Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1932/2023 05.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin bərpa edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin bərpa edilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2005-ci il tarixində 2-ci qrup hərbi xidmət dövrü ilə əlaqədar olaraq təyin olunmuş müddətsiz əlilliyinin etibarlı hesab edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1979-cu ildə Cəbrayıl rayonunun Mehdili kəndində anadan olmuşdur. 11 illik tam orta məktəb bitirmişdir. 11 illik tam orta məktəbin 3 ilini hərbi təmayüllü Cəmşid Naxçıvanski adma hərbi litseydə bitirmişdir. 1996-2000-ci illərdə Bakı Ali Birləşmiş Komandirlər Məktəbində (BABKM) hərbi ali təhsil alaraq Ümumqoşun fakültəsi üzrə tam kursu bitirərək 2000-ci ildən Silahlı Qüvvəllərdə zabit kimi xidmətə başlamış və 2008-ci ildən ehtiyata tərxis olunmuşdur. Hərbi xidmət zamanı səhhətində yaranan xəstəliklərə görə xx.xx.2012-ci il tarixdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası (MN MHHK) xəstəliklərinin səbəb əlaqəsini təyin edərək onaə Qərar təqdim etdi. Bundan sonra o, həmin xəstəliklə əlaqədar olaraq xx.xx.2014-cü il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinə (TSEK) müraciət etdi. Xidmət ona “hərbi xidmət dövrü ilə əlaqədar, olaraq ikinci qrup hərbi əlillik dərəcəsi təyin etdi. Növbəti müayinə vaxtı 2015-ci ilin fevral ayında isə onun əlillik dərəcəsi TSEK müddətsiz əlillik kimi təyin olunmasına QƏRAR verdi. Qeyd etmək istəyir ki, hərbi xidmət dövrü ilə əlaqədar xx.xx.2014- cü ildə ona 2-ci qrup hərbi əlillik təyin edildi və lazımi sənədlərlə təmin edildi. 2022-ci ilin iyun ayında pensiya və təqaüdü qanunsuz olaraq dayandırıldı, bu zaman elektron sistemə əlillik vəziyyətinin yoxlanılması məqsədilə baxış keçirən zaman ona məlum oldu ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi -Sosial Ekspertiza və Reablitasiya Agentliyi tərəfindən əlillik vəziyyəti əsassız olaraq heç bir məlumat verilmədən etibarsız hesab edilərək pensiya və təqaüdü dayandırılmışdır. Bu barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi -Sosial Ekspertiza və Reablitasiya Agentliyi onun əlillik hüquqlarının əsassız olaraq pozmuşdur, bu səbəbdəndə o, məsələni məhkəmə müstəvisində həll etmək məcburiyyətində qaldı. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Həmin tarixli məhkəmə iclasında iddiaçı tərəfin “İddiaçı hərbi xidmət dövrü ilə əlaqədar müddətsiz təyin edilmiş İİ qrup əlillik dərəcəsinin dayandırıldığı müddətdən bərpa edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz təqdim edilmişdir. Cavabdeh inzibati orqanın etirazı onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyəti Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC Tibbi-Sanitar Hissənin xx.xx.2014-cü il tarixli göndərişi əsasında əsasında baxılmış, “Səbəbi: Ümumi xəstəlik, X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M00-M25 - Artropatiyalar => M05- M14 - lltihabi poliartropatiyalar => M06 - Digər revmatoid artritlər => M06.8 - Digər d..., Diaqnozun mətni: Revmatizm a\f.2 d.revmokardit. “Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.12. Sinir sisteminin müxtəlif (travma, infeksiya, xroniki intoksikasiya və ya qan dövranı pozğunluqları mənşəli), kəskin nəzərə çarpan vegetativ əlamətlərlə keçən fu...” səbəbi ilə bir il müddətinə verilmiş və əlillik altsisteminə daxil edilmişdir. Əlillik altsistemində İddiaçı növbəti qiymətləndirmə tarixi xx.xx.2015-ci il qeyd edilmişdir. Lakin həmin tarixdən sonra iddiaçı əlillik vəziyyətinin yenidən qiymətləndirilməsi üçün yenidən müraciət etməmişdir. Hal-hazırda iddiaçı əlillik dərəcəsininin müddətsiz təyin edilməsini tələb etsə də, iddiaçının tələbi qanunsuz və əsassızdır. Belə ki, “Əlilliyin qiymətləndirmə qaydası” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci N16 yanvar tarixli 11 nömrəli Qərarının 4.2-ci bəndində də göstərilmişdir ki, Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. Əlillik altsistemində olan sənədlərdən də göründüyü kimi İddiaçı ilkin əlillik təyinatı Agentlik tərəfindən 1 il müddətinə İİ dərəcə əlillik dərəcəsi təyin edilmişdir. “Əlilliyin qiymətləndirmə qaydası” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarının 4.2-ci bəndinə əsasən də, iddiaçıya İİ dərəcə müddətsiz əlillik verilməsi üçün ardıcıl olaraq 10 il əlillik müddəti olduğu halda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. Göründüyü kimi, hal-hazırda isə iddiaçının əlillik müddəti 1 ildir və müddətsiz təyin edilməsi üçün ardıcıl olaraq 10 il olduqdan sonra onun müddətsiz İİ dərəcə əlillik dərəcəsi verilməsi məsələsinə baxıla bilər. Bundan əlavə iddiaçının iddia ərizəsində qeyd etmiş olduğu AR Ali Məhkəməsinin 2-1(102)-344/2022, 2-1(102)-227/2022, 2-1(102)-1759/2022 saylı qərarları hazırki iddia ilə bağlı analoji məhkəmə mübahisələri deyildir. Belə ki, iddiaçının əlilliyi Agentlik tərəfindən etibarsız edilməmişdir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - xx.xx.1979-cu il təvəllüdlü İddiaçı AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti; - iddiaçıya məxsus ******* nömrəli Hərbi Biletin notarial qaydada təsdiq edilmiş surəti; - Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2012-ci il tarixli 712 nömrəli qərarının notarial qaydada təsdiq edilmiş surəti; - Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının Mehdili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli Arayışı; - AA 139928 nömrəli Məcburi köçkün vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti; - 9 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasının SER TSE-01 520034 nömrəli Arayışının notarial qaydada təsdiq edilmiş surəti; - Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş Alt sistemdən çıxarış; - Cavabdeh inzibati orqan tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli məktublar və həmin məktublara əlavə edilmiş sənədlər; - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli məktubları; - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş xx.xx.2023-cü il tarixli məktub və ona əlavə edilmiş sənədlər.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu cavabdehin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Məhkəmə şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflərə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən) Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəflərin izahatlarını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarından görünür ki, Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2012-ci il tarixli 712 nömrəli qərarına əsasən Cəbrayıl RHK tərəfindən 1996-cı ildə hərbi xidmətə çağırılmış vətəndaş İddiaçı hərbi xidmət dövründə aldığı, xx.xx.1998-ci ildən xx.xx.1998-ci ilə kimi 6.39 saylı hərbi hissədə müayinə və müalicə olunduğu xəstəlik - diaqnoz: “Kəskin dizenteriya. kolitik forma” və xx.xx.2005-ci ildən 06.2005-ci ilə kimi Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müayinə və müalicə olunduğu xəstəlik - diaqnoz: “Qanqrenoz appendisitə görə laparotomiya (xx.xx.2005). appendektomiyadan sonrakı vəziyyət” (Cəbrayıl rayon bölməsinin xx.xx.2012-ci ıl tarixli 1022 nömrəli məktubu, xx.xx.2012-ci il tarixli 262 nömrəli arayışı, N saylı hərbi hissədən verilmiş xx.xx.1998-cı il tarixli 1989 nömrəli xəstəlik tarixindən çıxarış epikrizi və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalın cərrahiyyə profilli hərbi-həkim-komissiyasının xx.xx.2005-ci il tarixli 769 nömrəli arayışı, MN MHHK-nın həkim mütəxəssisləri – terapevtin, cərrahın və hüquq məsləhətçisinin rəyləri ilə təsdiq edilir). “XƏSTƏLİKDİR HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR”. İş materiallarından görünür ki, iddiaçının əlillik vəziyyətinə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC Tibbi-Sanitar Hissənin xx.xx.2014-cü il tarixli göndərişi əsasında əsasında baxılmış, “Səbəbi: Ümumi xəstəlik, X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M00-M25 - Artropatiyalar => M05- M14 - lltihabi poliartropatiyalar => M06 - Digər revmatoid artritlər => M06.8 - Digər d..., Diaqnozun mətni: Revmatizm a\f.2 d.revmokardit. “Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.12. Sinir sisteminin müxtəlif (travma, infeksiya, xroniki intoksikasiya və ya qan dövranı pozğunluqları mənşəli), kəskin nəzərə çarpan vegetativ əlamətlərlə keçən fu...” səbəbi ilə bir il müddətinə verilmiş və əlillik altsisteminə daxil edilmişdir. İş materiallarından görünür ki, 9 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasının SER TSE-01 520034 nömrəli Arayışına əsasən xx.xx.2015-ci il tarixdən İddiaçı Hərbi xidmət dövrü ilə əlaqədar 2-ci dərəcə müddətsiz əlillik təyin edilmişdir. İş materiallarında olan iddiaçıya ünvanlanmış Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli məktublarında göstərilmişdir: “9 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının SER TSE-01 N 067851 mömrəli müayinə aktından çıxarışında sizə xx.xx.2014-xx.xx.2015-ci il tarixləri arasındakı dövr üzrə “hərbi xidmət dövrü ilə əlaqədar” İİ dərəcə əlillik təyin edilib. Sözügedən əlillik sənədinə uyğun olaraq, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20.16.2-ci maddəsinə əsasən sizə xx.xx.2014-xx.xx.2015-ci il tarixləri arasındakı dövr üçün Mərkəzi Filial tərəfindən “hərbi xidmət dövrü ilə əlaqədar” İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilərək ödənilib. Eyni zamanda 9 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının SER TSE-01 N 520034 nömrəli müayinə aktından çıxarışında sizə xx.xx.2015-ci il tarixindən müddətsiz “hərbi xidmət dövrü ilə əlaqədar” İİ dərəcə əlillik təyin edilib. Həmin əlillik sənədinə uyğun olaraq, “Əmək pensiyaları haqqında” Qanunun 20.16.2-ci maddəsinə əsasən sizə əmək pensiyası ödənişi həyata keçirilib. Lakin müvafiq araşdırma zamanı “Əlillik” alt sistemində yalnız sizə xx.xx.2014xx.xx.2015-ci il tarixləri arasındakı (1 il müddətinə) dövr üçün ümumi xəstəlik səbəbindən İİ dərəcə əlillik təyin edildiyi aşkar edilib. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsinə əsasən hərbi qulluqçulara, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından müharibə ilə əlaqədar orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular və digər müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) əlilliyə görə əmək pensiyaları xidmət müddətindən asılı olmayaraq, əlillik hərbi qulluqçuların xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra, lakin xidmət dövründə alınmış xəstəlik və yaxud xəsarət (yaralanma, travma, kontuziya) nəticəsində üz verdikdə təyin edilir. Bununla əlaqədar olaraq, pensiya ödənişiniz 1 iyun 2022-ci il tarixdən dayandırılıb. Qeyd olunanlara əsasən “Əlillik” alt sistemində və əlilliyinizə dair Mərkəzi Filialda mövcud olan sənədlərdə uyğunsuzluq aşkar edildiyindən müvafiq məlumatların dəqiqləşdirilməsi ilə bağlı aidiyyəti üzrə sorğu verilmişdir.” Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş və iş materiallarına əlavə edilmiş İddiaçı pensiya işinin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2014-cü il tarixdən İddiaçı əlilliyə görə pensiya təyin edilmişdir. Pensiya işinə əlavə edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bakı şəhəri 9 №-li Tibbi Sosial Ekspert komissiyası tərəfindən Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxlərlə İş Departamentinin direktoruna ünvanlanmış xx.xx.2015-ci il tarixli məktubdan görünür ki, İddiaçı xx.xx.2015-ci il tarixdən İddiaçı Hərbi xidmət dövrü ilə əlaqədar müddətsiz 2-ci dərəcə əlillik təyin edilmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan iddiaya dair yazılı etirazında Əlillik altsistemində İddiaçı növbəti qiymətləndirmə tarixinin xx.xx.2015-ci il qeyd edilməsini, lakin həmin tarixdən sonra iddiaçının əlillik vəziyyətinin yenidən qiymətləndirilməsi üçün yenidən müraciət etməməsini qeyd etsə də, Bakı şəhəri 9 №-li Tibbi Sosial Ekspert komissiyası tərəfindən iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi və ona müddətsiz olaraq 2-ci dərəcə əlilliyin təyin edilməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. İş materiallarına əlavə edilmiş İddiaçı pensiya işinin təsdiq edilmiş surətindən, o cümlədən iddiaçıya ünvanlanmış məktublardan görünür ki, iddiaçıya Hərbi xidmət dövrü ilə əlaqədar müddətsiz 2-ci dərəcə əlillik təyin edilməsi səbəbi ilə İddiaçı xx.xx.2022-ci il tarixədək pensiya ödənilmişdir. Həmçinin, məhkəmə qeyd edir ki, məhkəmənin cavabdeh inzibati orqana ünvanlanmış “İddiaçı (xx.xx.1979-cu il təvəllüdlü) əlillik təyin edilməsinə və təyin edilmiş əlillik dərəcəsi ilə bağlı məlumatların Agentliyin Əlillik alt sisteminə işlənməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surətinin təqdim edilməsi” ilə bağlı xx.xx.2022-ci il və xx.xx.2022ci il tarixli sorğularına cavab verilməmiş və hər sorğuda nəzərdə tutulan sənədlər məhkəməyə təqdim edilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 21, 24, 25-ci maddələri baxımından inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməli, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmalı, araşdırmanın aparılması zamanı yalnız maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla kifayətlənməməli, maraqlı şəxsləri həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış etməlidir. İnzibati akt aparılmış inzibati icraatın nəticəsində qəbul edilə bilər. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. Cavabdeh inzibati orqan isə həmin normaların tələbinə əməl etməyərək inzibati icraatın başlanması barədə qərar qəbul etməmiş, inzibati icraat barədə tərəflərə məlumat verməmiş, inzibati icraatda iddiaçının iştirakını təmin etməmiş, iddiaçıya müddətsiz olaraq təyin edilmiş əlillik dərəcəsinin müddətinin dəyişdirilməsi (“müddətsiz”dən “müddətli”yə keçirilməsi) ilə bağlı qərar qəbul etməmiş, daha sonra isə həmin əlillik dərəcəsini ləğv etmişdir. Beləliklə, formal (məcburi) tələblər təmin olunmamışdır. Həmçinin, iddiaçı yalnız əyani müayinəyə cəlb edildikdən sonra həmin əyani müayinənin nəticələrinə əsasən əlil olmadığı müəyyən edildiyi halda, onun əlil olmaması ilə bağlı inzibati akt qəbul edə bilərdi. Beləliklə, iddiaçı əyani müayinəyə cəlb edilmədən və heç bir inzibati akt qəbul etmədən cavabdeh iddiaçının əlilliyini Əlilliyin Qiymətləndirilməsi altsistemində etibarsız hesab etmişdir (ləğv etmişdir). Bununla da, cavabdeh işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmadan, sübutlar toplamadan Əlillik altsistemində iddiaçıya aid qiymətləndirməni etibarsız hesab (ləğv etmişdir) etmişdir. Həmçinin, məhkəmə qeyd edir ki, dəfələrlə sorğu verilməsinə baxmayaraq, cavabdeh inzibati orqan tərəfindən İddiaçı 2-ci dərəcə əlillik müddətsiz olaraq təyin edildiyi halda hansı əsaslarla (hansı qərar əsasında) əlilliyin müddətinin dəyişdirilərək “müddətsiz”dən “müddətli”yə keçirilməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Halbuki, mövcud qanunvericiliyə (“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.1-ci maddəsinin 2022-ci il iyulun 1-dək və həmin vaxtdan sonra olan redaksiyasına) əsasən, şəxsin əlilliyinin müddəti müvafiq qərar əsasında müəyyən edilir. İddiaçının hərbi xidmət dövrü ilə əlaqədar müddətsiz ikinci dərəcə əlilliyinin müəyyən edilməsi barədə cavabdehin qəbul etdiyi inzibati akt əlilliyin altsistemində etibarsız hesab edildiyi vaxt qüvvədə olmuşdur. Cavabdeh həmin inzibati aktın hüquqi qüvvəsinin olmaması və ya etibarsız sayılması ilə bağlı məhkəməyə dəlil təqdim etməmişdir. Qanunverici qüvvədə olan inzibati aktın ləğv edilməsi əsaslarını “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsində müəyyən etmişdir. Cavabdeh 04 may 2017-ci il tarixli inzibati aktın qanunsuz sayılması barədə “İnzibati icraat haqqında” Qanunun yuxarıda bəhs edilən normalarına uyğun icraat aparmamaqla həmin aktın qanunsuz sayılmasına dair inzibati akt qəbul etmədiyindən həmin inzibati akt (04 may 2017-ci il tarixli) ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtarana və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. (2022-ci il iyulun 1-dək olan redaksiya) 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.2-ci bənd. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkimməsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3-cü bənd. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4-ci bənd. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1-ci bənd. Şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2-ci bənd. Şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3-cü bənd. Əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4-cü bənd. Peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5-ci bənd. Əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. 2.1-ci bənd. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. 2.2-ci bənd. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.3-cü bənd. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra 3 (üç) iş günü müddətindən gec olmayaraq qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. 2.4-cü bənd. Şəxsin sağlamlıq vəziyyəti ilə bağlı Komissiyaya getmək imkanı olmadıqda, o Komissiya tərəfindən olduğu yerdə müayinə edilir və göndərişdə bu barədə qeyd aparılmaqla, bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qərar qəbul edilir. 2.5-ci bənd. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, X1na uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən həmin gün göndəriş tərtib edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi sosial ekspertiza Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbisosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. 2.1-ci bənd. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbihəkim komissiyaları (bundan sonra-Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.4-cü bənd. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9-cu bənd. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 2022-ci il iyulun 1-dək qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”:
1. Ümumi müddəalar 1.1-ci bənd. Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. 1.2-ci bənd. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 1.3-cü bənd. Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. 2.2-ci bənd. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, Bakı şəhəri 9 №-li Tibbi Sosial Ekspert komissiyası tərəfindən iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi və ona müddətsiz olaraq 2-ci dərəcə əlilliyin təyin edilməsi, bununla bağlı ona pensiya təyin edilməsi və xx.xx.2022-ci il tarixədək pensiyanın ödənilməsi məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Həmçinin, iddiaçının İİ dərəcəli əlilliyinin əlillik altsistemində etibarsız hesab edilməsinə (ləğv edilməsinə) və həmin əlilliyin müddətinin dəyişdirilməsinə dair hər hansı bir rəsmi qərar qərarın qəbul edildiyi iş materiallarına əsasən müəyyən edilməmiş və işin məhkəmə araşdırmaları zamanı da məhkəməyə təqdim edilməmişdır. Bundan başqa, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona əlilliyin təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM 14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («inzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə) . Odur ki, iddia tələbi qeyd edilən hissədə əsaslıdır və təmin edilməlidir. Həmçinin, məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən Nazirlər Kabinetinin müvafiq qərarında nəzərdə tutulmuş qaydada inzibati icaatın aparılmadığı müəyyən edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərardad məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir (maddə 68.1). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırmalıdır (maddə 68.2). İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı hərbi xidmət dövrü ilə əlaqədar müddətsiz təyin edilmiş İİ qrup əlillik dərəcəsinin dayandırıldığı müddətdən bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı hərbi xidmət dövrü ilə əlaqədar müddətsiz təyin edilmiş İİ qrup əlillik dərəcəsinin dayandırıldığı müddətdən bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Elvin Əliyev