Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1935/2024 28.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X2 kаtibliyi, cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı “iddiaçının aldığı təhsilin qanuni hesab edilməsi və aldığı təhsillə bağlı diplomun iddiaçıya verillməsi öhdəliyinin iddiaçının təhsil aldığı təhsil müəssisəsinin (hüquqi varisi) və AR Elm və Təhsil Nazirliyinin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İ. Təsviri hissə
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı “iddiaçıya Bakı Dövlət Universitetinin Qazax filialına və ya Bakı şəhərindəki İnstutlardan birində “İbtidai təhsilin pedaqoqika və metodikası” ixtisasının (qiyabi, ödənişli) bərpa olunması üçün inzibati aktn qəbul edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-ci maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
3. İddiaçı məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddia tələbinin “iddiaçının aldığı təhsilin qanuni hesab edilməsi və aldığı təhsillə bağlı diplomun iddiaçıya verillməsi öhdəliyinin iddiaçının təhsil aldığı təhsil müəssisəsinin (hüquqi varisi) və AR Elm və Təhsil Nazirliyinin üzərinə qoyulması” kimi qəbul edilməsini xahiş etmişdir.
4. Məhkəmənin 02 aprel 2024-cü il tarixli Qərardadı ilə, iddia tələbinin dəqiqləşdirilməsi barədə iddiaçının ərizəsi məhkəmə icraatına qəbul edilmişdir.
5. Məhkəmənin hazırki iş üzrə qəbul etdiyi 08 iyul 2024-cü il tarixli Qərardadları ilə, Elm və Ali Təhsil Üzrə Dövlət Agentliyi məhkəmə icraatına zəruri cəlbetmə qaydasında, Bakı Dövlət Universitetinin Qazax filialı isə məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxslər qismində cəlb edilmişlər.
6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 1999-cu ildə orta məktəbi bitirmiş, 1999-2000-ci il tədris ilində Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən ali təhsil müəssisələrində bakalvriat səviyyəsində qəbulla bağlı V ixtisas qrupu üzrə keçirilmiş test imtahanında iştirak etmiş, 700 ballıq şkala üzrə 154,169 bal toplayaraq H.Zərdabi adına X8 İnstitutunun “İbtidai təhsilin pedaqogikası və metodikası (Qazax filialı)” (əyani, ödənişli əsaslarla) ixtisasına qəbul olmuşdur. Təhsili müvəffəqiyyətlə başa vurmuş və ona H.Zərdabi adına X8 İnstitutu tərəfindən “İbtidai təhsilin pedaqogikası və metodikası (Qazax filialı)” (əyani, ödənişli əsaslarla) ixtisası “B №04294” saylı, 01,07.2004-cü il tarixli diplomu verilmişdir. Sonradan isə institutun vəzifəli şəxslərinin fəaliyyətində qanunsuzluqlar aşkar olunmuş və bu fəaliyyət AR baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən yoxlanmağa başlanmışdır. O da həmin idarəyə dəvət olunmuş və ondan yoxlanılması və araşdırılması üçün diplomu alınmışdır. Daha sonrakı müraciətlərində isə müəyyən etmişdir ki, Təhsil Nazirliyi tərəfindən ona verilmiş diplom tanınmamış, qüvvədən salınmışdır. Sonuncu dəfə yenidən Elm Təhsil Nazirliyinə müraciət edərək onu sözügedən ixtisas üzrə diplomla təmin etmələrini xahiş etsə də, müraciəti təmin edilməmiş və cavabda göstərilmişdir ki, “Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialı” tərəfindən adınıza yazılmış В seriyalı, 042894 nömrəli diplom blankının hüquqi əsası olmadığına görə müraciətinizdə qeyd edilən məsələnin müsbət həlli mümkün deyildir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
7. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə uyğun olaraq verilmiş məhkəmənin sərəncamına əsasən təqdim edilmiş iddia ərizəsinə etirazında cavabdeh göstərmişdir ki, V.Orucovanın (Əmirova) iddia ərizəsində qeyd etdiyi В 042894 nömrəli diplom Nazirlik tərəfindən araşdırılmış və məlum olmuşdur ki, iddiaçının təqdim etdiyi В № 042894 nömrə altında qeydə alınmış diplom “İbtidai təhsilin pedaqogika və metodikası” ixtisası üzrə Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialının məzunu X1 adına yazılmışdır. Eyni zamanda, həmin dövrdə qüvvədə olan “Azərbaycan Respublikasının Təhsil Qanunu”na əsasən, dövlət ali təhsil müəssisələrinə qəbul yalnız TQDK-nın müəyyən etdiyi qaydada (yəni test üsulu ilə) həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 6 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”nin 6.1-ci bəndinə əsasən, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq Azərbaycan Respublikasının bütün ali və orta ixtisas təhsili müəssisələrinə mərkəzləşdirilmiş qaydada tələbə qəbulunun həyata keçirilməsi Komissiyanın əsas vəzifələrindən biridir. Hazırda qüvvədə olan “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 26.2-ci maddəsinə görə, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu biliyin qiymətləndirilməsi üzrə keçirilən imtahanlarda abituriyentlərin əldə etdikləri nəticələrə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında təhsil fəaliyyəti üçün xüsusi razılığı (lisenziyası) olan və dövlət akkreditasiyasından keçmiş təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir. Qanunun 27.2-ci maddəsində qeyd edilir ki, təhsil haqqında dövlət sənədi növbəti pillədə və səviyyədə təhsili davam etdirmək və ya ixtisas üzrə əmək fəaliyyətinə başlamaq üçün əsasdır. Azərbaycan Respublikası təhsil nazirinin xx.xx.2000-ci il tarixli, 1035 nömrəli əmri ilə təsdiq edilmiş və xx.xx.2000-ci il tarixdə Ədliyyə Nazirliyində qeydə alınmış “Təhsil haqqında sənədlərin alınması, saxlanması, doldurulması, verilməsi və uçotu haqqında” Təlimatın 1.4-cü bəndinə əsasən, Təhsil sənədi blankları tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq mövcud qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün təhsil müəssisələrinə məzunların sayına müvafiq olaraq Təhsil Nazirliyi tərəfindən verilir. Qeyd olunan normativ-hüquqi aktların müddəalarından göründüyü kimi, iddiaçının dövlət standartlarına və qanunvericiliyin tələblərinə cavab verməyən təhsil müəssisəsinə qəbulu və onun adına yazılmış diplomun hüquqi əsası olmadığından iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsinə əsasən, iddia ərizəsini təqdim edərkən cavabdehdən iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmək tələb olunur. Məhkəmə bu məqsədlə ağlabatan müddət təyin edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırmalıdır. Qeyd olunan Məcəllənin 73.3-cü maddəsinə əsasən, aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirilməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə. Cavabdeh əlavə olaraq iddiaya dair etiraz ərizəsi təqdim edərək bildirmişdir ki,iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 1999-2000-ci tədris ilində TQDK tərəfindən keçirilən qəbul imtahanlarında iştirak etmiş və 154,169 bal toplayaraq H.Zərdabi adına X8 İnstitutunun Qazax filialına əyani, ödənişli əsaslarla qəbul olunmuşdur. Nazirlik iddiaçının təhsil sənədlərini araşdırarkən müəyyən etmişdir ki, o, Gəncə Dövlət Universitetinin Qazax filialından xx.xx.2002-ci il tarixli 3/72 nömrəli əmri ilə xaric olunmuşdur. Eyni zamanda, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 5/2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar”ın 4.1-ci bəndinə görə, ali təhsilin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində tələbələr sırasından xaric olunmuş şəxslər xaric olunma vaxtından bir semestr keçdikdən sonra 15 il müddətində ali təhsil müəssisəsinə bərpa olunmaq hüququna malikdirlər. İddiaçı tərəfindən xaric olunma vaxtından 15 il müddətini ötürdüyünə görə, Elm və Təhsil Nazirliyindən ali təhsil müəssisəsinə bərpa tələb etməsinin hüquqi əsası yoxdur. “Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarında iddia müddətinin Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi aşağıdaki kimi müəyyəndirilmişdir: “İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: 1. O hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; 2. iddia müddəti institutu mülki hüquq münasibətlərdə qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; 3. iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir.İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Lakin, iddiaçı qanunvericilik normalarına məhəl qoymayaraq 20 ildən sonra məhkəməyə ərizə ilə müraciət etmişdir. İş materiallarından göründüyü kimi, iddiaçı müddətin üzürlü səbəbdən otürməsinə dair məhkəməyə heç bir sənəd təqdim etməmişdir. Belə ki, o təhsil müəssisəsindən xaric edildikdə artıq onun hüquqlarının pozulduğunu bilirdi və o andan da iddia müddətinin axımı başlamışdır. Ona görə də, müddətin buraxılması üçün heç bir üzürlü səbəb olmadığından, iddia tələbi rədd edilməlidir. Qeyd olunanlara əsasən, iddia tələbinə şəxsin pozulmuş hüquqlarının bərpası üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti tətbiq edilməklə, iddia ərizəsi rədd edilməlidir.
İİ. Əsaslandırma hissə
8. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin
2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:.. 2.2.3.inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia),... 34.1-cü mаddəsinə əsаsən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan tərəfindən müraciətinə imtina cavabı verilmiş, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə görə iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş iddiaçı məhkəmə bахışındа iştirak etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə iddiaçının (və ya qanuni nümayəndəsi) iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahat və çıxışını dinləyərək, iddia ərizəsini, iddia ərizəsinə etirazı, təqdim еdilmiş sənədləri nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək, hеsаb еdir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.
İİİ. Faktiki hallar və sübutlar
AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinə əsasən, iddiaçı xx.xx.1982-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. Tələbə qəbulu üzrə Dövlət Komissiyasının iddiaçıya ünvanladığı 04/1480-9 nömrəli, xx.xx.2014-cü il tarixli məktubuna əsasən bildirilmişdir ki, X6 adlı şəxs 1999/2000-ci ilində Tələbə Qəbulu üzrə Dövlət Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən ali təhsili müəssisələrinin bakalavriat səviyyəsinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbulla bağlı keçirilmiş test imtahanında iştirak etmiş, 700 ballıq şkala üzrə 154.169 baı toplayaraq H.Zərdabi adına X8 İnstitutunun “İbtidai təhsilin pedaqogika və metodikası (Qazax filialı)” ixtisasını əyani (ödənişli) təhsilalma formasına qəbul olmuşdur. Təhsil Nazirliyinin iddiaçıya ünvanladığı 31 iyul 2017-ci il tarixli, O-3193/13-24 nömrəli məktubuna əsasən bildirilmişdir ki, Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialı tərəfindən adına yazılmış B seriyalı, 042894 nömrəli diplom blankının hüquqi əsası olmadığına görə müraciətində qeyd edilən məsələnin müsbət həlli mümkün deyildir. X5 iddiaçıya ünvanladığı 04/1090 nömrəli, xx.xx.2018-ci il tarixli məktubuna əsasən bildirilmişdir ki, xx xxxxxxx 1982-ci il təvəllüdlü Orucova (indiki soyadı: Əmirova) Vüsalə Nəbi qızı adlı şəxs 1999/2000-ci tədris ilində Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən ali və orta ixtisas təhsili müəssisələrinin bakalavriat səviyyəsinə qəbulla bağlı V ixtisas qrupu üzrə keçirilmiş test imtahanında iştirak etmiş, 700 ballıq şkala üzrə 154.169 bal toplayaraq H.Zərdabi adına X8 İnstitutunun “İbtidai təhsilin pedaqogika və metodikası (Qazax)” (əyani, ödənişli əsaslarla) ixtisasına qəbul olunmuşdur. Bakı Dövlət Universiteti Qazax Filialının iddiaçıya ünvanladığı 02 iyun 2023-cü il tarixli, 01-01/62 nömrəli məktubuna əsasən bildirilmişdir ki, Əmirova (Orucova) Vüsalə Nəbi qızı H.Zərdabi adına X8 İnstitutunun Qazax filialı üzrə xx.xx.1999-cu il tarixli 3/49 saylı əmrlə “İbtidai təhsilin pedaqogikası və metodikası” ixtisasına ödənişli əsaslarla qəbul olunmuşdur. (əsas: H.Zərdabi adına GDPİ-nin xx.xx.1999-cu il tarixli, 3/192 nömrəli əmri). V.N.Əmirovnanın (Orucova) filialdan xaric olunması və ya təhsilini davam etdirərək diplom alması barədə arxiv sənədlərində heç bir qeydiyyat yoxdur. Elm və Təhsil Nazirliyinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-23/r-Ə-6292- 4/2023 saylı cavab məktubuna əsasən bildirilmişdir ki, müvafiq qanunvericiliyə əsasən ali təhsilin bakalavriat və magistratura səviyyələrində tələbələr sırasından xaric olunmuş şəxslər xaric olunma vaxtından bir semestr keçdikdən sonra 15 il müddətində ali təhsil müəssisəsinə bərpa olunmaq hüququna malikdirlər. Bakı Dövlət Universitetinin Qazax Filialının 35 nömrəli, xx.xx.2016-cı il tarixli arayışında aşağıdakılar qeyd edilmişdir ki, TQDK-nın şöbə müdiri Çingiz Xəlilov tərəfindən imzalanmış 28 avqust 2014-cü il tarixli (№ 04/1480-9) məktuba əsasən 1999/2000-ci tədris ilində Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən ali təhsil müəssisəsələrinin bakalavriat səviyyəsinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssəsilərinə qəbulla bağlı keçirilmiş test imtahanında iştirak etmiş, 700 ballıq şkala üzrə 154.169 bal toplayaraq H.Zərdabi adına X8 İnstitutunun “İbtiadi təhsilin pedaqoqika və metodikası (Qazax filialı)” ixtisasının əyani (ödənişli) təhsilalma formasına qəbul olunmuşdur. X6 H.Zərdabi adına GDPİ-nin Qazax filialı üzrə 1999-2000-ci ilində 1 kursa qəbul olunan tələblərin (“İbtidai təhsilin pedaqogikası və metodikası” ixtisası üzrə ödənişli əsaslarla) 15 sentyabr 1999-cu il 3/49 saylı əmrində vərəqin sonunda 7-ci sıra nəfəri kimi qeydiyyata alınmışdır. Arxiv sənədlərini araşdırarkən yalnız bir jurnalda onun adına rast gəlinmişdir. Digər kurs jurnalları isə tapılmamışdır. Dövlət imtahanında buraxılma əmrində və Ali təhsil müəssisəsində diplom (diplom dublikatı) və onların qeydiyyatı kitabında X3 adına rast gəlinməmişdir. Həmin kitabın 10-cu sətirində X1 adına 2007-ci ildə verilmiş 042894 nömrəli (6/135) diplom isə 2004-cü ildə X4 verilmiş 042894 nömrəli (04/612) diplomla eyniyyət təşkil edir. Məhkəmə sorğusu əsasında Bakı Dövlət Universiteti Qazax Filialının məhkəməyə ünvanladığı 01-01/37 nömrəli, 27 mart 2024-cü il tarixli cavab məktubuna əsasən bildirilmişdir ki, Əmirova (Orucova) Vüsalə Nəbi qızının 2000-2004-cü illərdə BDU-nun Qazax filialına (keçmiş AMİ-nin Qazax filialı) qəbul olunması, köçürülməsi, təhsil alması və bitirməsi ilə əlaqədar arxivdə heç bir sənəd aşkar edilməmişdir. Qeyd: Əmirova (Orucova) Vüsalə Nəbi qızının H.Zərdabi adına X8 İnstitutunun Qazax filialının İbtidadi təhsilin pedaqogikası və metodikası ixtisasına xx.xx.1999-cu il tarixli 3/49 saylı əmrlə qəbul olunması haqqında məlumat vardır. Müvafiq əmr 1999-2000-ci il üzrə TQDK-nın qeydiyyatında yoxdur. Məhkəmə sorğusu əsasında X5 məhkəməyə ünvanladığı 18 aprel 2024-cü il tarixli, 9-3/2- 1029/2024 saylı cavab məktubuna əsasən bildirilmişdir ki, xx xxxxxxx 1982-ci il təvəllüdlü İddiaçı (FİN: 1ANH1V5, əvvəlki soyadı: Orucova) 1999-cu ildə ali təhsilin bakalavriat səviyyəsinə V ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında 700 ballıq şkala üzrə SP altqrupunda 154.169 bal toplayaraq H.Zərdabi adına X8 İnstitutunun “İbtidai təhsilin pedaqogika və metodikası (Qazax filialı)” ixtisasına qəbul olmuşdur. Cavabdeh tərəfindən məhkəməyə inzibati icraat materialları təqdim edilmişdir: DİM (TQDK) tərəfindən qəbul olunmuş tələbənin qəbul məlumatlarından görünür ki, X6 (xx.xx.1982-ci il təvəllüd) 1999/2000-ci tədris ilində Gəncə Dövlət Universitetinə (Qazax filialı) ibtidai təhsilin pedaqogika və metodikası(Qazax filialı), ixtisasına, əyani, ödənişli , Azərbaycan bölməsinə qəbul olmuşdur. X6 barəsində fasilə əmrləri haqqında məlumatdan görünür ki, 1999/2000-ci il tədris ili üzrə 3/72 nömrəli xx.xx.2002-ci il tarixli əmri ilə öz xahişi ilə xaric olunmuşdur.
İV. Məhkəmənin mövqeyi
9. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: 10. 26.2. Ali və orta ixtisas təhsili müəssisələrinə, həmçinin hazırlıq qruplarına tələbə qəbulu biliyin qiymətləndirilməsi üzrə keçirilən imtahanlarda abituriyentlərin əldə etdikləri nəticələrə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. 27.1. Təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini (doktorantura istisna olmaqla) bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan müvafiq təhsil haqqında dövlət sənədi verilir. 27.2. Təhsil haqqında dövlət sənədi növbəti pillədə və səviyyədə təhsili davam etdirmək və ya ixtisas üzrə əmək fəaliyyətinə başlamaq üçün əsas sayılır. 27.3. Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan arayış verilir.
İşin faktiki hallarına əsasən, iddiaçı 1999/2000-ci tədris ili dövründə Dövlət Universitetinə (Qazax filialı) İbtidadi təhsilin pedaqogika və metodikası ixtisasına qəbul olmuş, sonradan 3/72 nömrəli, xx.xx.2002-ci il tarixli əmr ilə həmin universitetdən xaric edilmişdir. İnzibati orqanın inzibati icraatı dövlətin və vətəndaşların hüquqlarının tənzimlənməsi və qorunması üçün vacibdir. Bu prosesin düzgün aparılması hüquqi müstəvidə ədalətin təmin olunmasını və qanunların tətbiqini dəstəkləyir. İnzibati orqanların fəaliyyəti qanunla müəyyən edilmiş çərçivədə olmalı, vətəndaşların hüquqlarını pozmamalıdır. İnzibati iş üzrə aparılmış araşdırma nəticəsində, cavabdeh tərəfindən inzibati icraatın düzgün aparılmasını təkzib edən hallar müəyyən edilməmişdir. Belə olan halda cavabdeh tərəfindən iddiaçının müraciətini icrasından edilmiş imtinası qanuna uyğun olmuşdur.
14.“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən:
2.0.2.İnzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6. İnzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 2.0.7. diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi; 11.1. inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz.
15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin
- 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı “iddiaçının aldığı təhsilin qanuni hesab edilməsi və aldığı təhsillə bağlı diplomun iddiaçıya verillməsi öhdəliyinin iddiaçının təhsil aldığı təhsil müəssisəsinin (hüquqi varisi) və AR Elm və Təhsil Nazirliyinin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 85 və 110-cu maddələrini rəhbər tutaraq
QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər.
Hakim Miminat Hacıbəyova