Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1932/2020 17.03.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavadehdən 10.000 manat məbləğində zərərin əvəzinin tutularaq iddiaçıya ödənilməsi, cavabdehdən vurduğu mənəvi ziyana görə 7.000 manat iddiaçının xeyrinə tutulması barədə qərar qəbul ediməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, o, cari ilin aprel ayından Naxçıvan MR-nın Naxçıvan şəhərində yerləşən 500 saylı Hərbi hissədə gizir rütbəsində xidmətə başlamışdır. İşlədiyi müddətdə intizamlı, hərbi hissənin daxili qaydalarına ciddi əməl etməklə, funksiyalarına məsuliyyətlə yanaşaraq, eləcə də hərbi hissə rəhbərliyinin qanuni tələblərini tam, vaxtında və keyfiyyətlə yerinə yetirmişdir. Həmçinin qısa müddətdə hərbi hissənin zabit və əsgərləri arasında öz davranışlarında böyük nüfuz qazanmış, hər kəs tərəfindən hörmətə layiq görülmüşdür. O, işini son dərəcə gərgin və fiziki güc tələb etməsinə baxmayaraq, onların öhdəsindən tam gəlməyi bacarmışdır. Hər gün eyni vaxtda, yəni səhər saat 06:00-dan, axşam saat 23:00-dək çöl şəraitində və ayaq üstə dayanmaq rejimində faəliyyət göstərmişdir. İyun ayında artıq ayaqlarının diz nahiyyələrində kəskin ağrıların başladığını və bu nahiyyələrə maye yığıldığını müəyyən etmişdir. O, dəfələrlə bu barədə hərbi hissə rəhbərliyinə məlumat verməyinə baxmayaraq, buna etinasız, laqeyd və başdansovdu yanaşmışlar. Artıq xəstəlik daha kəskin xarakter aldıqdan, hər axşam hərarətlə müşahidə olunmağa başladıqdan, tamam halsız vəziyyətə düşdükdən, artıq xəstəliyin dərinləşməsi səbəbindən işləyə bilmədiyindən və surətlə arıqlama prosesi başladığını gördükdən sonra onu hərbi hospitalda əvvəlcə müayinəyə göndərmişlər. Müayinə zamanı onun diz qapaqlarına maye yığılması, qara ciyərin “hepatit-C” infeksiyası və şəkərli diabet aşkar olunmuşdur. Bundan sonra o, ciddi tələb və israr etdikdən sonra rəhbərlik hospitalda stasionar müalicə adı ilə yerləşdirilməsinə razılıq vermişdir. Hərbi hospitalda olduğu müddətdə faktiki sadaladığı xəstəliklərlə heç bir əlaqəsi olmayan natriyxlor, besilin preparatlarından başqa ona heç bir dərman köçürülməsi olmamış, 10 günün tamamında müalicənin başa çatdığını bildirərək onu hərbi hissəyə işini davam etdirməyə göndərmişlər. Onda yaxşılaşmağa doğru heç bir dəyişikliklər olmadığını, təyin olunan lazımsız dərmanların onun müalicəsinə heç bir təsir göstərmədiyini, vəziyyətinin daha da pisləşdiyini, belə bir vəziyyətdə işləyə bilməyəcəyini onların diqqətinə çatdırmağına baxmayaraq, ona ordunun yarısının hepatit xəstəsi olduğunu deyərək işə çıxmasını tələb etmişlər. Onun təyinatı üzrə mükəmməl müalicə olması üçün Bakıya göndərilməyini hospitalın rəhbərliyindən tələb etməyinə baxmayaraq, buna birmənalı şəkildə rədd cavabı verilmişdir. Belə ki, hospitalın baş həkimi nə qədər qəribə səslənsə də, bu barədə hüquqşünasla konsilium etdiyini və hüquqşünasın onun Bakıda daha ciddi səhiyyə müəssisəsində müalicə olunmadığına mənfi rəy bildirdiyini əsas götürərək, bu tələbini qəbul edə bilməyəcəyini demişdir. Məlumdur ki, sözügedən xəstəliklərin hər biri özlüyündə ciddi və ağır xəstəliklər kateqoriyasına aiddir. Ona görə də bu xəstəliklərin hər biri ayrıayrılıqda uyğunlaşdırılmış səhiyyə müəssisələrində və ixtisaslaşdırılmış peşəkarı həkim heyətinin müstəsna nəzarəti altında həyata keçirilməlidir. “Hərbi qulluqçuların statusu” haqqında qanunda da konkret olaraq göstərilir ki, hərbi qulluqçuların xidmət yerində hərbitibbi idarələr olmadıqda, habelə təcili tibbi yardım göstərmək zərurəti yarandıqda idarə mənsubiyyətindən asılı olmayaraq bütün mülki səhiyyə idarələrində onlara pulsuz yardım göstərilir. Hərbi hissə rəhbərliyinin, həmçinin hərbi hospitalın baş həkimi, ona təyin olunmuş həkim, eləcə də hüquqşünasın ona qarşı qərəzli məqsədi, etinasız, laqeyd və biganə münasibəti nəticəsində hazırda xəstəlikləri son dərəcə kəskin xarakter almış, onu yataq xəstəsinə çevirmişdir. Göstərilənlərə əsasən iddianıntəminolunmasınıməhkəmədənxahişetdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə vəsatətlə müraciət edərək, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia tələbinin iddia icraatı qaydasında baxılması üçün işin cavabdehin hüquqi ünvanı üzrə müvafiq rayon məhkəməsinə göndərilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı cavabdeh tərəfindən verilmiş vəsatətə yazılı şəkildə münasibət bildirərək, hazırda mülki şəxs olduğunu, onun xidməti yaşayış yeri olmadığı, yaşayış yeri Xətai rayonu olduğunu, həm də inzibati aktı mübahisələndirmədiyi, inzibati orqanın hərəkətsizliyi nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsini tələb etdiyini, belə olan halda iddianın aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalı olduğunu qeyd etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçı cavabdeh tərəfindən ona vurulmuş maddi və mənəvi ziyanın ödənilməsini tələb edir. Lakin iddia ərizəsindən və iddiaçının məhkəmə iclasında verdiyi izahatdan görünür ki, vurulması iddia edilən maddi və mənəvi ziyan inzibati orqanın inzibati fəaliyyəti ilə, tərəflər arasında inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrlə əlaqədar deyildir. Məhkəmə qeyd edir ki, bu tələbin mübahisələndirilməsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci maddəsində nəzərdə tutulan iddia növlərinə aid deyildir. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı qərarının 15.2-ci bəndinə əsasən İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati-iqtisadi məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Həmin qərarın 15.3-cü maddəsinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hazırki iddianın Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilməklə mülki məhkəmə icraatı qaydasında baxılmalı olması qənaətinə gəlir. Bu baxımdan məhkəmə hesab edir ki, qeyd olunan məsələlərin araşdırılması ümumi məhkəmələrin səlahiyyətlərinə aiddir, iddiaçı hazırki iddia tələbi ilə ümumi məhkəmədə iddia qaldırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 85.1-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. İddiaçıya hazırki iddia tələbi ilə mülki icraat qaydasında ümumi məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan təqdim edildiyi andan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-1932/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1932/2020
17.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver