baxılması ilə bağlı məsələ qanunvericilikdə dəqiq tənzimlənməmişdir. Əksinə, bu məsələ ilə bağlı qanunvericilikdə bir-biri ilə uyğunsuzluq halı yaradan bir sıra normalar vardır və onların məcmusunun qiymətləndirilməsi əsasında hazırkı vəziyyətdə qanunvericinin iradəsini dəqiq aydınlaşdırmaq mümkün olmur. Mülki Prosessual Məcəllənin 445.0.6-cı, İnzibati Prosessual Məcəllənin 8.1.3-1-ci, “Notariat haqqında” Qanunun 41-ci maddəsində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda mövcud olan müddəalar aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən verilmiş şikayətlərin məhkəmə aidiyyətinin dəqiq müəyyənləşdirilməsinə imkan vermir. Odur ki, müvafiq təkmilləşdirilmələr aparılmaqla mümkün olan qısa müddət ərzində aidiyyətlə bağlı məsələnin qanunvericilik səviyyəsində həll olunması üçün qanunvericilik təşəbbüsü hüququndan istifadə olunmalı, eyni zamanda, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təmin etmək üçün mövcud mübahisələrə müvəqqəti baxılması qaydası ilə bağlı məhkəmələrə izah verilməlidir. Bu baxımdan, qanunvericilikdə müvafiq tənzimləmələr edilənədək notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtinaya dair şikayətlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılması davam etdirilsin.

11. Yuxarıda göstərilənlərə əsasən müəyyən olunur ki, həmin qəbildən olan işlərə baxılması ümumi məhkəmələrin səlahiyyətlərinə aiddir, həmin məsələlər mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr tərəfindən araşdırılmalıdır. Bu baxımdan hazırki iddia tələbinin inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün hesab edilə bilməz.

12. Hazırda iddiaçının vəziyyətinə uyğun olaraq çatmaq istədiyi məqsədə nail olmaq üçün səmərəli hüquq müdafiə vasitəsi işəgötürənə qarşı hüquqlarının müdafiəsi ilə bağlı səlahiyyətli ümumi məhkəməyə müraciətdir.

13. Məhkəmə bununla bağlı iddiaçıya xx.xx.2025-ci il tarixli hüquqi yardım barədə məktub ünvanlayaraq hazırkı iddia tələbi üzrə mülki məhkəmə icraatı qaydasında aidiyyəti rayon (şəhər) məhkəməsinə müraciət edilməsini təklif etmişdir. Yardımetmə nəticəsində iddianın mümkünsüzlüyünə əsas olan halın aradan qaldırılması mümkün olmasa da, hüquqi yardım Plenum qərarının müvafiq bəndindəki mövqeyə uyğun olaraq həyata keçirilmişdir.

14. Odur ki, iddiaçıya müvafiq ərizə ilə ümumi məhkəməyə müraciət etmək hüququ izah olunsun.

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli, 4 saylı qərarının 2-ci bəndinə əsasən mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir.

16. Həmin Qərarının 15-ci hissəsinə əsasən İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir (bənd 15.1). İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır (bənd 15.2). Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (bənd 15.3).

17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarı; 17-ci bənd).

18. Odur ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya səmərəli hüquq müdafiə vasitəsi izah olunduğundan iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.

19. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

20. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar