Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1931/2024 13.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı "xxxx" Kiçik Müəssisəsinin cavabdeh Xətai rayon İcra Hakimiyyətinə qarşı “zərərin ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X1 cavabdeh Xətai rayon İcra Hakimiyyətinə qarşı “zərərin ödənilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddiaçı əsl iddiaçı "xxxx" Kiçik Müəssisəsi ilə əvəz edilmişdir. İddianın məzmunu onunla bağlıdır ki, iddiaçı qeyd edir ki, istifadəsində olan torpaq sahəsi və tikintilərlə bağlı ona cuzi kompensasiya ödənilmişdir. Mənə ayrılan torpaq sahəsində 2 mərtəbəli inzibati bina, gözətçi otağı, istehsal sexi və saxlanma anbarı tikilmişdir. Kabel hava xətti çəkilmiş və transformator məntəqəsi quraşdırılmış, su xətti çəkilmiş, abadlaşdırma və yaşıllıq salınmışdır. Məhkəmə işi olmuş, son nəticədə 85200 əvəzinə ona 35500 manat kompensasiya ödənilməsi qərara alınmışdır. Ona məlum olmuşdur ki, 4200 kv.m torpaq sahəsinin yalnız 720 kv.m qeyri yaşayış sahəsinə görə ona kompensasiya ödənilmişdir. Qalan 3480 kv.m torpaq sahəsinə dair kompensasiya ödənilməmişdir. Odur ki, 3480 kv.m manat torpaq sahəsinə görə 696 min manat ödənilməlidir. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, Bakı “Ağ Şəhər” layihəsi ilə əlaqədar 10 iyun 2013-cü il tarixli sərəncamın iscrası ilə əlaqədar komissiya yaradılmış köçürülməyə məruz qalan əmlakların sahiblərinə müəyyən edilmiş qaydad kompensasiya ödənişləri həyata keçirilmişdir. İddiaçıya məxsus əmlak da qiymətləndirilmiş, razılaşma aktı imzalanmışdır. Sonradan iddiaçı məhkəməyə kompensasiya ilə bağlı müraciət etmiş, birinci instansiya məhkəməsi 852 min manat kompensasiyanın ödənilməsini qərara alsa da, yuxarı instansiya məhkəmələrinin qərarları əsasında ödənilməli olan kompensasiya həmin məbləğin 497 min hissəsində rədd edilmişdir. Adıçəkilən məbləğ Bakı Şəhər İcra Hakimiyyətinin hesaıbna köçürülmüş və iddiaçıya məlumat verilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Eləcə də, tələbdə göstərilən xüsusi qərardadın qəbul edilməsi ilə bağlı hissə, məhkəmə araşdırması zamanı vəsatət qismində qiymətləndirilmiş, həmin vəsatət təmin edilməmiş, iddia tələbi məhz zərərin ödənilməsi ilə əlaqədar olmuşdur. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Belə ki, iş materiallarında olan: Torpaq sahəsinin ayrılması barədə 14 fevral 1995-ci il tarixli sərəncamdan görünür ki, iddiaçıya yerli icra hakimiyyəti orqanı tərəfindən Bakı ş, Babək prospekti, 2210-cu məhəllədə zavodun layihələndirilməsi və tikintisi ilə əlaqədar torpaq sahsəsinin ayrılması qərara alınmışdır. Torpaq sahəsinin ölçüsü 4200 kv.m kimi göstərilmişdir. Ali Məhkəmənin 31 avqust 2020-ci il tarixli qərarından görünür ki, iddiaçı 4200 kv.m torpaq sahəsində əmlakların söküntüsü ilə əlaqədar ödənilmiş 213000 manat pul vəsaiti ilə razılaşmayaraq ******* manat ödənişlə bağlı məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, adıçəkilən torpaq sahəsində inzibati bina, gözətçi otağı, sanitar qovşaq, istehsal sexi tikilmiş, xu xətti, elektrik xətti çəkilmiş abadlıq və s işlər görülmüşdür. Ona söküntü ilə bağlı vurulmuş zərər ******* manat təşkil etmişdir. Birinci instansiya məhkəməsi 710 kv.m qeyri-yaşayış sahəsinə görə 852000 manat kompensasiyanın ödənilməsi hissəsində iddianı təmin etmiş, yuxarı instansiya məhkəməsi 497 min ödənişin edilməsi hissəsində qərarı ləğv etmiş, iddia həmin hissədə rədd edilmiş, Ali Məhkəmənin qərarı ilə həmin qərar qüvvədə saxlanılmışdır. Göründüyü kimi ödənilməli olan ümumi məbləğ 355 min manat kimi müəyyən edilmişdir. Bu zaman, məhkəmə kollegiyası işin digər halları ilə yanaşı razılaşma sənədinin imzalanmasını, tikililərin özbaşına olmasını nəzərə almaqla da göstərilən nəticəyə gəlmişdir. Ödəniş qəbzindən görünür ki, 35000 manat məbləğində pul vəsaitinin ödənişi məhkəmə qərarının icrası ilə əlaqədar həyata keçirilmişdir. Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinə iddiaçı tərəfindən ünvanlanmış ərizədən görünür ki, iddiaçı 355000 manat pul vəsaitinin müəssisənin bank hesabına köçürülməsini xahiş etmiş və gələcəkdə hər hansı tələb və şikayətinin olmayacağını bildirmişdir. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. AR MM-nin 2.5-ci maddəsinə görə əgər qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar bir tərəfin digər tərəfə inzibati və ya digər hakimiyyət tabeliyinə əsaslanan əmlak münasibətlərinə, o cümlədən vergi, maliyyə və inzibati münasibətlərə tətbiq edilmir. Göründüyü kimi qanunvericilikdə nəzərdə tutulmuş hallarda mülki hüquq normalarının inzibati münasibətlərdə tətbiqi mümkün hesab edilmişdir ki, bununla bağlı inzibati icraat haqqında qanunvericilikdə müvafiq norma mövcuddur. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 89.1-ci maddəsindən də göründüyü kimi inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəllənin: -21.1.Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. -21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür -1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Mülki qanunvericiliyin yuxarıda sadalanan müddəalarının təhlili belə nəticəyə gəlməyə əsas verir ki, mülki hüquq pozuntusuna – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin maddi olmayan formada ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və qeyd edilən dispozisiya şərtlərinin mövcud olduğu halda irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbin əsassız olmasına dəlalət edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Məhkəmə, qeyd etməyi zəruri hesab edir ki, AR İPM-nin 14-cü maddəsinin tələbləri baxımından hazırkı növ iddialar üzrə ödənişin ödənilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan ödənişin edilməsini konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Qanunvericiliyin tələbi baxımından maddi zərərin ödənilməsi barədə iddianın təmin edilməsi üçün məhkəmələr tərəfindən cavabdehin əməli nəticəsində maddi zərər tələb edən şəxsin qanunla qorunan hüququnun pozulması, ona real zərər və ya əldən çıxmış fayda formasında maddi zərər dəyməsi, həmin zərərin məbləği və eyni zamanda onun hüquqlarının pozulması nəticəsində maddi zərərin yaranması arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir. Başqa sözlə desək, maddi zərərin əvəzinin ödənilməsi tələbinin təmin olunması üçün həmin zərər mötəbər və kifayətedici sübutlarla təsdiq edilməlidir. Həmin müddəa, eləcə də maddi zərərin iddiaçının göstərdiyi məbləğdə ödənilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunun mövcud olmaması baxımından isə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən göstərilən məbləğdə zərərin əvəzinin ödənilməsinə dair hər hansı mötəbər sübut təqdim edilməmiş, iddiaçı maddi zərərin məbləğində kompensasiyanın ödənilməli olmasını AR İPM-nin 14-cü maddəsi baxımından sübutetmə yükü iddiaçının üzərində olsa da sübut edə bilməmişdir. Buna dair, qeyd olunmalıdır ki, mübahisəli torpaq sahəsində yerləşən əmlakla bağlı 355000 manat məbləğ iddiaçıya köçürülmüş, iddiaçı ərizədə hər hansı digər tələbinin olmayacağı barədə öhdəlik də götürmüşdür ki, məhkəmə hesab edir ki, həmin məbləğdən əlavə hər hansı ödənişin edilməsi zərurəti mövcud olmamış, cavabdeh həmin məbləğin iddiaçı tərəfindən qəbuluna istinadən iddianın təmini istisna edən konkret şərtin mövcudluğunu sübut edə bilmişdir. Qeyd olunmalıdır ki, iddiaçının əlavə kompensasiyanın ödənilməsi ilə əlaqədar əsas dəlili ödənilən 355000 manat vəsaitin qeyri-yaşayış sahəsi ilə bağlı olması, həmin qeyriyaşayış sahəsinin 720 kv.m ərazidə yerləşməsi, geridə qalan 3480 kv.m ilə əlaqədar ona məhz 696000 olması ilə əlaqədardır. Ali Məhkəmənin qərarından isə görünür ki, 3480 kv.m torpaq sahəsinə dair iddia olmasa belə, həmin torpaq sahəsində yerləşən əmlakların söküntüsü nəticəsində cavabdehin ödəməli olduğu kompensasiyanın məbləği mübahisə predmeti olmuş və son nəticədə 355000 manat vəsaitin ödənilməli olması qərara alınmış, həmin pul vəsaiti köçürülmüş, iddiaçı da bundan sonra hər hansı tələb və şikayətinin olmayacağı barədə də öhdəlik götürmüşdür. Həmin iş üzrə verilmiş iddia ərizəsində adıçəkilən torpaq sahəsində yerləşən ümumi əmlakların iddiaçı tərəfindən qiyməti müəyyən edilməklə göstərilmiş, ümumilikdə məbləğ ******* manat məbləğ müəyyən edilmişdir ki, məhkəmə qərarları nəticəsində məhz vurulan ziyana görə ödəniş 355000 olaraq son nəticədə qiymətləndirilmişdir. Qeyd olunanlar nəzərə alınmaqla məhkəmə hesab edir ki, iddiaçının məhz 3480 kv.m torpaq sahəsinə görə ona əlavə kompensasiya tələb etməsi barədə iddiası qanuni və əsaslı olmamışdır. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Ali Məhkəmənin 2-1(102)-293/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi, dövlət mülkiyyətində olmaqla iddiaçının istifadəsində olmuşdur. Həmin istifadə hüququ məhz üzərində yerləşən qeyri-yaşayış sahəsindən istifadəni özündə ehtiva edir. Belə ki, dövlət mülkiyyətində olan torpaq sahəsindən istifadəyə dair müvafiq icra hakimiyyəti ilə bağlanmış ayrıca icarə müqaviləsi iddiaçı tərəfindən təqdim edilməmişdir. Həmçinin iddiaçı tərəfindən həmin torpaq sahəsinə dair mülkiyyət hüququna istinad edilirsə xüsusi mülkiyyət əsasında qeydə alınması üçün torpaq sahəsinin ayrıca müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında özəlləşdirilməsi tələb olunur. Beləliklə, cavabdehin hər hansı qanunsuz hərəkətindən söz gedə bilməz, belə ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, “Gənclik” parkı ərazisində yerləşən qeyriyaşayış sahələrinin köçürülməsi üçün kompensasiya köçürüləcək sakinlərin siyahısında İddiaçı alacağı vəsaitin məbləği 99996,00 manat göstərilmiş və iş materiallarında olan məktubundan müəyyən edilmişdir ki, köçürülən 99996,00 (doxsan doqquz min doqquz yüz doxsan altı) manat vəsaitdən 0.8 % xidmət haqqı tutularaq 99196,03 (doxsan doqquz min bir yüz doxsan altı,03) manat iddiaçının özü tərəfindən məxaric edilmişdir Ali Məhkəmənin 2-1(102)-798/2024 saylı iş üzrə qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarında isə kompensasiyanın ödənilməsinə dair iddia rədd edilərkən qeyd edilmişdir ki, iddia olunan məbləğin iddiaçılara məxsus əmlakın həqiqi dəyərini əks etdirdiyini yalnız ehtimal etmək olar. Lakin məhkəmə qərarı ehtimallara deyil, iddianın əsaslarını təsdiq edən, şübhədən kənar sübutlara əsaslanmalıdır. İddiaçıların iddia etdikləri məbləğin onlara məxsus əmlakın həqiqi dəyərini əks etdirdiyi iş üzrə müəyyən olunmur Qeyd olunan formalaşmış məhkəmə təcrübəsi baxımından qiymətləndirmə uyğun olaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, kompensasiya ödənişi həyata keçirilmiş qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi Bakı Şəhər İcra Hakimiyyəti başçısı tərəfindən məhz zavod tikintisi və layihələndirilməsi üçün ayrılmış, torpaq sahəsi dövlət mülkiyyətində olmuş, dövlət əmlakının özəlləşdirilməsi həyata keçirilməmiş, istifadəyə verilmiş torpaq sahəsi üzərində yerləşən əmlaka dair də kompensasiya ödənilmiş, həmin məbləğlə razılaşılmış, əlavə tələbin olmayacağı barədə öhdəlik götürülmüşdür. Ümumiyyətlə də, göstərilən hallar olmasa belə, iddiaçı tərəfindən ümumiyyətlə torpaq sahəsinə görə qiymət müəyyən edilərkən də şübhədən kənar sübutlara əsaslanılmamış, məbləğ ehtimal əsasında müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-1931/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1931/2024
13.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver