Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1933/2021 06.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi X4, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı «qərarın ləğv edilməsi»nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh AR İqtisadi İnkişaf Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı cavabdehin 8 Sentyabr 2020-ci il tarixli **********138700 saylı qərarının ləğv edilməsi tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə müvafiq olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddia ərizəsində qeyd edilir ki, cavabdeh əsassız və qanunsuz olaraq kameral vergi yoxlaması əsasında iddiaçıya əlavə olaraq **********138700 saylı 8 sentyabr 2020-ci il tarixli qərarla 2019-ci il hesabat dövrü üzrə 40.705,95 manat, vergilər, sosial sığorta və işsizlik sığortası haqları hesablamışdır. Cavabdehin həmin qərarı vergi qanunvericiliyinin tələblərinin pozulması ilə çıxarılmışdır. Cavabdeh öz qərarında bəyannamələrdə və hesabatlarda göstərilən məbləğlərə düzəliş edilməsinin səbəbi və müvafiq təsdiqedici sənədlər barədə bildirmişdir ki, guya iddiaçının bu dövr üzrə təqdim olunmuş sonuncu bəyannaməsi üzrə kameral vergi yoxlaması nəticəsində əlavə vergi məbləği hesablanmışdır. Lakin qərarlarda yazılanlar həqiqəti əks etdirmir. Cavabdehin kameral vergi yoxlamalarının aparılması ilə bağlı **********016200 saylı 11 avqust 2020-ci il tarixli, **********524600 saylı 23 sentyabr 2020-ci il tarixli bildirişləri ilə bağlı iddiaçı 15 sentyabr və 24 sentyabr 2020-ci il tarixli məktublarla cavabdehə müraciət edərək əsaslandırılmış cavablar göndərmiş və zəruri olan lazımi sənədlər əlavə etmişdir. 8 sentyabr 2020-ci il tarixli qərar qanunsuzdur. Belə ki, AR Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 15.1.9cu maddəsinə görə müəyyən edilmiş qaydada vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət etmək vergi ödəyicisinin hüququdur. Həmin Məcəllənin 37.1-ci maddəsinə görə kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və Vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin mƏcəllənin 37.2-ci maddəsinə görə kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Həmin Məcəllənin 37.2-1-ci maddəsinə görə kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Göstərilənlərə və AR Vergi Məcəlləsinin 62, 94-cü maddələrinə, İPM-in 2, 8, 45, 46-cı maddələrinə əsaslanaraq, məhkəmədən cavabdehin 8 sentyabr 2020-ci il tarixli **********138700 saylı qərarının ləğv edilməsinə dair qərar çıxarılması xahiş olunur. İddiaçı tərəf məhkəməyə iddianın dəyişdirilməsi barədə əlavə ərizə təqdim etmiş və ərizədə bildirmişdir ki, cavabdeh 8 sentyabr 2020-ci il tarixli **********138700 nömrəli qərarı ləğv etmiş və əsassız olaraq kameral vergi yoxlaması ilə 16 oktyabr 2020-ci il tarixli **********194600 saylı qərar qəbul etmişdir. Həmin qərarla iddiaçıya 2019-cu ilin hesabat dövrü üzrə 40.705,95 manat əlavə vergi məbləği hesablanmışdır. Cavabdeh həmin qərarı vergi qanunvericiliyinin tələblərinin pozulması ilə qəbul etmiş və öz qərarlarında bəyannamələrdə və hesabatlarda göstərilən məbləğlərə düzəliş edilməsinin səbəbi və müvafiq təsdiqedici sənədlər barədə bildirmişdir ki, guya iddiaçının bu dövr üzrə təqdim olunmuş sonuncu bəyannaməyə kameral vergi yoxlaması nəticəsində əlavə vergi məbləği hesablamışdır. Lakin qərarda yazılanlar həqiqəti əks etdirmir. Cavabdehin kameral vergi yoxlaması aparılması barədə 23 sentyabr 2020-ci il tarixli **********24600 saylı bildirişi ilə bağlı iddiaçı 24 sentyabr 2020-ci il tarixli məktubla cavabdehə müraciət edərək, əsaslandırılmış cavab göndərmiş və zəruri olan sənədləri təqdim etmişdir. Hesab olunur ki, cavabdehin 16 oktyabr 2020-ci il tarixli həmin qərarı əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. Göstərilənlərə və İPM-in 54-cü maddəsinə əsaslanaraq, cavabdehin 16 oktyabr 2020-ci il tarixli **********194600 saylı qərarının ləğv edilməsi məhkəmədən xahiş olunur. İPM-in 54.1-ci maddəsinə görə inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. İPM-in 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. İddiaçı tərəf məhkəməyə “iddia ərizəsinə əlavə” təqdim etmiş və bildirmişdir ki, İddiaçı MMC 15 Sentyabr 2020-ci il tarixdə 2019-ci il hesabat dövrü üzrə mənfəət vergisi bəyannaməsi təqdim etmişdir. Cavabdeh 23 sentyabr 2020-ci il tarixli **********524600 saylı kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında məktubunda guya 15 sentyabr 2020-ci il tarixdə təqdim olunmuş bəyannamədə, hesabatda aşağıda göstərilən səbəbdən (səbəblərdən) vergi yoxlamasının aparılmasının mümkün olmaması göstərilmişdir: 1) mənfəət vergisi bəyannaməsinin hesabat dövrünün gəlirlərin əldə edilməsi ila bağlı xərclər hissəsinin 221.5.1.1-ci (İcarə haqqı hüquqi şəxslər üzrə) sətrindəki 1.016.94 manat məbləğ, ödəmə mənbəyində tutulan vergi bəyannaməsinin (təqvim ili üzrə 4 rübün cəmi) 1607.1.1-ci (Hesabat ilinə aid olan hüquqi şəxslər üzrə daşınan va daşınmaz əmlak üçün ödənilən icarə haqqı) sətirlərindəki cəmi 0.00 manat məbləğdən böyük olduğuna göra kənarlaşma aşkar edilmişdir; 2) Hesablama metodu ilə təqdim edilən bəyannamənin “Xammal və materiallar” (221.3-cü), “Malın dəyəri” (221.4-cü), “Enerji xərcləri” (221.7-ci), “Qaz xərcləri” (221.8-ci), “Yanacaq xərcləri” (221.9cu), “Su va kanalizasiya xərcləri” (221.10-cu), “Rabitə xərcləri” (221.11-ci), “Mühafizə xərcləri” (221.12-ci), “Reklam xərcləri” (221.14-cü), “Bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər” (221.15-ci), “Elmi tədqiqat, layihə axtarış va təcrübə konstruktor işlərinə çəkilən xərclər” (226-cı), "Nəqliyyat xərcləri" (229-cu) və “Digər xərclər” (232-ci) sətirlərində göstərilmiş xərclərin cəmi məbləği ilə (2.714.532 manat), MMC tərəfindən əvvəlki il üzrə təqdim edilmiş “Mənfəət vergisinin bəyannaməsinin (və ya “Sadələşdirilmiş verginin bəyannaməsinin”) 1 №-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləği (0 manat) (+) cari il ərzində əldə edilmiş e-qaima-fakturaların və alış aktlarının məbləği (176.457,64 manat) (+) cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış mal-materialların (2.665.393,51 manat) məbləği (+) bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş “Ödəmə mənbəyində tutulan vergi bəyannaməlari”nin 1608.1-ci (Riskin siğortası və ya təkrar siğorta ilə bağlı ödənişlər) (+) 1608.2-ci (Beynəlxalq rabitə xidməti ödəmələri) (+) 1608.3-cü (Beynəlxalq daşımalar üzrə ödəmələr) + 1608.4-cü (Muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər) sətirlərinin (0 manat) cəmi məbləğindən (2.841.851,15 manat) bəyannamənin 1 №-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləğinin (132.503,33 manat) məbləğin müqayisəsi nəticəsində çıxılması nəticəsində yaranan (2.709.347,82 manat) manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir; 3) Uçot-baza məlumatlarına əsasən bəyannamənin aid olduğu ilin müvafiq dövrlərində MMC tərəfindən 2.841.851,15 manat məbləğində mallar idxal edilməsinə və e-qaima əsasında mallar (işlər,xidmətlər) alınmasına baxmayaraq bəyannamənin “Aktivlər, öhdəliklər və kapitallar barədə” 1 N-li Əlavəsinin 1.1 kodlu (Əsas vəsaitlərinin dəyəri) və 1.3 kodlu (Ehtiyatlar) sətirlərinin “Dövr ərzində daxil olmuşdur” xanalarındakı göstəricilərin cəmi (2.665.393,83 manat) vergi orqanının məlumat bazasında olan göstəricilərin cəmindən 176.457,32 manat az əks etdirildiyindən kənarlaşma aşkar edilmişdir. Bununla əlaqədar cavabdeh kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri sənədləri iddiaçıdan təqdim olunmasını tələb etmişdir. İddiaçı 24 sentyabr 2020-ci il tarixli cavab məktubunda göstərmişdir ki, qaimə ilə alışların ümümi cəmindən (176.457,64 manat) (EAAZ 398535, EAAY 249816, EAAY 249952 seriyalı qaimələrin cəmi 1.016,94 manat (ƏDV-siz)) çıxılıb icarə haqqı olaraq bəyannamənin 221.5.1.1 kodlu (hüquqi şəxslər üzrə icarə haqqı) sətrində qeyd edilmişdir və Abşeron Logistika MMC ilə olan carə müqaviləsinə əsasən (ÖMV icarədar tərəfindən ödənilib və icarə müaviləsi kargüzarlıq bölməsində) bəyannamənin 232 kodlu (Digər xərclər) sətrində (6.960,40) qaimə ilə alışlardan (176.457,56 manat) dən (720 manat) xidmətlə bağlı xərcdir (bilavasitə malın maya dəyərinə daxil olmayan) və (6.240,40 manat) YGB-də göstərilən digər yığımların cəmidir (720+6.240,40=6.960.40 manat) və qeyd olunan (5.184,18 manat)-lik fərqin yaranma səbəbi bununla bağlıdır. Bununla bağlı Dövlət Gömrük Komitəsinin dərc etdiyi idxal haqqında məlumat bazasını qoşma olaraq əlavə edilir. Bəyannamənin 221.15 kodlu sətrində qeyd olunan (ümumi qaimə ilə alışların 174.720,70 manat) malların təqdim edilməsi ilə bağlı sair xərclər (ölkə daxilində malın yüklənib boşaldılması və digər terminal xərcləri) olmaqla qeyd edilmişdir. Mənfəət vergi bəyannaməsinin 1 nömrəli əlavəsinin 1.3 kodlu ehtyatlar bölümündə qaimə ilə alışların cəmi (176.457,56 manat) əks etdirilə bilməz, çünki bu alışlar malın biləvəsitə maya dəyərinə daxil deyil (sonradan fomalaşdığına görə). Bu səbəbdən 1.3.2 kodlu mallar sətrində yalnız YGB yə əsasən (2.665.393.83 manat) məbləğ əks etdirilmişdir. Uyğunsuzluq məktubunda qeyd olunan 1 nömrəli əlavədə 1.1 kodlu (Əsas vəsaitlərin dəyəri) və 1.3 kodlu (Ehtiyatlar) sətirləri üzrə 176.457,56 manat fərqin yaranması bu səbəbdəndir. İddiaçı öz cavab məktubuna Dövlət Gömrük Komitəsinin dərc etdiyi idxal haqqında məlumat bazasını, İcarə haqqında müqaviləni və digər zəruri sənədləri qoşma olaraq əlavə edərək, cavabdehdən kameral uyğunsuzluğun aradan qaldırılmasını və münasibət bildirilməsini xahiş etmişdir. Lakin cavabdeh əsassız və qanunsuz olaraq kameral vergi yoxlaması əsasında 16 oktyabr 2020-ci il tarixli **********194600 saylı qərarla iddiaçıya 2019-ci il hesabat dövrü üzrə 40.705,95 manat vergilər, sosial sığorta və işsizlik sığortası haqları hesablamışdır. Cavabdehin iddiaçıya əlavə vergilər və digər məcburi ödəmələr hesablaması barədə həmin qərarı vergi qanunvericiliyinin tələblərinin pozulması ilə çıxarılmışdır. Cavabdeh öz qərarında bəyannamədə və hesabatda göstərilən məbləğlərə düzəliş edilməsinin səbəbini və müvafiq təsdiqedici sənədləri göstərməmişdir və bildirmişdir ki, guya bu dövr üzrə təqdim olunmuş sonuncu bəyannamə kameral vergi yoxlaması nəticəsində əlavə vergi məbləği hesablanmışdır. Lakin qərarda kameral vergi yoxlaması nəticəsində əlavə vergi məbləği hesablanması barədə yazılanlar həqiqəti əks etdirmir. Göstərilənlərə əsasən cavabdehin 16 oktyabr 2020-ci il tarixli **********194600 saylı qərarının ləğv edilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş edilir. Cavabdeh AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin iddia ilə bağlı məhkəməyə ünvanlanmış 8 aprel 2021-ci il tarixli məktubunda aşağıdakılar bildirilir: - İddiaçı MMC cavabdeh AR İqtisadi İnkişaf Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı 8 sentyabr 2020-ci il tarixli **********138700 saylı qərarın ləğv edilməsi tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Sonradan iddiaçı tərəfindən iddia tələbi dəyişdirilmiş və 16 oktyabr 2020-ci il tarixi **********194600 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsi məhkəmədən xahiş edilmişdir. İddia tələbi tam əsassız olduğundan rədd edilməlidir. Uçot-baza məlumatına əsasən vergi ödəyicisinin 18 iyun 2019-cu il tarixdən vergi ödəyicisi kimi, həmin tarixdə ƏDV-nin məqsədləri üçün qeydiyyata alındığı, əsas fəaliyyətinin “ixtisaslaşdırılmamış topdansatış” olduğu müəyyən edilmişdir. Kameral vergi yoxlaması zamanı yük gömrük bəyannamələri məlumatlarına əsasən MMC tərəfindən 28 fevral 2020ci il tarixdə hesablama metodu ilə təqdim edilmiş dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsinin araşdırılması zamanı iddiaçı tərəfindən 2019-cu il üzrə idxal edilmiş malların statistik dəyərinin 2.670.674 manat (ƏDV-siz) məbləğində müəyyən edilməsinə baxmayaraq, həmin mallar üzrə faktura (invoys) dəyəri 2.381.738 manat təşkil etmişdir ki, bu da vergi və mühasibat uçotunun düzgün aparılmaması, xərclərin süni şəkildə artırılması və hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilir. Qeyd edilənlərə əsasən vergi ödəyicisinə vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” 19 mart 2020-ci il tarixli **********361500 nömrəli məktub göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37, 67 və 83-cü maddələrinə əsasən 2019-cu ilin mənfəət vergisi bəyannaməsi üzrə 65.074,95 manat zərər məbləği azaldılaraq 40.705,95 manat vergi məbləği hesablanmış və 27 aprel 2020-ci il tarixli **********111700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul olunaraq vergi ödəyicisinə göndərilmişdir. Kameral vergi yoxlamasından sonra vergi ödəyicisi tərəfindən 15 sentyabr 2020-ci il tarixdə 2019-cu il üzrə dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim edilmişdir. Lakin müəyyən edilmiş kənarlaşma barədə vergi ödəyicisi tərəfindən təqdim edilmiş izahat məktubunda malların faktiki qiymətləri ilə statistik qiymətləri arasında fərq düzgün əsaslandırılmamış, məktuba əlavə edilmiş cədvəl məlumatları, daşıma xərclərinə aid təsdiqedici sənədlər (müqavilə, invoys, təhvil-qəbul aktları) araşdırmaya təqdim edilməmiş və qeyri-rezidentin göstərdiyi daşıma xidmətinə görə müvafiq ödəmə mənbəyində tutulan vergi bəyannamələri təqdim edilmədiyinə görə 2019-cu il üçün mənfəət vergisi üzrə 40.705,95 manat əlavə vergi məbləği hesablanılmaqla, vergi ödəyicisinə **********194600 nömrəli 16 oktyabr 2020-ci il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar göndərilmişdir. Belə ki, vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2019-cu il üzrə dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsində 2.669.370,38 manat ümumi gəlirlər, 2.734.445,33 manat ümumi gəlirdən çıxılan xərclər (o cümlədən 2.532.850,90 manat malın dəyəri) göstərilərək, ilin yekunlarına əsasən 65.074,95 manat zərərin olması bəyan edilmişdir. MMC-nin 2019-cu il ərzində təqdim etdiyi ƏDV bəyannamələrinə əsasən 2.669.370,38 manat dövriyyəsinin olması, 2019-cu il ərzində 2.669.367,51 manat dəyərində elektron qaimə-faktura, 2.669.367,48 manat dəyərində elektron vergi hesabfaktura təqdim etdiyi, ƏDV sub-uçot hesabına 478.985,92 manat ƏDV məbləğinin daxil olması müəyyən edilmişdir. Kameral vergi yoxlaması zamanı MMC tərəfindən 2019-cu il üzrə idxal edilmiş malların faktura (invoys) dəyərinin 2.381.738 manat olması, həmin dövr üçün təqdim edilən mənfəət vergisi bəyannaməsinin 1 nömrəli əlavəsinə əsasən təqdim edilmiş 2.532.890,50 manat dəyərində olan malların dövr ərzində daxil olmuş 2.665.393,83 manat dəyərində olan mallara nisbətən xüsusi çəkisinin 95 faiz olması, idxal edilmiş malların faktura (invoys) dəyəri ilə dövr ərzində daxil olmuş malların dəyəri arasında yaranmış fərqə qeyd olunan xüsusi çəki tədbiq edilmiş və 269.473,03 manat fərqin olması müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən 2019-cu il üzrə idxal edilmiş malların statistik dəyərinin 2.670.674 manat (ƏDV-siz) məbləğində müəyyən edilməsinə baxmayaraq, həmin mallar üzrə faktura (invoys) dəyəri 2.381.738 manat təşkil etmişdir ki, bu da vergi və mühasibat uçotunun düzgün aparılmaması, xərclərin süni şəkildə artırılması və hesablanası vergi məbləğinin azaldılması kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd olunanlara əsasən kameral vergi yoxlaması nəticəsində iddiaçı tərəfindən 2019-cu il üçün təqdim edilən mənfəət vergisi bəyannaməsinin xərclər hissəsinin malın dəyəri sətrində qeyd olunan 2.532.850,9 manat xərc məbləğinin 268.604,7 manat olan hissəsi nəzərə alınmamış və 65.074,95 manat zərər məbləği azaldılaraq 40.705,95 manat (203.529,75x20%) əlavə mənfəət vergisi hesablanmışdır. Araşdırma zamanı MMC-nin 2019-cu il ərzində meşə materialı (taxta) idxal etməsi və idxal edilmiş malların yük gömrük bəyannamələrinin araşdırılması zamanı yalnız 23 iyul 2019-ci il tarixli **********212 nömrəli, 6 sentyabr 2019-ci il tarixli **********753 nömrəli, 31 oktyabr 2019-ci il tarixli **********609 nömrəli və 5 noyabr 2019-cu il tarixli **********772 nömrəli 4 yük gömrük bəyannaməsi üzrə X2 (İNKOTERMS) FCA (Free Carrier – satıcının ölkəsində razılaşdırılmış yer) olması, digər yük gömrük bəyannamələri üzrə isə X2 (İNKOTERMS) DAP (Delivered at Place – alıcının ölkəsində razılaşdırılmış yer) olması müəyyən edilmişdir. Cəmiyyət satıcının ölkəsində təhvil aldığı malların təyinat nöqtəsinə çatdırılması ilə bağlı daşıma xərclərinə aid təsdiqedici sənədləri (müqavilə, invoys, təhvil-qəbul aktları) araşdırmaya təqdim etməmiş və qeyri rezidentin göstərdiyi daşıma xidmətinə görə müvafiq ödəmə mənbəyində tutulan vergi bəyannamələri təqdim etməmişdir. Həmçinin iddiaçı tərəfindən təqdim edilmiş sənədlərə əsasən idxal olunan malların faktiki dəyərinin 2.381.738 manat olması müəyyən edilmişdir. Mövcud qanunvericiliyin tələblərinə əsasən vergi ödəyicisi əmtəə-material ehtiyatlarının uçotunu apararkən istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir. Bundan əlavə vergi tutulan idxalın dəyəri malların Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq müəyyən edilən gömrük dəyərindən və mallar Azərbaycan Respublikasına gətirilərkən ödənilməli olan rüsumlardan və vergilərdən (ƏDV və yol vergisi nəzərə alınmadan) ibarətdir. Gömrük qanunvericiliyinə uyğun olaraq idxal olunan malların gömrük dəyəri müəyyənləşdirilərkən həmin malların sığorta xərcləri, gömrük ərazisinə daxil olduğu yerədək nəqliyyat xərcləri və həmin yerədək yüklənmə və boşaldılma xərcləri bu malların gömrük dəyərinə aid edilir. Qeyd olunanlara əsasən idxal olunan malların anbara mədaxil dəyəri həmin malların alışı dəyəri (invoys dəyəri), rüsumlar və vergilər, habelə həmin malların sığorta xərcləri, gömrük ərazisinə daxil olduğu yerədək nəqliyyat xərcləri və həmin yerədək yüklənmə və boşaldılma xərcləri daxil olmaqla faktiki ödənilmiş məbləğlər əsasında müəyyənləşdirilir. Göstərilənlərə və AR Vergi Məcəlləsinin 23.1.1, 24.0.1, 24.0.2, 36, 37, 53, 67.1, 71, 108, 134, 135, 136.1, 136.2, 139, 162-ci maddələrinə, İPM-in 12.1-ci maddəsinə əsaslanaraq, İddiaçı MMC-nin iddiasının təmin edilməməsi məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X7 iddia ərizəsində və ona əlavədə bildirilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddiaya qarşı yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə görə qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. «İnzibati icraat haqqında» AR Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. AR Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, İddiaçı MMC-nin təqdim etdiyi vergi bəyannaməsinin araşdırılması zamanı 2019-cu il üzrə idxal edilmiş malların statistik dəyəri və faktura dəyəri arasında fərqin yaranması dövriyyə və vergi məbləğlərində kənarlaşma qismində qiymətləndirilmiş və hazırkı cavabdeh tərəfindən kameral vergi yoxlaması keçirilərək, iddiaçıya 2019-cu il üçün mənfəət vergisi üzrə 40.705,95 manat əlavə vergi məbləği hesablanması barədə **********194600 nömrəli 16 oktyabr 2020-ci il tarixli qərar qəbul edilmişdir. İddiaçı hazırda həmin qərarı mübahisələndirir. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Mübahisə üzrə iddianın növünə görə sübutetmə yükü daşıyan cavabdeh inzibati orqanın dəlili: - vergi ödəyicisi kimi İddiaçı MMC-nin mənfəət vergisi bəyannaməsinin araşdırılması zamanı 2019-cu il üzrə idxal edilmiş malların statistik dəyəri (2.670.674 manat) ilə faktura (invoys) dəyəri (2.381.738 manat) arasında fərqin mövcudluğu həmin vergi ödəyicisi tərəfindən vergi və mühasibat uçotunun düzgün aparılmaması, xərclərin süni şəkildə artırılması və hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və kameral vergi yoxlaması keçirilərək, **********194600 nömrəli 16 oktyabr 2020-ci il tarixli qərarla iddiaçıya 2019-cu il üçün mənfəət vergisi üzrə 40.705,95 manat əlavə vergi məbləği hesablanmışdır. İddiaçının tələbi əsassızdır və rədd edilməlidir. Mübahisə üzrə iddiaçının dəlili: - müvafiq dövr üzrə vergi orqanına təqdim edilmiş vergi bəyannaməsində 2019-cu ildə idxal olunmuş malların statistik dəyərinin göstərilməsi qanuna uyğundur, əlavə xərclər əlavə edilməklə faktura (invoys) dəyərinin əsas götürülməsi qanuna ziddir. İddia tələbi əsaslıdır və cavabdehin **********194600 nömrəli 16 oktyabr 2020-ci il tarixli qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.31-ci maddəsinə görə malların idxalı – gömrük qanunvericiliyinə uyğun olaraq idxal malları sayılan malların Azərbaycan Respublikası ərazisinə gətirilməsidir. Həmin Məcəllənin 37.2-ci maddəsinə görə kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Həmin Məcəllənin 37.3-cü maddəsinə görə kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. Həmin Məcəllənin 162.1-ci maddəsinə görə vergi tutulan idxalın dəyəri malların Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq müəyyən edilən gömrük dəyərindən və mallar Azərbaycan Respublikasına gətirilərkən ödənilməli olan rüsumlardan və vergilərdən (ƏDV və yol vergisi nəzərə alınmadan) ibarətdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 1.0.12-ci maddəsinə görə gömrük dəyəri – malların «Gömrük tarifi haqqında» Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq müəyyən edilən dəyəridir. Həmin Məcəllənin 220.1-ci maddəsinə görə malların gömrük dəyəri bəyanetməni həyata keçirən şəxs tərəfindən bu Məcəllə və «Gömrük tarifi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş qaydada müəyyən olunur. «Gömrük tarifi haqqında» AR Qanununun 1.1.5-ci maddəsinə görə malların gömrük dəyəri – advalor gömrük rüsumu dərəcəsinin tətbiqi məqsədi ilə malların dəyərinin müəyyən edilməsidir. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən malın gömrük dəyərinin müəyyən edilməsi (gömrük dəyərləndirilməsi) sistemi beynəlxalq təcrübədə qəbul olunmuş ümumi prinsiplərə (1994-cü il Tariflər və Ticarət üzrə Baş Sazişin (GATT) Vİİ maddəsinə, GATT-ın Vİİ maddəsinin Tətbiq edilməsinə dair Razılaşmaya və onun əlavələrinə) əsaslanır və gömrük ərazisinə gətirilən mallara şamil edilir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən mal gömrük sərhədindən keçirilərkən, gömrük dəyəri bəyannaməçi tərəfindən Azərbaycan Respublikasının gömrük orqanına bəyan edilir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 31 oktyabr 2014-cü il tarixli 100/143 saylı sərəncamı ilə təsdiq edilmiş «Gömrük bəyannamələrinin doldurilması qaydasının Metodikası»nın müddəalarına görə bəyannamələrin 45-ci – “gömrük dəyəri” qrafasında bəyan olunan malların gömriik dəyəri milli valyuta ilə göstərilir, 46-cı – “statistik dəyər” qrafasında bəyan olunan malların statistik dəyəri ABŞ dolları ilə göstərilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24-cü maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Göründüyü kimi, qanunvericilik normaları Azərbaycan Respublikasının gömrük ərazisinə idxal olunan malların gömrük rəsmiləşdirilməsi zamanı malların fakrura dəyəri ilə gömrük dəyərini bir-birindən fərqləndirir. İdxal olunan malların fakrura dəyəri sövdələşmə şərtinə uyğun olaraq ödəniş (o cümlədən müqavilə şərtinə uyğun olaraq) qiymətini, gömrük dəyəri isə, «Gömrük tarifi haqqında» AR Qanununun müddəalarında nəzərdə tutulmuş kriteriyalar üzrə gömrük ödənişinin alınması məqsədi ilə müəyyənləşdirimiş dəyəridir və müvafiq xərcləri də əhatə edir. İdxal olunan malların “statistik dəyəri” isə, onların dəyərinin ABŞ dolları ilə göstəricisidir. Həmçinin nəzərə alınmalıdır ki, vergi qanunvericiliyinin müvafiq normaları da vergi tutma obyekti kimi idxalın dəyərini malların idxal zamanı gömrük dəyəri və müvafiq rüsum və vergilərin məcmusu kimi müəyyən etmişdir. Belə olan halda, məhkəmənin qənaətinə görə hazırkı İddiaçı MMC-nin müvafiq dövr üzrə vergi bəyannaməsində malların idxal əməliyyatı üzrə YGB-lərində əks olunan “statistik dəyəri”nə istinadən dövriyyə və verhi məbləğləri göstərməsi vergi qanunvericiliyini tələblərinin pozulması, o cümlədən vergi və mühasibat uçotunun düzgün aparılmaması, xərclərin süni şəkildə artırılması və hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilməməlidir. Odur ki, cavabdehin həmin əsaslarla kameral vergi yoxlaması keçirilərək, əlavə verhi məbləğinin hesablanması barədə 16 oktyabr 2020-ci il tarixli **********194600 nömrəli qərarı – əlverişsiz inzibati aktı qanunsuz sayılmalıdır. Göstərilənlərlə yanaşı qeyd olunmalıdır ki, «İnzibati icraat haqqında» AR Qanununun 58.2-ci maddəsinə görə inzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. Həmin Qanunun 58.3-cü maddəsinə görə inzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. Həmin Qanunun 61.1-ci maddəsinə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən, istinad olunan qanunlar və digər normativhüquqi aktlar göstərilməlidir. Həmin Qanunun 61.4-cü maddəsinə görə inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Həmin Qanunun 61.5-ci maddəsinə görə aşağıdakı hallarda inzibati aktın əsaslandırılması tələb olunmur: (maddə 61.5.1) inzibati orqan tərəfindən maraqlı şəxsin ərizəsi təmin olunduqda və ya maraqlı şəxsə münasibətdə əlverişli inzibati akt qəbul edildikdə; (maddə 61.5.2) inzibati orqan tərəfindən çoxlu sayda analoji inzibati aktlar qəbul edildikdə və ya inzibati aktlar texniki (avtomat) qurğuların köməyi ilə qəbul edildikdə və hər belə inzibati aktı ayrılıqda əsaslandırmağa ehtiyac olmadıqda; (maddə 61.5.3) inzibati orqan tərəfindən qəbul edilmiş ümumi xarakterli sərəncam aşkar surətdə qeyri-müəyyən sayda şəxsə elan olunduqda və ya kütləvi informasiya vasitələrində dərc olunduqda; (maddə 61.5.4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda. Məhkəmə xüsusilə vurğulayır ki, inzibati orqanın (vergi orqanının) 16 oktyabr 2020ci il tarixli **********194600 nömrəli qərarı – əlverişsiz inzibati aktı yazılı şəkildə tam olaraq əsaslandırmamışdır. Həmin inzibati aktın özündə inzibati orqan yalnız Vergi Məcəlləsinin 59.1, 62-ci maddələrinə və İPM-in 38.1-ci maddələrinə (vergi borcu üzrə faizlərin hesablanması və qərardan şikayətlə bağlı müddəalar əks olunmuş) istinad etməklə kifayətlənmiş, inzibati icraatda vergi borcuya dair qərar qərar qəbul olunarkən hesablamanın səbəblərini və düstürunu aydın şəkildə göstərməmişdir. Qanunvericiliklə («İnzibati icraat haqqında» AR Qanununun 61.5-ci maddəsində nəzərdə tutulmuş) inzibati aktın əsaslandırılmasının tələb olunmadığı hallar isə, hazırkı mübahisələndirilən inzibati aktın qəbulu ilə uzlaşmır. Odur ki, cavabdeh inzibati orqanın “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 16 oktyabr 2020-ci il tarixli **********194600 nömrəli qərarı qanuna zidd qiymətləndirilməlidir. Həmçinin məhkəmənin qənaətinə görə cavabdehin 16 oktyabr 2020-ci il tarixli **********194600 nömrəli qərarı qanuna zidd sayılmaqla yanaşı, onun qəbulu vergi ödəyicisi kimi hazırkı iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Çünki, qəbul edilmiş həmin akt iddiaçıya vergi qanunvericiliyi ilə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə vergi borcunun (əsas vergi borcu və faiz məbləği) ödəmək öhdəliyi yaradır. Halbuki, Vergi Məcəlləsinin 3.8-ci maddəsinin tələblərinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz. Nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək cavabdeh AR İqtisadi İnkişaf Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 16 oktyabr 2020-ci il tarixli **********194600 nömrəli qərarı ləğv edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 14.1, 23.1, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Cavabdeh AR İqtisadi İnkişaf Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 16 oktyabr 2020-ci il tarixli **********194600 nömrəli qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-1933/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1933/2021
06.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver