Məhkəmə qərarları › İş №2-1(112)-19353/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-19353/2025

25.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-19353/2025 25.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh “Təhsildə Keyfiyyət Təminatı Agentliyi” X2rşı bakalavr diplomu üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra iddiaçı) Rusiya Federasiyasının Dağıstan Dövlət Universitetinin Bakı filialının “hüquqşünaslıq” ixtisası üzrə mütəxəssis proqramını mənimsəmiş və dövlət yekun attestasiyasını müvəffəqiyyətlə bitirmişdir. Dövlət İmtahan Komissiyasının xx.xx.2003-cü il tarixli qərarı ilə ona bakalavr ixtisası verilmiş və adına ИВС ******* nömrəli xx.xx.2003-cü il tarixli diplom hazırlanmışdır. Universitet tərəfindən iddiaçıya verilmiş ИВС ******* nömrəli xx.xx.2003-cü il tarixli diploma əlavənin surətindən müəyyən olunur ki, iddiaçı 5 il əyani təhsilalma formasında təhsil almış, həmin müddətdə tədris fənlərindən yaxşı, məqbul və kafi qiymətlər almış, tədris təcrübəsini keçmiş, kurs işləri yazmış, ixtisası üzrə dövlət imtahanlarını vermişdir. İddiaçı bakalavr diplomunun tanınması və ekvivalentliyi haqqında şəhadətnamə verilməsi ilə bağlı Cavabdeh “Təhsildə Keyfiyyət Təminatı Agentliyi” X5 (bundan sonra cavabdeh) müraciət etmiş, sonuncu xx.xx.2025-ci il tarixli qərarla imtina edərək bildirmişdir ki, iddiaçının əldə etdiyi kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə təhsil fəaliyyəti göstərmək ücün səlahiyyətli qurum tərəfindən dövlət lisenziyası əldə etmədiyi müəyyən edilmişdir. Beləliklə, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"nın 3.10.1-ci və 4.1.1-ci bəndlərinə əsasən iddiaçının xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi üçün hüquqi əsas yaranmışdır. İddia tələbi, iddiaçının əsaslandırması və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək cavabdehin 31 oktyabr 2025-ci il tarixli NA00043865 saylı Qərarının ləğv edilməsi, iddiaçıya Rusiya Federasiyasının Dağıstan Dövlət Universiteti tərəfindən verilmiş MBC ******* nömrəli, 31 may 2003-cü il tarixli diplomda göstərilən ixtisasın, xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınması haqqında Şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2003-cü ildə Rusiya Federasiyasının Dağıstan Dövlət Universiteti tərəfindən ona ИВС ******* nömrəli, 31 may 2003-cü il tarixli ali təhsil haqqında diplom verilmişdir. Həmin diplom üzrə aldığı təhsil Universitetin Bakı şəhərində yerləşən filialında həyata keçirilmişdir. Rusiya Federasiyasının müvafiq qanunlarına əsasən Rusiya Federasiyasının xarici ölkələrdə fəaliyyət göstərən Universitetlərində təhsil alan tələbələrə verilən diplomlarda "Filial" sözü yazılmır. Sadəcə olaraq seriya fərqi ilə həmin diplom sahibinin Rusiya xaricində təhsil alması müəyyən olunur. Dağıstan Dövlət Universiteti tərəfindən ona verilmiş "Hüquqşünaslıq" sahəsi üzrə bakalavr diplomu 2007-ci ildə Rusiya Federasiyası Moskva şəhərində "xx.xx.1961-ci il Haaqa Konvensiyasına əsasən apostil" olunmuşdur. Sözügedən diplomumun tanınması barədə şəhadətnamə verilməsi üçün cavabdehə elektron kabinet vasitəsilə müraciət etdi. Lakin Agentlik çox gümanki diplomunun seriya və nömrəsindən Bakı filialında təhsil aldığını bilmiş və buna görə də Dağıstan Dövlət Universitetinin Bakı şəhərində fəaliyyət göstərən filialın lisenziyasız fəaliyyət göstərdiyini əsas gətirərək şəhadətnamə verməkdən imtina etmişdir. Halbuki, həmin filial Azərbaycan Respublikası Baş nazirinin müavini tərəfindən Rusiya Federasiyası Hökümət sədrinin birinci müavininə ünvanlanmış 06 mart 1996-cı il tarixli, N-li 4-50 saylı məktuba əsasən fəaliyyətə başlamış və 2007-ci ilədək Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin balansında olan məktəblərdə fəaliyyət göstərmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi bu illər ərzində hansısa qeyri-müəyyən səbəblərdən “Dağıstan Dövlət Universitetin Bakı filialı”nın fəaliyyət göstərməsini diqqətə almamışdır. Bu səbəbdən də bütün dünyada keçərli olduğu halda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi həmin ali təhsil müəsissəsi tərəfindən verilən diplomlar üzrə ixtisasların ölkə ərazisində tanınmasını mümkün hesab etməmişdir. Agentlik öz qərarında onun təhsil aldığı istiqamət üzrə təhsil müddəti və təhsil formasının Azərbaycan Respublikasında yol verilməməsini mübahisələndirməmiş, həmçinin ona məxsus diplomda verilən hüquqların Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olması mübahisə doğurmamışdır. Agentlik yalnız onun təhsil aldığı ali təhsil müəssisəsinin Bakı filialının qanunsuz fəaliyyət göstərdiyini, yəni Azərbaycan Respublikasında fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmədən fəaliyyət göstərdiyini bildirməklə imtina qərarı vermişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi 2007-ci ildə məhkəmədə iddia qaldıraraq Dağıstan Dövlət Universitetinin Ə.Əliyev adına Bakı filialının fəaliyyətinin dayandırılmasına dair qətnamə qəbul edilməsini xahiş etmiş, sonradan iddia tələbinin həcmini artıraraq filialın fəaliyyətə başladığı gündən 2007-ci ilədək verilmiş təhsil sənədlərinin etibarsız hesab edilməsinə dair də qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası 1 saylı Yerli İqtisad Məhkəməsinin 20 iyun 2007-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Dağıstan Dövlət Universitetinin Ə.Əliyev adına Bakı filialının fəaliyyəti dayandırılmış, iddia qalan hissələrdə rədd olunmuş və filialda təhsil alan və təhsilini başa vurmayan tələbələrin müvafiq təhsil müəssisələrində yerləşdirilmələri Azərbaycan Respublikasının Təhsil Nazirliyinə həvalə edilmişdir. Bununla da əslində hüquqi dövlət və şəxsin etimad hüququnun qorunması prinsiplərinə uyğun olaraq həmin məhkəmə qərarı ilə fəaliyyəti dayandırılana qədər sözügedən təhsil müəssisəsinin fəaliyyətinin və həmin dövrə qədər onun tərəfindən verilmiş təhsil sənədlərinin legitimliyi təsdiq olunmuşdur. Göründüyü kimi həmin filialda təhsil alan tələblərin təhsil aldığı dövrlər qanuni sayılmış, buna görə də filialın fəaliyyəti dayandırdıqdan sonra onlara təhsillərini başa vurmalarına şərait yaradılmışdır. Həmin məhkəmə qərarı ilə filial tərəfindən 2007-ci ilədək verilmiş diplomlar, o cümlədən mənim diplomu məhkəmə tərəfindən etibarsız hesab edilməmiş, Azərbaycan Respublikası Təhsil Nazirliyinin bununla bağlı iddiası rədd olunmuşdur. Bu o deməkdir ki, onun diplomu hazırda etibarlıdır və qanunidir. Hazırki halda onun diplomunun tanınmasında imtina edilməsi eyni təhsil müəssisəsində təhsil alan şəxslər arasında ayrı-seçkiliyin qoyulmasından ibarətdir. Təhsil aldığı filialın diplomlarının tanınması ilə bağlı Agentliyin imtina qərarlarından məhkəmədə qaldırılmış iddialar hər üç instansiya məhkəməsində təmin edilmiş və artıq məhz bu filialın diplomunun tanınması ilə bağlı formalaşmış məhkəmə təcrübəsi yaranmışdır. Cavabdehin etirazları: Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının təhsil aldığı müddətdə qüvvədə olan, Azərbaycan Respublikası Prezidentinin 2 sentyabr 2002-ci il tarixli, 782 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri”nə əsasən, təhsil müəssisələrinin fəaliyyəti lisenziyalaşdırılan fəaliyyət növünə aid edilmişdir. Lakin müəyyən edilmişdir ki, İddiaçı təhsil aldığı müəssisə — Dağıstan Dövlət Universitetinin Bakı filialı təhsil fəaliyyəti göstərmək üçün müvafiq lisenziya əldə etməmişdir. Məhz iddiaçının müvafiq lisenziyası olmayan, akkreditasiyasız və qeyri-qanuni fəaliyyət göstərən Dağıstan Dövlət Universitetinin Bakı filialında təhsil alması əsas gətirilərək, xx.xx.2025-ci il tarixli müvafiq qərarla ona tanınma haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyaları tanınması Qaydaları"na (bundan sonra - Qaydalar) uyğun olaraq həyata keçirilir. Bu Qaydaların 1.3-cü bəndinə əsasən tanınma Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, "Təhsil haqqında" Azərbaycan Respublikasının qanunu, Azərbaycan Respublikasının digər qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, bu qaydalar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər qərarları, həmçinin sərəncamları, habelə Azərbaycan Respublikasının digər hüquqi aktlarının tələbləri nəzərə alınmaqla həyata keçirilir. Azərbaycan Respublikasının da qoşulduğu "Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında" Lissabon Konvensiyanın 4-cü fəslin 1ci bəndinə əsasən Hər bir iştirakçı dövlət digər iştirakçı dövlətin ali təhsil sisteminə aid olan proqramlarının əldə edilməsinə imkan vermək məqsədilə bu ölkələrdə ali təhsilin əldə edilməsinə imkan verən ümumi tələblərə cavab verən ixtisasları, həmin dövlətdə ali təhsilin əldə edilməsinə imkan verən ümumi tələblər arasında əsaslı fərqlər olmadığı halda tanıyacaqdır. Azərbaycan Respublikasının da qoşulduğu "Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında" Lissabon Konvensiyanın, habelə "Xarici kvalifikasiyaların qiymətləndirilməsi meyarları və prosedurlarına dair yenidən işlənilmiş Tövsiyələrin V hissəsinə (qiymətləndirmə meyarları), "Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında" Lissabon Konvensiyanın tətbiqinə dair qəbul edilmiş "Avropa regionu üzrə tanınma Təlimatı"nın 3-cü hissəsinə əsasən qeyd olunur ki, tanınma proseduru zamanı xarici ali təhsil ixtisasının əldə edildiyi ali təhsil müəssisəsinin statusu məsələsinə diqqət yetirilməli, yəni həmin müsəssisənin qanunvericiliyin tələblərinə uyğun olaraq fəaliyyət göstərməsi, o cümlədən, akkreditasiyasının və lisenziyasının olubolmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikasında təhsil müəssisələrinin akkreditasiya məsələlərinin tənzimlənməsi üzrə normativ hüquqi akt olan Nazirlər Kabinetinin 2010-cu il 28 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş "Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları"nın(bundan sonra-Akkreditasiya Qaydaları) 1.7.1-ci yarımbəndinə əsasən təhsil müəssisəsinin akkreditasiyası dedikdə təhsil müəssisəsinin fəaliyyətinin qəbul olunmuş dövlət təhsil standartlarına və digər normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə aparılan və təhsil müəssisəsinin statusunun, hər bir ixtisas (proqram) üzrə təhsilalanların say həddinin müəyyən edilməsi, onun fəaliyyətinin növbəti müddətə uzadılması üçün hüquqi təminat yaradan prosedur nəzərdə tutulur. Akkreditasiya Qaydalarının 3.1-ci bəndinə əsasən təhsil müəssisələrinin akkreditasiyası təhsil müəssisəsinin institusional və təhsil proqramlarının akkreditasiyası olmaqla iki növə bölünür. Qaydalarda 3.2-ci bəndə əsasən İnstitusional akkreditasiya təhsil müəssisəsinin ümumi fəaliyyətinin qəbul olunmuş dövlət təhsil standartlarına, digər normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə aparılır və təhsil müəssisəsinin statusunun müəyyən edilməsi, hər bir ixtisas üzrə kadr hazırlığı potensialının, təhsilalanların say həddinin müəyyənləşdirilməsi və müəssisənin fəaliyyətinin növbəti müddətə uzadılması üçün hüquqi təminat yaradır. Yəni təhsil müəssisəsinin mövcud olduğu ölkədə ali təhsil fəaliyyəti göstərən müəssisəsi kimi tanınması, ali təhsil sisteminin bir hissəsi olmasını məsələlərini tənzimləyir. Təhsil proqramının akkreditasiyası isə qüvvədə olan müvafiq təhsil pillələri üzrə təsnifatlara istinadən təşkil olunaraq, təhsil müəssisələrində tədris edilən təhsil proqramlarının madditexniki və tədris bazasını, təhsilverənlərin keyfiyyət göstəricilərini və təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsinin əmək bazarının tələblərinə uyğunluğunu və proqramın icrasını qiymətləndirərək hər bir ixtisas üzrə kadr hazırlığı potensialının və təhsilalanların say həddinin müəyyən olunmasına hüquqi təminat yaradır. Qeyd olunanlara əsasən iş üzrə inzibati icraatın əsasında aparıldığı Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xaricidövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"nın (bundan sonra-Tanınma Qaydaları) 4.1.1-ci yarımbəndində qeyd olunmuş müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması barədə tələb özündə müəssisənin, yəni onun institusional akkreditasiyasını nəzərdə tutur. Yuxarıda qeyd olunan tanınma Qaydalarının 4.1.1.-ci yarımbəndinə əsasən tanınma üzrə ümumi tələblərdən biri kimi müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması müəyyən olunmuşdur. Həmin Qaydaların 3.10-cu bəndinə əsasən bu Qaydaların 4.1-ci yarımbəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmadıqda kvalifikasiyanın tanınmasından imtina haqqında qərar qəbul edilir. Hazırkı iş üzrə imtina qərarı Qaydaların 3.10.1-ci yarımbəndinə əsasən 4.1-ci bənddə nəzərdə tutulan ümumi tələblərə riayət olunmaması səbəbilə verilmişdir. Məlumat üçün qeyd olunmalıdır ki, Qaydaların 4.1-ci bəndi tanınmaya dair ümumi tələbləri özündə ehtiva edir və bu tələblərlə uyğunluğu müəyyən edilməyən müraciətlər üzrə Qaydaların müvafiq olaraq 5-ci və 6-cı hissələrində yer alan akademik və peşə tanınması üzrə icraatın aparılması mümkün deyil. Bununla bağlı qeyd olunur ki, Qaydaların 5-ci hissəsinə əsasən akademik tanınma ərizəçiyə Azərbaycan Respublikasında ali təhsil pilləsində təhsilini davam etdirmək hüququnun verilməsi məqsədilə aparılır. Qaydaların 6-cı hissəsinə əsasən isə bu Qaydaların əlavəsində nəzərdə tutulan peşələrə aid ixtisasların peşə tanınması zamanı ərizəçinin müvafiq kvalifikasiya üzrə peşə kompetensiyalarının Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya üzrə nəzərdə tutulmuş peşə kompetensiyalarının tələblərinə uyğunluğu müəyyən edilir. Yuxarıda qeyd olunduğu kimi, hazırkı iş üzrə iddiaçının müraciəti üzrə 4.1.1-ci yarımbənd üzrə uyğunsuzluq müəyyən edildiyi üçün Qaydaların 3.10.1-ci yarımbəndinə əsasən imtina qərarı çıxarılmış, Qaydaların 5-ci və 6-cı hissələrinə müvafiq olaraq, akademik və peşə tanınması üzrə icraat aparılmamışdır. Qeyd olunanları nəzərə alaraq bildirirlər ki, iddiaçının müraciəti üzrə hazırkı iddia tələbi imtina aktının ləğv edilməsi və ona tanınma haqqında şəhadətnamə verilməsini nəzərdə tutur, lakin, əslində cavabdeh və iddiaçı arasında hüquqi mübahisənin predmeti onun Qaydaların 4.1-ci bəndinin tələblərinə, başqa sözlə sənədin əldə olunduğu təhsil müəssisəsinin akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması tələbləri ilə uyğunsuzluğudur. Həmçinin, işə baxan məhkəmə və iddiaçı tərəfə də məlumdur ki, hazırkı iş üzrə məhkəmə icraatı məhz vətəndaşın təhsil aldığı müəssisənin akkreditasiyadan keçib-keçməməsi və lisenziyasının olub-olmaması tələblərinin uyğunluğu hissəsində araşdırma aparmaqdadır. Hazırkı iş üzrə, iddiaçının iddia tələbi real hüquqi mübahisənin çərçivəsindən olduqca genişdir və onun təmin olunması Qaydalara uyğun olaraq 5-ci və 6cı hissələrin tələbləri çərçivəsində akademik və peşə tanınması üzrə icraat aparılmadan ona tanınma haqqında şəhadətnamənin verilməsini şərtləndirəcəkdir. Bu hal isə mövcud məhkəmə icraatının yaranmış hüquqi mübahisənin real çərçivəsinə müvafiq olmayan daha geniş hissəni əhatə edən qərarı çıxarmasına gətirib çıxaracaqdır. Məhkəməyə də məlumu olduğu kimi, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən Məhkəmə aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında proses iştirakçılarına yardım etməyə borcludur və İPM-nin 54.1-ci maddəsinə əsasən cavabdehin razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, hazırkı iş üzrə iddia tələbinin məhz cavabdeh və iddiaçı arasında mövcud olan hüquqi mübahisənin real həddində, məhz müraciət üzrə halların Qaydaların 4.1-ci bəndinə uyğunluğu (yəni, təhsil müəssisəsinin akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması tələbləri) hissəsində baxılmasını və iddia tələbinin ehtiva etdiyi bütün icraat üzrə akademik və peşə tanınması haqqında şəhadətnamələrin verilməsi hissəsində öhdəliyin müəyyən edilməməsini Məhkəmə tərkibindən xahiş edirlər. Qeyd olunan normativ-hüquqi aktların müddəalarından, habelə formalaşmış məhkəmə təcrübəsinə əsasən, iddiaçıya məxsus olan kvalifikasiyanın tanınmamasını şərtləndirən hüquqi əsaslar mövcud olduğundan iddia tələbi rədd edilməlidir. Tərəflərin iştirakı və izahatları: İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciətə imtina cavabı verdiyindən, hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: “Təhsil haqqında” Qanun: Maddə 27.1. Azərbaycan Respublikasında təhsil fəaliyyəti üçün хüsusi razılığı (lisenziyası) olan və dövlət akkreditasiyasından keçmiş təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir (19 iyun 2020-ci ilə qədər olan redaksiya). Maddə 27.4. Xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Maddə 29.0.21. Xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarını müəyyən etmək, ixtisasların tanınmasını və nostrifikasiyasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Maddə 44.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. 08 sentyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının 1992-ci il 7 oktyabr tarixli 324 nömrəli Təhsil Qanunu: Maddə 13. Təhsil müəssisələri müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatından keçdikdən sonra hüquqi şəxs statusu alırlar. Azərbaycan Respublikası Prezidentinin 203 nömrəli xx.xx.2005-ci il Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.27- 8.28-ci bəndlərinə əsasən (mübahisəli hüquq münasibətləri yaranan zaman qüvvədə olan) nazirlik xarici ölkələrin ali təhsil sahəsində ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsini (nostrifikasiyası) keçirir və xarici ölkələrdə alınmış təhsil sənədlərinin nostrifikasiya qaydalarına müvafiq komissiya yaradır, vətəndaşlara sənədlərin ekvivalentliyi haqqında şəhadətnamələr verir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 156 nömrəli Fərmanının 2.2-ci bəndində əsasən Qanunun 29.0.21 və 44.2-ci maddəsində (xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarının müəyyən olunması üzrə) nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli, 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”yə əsasən nazirlik xarici ölkələrdə alınmış təhsil sənədlərinin nostrifikasiya qaydalarına uyğun müvafiq komissiya yaradır, vətəndaşlara sənədlərin ekvivalentliyi haqqında şəhadətnamələr verir. Mübahisəli hüquq münasibətləri yaranan zaman qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları: 1.1-ci bənd. Bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır. 1.6-cı bənd. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir. 3.2-ci bənd. Ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: - ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; - xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). 3.6-cı bənd. Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. 3.7-ci bənd. 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanun: Maddə 4.1. Azərbaycan Respublikasının ərazisində hüquqi şəxs statusu almaq istəyən qurum, habelə xarici hüquqi şəxsin nümayəndəliyi və ya filialı dövlət qeydiyyatına alınmalı və dövlət reyestrinə daxil edilməlidir. Kommersiya təşkilatları, habelə xarici hüquqi şəxslərin nümayəndəlikləri və ya filialları yalnız dövlət qeydiyyatına alındıqdan sonra fəaliyyət göstərə bilərlər. “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar: 1.5-ci bənd. Xarici hüquqi və fiziki şəxslər, habelə xarici hüquqi şəxslərin filialları və nümayəndəlikləri öz ölkələrində bu qaydalarda göstərilən fəaliyyət növü ilə məşğul olmaq üçün aldıqları lisenziyaların Azərbaycan Respublikasında tanınmasını müəyyən edən dövlətlərarası saziş olmadığı halda, həmin fəaliyyət növü ilə məşğul olmaq üçün bu Qaydalara uyğun olaraq lisenziya almalıdırlar. Qaydaların 2 nömrəli əlavəsinə əsasən ali təhsil sahəsində fəaliyyətin göstərilməsi üçün xüsusi razılıq (lisenziya) alınması tələb olunur. 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 20 iyun 2007-ci il tarixli qətnaməsindən görünür ki, qətnamə ilə iddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinin cavabdeh Dağısan Dövlət Universitetinin Bakı Filialına qarşı iddiası qismən təmin edilərək, Filialın fəaliyyətinin dayandırılması və onda təhsil alan və təhsilini başa vurmayan tələbələrin müvafiq təhsil müəssisələrində yerləşdirilməsinin Azərbaycan Respublikası Təhsil Nazirliyinə həvalə olunması qət edilmiş, iddia tələbi “Filial fəaliyyətə başladığı gündən hal hazıradək verilmiş diplomların etibarsız sayılması” hissəsində rədd edilmişdir. Qətnaməyə görə, Dağıstan Dövlət Universitetinin Bakı Filialında təhsilini hər hansı səbəbdən başa vurmamış (o cümlədən müvafiq tədris kursunu müvəffəqiyyətlə başa vurmadan təkrar həmin kursda saxlanılmış) tələbələrin Filialın fəaliyyətinin dayandırılmasına qədər olan dövrdəki təhsilləri qanuni sayılmışdır, çünki, onlar həmin yarımçıq qalmış təhsilin bazasında təhsillərini (bir neçə ay, 1 il, 1 il yarım və s.) davam etdirərək diplom almaq hüququ qazanmış olurlar. Göründüyü kimi, Nazirliyin Filial fəaliyyətə başladığı gündən iddia ərizəsi təqdim edilənədək verilmiş diplomların etibarsız sayılmasına dair iddiası təmin edilməmişdir. Yəni, həmin diplomlar etibarli sayılmışdır. İddiaçı da məhkəmə tərəfindən qətnamə qəbul edildikdən əvvəl, yəni 2003-cü ildə Dağıstan Dövlət Universitetinin Bakı Filialını bitirmiş və xx.xx.2003-cü ildə ona diplom verilmişdir. Belə olan halda, ona diplom üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə şəhadətnamə verilməsindən cavabdehin imtinası qanuna uyğun olmamışdır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Məhkəmə bu nəticəyə gələrkən oxşar iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının analoji hüquqi mövqeni əks etdirən 2-1(102)- 1671/2021 nömrəli xx.xx.2021-ci il tarixli, 2-1(102)-2199/2023 nömrəli xx.xx.2023-cü il tarixli və 2-1(102)-2348/2023 nömrəli xx.xx.2023-cü il qərarlarının mövcudluğunu da nəzərə alır. İPM-in: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Rusiya Federasiyasının Dağıstan Dövlət Universiteti tərəfindən verilmiş ИВС ******* nömrəli, 31 may 2003-cü il tarixli diplomu üzrə İddiaçı aldığı ixtisasın Azərbaycan Respublikasının ərazisində tanınması haqqında müvafiq şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh “Təhsildə Keyfiyyət Təminatı Agentliyi” X4 üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar