Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1931/2020 07.08.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə qarşı «qismən ödənilmiş birdəfəlik tibbi kompensasiyanın məbləğinin təminat xərcliyinə uyğun hesablanaraq tam şəkildə ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona qismən ödənilmiş birdəfəlik tibbi kompensasiyanın məbləğinin 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2- 1(82)-493/2019 saylı qərarı əsasında müəyyən olunmuş təminat xərcliyinə uyğun hesablanaraq tam şəkildə ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X6 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçıya qismən ödənilmiş birdəfəlik tibbi kompensasiyanın məbləğinin iddiaçının sərəncama götürüldüyü günə peşəkarlığa, mühüm vəzifə və tapşırıqların yerinə yetirilməsinə, xidmətdə fərqlənməyə görə, eləcə də məxfi, tam məxfi və xüsusi əhəmiyyətli sənədlərlə və ya məlumat daşıyıcıları ilə işləməyə görə əlavələr nəzərə alınmaqla hesablanaraq tam şəkildə iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X6 izahat verərək bildirdi ki, iddiaçının ərizəsi üzrə 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(82)-493/2019 saylı qərarı ilə cavabdehin xx.xx.2018-ci il tarixli 004699 saylı Məlumat Vərəqəsində səhv qeyd olunmuş təminat xərcliyinin natamam formasının düzəldilərək tam həcmdə tərtib olunması qət olunmuş, bununla da peşəkarlıqla, mühüm vəzifə və tapşırıqların yerinə yetirilməsinə, xidmətdə fərqlənməyə görə əlavənin, eləcə də məxfi, tam məxfi və xüsusi əhəmiyyətli sənədlərlə və ya məlumat daşıyıcıları ilə işləməyə görə əlavənin düzgün ödənilməsi təmin olunmuşdur. 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(82)-493/2019 saylı qərarı əsasında cavabdeh inzibati orqan Azərbaycan Respublikasının Əmək və X4 Nazirliyi yanında Dövlət X7 X5 İdarəsinə müvafiq sənədi ünvanlamış, X5 İdarəsi də öz növbəsində pensiyanı yenidən hesablayaraq hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar müharibə əlili kimi iddiaçının pensiyaya çıxdığı xx.xx.2017-ci il tarixdən pensiyanın ödənilməmiş bütün fərqinin hissə-hissə ödənilməsinə başlamışdır. X5 İdarəsi iddiaçının qanuni pensiyasına uyğun olaraq xx.xx.2017- ci il tarixdən pensiyasının ödənilməmiş bütün fərqinin hissəhissə ödənilməsinə başlamasına baxmayaraq, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında Qanun”unun V fəslinin 20.11-ci və 20.12-ci maddələrinə müvafiq olaraq iddiaçıya İnzibati orqan tərəfindən birdəfəlik tibbi kompensasiya ödənilərkən 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(82)-493/2019 saylı qərarının müddəaları nəzərə alınmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə hesablanması düzgün hesab edilməyən pensiya üzrə hesablama aparılmışdır. Bununla da inzibati orqan tərəfindən iddiaçıya ödənilən birdəfəlik tibbi kompensasiya azalmışdır. Buna səbəb isə inzibati orqan tərəfindən təminat xərcliyinə məhkəmə qərarı ilə müəyyən olunmuş əlavələr nəzərə alınmadan müvafiq ödənişin hesablanması olmuşdur. Bununla bağlı olaraq iddiaçı tərəfindən inzibati orqana xx.xx.2019-cu il tarixdə yazılı müraciət edilərək “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında Qanun”unun V fəslinin 20.11-ci və 20.12-ci maddələrinə müvafiq olaraq iddiaçıya ödənilən birdəfəlik tibbi kompensasiyanın 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-1(82)-493/2019 saylı qərarı əsasında müəyyən olunmuş təminat xərcliyi ilə hesablanmasının təmin edilməsini xahiş edilmişdir. Şikayət instansiyasına verilmiş xx xxxxxxx 2019-cu il tarixli müraciəti ilə bağlı müvafiq inzibati orqan tərəfindən qanunla müəyyən olunmuş müddətdə qərar qəbul edilməmişdir. İPM-nin 39.1-ci maddəsinə əsasən, inzibati aktın qəbul olunmasına dair müraciətlə bağlı və ya şikayət instansiyasına verilmiş şikayətlə bağlı müvafiq inzibati orqan tərəfindən qanunla müəyyən olunmuş müddətdə və kifayət qədər əsaslar olmadan qərar qəbul edilmədiyi hallarda, həmin müraciətin edildiyi və ya şikayətin verildiyi vaxtdan 35 gün keçənədək məhkəmədə iddia qaldırılmasına yol verilmir. Bununla da inzibati orqan tərəfindən iddiaçıya birdəfəlik tibbi kompensasiya ödənilərkən qüvvədə olan qanunvericiliyin və məhkəmə qərarının tələbləri nəzərə alınmamış, məhkəmə qərarı ilə əsassız hesab olunmaqla qüvvədən düşmüş təminat xərcliyindən hesablamalar aparılmışdır. Təminat xərcliyi tərtib edilərkən nəzərə alınmalı olan vəzifə maaşı, eləcə də vəzifə maaşından hesablanan əlavələr sərəncamda olarkən alınan deyil, məhz şəxsin sərəncamdan öncə aktiv fəaliyyət göstərərkən aldığı vəzifənin maaşı və həmin vəzifə maaşından hesablanan əlavələrdən ibarət olan məbləğdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında cavabdehin nümayəndəsi X8 izahatında bildirdi ki, İddiaçı keçmiş MTN-də həqiqi hərbi xidmətdə olmuş və hal-hazırda DTX-nin ehtiyatında olan hərbi qulluqçudur. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu-nun 20.11-ci maddəsinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının həyatı və sağlamlığı dövlət büdcəsi vəsaiti hesabına onların 5 illik pul təminatı məbləğində sığorta edilir. Həmin qanunun 20.12-ci maddəsinə və "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 104 nömrəli x xxxxxx 2004-cü il tarixli Fərmanına əsasən xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və ya onların ailəsinə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada və həcmdə kompensasiya verilir. Bununla əlaqədar xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və ya onların ailəsinə kompensasiya verilməsi Qaydaları Nazirlər Kabinetinin 180-24 nömrəli xx xxxxxx 2004-cü il tarixli Qərarı ilə təsdiq edilmişdir. Eyni zamanda Dövlət Təhlükəsizliyi Xidmətinin pul təminatı haqqında Əsasnaməsinə uyğun olaraq xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş hərbi qulluqçunun xidmətinin davam etdirilməsinin istisna edildiyi hallarda kompensasiyanın alınması zamanı təminat xərcliyi hərbi qulluqçunun aldığı bütün növ pul təminatı (ərzaq payı əvəzinə verilən pul kompensasiyasından başqa digər növ kompensasiya, birdəfəlik ödəmələr və müavinətlər istisna olmaqla) nəzərə alınmaqla xidmətdən buraxıldığı günə hesablanır. Kompensasiya təyin edilən zaman İddiaçı təminat xərcliyi vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasi-yasından və məharət dərəcəsinə görə əlavədən ibarət olmuşdur. Bundan başqa, 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(82)- 493/2019 nömrəli qərarı ilə əmək pensiyasının təyin edilməsi üçün iddiaçı barəsində tərtib edilmiş 004699 nömrəli məlumat vərəqəsində təminat xərcliyinin natamam formasının düzəldilərək tam həcmdə tərtib olunması, yəni təminat xərcliyinin sərəncama götürüldüyü gündən nəzərə alınması tələb olunmuşdur. Qeyd olunan məsələ ilə əlaqədar, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda da dəyişiklik edilmiş və Qanunun 20.3-cü maddəsinə əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa və bu Qanuna uyğun pensiya hüququna malik olan kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin hərbi qulluqçularına pensiya təyin edilən zaman onların xidmətdən tərxis olunan günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda bütün növ pul təminatı (ərzaq payı əvəzinə verilən pul kompensiyasından başqa digər növ kompensasiya, birdəfəlik ödəmələr, müavinətlər, büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) nəzərə alınır. Beləliklə 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(82)-493/2019 nömrəli Qərarı və “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş dəyişiklik hərbi qulluqçulara yalnız pensiya təyin edilməsi qaydalarına aid edilmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş iddiaçı X3 cavabdeh Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Maliyyə İdarəsinə ünvanladığı xx.xx.2019-cu il tarixli ərizəsindən görünür ki, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında Qanun”unun V fəslinin 20.11-ci və 20.12-ci maddələrinə müvafiq olaraq ona ödənilən birdəfəlik tibbi kompensasiyanın 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-1(82)-493/2019 saylı qərarı əsasında müəyyən olunmuş təminat xərcliyilə hesablanmasının təmin edilməsini xahiş etmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi X1 sonuncu müayinəyə dair məlumat vərəqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2080-cı ildə doğulmuş, ona xx.xx.2017-ci ildə ikinci dərəcəli əlillik təyin edilmişdir. Əlillik və ya sağlamlıq imkanlarının məhdudluq müddəti xx.xx.2022-ci ildir. Əlilliyin səbəbi: hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillikdir. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun: 20.1-ci maddəsinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri hərbi qulluqçularının sosial müdafiəsi "Hərbi qulluqçuların statusu haqqında", "Əmək pensiyaları haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikasının qanunları, bu qanunla və digər qanunvericilik aktları ilə müəyyən edilir; 20.2-ci maddəsinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının pul təminatı (təminat xərcliyi) vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, üstəlik verilən pul təminatının digər növlərindən, kompensasiyalardan və müavinətlərdən ibarətdir. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin rəhbəri həmin subyektin hərbi qulluqçularına bu qanuna və xidmətin xüsusiyyətləri nəzərə alınmaqla digər qanunvericilik aktlarına əsasən üstəlik verilən pul təminatı növlərinin normalarını və ödəniş qaydalarını müəyyən edir; 20.3-cü maddəsinə əsasən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası qanununa və bu qanuna uyğun pensiya hüququna malik olan kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin hərbi qulluqçularına pensiya təyin edilən zamanı onların xidmətdən tərxis olunan günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda bütün növ pul təminatı (ərzaq payı əvəzinə verilən pul kompensiyasından başqa digər növ kompensasiya, birdəfəlik ödəmələr, müavinətlər, büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) nəzərə alınır; 20.4-cü maddəsinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin rəhbəri həmin subyektin əməkdaşlarına peşəkarlığa, mühüm vəzifə və tapşırıqların yerinə yetirilməsinə, xidmətdə fərqlənməyə görə vəzifə maaşının 50 faizindən çox olmamaqla əlavələr təyin edə bilər; 20.11-ci maddəsinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının həyatı və sağlamlığı dövlət büdcəsi vəsaiti hesabına onların 5 illik pul təminatı məbləğində sığorta edilir; 20.12-ci maddəsinə əsasən xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və ya onların ailəsinə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və həcmdə kompensasiya verilir. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı cavabdeh inzibati orqanda həqiqi hərbi xidmət olmuş, 2017-ci ildə sərəncama götürülmüş və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) müvafiq olaraq xx.xx.2017ci il tarixli əmrlə ehtiyata buraxılmaqla pensiyaya çıxmışdır. İddiaçıya xx.xx.2017-ci ildə ikinci dərəcəli əlillik təyin edilmiş, əlilliyin səbəbi hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillikdir. İddiaçının sərəncama götürüldüyü tarixə onun pul təminatı (təminat xərcliyi) - vəzifə maaşından, hərbi rütbəyə görə maaşdan, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, məharət dərəcəsinə görə əlavədən, xarici dil bilməyə görə əlavədən, peşəkarlığa, mühüm vəzifə və tapşırıqların yerinə yetirilməsinə, xidmətdə fərqlənməyə görə əlavədən (vəzifə maaşının 50%-i), məxfi, tam məxfi və xüsusi əhəmiyyətli sənədlərlə və ya məlumat daşıyıcıları ilə işləməyə görə vəzifə maaşına artımdan (vəzifə maaşının 20%-i) ibarət olmuşdur. Hərbi xidmətdən buraxıldığı günə isə təminat xərcliyi vəzifə maaşından, hərbi rütbəyə görə maaşdan, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, məharət dərəcəsinə görə əlavədən, xarici dil bilməyə görə əlavədən ibarət olmuşdur. Tibbi kompensasiya verilərkən iddiaçıya hərbi xidmətdən buraxıldığı günə olan təminat xərcliyi nəzərə alınmış, peşəkarlığa, mühüm vəzifə və tapşırıqların yerinə yetirilməsinə, xidmətdə fərqlənməyə görə əlavə, məxfi, tam məxfi və xüsusi əhəmiyyətli sənədlərlə və ya məlumat daşıyıcıları ilə işləməyə görə əlavə isə nəzərə alınmamışdır. Məhkəmə qeyd edir ki, sərəncamda olduqdan sonra hər hansı vəzifəyə təyin edilməyərək tərxis edilən şəxslərə münasibətdə onların sərəncama çıxarılmazdan əvvəl tutduqları vəzifəyə görə aldıqları maaş və digər başqa əlavələr əsas götürülməklə təminat xərcliyi tərtib olunmalıdır. Çünki şəxsin sərəncama çıxarılması o anlama gəlir ki, o, sərəncamda olduğu müddət ərzində hər hansı konkret vəzifə tutmur. Təminat xərcliyi isə məhz vəzifə maaşı ilə yanaşı, həm də vəzifə maaşından hesablanan əlavələrdən ibarət olan məbləğdir. Ona görə də təminat xərcliyi tərtib edilərkən nəzərə alınmalı olan vəzifə maaşı, eləcə də vəzifə maaşından hesablanan əlavələr sərəncamda olunarkən alınan deyil, məhz şəxsin sərəncamdan öncə aktiv fəaliyyət göstərərkən aldığı vəzifənin maaşı və həmin vəzifə maaşından hesablanan əlavələrdən ibarət olan məbləğdir. İddiaçının daha az maaşlı vəzifəyə keçirilmədən, sərəncamda saxlanılması isə heç bir halda iddiaçının vəziyyətini ağırlaşdıran hal kimi qəbul edilə bilməz. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, iddiaçı xüsusi xidmət orqanlarının əməkdaşı olaraq xidmətdə olduğu dövrdə peşəkarlığa, mühüm vəzifə və tapşırıqların yerinə yetirilməsinə, xidmətdə fərqlənməyə görə əlavə, eləcə də məxfi, tam məxfi və xüsusi əhəmiyyətli sənədlərlə və ya məlumat daşıyıcıları ilə işləməyə görə əlavə alsa da, iddiaçıya tibbi kompensasiya hesablanarkən həmin əlavələr onun sərəncamdan ehtiyata buraxılması ilə əlaqədar ödənilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçıya müvafiq kompensasiya ödənilərkən hesablanmış təminat xərcliyinə qeyd olunan əlavələrin daxil edilməməsi yuxarıda qeyd olunanlara əsasən əsassızdır. Bundan başqa, həmin əlavələr həm “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən (hərbi qulluqçularına pensiya təyin edilən zamanı), həm də 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-493/2019 saylı xx.xx.2019-cu il tarixli qərarına əsasən təminat xərcliyinə (iddiaçının) daxil edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34.1, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçıya qismən ödənilmiş birdəfəlik tibbi kompensasiyanın məbləğinin iddiaçının sərəncama götürüldüyü günə peşəkarlığa, mühüm vəzifə və tapşırıqların yerinə yetirilməsinə, xidmətdə fərqlənməyə görə, eləcə də məxfi, tam məxfi və xüsusi əhəmiyyətli sənədlərlə və ya məlumat daşıyıcıları ilə işləməyə görə əlavələr nəzərə alınmaqla hesablanaraq tam şəkildə İddiaçı Mehdi oğluna ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-1931/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1931/2020
07.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver