Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1935/2025 06.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyayata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçının nümayəndəsi X4, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyayata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və həyətyanı torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi iddiaçı tərəfindən öz yaşayış şəraitinin yaxşılaşdırılması məqsədi ilə 1964-cü il tarixdə inşa edilmiş və həmin tarixdən iddiaçı qeyd edilən ünvanda özünə məxsus olan evdə yaşamağa başlamışdır. İddiaçı ona məxsus olan fərdi yaşayış evinin ilkin sənədləşdirilməsinə 1971-ci il tarixdə başlamış və həmin tarixdə Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən şəxsi mülkiyyət hüquqları ilə evlərin texniki inveritaziya və qiymətləndirilməsinə aid pasport tərtib edilərək fərdi yaşayış evinə dair müfəssəl qeydiyyat işləri aparılmışdır. Fərdi yaşayış və torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə xx.xx.2024cü il tarixdə müraciət edilmişdir. Cavabdeh inzibati orqan müraciətə xx.xx.2024-cü il tarixində imtina vermişdir. Aşağdakılara əsasən hesab edir ki, imtina əsasızdır: 1) İmtinanın səbəblərindən biri sənəd üzrə 378.8 kv.m torpaq sahəsinin 34 kv.m hissəsinin qonşu tərəfindən hasarlanaraq istifadə olunması olmuşdur. 34 kv.m torpaq sahəsi ilə bağlı bildirlər ki, həmin sahədən tərəflərindən notarial ərizə ilə imtina olunmuşdur. Çünki, həmin sahə ilə bağlı Məhkəmədə mübahisə açılsa da, məhkəmə iddianı qeyri-mümkün hesab etmişdir. Lakin, məhkəmə dövründə də həmin torpaq sahəsi ilə bağlı Ədliyyə Nazirliyinin Ekspertiza mərkəzinin ekspert rəyi mövcuddur. Onu da qeyd edirlər ki, 2019-cu il tarixdə iddiaçı Bakı şəhərində mənzillərin və fərdi yaşayış evlərinin kütləvi sənədləşdirilməsi zamanı özünə məxsus olan evə mülkiyyət hüquqlarının dair dövlət reyestrində qeydə alınması və çıxarış verilməsi üçün müraciət etmək qərarına gəlmişdir. Bunun üçün ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilən xx.xx.2019-cu il tarixli **********69 saylı məktubla iddiaçıya məxsus fərdi yaşayış evinə dair 1971-ci il tarixdə tərtib olunan texniki pasportun təsdiq edilmiş surəti iddiaçıya təqdim edilmişdir. Daha sonra iddiaçı 2020-ci ilin yanvar ayında mülkiyyət hüquqlarının qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsi üçün aidiyyəti üzrə cavabdehə müraciət edilmişdir. DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilən 05 noyabr 2020-ci il tarixli **********37 saylı məktubunda qeyd edilmişdir ki, “qeyd olunan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin bir hissəsinə digər şəxs tərəfindən istifadə edilməsi səbəbindən çöl ölçmə işlərinin aparılmasına idarənin mütəxəssislərinə şərait yaradışmamışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların qeydiyyatından imtina edilmişdir”. Bundan sonra həmin şəxs barədə araşdırma aparılan zaman məlum olmuşdur ki, qeyd edilən torpaq sahəsinin qonşuluğunda olan maraqlı şəxs X3 özünə məxsus olan torpaq sahəsi üzərində mülkiyyət hüquqları qeydə alan zaman iddiaçıya məxsus olan torpaq sahəsinin bir hissəsini də öz adına rəsmiləşdirmiş və cavabdeh Əliqardaş Abdullayevin adına xx.xx.2019-cu il tarixdə **********50-10301 reyestr nömrəli çıxarış verilmişdir. Bundan sonra iddiaçı Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə müraciət edərək cavabdeh X1 adına verilmiş mülkiyyət hüququna dair 21 iyun 2019-cu il tarixli **********50-10301 reyestr nömrəli çıxarışın iddiaçıya məxsus torpaq sahəsinə aid hissədə ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə araşdırılması zamanı ekspertiza təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 yanvar 2022-ci il tarixli 10/6340 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, İddiaçı məxsus ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə dair 1971-ci ilin sentyabr ayında tərtib edilmiş texniki pasportda qeyd olunmuş ölçülərə və digər texniki parametrlərə əsasən torpaq sahəsinin və fərdi yaşayış evinin sərhədləri müəyyən edilmişdir. Fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə baxış keçirilərkən torpaq sahəsinin şərq istiqamətində (yola tərəf 15 metr) eninin və şimal istiqamətdə uzunluğunun (25.25 metr) texniki pasporta uyğun olduğu, lakin qərb tərəfdən eninin və cənub tərəfdən uzunluğunun isə faktiki vəziyyətdə texniki pasportda qeyd oluran ölçülərdən az olduğu müəyyən olundu. Belə ki, iddiaçının adına 1971-ci il tarixdə tərtib olunmuş texniki pasportda qeyd olunmuş ölçülər faktiki vəziyyətdə mövcud olan ölçülər ilə müqayisə olunarkən texniki pasportda qeyd olunan torpaq sahəsinin cənub- qərb küncündə yerləşən 61 kv.m hissənin faktiki vəziyyətində cavabdehin istifadəsində olduğu müəyyən olunmuşdur. Müqayisəli tədqiqat nəticəsində müəyyən olunmuşdur ki, mübahisə predmeti olan və xx.xx.2019-ci il tarixli, **********50 reyestr nömrəli texniki pasportda qeyd olunmuş “A” literli yaşayış evinin yerləşdiyi 61 kv.m sahənin İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, 11-ci Xrebtiov küçəsi, 85 ünvanda yerləşən fərdi yaşayış evinə dair 1971-ci ilin sentyabr ayında tərtib edilmiş texniki pasportda göstərilmiş torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilir. Üst-üstə düşmə halı Bakı şəhəri, Yasamal rayonu, 11-ci Xrebtiov küçəsi, 85 ünvanda yerləşən fərdi yaşayış evinə dair 1971-ci ilin sentyabr ayında tərtib edilmiş texniki pasportda göstərilmiş torpaq sahəsinin cənub-qərb küncündə yerləşən hissəsində və həmin hissə faktiki olaraq cavabdehin istifadəsindədir. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli N« 2(005)-75/2022 saylı qətnaməsi ilə (şədirlik edən: Gültəkin Əsədova) İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə və X2 qarşı 21 iyun 2019-cu il tarixli 01 **********-10301 reyester nömrəli çıxarışın iddiaçıya məxsus torpaq sahəsinə aid hissədə ləğv edilməsi" tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Qətnamədən narazı qalan İddiaçı Apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin 2( 103)-4009/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə Apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)- 75/2022 saylı, 18 mart 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və İş üzrə icraata icraata xitam verilmişdir. Apellyasiya məhkəməsi qərardadı onunla əsaslandırmışdır ki, Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biri olduğuna görə o, dəqiq müəyyən edilməlidir. Əks təqdirdə bu işə məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasında çətinlik yarada, son nəticədə isə şəxsin pozulmuş hüquqlarının bərpa edilməsini qeyri-mümkün edə bilər. Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır. Məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan ciddi əhəmiyyət kəsb edir. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25-ci maddəsi, inzibati mübahisələrin aidiyyəti isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci maddəsi ilə müəyyən olunur. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, hazırki iddia tələbinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından qətnamə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. İnzibati Məhkəməyə müraciət edərək qanunvericiliyin tələblərinə əsasən iddiaçının mülkiyyət hüquqlarını bərpa edilməsini tələb etmişdir. İnzibati məhkəməsin araşdırması zamanı maraqlı şəxsin nümayəndəsi məhkəməyə müraciət edərək bildirmişdir ki, maraqlı şəxs X2 ünvan 4 ünvanı Oktyabr Rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 31 may 1990-cı il tarixli qərarı əsasında verilmişdir. Həmin qərarla tanış olduqdan sonra onlara məlum oldu ki, iddiaçının 1975-ci il tarixdə özünə məxsus olan həyətyanı sahədə öz anası üçün fərdi yaşayış otağı inşa edərək anasını və kiçik qardaşını (hazırkı işdə maraqlı şəxs) köçürdüyü otağa heçbir əsas olmadan qanunsuz olaraq Oktyabr Rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsi 31 may 1990-cı il tarixdə faktiki mülkiyyətində, istifadəsində və sahibliyində olan torpaq sahəsinə maraqlı şəxsin ərizəsi əsasında “həmin dövrdə ölkədə olan siyasi hakimiyyətin səriştəsiz idarəçiliyinin” nəticəsi olarq mülkiyyətlərində olan tikliyə qanunsuz qərar verərək maraqlı şəxs X2 ünvan 4 ünvanını vermişdir. Oktyabr Rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsi 31 may 1990-cı il tarixli Qərarı onunla əsaslandırılmışdır ki, Oktyabr Rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsi özbaşına tikilmiş binaların vətəndaşların ərizəsinə baxılması və qeydiyyat şəhadətnaməsinin alınması üzrə komissiyası 17 aprel 1990-cı il tarixdə bu məsələyə baxaraq müəyyən etmişdir ki, 16,7 kv.m olan 2 otaqlı özbaşına tikili və 12.6 kv.m köməkçi sahədən ibarət olan özbaşına tikili xx.xx.1975-ci ildə tikilmişdir. Onlar Bakı İnzibati Məhkəməsinə müraciət edərək Oktyabr Rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsi 31 may 1990-cı il tarixli 6/2 saylı qərarın və onun əsasında tərtib edilmiş plan və cizgilərin ləğv edilməsi barədə qərar qəbul etməsini xahiş etsələr də məhkəmə iddianı qeyri-mümkün hesab etdiyindən həmin zəbt edilən torpaqdan imtina etmək qərarına gəlmişlər. İmtinanın ikinci səbəbi isə Texpasportda İddiaçının ata adının olmaması ilə bağlıdır. Bununla bağlı bildirirlər ki, iddiaçı ailə üzvləri ilə birlikdə həmin ünvanda 1964-cü ildən yaşayır və 1970-ci ildən qeydiyyatda olmaqla yaşayır. İnzibati orqan heç bir araşdırma aparmadan yəni real vaxt rejmində həmin ünvanda qeydiyyatda olan şəxslərin pasport qeydiyyatı ilə bağlı e-hökümət portalı vasitəsi ilə DİN-nin elektron sistemindən arayış almadan imtina vermişdir. (ASAN Xidmətdən əldə edilən forma-2 arayış və Mənzil İstismar Sahəsindən əldə edilən arayış ərizəyə əlavə edilir). İmtinanın 3cü səbəbi isə Elektron Kadastr məlumatlarına əsasən faktiki torpaq sahəsinin bir hissəsi su xəttinin mühafizə zonasında yerləşməsi olmuşdur, bununla bağlı bildirmək istəyirik ki, həmin sahədə 1964-cü ildən yaşayır və həmin vaxt su xətti ərazidən keçmirdi. Bundan başqa 11-ci Xrebtovi küçəsi başdan-başa xüsusi mülkiyyətdə olan fərdi yaşayış evləridir. Həmin su xətti sakinlərin məskunlaşmasından sonra salınmışdır. Bundan başqa torpaq sahəsinin hansı hissəsi mühafizə zonasına düşməsilə də bağlı imtinada heç bir məlumat yoxdur.
3. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək ünvan 2 ünvanında yerləşən 317.5 kv.m torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.
5. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı ********** qeydiyyat nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və **********37 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, sahənin bir hissəsi su xəttinin mühafizə zonasında yerləşir. Həmçinin qeyd olunan ünvan **********35-10301 reyestr nömrəsi ilə digər şəxsin (X7) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan əlavə idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman sənəd üzrə sahənin 378.8 kv.m qeyd olunsa da, faktiki 317.5 kv.m təşkil etdiyi məlum olmuşdur.
6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
7. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
8. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir.
9. SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən ünvan 2 ünvanında dair 1971-ci il tarixli texniki pasport tərtib edilmiş və həyətyanı torpaq sahəsinin ölçüsü 378.8 kv.m göstərilmişdir.
10. İddiaçı tərəfindən iş materiallarına məhkəmə qərarlarının və həmin icraatlarla əlaqədar əldə edilmiş ekspert rəyinin surəti əlavə edilmişdir.
11. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2026-cı il tarixli 3- 21-3-30/2-4185/2026 nömrəli məktubla ünvan 6 ünvanına dair müvafiq sənədlərin surətinin, soruşulan torpaq sahəsinin qonşuluğunda qeydiyyata alınmış əmlaklara dair müvafiq sənədlərin surətinin və ortofoto görüntüsü məhkəməyə təqdim edilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
12. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.
13. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
14. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
15. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
16. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
17. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
18. Belə ki, işin hallarınının məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, mübahisəli torpaq sahəsi üzərindəki tikililər iddiaçıya məxsus olmuş və Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən həmin tikililərə dair 1971-ci il tarixli texniki pasport tərtib edilmişdir. İddiaçı hazırda həmin tikililərin altında yerləşən torpaq sahəsinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən qeyd olunan sahənin bir hissəsinin su xəttinin mühafizə zonasında yerləşməsinə, həmçinin ünvanın **********35-10301 reyestr nömrəsi ilə digər şəxsin (X7) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına, bundan əlavə idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman sənəd üzrə sahənin 378.8 kv.m qeyd olunmasına baxmayaraq faktiki 317.5 kv.m təşkil etməsinə istinad edilmişdir. İddiaçı cavabdehin imtinası ilə razılaşmayaraq hazırki tələblə məhkəməyə müraciət etmişdir.
19. Cavabdehin imtinasının əsaslarının hər tərəfli araşdırılması məqsədilə aidiyyəti üzrə sorğular ünvanlanmış və əldə edilmiş sorğuya cavab məktublarına əsasən müəyyən edilmişdir ki, SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən ünvan 2 ünvanında dair 1971-ci il tarixli texniki pasport tərtib edilmiş və həyətyanı torpaq sahəsinin ölçüsü 378.8 kv.m göstərilmişdir. İddiaçı hazırda mübahisəli torpaq sahəsi üzərində faktiki ölçülərə uyğun mülkiyyət hüququnun qeydə alınmasına etiraz etmir. Bundan əlavə, iddiaçının iddia etdiyi torpaq sahəsi hər hansı bir 3-cü şəxslə üst-üstə düşmür, cavabdehin iddia etdiyi yalnız ünvan eyniliyidir ki, bu uyğunsuzluğun aradan qaldırılması da, cavabdehin səlahiyyətindədir. Həmçinin, iddiaçının iddia etdiyi torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahələri daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
20. Göründüyü kimi, torpaq sahəsi və üzərindəki tikililər uzun illərdir iddiaçının və onun ailə üzvlərinin qanuni əsaslarla istifadəsindədir və həmin torpaq sahəsinə dair iddiaçının hüquqmüəyyənedici sənədləri mövcuddur. Belə olan təqdirdə, cavabdehin istinad etdiyi dəlillər, o cümlədən, torapq sahəsinin su xəttinin mühafizə zonasında yerləşməsi iddiaçıya məxsus hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina üçün əsas hesab edilə bilməz.
21. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22-ci maddəsinin 3-cü bəndinə əsasən, zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar.
22. Beləliklə, həmin torpaq sahəsinin su xəttinin mühafizə zonasında yerləşməsi iddiaçının mübahisəli torpaq sahəsi üzərində hüquqlarını məhdudlaşdıran hal kimi qiymətləndirilə bilməz, eləcə də, cavabdehin digər dəlilləri mövcud vəziyyətlə ümumiyyətlə onun hüquqlarının daşınmaz əmlak üzərində hüquqların qeydiyyata alınmasından imtina üçün əsas hesab edilə bilməz.
23. Məhkəmə iddiaçının tələbinin hüquqi əsası ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlarvə digər təşkilatlartərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair - üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) hüquqların dövlət qeydiyyatı üçün əsas hesab olunmuşdur.
24. Göründüyü kimi, iddiaçının sözügedən ünvanda yerləşən torpaq sahəsinə dair istər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsində nəzərdə tutulan, istərsə də, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədi mövcud olmuşdur.
25. Beləliklə göründüyü kimi, mübahisəli topaq sahəsi və üzərindəki tikilər qanuni əsaslarla iddiaçının istifadəsində olmuşdur.
26. Belə olan təqdirdə məhkəmə hesab edir ki, cavabdehin imtinasının və etirazının əsasını təşkil edən dəlillər əsassız hesab edilməklə iddiaçının sözügedən torpaq sahəsi və üzərindəki mülkiyyət hüquqları yaranmış hesab olunmalıdır.
27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquqmübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
28. Beləliklə, yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün qanunvericiliyin tələbləri tam təmin edildiyindən, iddiaçının sözügedən torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsaslar olmuşdur.
29. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
30. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
31. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
32. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. ünvan 2 ünvanında yerləşən 317.5 kv.m torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva