Məhkəmə qərarları › İş №2-1(112)-1936/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1936/2023

08.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1936/2023 08.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı qarşı “bağ sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Şabandağ bağ massivində yerləşən “6" saylı bağ sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********98 nömrəli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, İdarədə mövcud arxiv məlumatlarına əasasən təqdim edilmiş bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adı aşkar olunmamışdır. Elektron kadastr məlumatlarına əsasən bağçılıq-yoldaşlığın bölgü sxemi olmadığından bağ sahəsinin yerləşməsinin düzgünlüyünü müəyyən etmək mümkün olmamışdır. Həmçinin, qeyd edilən ümumi ərazidə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən digər şəxsin adına verilmiş “Torpaq sahəsinin plan və ölçüsü” (kadastr planı) mövcuddur. Bundan sonra iddiaçılar İddiaçı və X3 cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Şabandağ qəsəbəsi bağ massivində “Şabandağ” bağçılıq-bostançılıq yoldaşlığı tərəfindən iddiaçılara ayrılmış 6 və 7 saylı bağ sahələri üzərində onların mülkiyyət hüquqlarının qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəməninin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçılar İddiaçı və X1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Qaradağ rayonu, Şabandağ bağ massivində yerləşən 6 və 7 saylı bağ sahələrinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” barədə iddia tələbi üzrə işdən X1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "Bakı şəhəri, Qaradağ rayonu, Şabandağ bağ massivində yerləşən 7 saylı bağ sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi" barədə iddia tələbi üzrə icraat ayrılmışdır. İİ Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Bakı şəhər X5 İcraiyyə Komitəsinin 11/546 nömrəli, 07 avqust 1991-ci il tarixli qərarına əsasən 26 Bakı Komissarı adına Neft- Qazçıxarma İdarəsinin xahişi nəzərə alınaraq həmin İdarəyə Qaradağ rayonu, Lökbatan- Hacı Həsən yolunun qərb hissəsində kollektiv bağçılıq- bostançılıq üçün torpaq sahəsi ayrılmışdır. "26 Bakı Komissarı" adına Neft-Qazçıxarma İdarəsinin və Həmkarlar İttifaqı Komitəsinin 05 mart 1990-cı ildə keçirdiyi ümumi iclasın 10 saylı protokolundan çıxarışa əsasən, o, "Şabandağ" bağçılıq-bostançılıq kollektivinin üzvü olmuşdur. "26 Bakı Komissarı" adına Həmkarlar Təşkilatının 05 mart 1990-cı ildə keçirdiyi ümumi iclasın 10 saylı protokoluna əsasən, ona Şabandağ sahəsində "Şabandağ" bağçılıq-bostançılıq kollektivinin ümumi sahəsindən sahəsi 1200 kv. metr olmaqla 6 saylı torpaq sahəsi ayrılmışdır. O, "Bağçının üzvlük kitabçası"na əsasən, 1991-ci ildə "Şabandağ" bağçılıq bostançılıq yoldaşlığına qəbul edilmiş, bağçılıq cəmiyyətinin 07 avqust 1991-cı il tarixli, 11/546 nömrəli protokoluna əsasən onun istifadəsinə sahəsi 1200 kv. metr olan 6 saylı bağ sahəsi verilmişdir. 11 yanvar 2022-ci ildə o, həmin bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq, çıxarışın verilməsi üçün cavabdeh quruma müraciət etmiş, cavabdeh orqan 17 fevral 2022-ci il tarixli, **********98 saylı bildirişi ilə müraciəti təmin etməkdən imtina etmişdir. Bakı şəhər İcra hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli 330 №-li sərəncamı ilə, X8 xx.xx.2005-ci il tarixli 01/0026 saylı məktubu nəzərə alınaraq, Binəqədi və Qaradağ rayonlarının ərazilərində Xocasən kəndinin şərqində yerləşən Xocasən gölünün ətrafındakı torpaq sahəsinin universitet kampusunun tikintisinin layihələşdirilməsi üçün həmin Fondun daimi istifadəsinə verilməsi qərara alınmış, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən qeyd olunan torpaq sahəsi ilə bağlı X8 adına X9 kitabında xx.xx.2011-ci il tarixdə 23519 nömrə ilə uçota alınmış "Torpaq sahəsinin planı və ölçüsü" tərtib olunnuşdur. Ancaq iddiaçıların qanuni istifadəsində olan torpaq sahələri X10 qeyri-qanuni yolla verilmiş, onun adına torpaq sahəsinin ayrılmasına dair 07 avqust 1991-cı il tarixli, 11/546 saylı protokol ləğv edilməmişdir ki, bu da torpaq sahəsilərinə dair digər qurumun adına verilmiş kadastr planının qanunsuz olduğunu təsdiq edir. Cəmiyyətin torpaq sahəsi ilə 50 nəfərlik siyahısında onun adı 9-cu yerdə qərarlaşmışdır. Həmçinin arxivdə sözügedən məlumatların aşkar olunmaması torpaq sahəsinin onun istifadəsinə verilməməsi anlamına gəlmir. Belə ki, "Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli, 2186 nömrəli sərəncamının 2.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Nazilər Kabineti ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsini təmin etməli və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll etməlidir. Göründüyü kimi, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Əmlak Məsələləri Dövlət Komistəsinə verilməsi vəzifəsi Nazirlər Kabinetinə həvalə edilmişdir. Bu səbəbdən də 1990-ci ilin əvvəlindən iddiaçıların istifadəsinə verilmiş bağ sahələrinin arxiv sənədlərinin cavabdeh qurumun arxivində olmamasının məsuliyyəti və nəticələri də onun üzərinə qoyulmamalıdır. Oxşar iddialar üzrə artıq yerli məhkəmələrin qərarları ilə iddiaçıların cavabdeh quruma qarşı iddiaları təmin edilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli iddiaya dair yazılı etirazda imtina məktubunda göstərilən dəlillərə istinad etmiş və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İİİ Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunan: - 26 Bakı Komissarı adına Neft-qazçıxarma İdarəsinin və Həmkarlar İttifaqı Komitəsinin xx.xx.1990-cı il tarixli ümumi iclasının 10 nömrəli Protokolundan çıxarışdan görünür ki, Şabandağ ərazisində 26 Bakı Komissarı adına Neft-qazçıxarma İdarəsinin 50 nəfər üzvündən ibarət bağçılıq-bostançılıq yoldaşlığı yaradılmışdır. - Bakı şəhər X5 İcraiyyə Komitəsi torpaq sahəsi ayrılması haqqında xx.xx.1991-ci il tarixli, 11/546 nömrəli qərarından görünür ki, 26 Bakı Komissarı adına Neft-Qazçıxarma İdarəsinin xahişi nəzərə alınaraq həmin İdarəyə Qaradağ rayonu, Lökbatan-Hacıhəsən yolunun qərb hissəsində kollektiv bağçılıq-bostançılıq üçün torpaq sahəsinin ayrılması qərara alınmışdır. - “Şabandağ” bağçılıq-bostançılıq kollektivinin təqdim etdiyi məktubdan görünür ki, İddiaçı “Şabandağ” bağçılıq-bostançılıq kollektivinin üzvüdür və 26 Bakı Komissarı adına Neft-qazçıxarma İdarəsinin və Həmkarlar İttifaqı Komitəsinin xx.xx.1990-cı il tarixli ümumi iclasının 10 nömrəli Protokoluna əsasən ona Şabandağ sahəsində “Şabandağ” bağçılıqbostançılıq kollektivinin ümumi sahəsindən baş plana əsasən 1200 kv.metr olmaqla 6 saylı sahə ayrılmışdır. - İddiaçı ona 6 saylı torpaq sahəsinin ayrılması ilə bağlı Bağçının üzvlük kitabçasını təqdim etmiş, kitabçada iddiaçının 1991-ci ildə cəmiyyətə üzv qəbul edildiyi göstərilmişdir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Vahid elektron kadastr baza məlumatlarına əsasən bağçılıq-yoldaşlığın bölgü sxemi olmadığından bağ sahəsinin yerləşməsinin düzgünlüyünü müəyyən etmək mümkün olmamışdır. Həmçinin, qeyd edilən ümumi ərazidə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən digər şəxsin adına verilmiş "Torpaq sahəsinin plan və ölçüsü" (kadastr planı) mövcuddur. - Bakı şəhər İH başçısının xx.xx.2005-ci il tarixli, 330 sərəncamından görünür ki, Binəqədi və Qaradağ rayonlarının ərazilərində Xocasən kəndinin şərqində yerləşən Xocasən gölünün ətrafındakı torpaq sahəsinin X8 xx.xx.2005-ci il tarixli, 01/0026 saylı məktubu nəzərə alınaraq universitet kampusunun tikintisinin layihələşdirilməsi üçün həmin Fondun daimi istifadəsinə verilməsi qərara alınmışdır. - A № 319656 nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Bakı şəhər İH başçısının xx.xx.2005-ci il tarixli, 330 sərəncamı ilə X10 universitet kampusunun tikintisi üçün daimi istifadəyə verilən Binəqədi rayonu, Xocəsən kəndinin şərq hissəsində yerləşən Xocəsən gölünün ətrafında 17276776 kv.m sahəsi olan torpaq sahəsinin xx.xx.2011-ci il tarixdə plan və ölçüsü tərtib edilmişdir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, faktiki torpaq sahəsi Bakı Şəhər İcra Hakimiyyətinin 2 iyun 2006-cı il tarixli, 142 saylı sərəncamı ilə Universitet kampusunun tikintisi üçün ayrılmış ərazidə yerləşir və həmin əraziyə ləğv edilmiş X6 Komitəsi tərəfindən “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. Vahid elektron kadastr bazasına əsasən Bakı Şəhər İcra Hakimiyyətinin 2 iyun 2006-cı il tarixli, 142 saylı Sərəncamı ilə Universitet kampusunun tikintisi üçün ayrılmış ərazinin kateqoriyası sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar, olmaqla dövlət mülkiyyətində göstərilmişdir. - 31.01.2022-ci il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından görünür ki, Qaradağ rayonu, Şabandağ B/M 6 saylı bağ sahəsinin hüquqmüəyyənedici sənəd üzrə sahəsi 0,12 ha olsa da, faktiki sahəsi 0,1305 ha-dır. Bağ sahəsi bir tərəfdən mişar daşı, üç tərəfdən metal tor ilə əhatə olunmuşdur. Bir tərəf yol, üç tərəf qonşulardır. Torpaq sahəsi üzərində sahəsi 51 kv.m olan birmərtəbəli fərdi yaşayış evi var. Torpaq sahəsinin üzərindən yerüstü kommunikasiya xətləri keçmir. İddiaçı hazırda Bakı şəhəri, Qaradağ rayonu, Şabandağ qəsəbəsi bağ massivində “Şabandağ” bağçılıq-bostançılıq yoldaşlığı tərəfindən ona ayrılmış 6 saylı bağ sahəsi üzərində onun mülkiyyət hüququnun qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi xahiş edir. Məhkəmə qeyd edir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; Göründüyü kimi, qanunverici vətəndaşlara ayrılmış bağ sahələri üzərində hüquqların qeydə alınması əsası kimi aşağıdakı sənədlərdən birinin təqdim edilməsini müəyyən etmişdir:

1. bağ sahələrinə dair verilən icarə müqavilələri;

2. bağ sahələrinə dair verilən sərəncamlar;

3. bağ sahələrinə dair verilən orderlər;

4. kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası;

5. kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlərin iclasının protokolundan çıxarış; İddiaçı qeyd olunan sənədlərdən üzvlük kitabçasını təqdim etsə də, bu sənədlər Qanunun tələblərinə müvafiq olmamışdır. Belə ki, istinad olunan normadan da göründüyü kimi, qanunverici həmin sənədlərin kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olmasını tələb edir. Lakin işdən görünür ki, iddiaçının adı “Şabandağ” bağçılıq yoldaşlığın üzvlərinin siyahısında mövcud deyil. Məhkəmə qeyd edir ki, “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 saylı Sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmişdir. Həmin Sərəncamın 2.1-ci bəndinə əsasən ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsinin təmin edilməsi və ləğvetmə ilə bağlı digər məsələlərin qanunvericiliyə uyğun olaraq həll edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır. Məhkəmə icraatı zamanı baxış keçirilmiş və surəti çıxarılmaqla iş materiallarına əlavə edilmiş cavabdehə təhvil verilən “Şabandağ” bağçılıq yoldaşlığa dair arxiv sənədlərindən görünür ki, Qaradağ neft-qaz çıxarma idarəsinin işçilərinin 50 nəfərdən ibarət siyahısı təsdiq edilmiş və iddiaçının adı həmin siyahıda qeyd olunmamışdır. İddiaçı məhkəməyə 26 Bakı Komissarı adına Neft-qazçıxarma İdarəsinin Qaradağ rayonu Şabandağ sahəsindəki bağçılıq yoldaşlıq cəmiyyətinin üzvü olan işçilərinin siyahısının 1-ci səhifəsini təqdim etmiş, adının həmin siyahıda 9-cu sırada qeyd edildiyini bildirmiş, həmçinin 39388 nömrəli, xx.xx.2007-ci il tarixli müqaviləni təqdim etmişdir, hansı ki, həmin müqaviləyə əsasən Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyinin xx.xx.2007-ci il tarixli protokolu ilə Şabandağ ərazisindəki 0,12 ha torpaq sahəsi olan 6/579 nömrəli bağ sahəsi Birlik tərəfindən 10 il müddətinə İddiaçı istifadəsinə verilmişdir. Məsələnin araşdırılması ilə bağlı həmin siyahının və müqavilənin əldə edilməsi üçün cavabdehə sorğu verilmiş, cavabdeh xx.xx.2022-ci il tarixli məktubla bildirmişdir ki, 26 Bakı Kommisarı adına NQÇİ-nin bağçılıq yoldaşılığı üzvlərinin siyahsı və xx.xx.2007-ci il tarixli 39388 saylı müqavilə idarənin arxivində aşkar edilməmişdir. Eyni zamanda Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 7.01.2007-ci il tarixli, 07 nömrəli sərəncamı vətəndaşlara bağ sahələrinin ayrılması haqqında deyil. Eyni zamanda, Bakı Şəhər Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinin protokolları Bakı Şəhər İcra Hakimiyyətinin arxivində saxlanılmır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Məhz buna görə xx.xx.2007-ci il tarixdə bağlar təsərrüfatı idarələri ləğv edilərkən onlara məxsus arxiv sənədlərinin daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatını aparan və bu qeydlərin dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdeh olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsi qərara alınmışdır. Bununla dövlət yalnız mühafizə üçün verilən sənədlərə təminat verməklə, həmin qeydlərin dəqiqliyinə görə məsuliyyəti öz üzərinə götürmüş və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.7-ci maddəsində də həmin tarixədək verilmiş sənədlərə əsasən hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təsbit etmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçının adı kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına daxil edilmədiyindən onun təqdim etdiyi üzvlük kitabçası qanunvericiliyin tələblərinə cavab verən sənəd kimi qəbul edilə bilməz. Digər tərəfdən, iş materiallarında iddiaçıya verilmiş torpaq sahəsinin yerini müəyyən etməyə imkan verən sənədlər olmasa da, işdən görünür ki, iddiaçının iddia etdiyi torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyəti Başçısının 16 dekabr 2005-ci il tarixli 330 nömrəli Sərəncamı ilə ayrılmış və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən adına X11 kitabında 12 yanvar 2011-ci il tarixdə 23519 nömrə ilə uçota alınmış “Torpaq sahəsinin planı və ölçüsü” (kadastr nömrəsi **********00058) tərtib olunmuş X10 məxsus (universitet kampusu tikintisi üçün) torpaq sahəsi ilə üst-üstə düşür. Bu hal iddiaçı və cavabdeh tərəfindən mübahisələndirilməmişdir, habelə işdə olan ortofoto görüntüləri ilə öz təsdiqini tapır. Məhkəmə qeyd edir ki, mübahisəli torpaq sahəsinin X8 daimi istifadəsinə verilməsinə dair Bakı şəhər İcra Hakimiyyəti Başçısının 16 dekabr 2005-ci il tarixli 330 nömrəli sərəncamı, eləcə də də onun əsasında verilmiş torpaq sahəsinin plan və ölçüsü sənədi iddiaçı tərəfindən mübahisələndirilməmişdir. İddiaçının iddia etdiyi sahənin sözügedən hüquqmüəyyənedici sənədlər əsasında X10 ayrılmış sahə ilə üst-üstə düşdüyü iş üzrə müəyyən olunduğundan, X10 torpaq sahəsinin ayrılmasına dair hüquqmüəyyənedici sənədlər isə öz qüvvəsini saxladığından, məhkəmə belə qənaətə gəlir ki, iddiaçının hazırkı məzmunda tələbi təmin oluna bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Hazırda iddiaçının hüquqlarının cavabdeh tərəfindən pozulması müəyyən olunmadığından məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. O da qeyd olunmalıdır ki, iddiaçı onun müraciəti üzrə qərar qəbul edildikdən sonra həmin torpaq sahəsi ilə bağlı hüquqlarını təsdiq edən yeni sübutlara (məsələn, torpaq sahəsini naturada mərzləşdirdikdən sonra) əsaslana (istinad edə) bilər və bu iş üzrə qərar iddiaçının “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində müəyyən edilmiş qaydada yenidən inzibati orqana müraciət etmək hüququna təsir etmir. Həmin Qanunun 35.1-ci maddəsinin müddəalarına görə, maraqlı şəxs şikayət verilə bilməyən inzibati aktın ləğv olunması və ya dəyişdirilməsi ilə bağlı aşağıdakı hallarda təkrar ərizə ilə inzibati orqana müraciət edə bilər: ... 35.1.2. maraqlı şəxs üçün daha əlverişli inzibati aktın qəbuluna səbəb ola bilən yeni sübutlar aşkar olunduqda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,

qərara aldı:

İddia təmin olunmasın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar