Məhkəmə qərarları › İş №2-1(112)-19344/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-19344/2025

24.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-19344/2025 24.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən İbad qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı “şəxsiyyət vəsiqəsində düzəliş edilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 29) açıq şifahi məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, şəxsiyyət vəsiqəsinin ad qrafasında Əlövsət, soyad qrafasında Mehtiyev, ata adı qrafasında Mehti, qeydiyyat yeri qrafasında Xocavənd rayonu qeydləri edilməklə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin üzərinə qoyulmasını xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1974-cü ildə Xocavənd (keçmiş DQMV-in Martuni rayonu) X6 ilə X2 arasında olan rəsmi nikahdan doğulmuşdur. Orta məktəbi həmin rayonda bitirmiş, birgə nikahdan iki qardaşı var. İddiaçı xx.xx.1998-ci ildə X3 ilə nikaha daxil olmuş, birgə nikahdan iki övladı var. Məhkəməyə ona görə müraciət etməyə məcbur oldu ki, xx.xx.2022-ci il tarixli şəxsiyyət vəsiqəsində ata adı “Mehdi”, xx.xx.2010-cu il tarixli şəxsiyyət vəsiqəsində isə ata adı “Mehti” kimi qeyd edilmişdir. Şəxsiyyət vəsiqəsində düzgün olmayan qeyd, ona ciddi problemlər yaradır. Ona görə də məhkəməyə ərizə verərək ata adı qrafasında düzəli edilməsi qərarına gəldi, ona görə ki, sənədin başqa qaydada əldə edilməsi münkün deyil. Qeydiyyata olduğu Xocavənd RPŞ-nə qeydiyyatla bağlı ərizə verərək ünvanın faktiki yaşayış yeri üzrə dəyişdirilməsini xahiş etmişdir, Xocavənd RPŞ 3-13-82/2-M-2025 nömrəli məktubla 2QLVED3 FİN ilə verilmiş AZE 08605833 nömrəli şəxsiyyət vəsiqəni xx.xx.2024-cü il tarixdə ləğv etmişdir. Bununla belə qeyd edilən identifıkasiya nömrəsi (FİN) eyni şəxsə məxsus olması göstərilmişdir. Odur ki, “ad, ata adı və soy adı qrafasında adını qeyd etməklə şəxsiyyət vəsiqəsinin təmin edilməsi” barədə ərizə ilə rayon məhkəməsinə ərizə vermək qərarına gəldi. Beləliklə, xx.xx.1974-cü ildə Xocavənd rayonunda X6 ilə X2 arasında olan xx.xx.1974-cü il tarixi rəsmi nikahdan doğulmuşdur. Doğum haqqında Şəhadətnamədə ata adı Mehdi, ad qrafasında Əlövsət, soyad qrafasında Mediyev qeydləri edilmişdir.

3. Şifahi məhkəmə dinləmələri (məhkəmə baxış iclası) zamanı iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.

II. İddianın növü və mümkünlüyü

5. Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Ədliyyə nazirliyinin rayon qeydiyyat idarələri inzibati orqanların təsnifatına aid edilmişdir.

6. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

7. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPMin 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər.

8. İddia mümkündür. Belə ki, iddiaçı iddia tələbini düzgün cavabdehə irəli sürmüş, iddia müddətinə əməl etmiş və iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur.

III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar

9. AA******* nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1974-cü il tarixdə anadan olmuşdur.

10. İİ-JQ 498075 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı Mehti oğlu xx.xx.1974-cü il tarixdə Xocavənd (keçmiş DQMV-in Martuni) rayonunda doğulmuşdur, atasının adı X7, anasının adı X1r. Şəhadətnamənin verilmə tarixi xx.xx.1974cü ildir.

11. Vİİ-JQ 331777 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1974-cü il təcəllüdlü X4 xx.xx.1998-ci ildə X3 ilə nikaha daxil olmuşdur.

12. AA330632 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, 1974-cü il təvəllüdlü İddiaçı Mehti oğluna məcburi köçkün statusu AZE 08605833 nömrəli şəxsiyyət vəsiqəsi əsasında xx.xx.2015-ci il tarixdə verilmişdir.

13. Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin arayışından görünür ki, xx.xx.1974-cü ildə Xocavənd rayonunda anadan olmuş İddiaçı Xətai rayon Polis İdarəsi tərəfindən “xxxxxxx” fərdi identifikasiya nömrəsi (FİN) üzərindən o, ilk dəfə ata adı “Mehdi”, qeydiyyat ünvanı “ünvan 3 xx.xx.2002-ci il tarixdə AZE-00781348 nömrəli şəxsiyyət vəsiqəsi ilə təmin olunmuşdur. Sonradan ata adı “Mehti”, qeydiyyat ünvanı “Xocavənd rayonu Əmirallar kəndi” qeyd olunmaqla Beyləqan RPŞ tərəfindən “2QLVED3” fərdi identifikasiya nömrəsi (FİN) üzərindən xx.xx.2005-ci il tarixdə AZE-02463465 nömrəli, xx.xx.2010-cu il tarixdə isə AZE 08605833 nömrəli şəxsiyyət vəsiqələri verilmişdir. Daha sonra vətəndaş İddiaçı doğum haqqında şəhadətnaməyə əsasən “xxxxxxx” FİN üzərindən xx.xx.2011-ci il tarixdə AZE-09321622 nömrəli, xx.xx.2019-cu il tarixdə isə AA******* nömrəli şəxsiyyət vəsiqələri almışdır. “2QLVED3” FİN ilə verilmiş AZE-08605833 nömrəli şəxsiyyət vəsiqəsi xx.xx.2024-cü il tarixdə ləğv edilmişdir. Yuxanda qeyd olunan hər iki fərdi identifikasiya nömrəsi (FİN) eyni şəxsə məxsusdur.

14. Məhkəmənin sorğusuna cavab olaraq Xocavənd Rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubunda bildirilmişdir ki, İddiaçı köhnə FİN 2QLVED3 və yeni FİN xxxxxxx olan şəxsiyyət vəsiqələrinin verilməsinə əsas olmuş ilkin sənədlər Xocavənd RPŞ-nın QŞVQnun arxiv hissəsində mövcud olmadığından təsdiq edilmiş surətinin təqdim edilməsi mümkün deyildir.

15. Məhkəmənin sorğusuna cavab olaraq Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, İddiaçı “3Q5QAHJ” fərdi identifikasiya nömrəsi (FİN) üzərində ilk dəfə xx.xx.2005-ci il tarixdə ünvan 5 ünvanı üzrə sənədləşdirilərək AZE 03687314 nömrəli və xx.xx.2010-cu il tarixdə AZE 08454699 nömrəli şəxsiyyət vəsiqələri ilə təmin edilmişdir. Qeyd olunan şəxsiyyət vəsiqələrinin verilməsinə əsas olan sənədlərin saxlama müddəti bitdiyinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məhv edildiyindən təqdim edilməsi mümkün deyildir.

IV. Məhkəmənin mövqeyi

16. İş materiallarında olan sənədlərə əsasən məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı doğum haqqında şəhadətnaməsində və həmin şəhadətnamə əsasında verilən əvvəlki şəxsiyyət vəsiqələrində, həmçinin şəxsiyyət vəsiqəsi əsasında tərtib edilən məcburi köçkün vəsiqəsində iddiaçının ad, soyad, ata adı və doğulduğu yer qrafalarında “İddiaçı Mehti oğlu” və “Xocavənd rayonu”, sonuncu dəfə tərtib edilmiş hüquqmüəyyənedici sənəd – vətəndaşın şəxsiyyət vəsiqəsində isə “İddiaçı” və “Bakı şəhəri” kimi qeyd olunmuşdur. İddiaçı hazırda ona məxsus şəxsiyyət vəsiqəsində ad qrafasında “Əlövsət”, soyad qrafasında “Mehtiyev”, ata adı qrafasında “Mehti”, qeydiyyat yeri qrafasında “Xocavənd rayonu” kimi qeyd olunaraq həmin sənəddə düzəliş edilməsini xahiş edir.

17. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 159.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. 160.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 160.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar»ın 1-ci hissəsi vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik qaydasını tənzimləyir. Həmin hissənin: 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. 2-ci bəndinə əsasən aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. 3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə; vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; qanunvericilikdə müəyyən edilən digər hallarda. 4-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: ərizə verən şəxsin daimi yaşayış yerindəki qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qanunvericiliyə uyğun olaraq qəbul etdiyi rəyi; vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında məhkəmənin qərarı; vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər. 5-ci bəndə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. Ölənlər barəsində vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr qanunvericiliyə uyğun olaraq varislərin, yetkinlik yaşına çatmayanların qanuni nümayəndələri tərəfindən verilir. 6-cı bəndinə əsasən qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi məsələsinə ərizənin daxil olduğu gündən bir ay müddətində baxılır. 8-ci bəndinə əsasən ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. 10-cu bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir.

19. Beləliklə, istinad olunan normalardan görünür ki, akt qeydlərində səhv məlumatlar olduqda şəxs ona dəyişiklik edilməsini tələb edə bilər.

20. Belə ki, iddiaçının doğum haqqında şəhadətnaməsi mövcuddur, həmin sənəddə ad qrafasında Əlövsət, soyad qrafasında Mehtiyev, ata adı qrafasında Mehti, doğulduğu yer qrafasında “Xocavənd rayonu” olaraq qeyd olunmuş, daha sonra verilən sənədlərdə də həmin qeydlər qeydiyyat ünvanı Xocavənd rayonu göstərilmişdir. Lakin sonradan tərtib edilmiş hüquqmüəyyənedici sənəd olan vətəndaşın şəxsiyyət vəsiqəsində tam adı “İddiaçı”, qeydiyyat ünvanı “Bakı şəhəri” kimi qeyd aparılmışdır.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»: 1.7. Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər əsasında aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı nəticəsində hüquqi əhəmiyyətini itirən sənədlər istisna edilməklə, bu Qaydada nəzərdə tutulan sənədlər barədə məlumatların elektron informasiya ehtiyatlarından əldə edilməsi mümkün olduqda, həmin sənədlərin təqdim edilməsi tələb olunmur. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün tələb olunan ərizə blanklarının formaları Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən təsdiq olunur.

22. Qanunveriliyin tələbindən də göründüyü kimi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər əsasında aparılır.

23. Şəxsiyyət vəsiqəsinin vətəndaşın doğum haqqında şəhadətnaməsi əsasında verildiyini nəzərə alan məhkəmə qeyd edir ki, iddiaçının doğum haqqında şəhadətnaməsində və oğlunun doğum haqqında akt qeydində onun tam adının “İddiaçı Mehti oğlu” və doğulduğu yerin “Xocavənd rayonu”, olması iş materialları ilə müəyyən edilir.

24. İddiaçıya məxsus olmuş şəxsiyyət vəsiqələrini nəzərdən keçirən məhkəmə müəyyən edir ki, iddiaçı “xxxxxxx” fərdi identifikasiya nömrəsi (FİN) üzərindən ilk dəfə ata adı “Mehdi”, qeydiyyat ünvanı “ünvan 3 xx.xx.2002-ci il tarixdə AZE-00781348 nömrəli şəxsiyyət vəsiqəsi ilə təmin olunmuşdur. Sonradan ata adı “Mehti”, qeydiyyat ünvanı “Xocavənd rayonu, Əmirallar kəndi” qeyd olunmaqla Beyləqan RPŞ tərəfindən “2QLVED3” fərdi identifikasiya nömrəsi (FİN) üzərindən xx.xx.2005-ci il tarixdə AZE-02463465 nömrəli, xx.xx.2010-cu il tarixdə isə AZE 08605833 nömrəli şəxsiyyət vəsiqələri verilmişdir. Daha sonra vətəndaş İddiaçı doğum haqqında şəhadətnaməyə əsasən “xxxxxxx” FİN üzərindən xx.xx.2011-ci il tarixdə AZE-09321622 nömrəli, xx.xx.2019-cu il tarixdə isə AA******* nömrəli şəxsiyyət vəsiqələri almışdır. Həmin məlumatlar cavabdehin məlumatına əsasən təsdiq olunaraq qeyd olunan hər iki fərdi identifikasiya nömrəsi (FİN) eyni şəxsə, yəni iddiaçıya məxsus olması göstərilmişdir.

25. Nəzərə alınmalıdır ki, iddiaçıya məxsus olmuş doğum haqqında şəhadətnamə, AZE- 02463465, AZE 08605833, AZE 09321622 nömrəli şəxsiyyət vəsiqələri və məcburi köçkün vəsiqəsində “adı, “soyadı”, “ata adı” və “doğulduğu vaxt və yer” qrafalarında aparılan qeydlər, eyni zamanda “qeydiyyat ünvanı haqqında” məlumatlar eynilik təşkil edir. Belə ki, həmin sənədlərdən şəxsin tam adının “İddiaçı Mehti oğlu”, milliyətinin azərbaycanlı, doğulduğu yer və tarixin Xocavənd rayonu, xx.xx.1974-cü il olduğu aydın görünür. Odur ki, həmin sənədlərin eyni bir şəxsə məxsus olması iş materialları ilə təsdiq olunur, cavabdeh isə qeyd edilən halları araşdırmadan müraciəti təmin etməkdən imtina etmişdir.

26. Bununla yanaşı qeyd edilməlidir ki, Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair 23 may 2013-cü il Qaydalara əsasən məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) – Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Bu Qaydalarda nəzərdə tutulan daimi yaşayış yeri dedikdə, sakini olduğu rayon və ya şəhər işğal edilənədək, həmin rayon və ya şəhərdə yaşayış yeri üzrə daimi qeydiyyatda (pasport, hərbi) olmaqla yaşadığı yer başa düşülür. Göründüyü kimi iddiaçının AZE 08605833 nömrəli şəxsiyyət vəsiqəsi əsasında tərtib edilən xx.xx.2015-ci il tarixli məcburi köçkün vəsiqəsi də həmin normalara əsasən verilmişdir. Bununla da iddiaçının qeydiyyat ünvanının “Xocavən rayonu” olduğu görünür.

27. Məhkəmə hesab edir ki, qeydiyyat orqanlarının hərəkəti nəticəsində vətəndaşın şəxsiyyət vəsiqəsində yol verilmiş yanlışlıqlar şəxsin hüquqlarının pozulmasına, o cümlədən sosial təminat hüququnu həyata keçirməsinə mane olmamalıdır. Buna görə də məhkəmə həmin şəxsin adının Əlövsət, soyadının Mehtiyev, ata adının Mehti, qeydiyyat yerinin Xocavənd rayonu olduğunu nəzərə alaraq hesab edir ki, iddiaçının şəxsiyət vəsiqəsində düzəliş edilməli və ad qrafasında “Əlövsət”, soyad qrafasında “Mehtiyev”, ata adı qrafasında “Mehti”, qeydiyyat yeri qrafasında “Xocavənd rayonu” kimi göstərilməlidir.

28. «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar»ın 10-cu bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir.

29. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

30. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,

Qərara aldı:

İddia təmin edilsin. İddiaçı şəxsiyyət vəsiqəsində ad qrafasında “Əlövsət”, soyad qrafasında “Mehtiyev”, ata adı qrafasında “Mehti”, qeydiyyat yeri qrafasında “Xocavənd rayonu” kimi düzəliş edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar