Məhkəmə qərarları › İş №2-1(112)-19374/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-19374/2025

11.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-19374/2025 11.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı Abşeron rayon İcra Hakimiyyətinin 28 yanvar 1998-ci il tarixli 40 nömrəli məktubu və X2 İzahat Komissiyasının iclasının 01 dekabr 1997-ci il tarixli, 03 nömrəli protokoluna əsasən indiki Xəzər rayonu, Binə qəsəbəsində ona ayrılmış 1200 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayon İcra Hakimiyyətinin 28 yanvar 1998-ci il tarixli 40 nömrəli məktubu və X2 İzahat Komissiyasının iclasının 01 dekabr 1997-ci il tarixli, 03 nömrəli protokoluna əsasən indiki Xəzər rayonu, Binə qəsəbəsi ərazisində 1200 kv.m torpaq ayrılmışdır. X2 İzahat Komissiyasının iclasının 17 iyun 1998ci il tarixli 03 nömrəli protokoluna əsasən 1200 kv.m torpaq sahəsi yerində ona ayrılmışdır. İzahat Komissiyası tərəfindən akt tərtib edilmiş, planı, cizgi sxemi, sovxoz direktorunun möhürü ilə təsdiq edilmişdir. Ona ayrılmış torpaq sahəsinə dair protokol, akt, əmr və digər sənədlər arxiv arayışı ilə təsdiq edilir. Torpaq sahəsi həmin vaxtdan daimi istifadəsindədir. Həmin torapq sahəsi üzərində hüquqlarının qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, təqdim olunan sənədlər surətdir. Bundan əlavə, sahəyə dair təqdim edilmiş cizgidə dəqiq istinadlar, istinad məsafələr qeyd edilməmişdir. İdarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı torpaq sahəsinin ara sərhədləri şərti olmaqla ümumi hasar daxilində yerləşdiyi müəyyən edilmişdir. Həmçinin, torpaq sahəsinin sənəd üzrə sahəsi 1200 kv.m qeyd edilsə də, faktiki 950 kv.m təşkil edir.

3. Sonradan iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edilərək X2 25 dekabr 1998-ci il tarixli 28 nömrəli əmri və Abşeron rayon İcra Hakimiyyətinin 28 yanvar 1998-ci il tarixli 40 nömrəli məktubu əsasında indiki Xəzər rayonu, Binə qəsəbəsi ərazisində ona ayrılmış 950 kv.m ölçüdə torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

5. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı ********** qeydiyyata nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və **********21 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, sahəyə dair təqdim edilmiş cizgidə dəqiq istiandlar, istinad məsafələri qeyd edilməmişdir. Həmçinin, İdarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı torpaq sahəsinin ara sərhədləri şərti olmaqla ümumi hasar daxilində yerləşdiyi müəyyən edilmişdir. Bundan əlavə torpaq sahəsinin sənəd üzrə sahəsi 1200 kv.m qeyd edilsə də, faktiki 950 kv.m təşkil edir.

6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

7. Şifahi məhkəmə baxışı iclası iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barəsində isə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan abxılmasını mümkün hesab etmişdir.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

8. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-Z-016-1-8/2025 **********1 nömrəli məktubla imtina edilmişdir.

9. X2 25 dekabr 1998-ci il tarixli 28 nömrəli əmrinə əsasən Abşeron rayon İcra Hakimiyyətinin 28 yanvar 1998-ci il tarixli 40 nömrəli məktubu və izahat komissiyasının 01 dekabr 1997-ci il tarixli 03 nömrəli protokoluna əsasən X1 0.12 ha hesabı ilə torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsinin təhvilinə dair akt əmrdən çıxarışa əlavə edilmişdir.

10. Məhkəmənin sorğusuna əsasən Abşeron rayon Dövlət Arxivi tərəfindən xx.xx.2025-ci il tarixli, 3-48-1RA/2-1594/25 nömrəli məktubla X2 25 dekabr 1998-ci il tarixli 28 nömrəli əmrindən arxiv çıxarışı məhkəməyə təqdim edilmişdir.

11. Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən 9 yanvar 2026-cı il tarixli, 3- 21-3-32/2-495/2026 nömrəli məktubla bildirilmişdir ki, müayinə olunan torpaq sahəsi İdarənin istifadəsində olan elektron baza məlumatlarına əsasən hal-hazırda Bakı şəhəri (Xəzər rayonu) inzibati ərazisinin hüdudları daxilində yerləşir.

12. Məhkəmənin sorğusuna əsasən Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 29 yanvar 2026-cı il tarixli, 3-21-3-30/2-5299/2026 nömrəli məktubla iddiaçının iddia etdiyi torpaq sahəsinin qonşuluğunda qeydiyyata alınmış əmlaklara dair sənədlərin surətləri, müayinə aktı və ortofoto görüntüsü məhkəməyə təqdim edilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

13. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

14. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

15. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

16. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

17. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

18. Məhkəmə işdə iştirak edən iddiaçının izahatını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

19. Belə ki, məhkəmə cavabdehin imtina məktubunda əks olunan imtinanın əsasları ilə bağlı aparılmış məhkəmə araşdırması nəticəsində işin faktiki hallarına hüquqi qiymət verərək, aşağıdakıları qeyd edir:

20. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərman ilə təsdiq edilmiş ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”:

2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə Azərbaycan Respublikasının ərazisində yaşayış və bağ evləri, eləcə də onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair qüvvədə olmuş qanunvericilikdə nəzərdə tutulan aşağıdakı sənədlər: 2.5-1. sovxoz və ya dövlət orqanlarının tabeliyində olan digər kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından çıxarış; ...

21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

22. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 4-cü abzasına əsasən Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların atlında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasındda hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

23. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 1-ci bəndinə əsasən “Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planalma aparılan anda ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir”, 5-ci bəndinə əsasən “Torpaq sahəsinin planının və təsvirinin hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlanıldıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir”, 6-cı bəndinə əsasən “Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir”, 8-ci bəndinə əsasən “Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir”.

24. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşlarlın mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin Əsasnamənin 5, 6, 7-ci bəndlərinə əsasən vətəndaşların torpaq üzərində mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir, bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir, həmin torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan yaranır.

25. İşin hallarından göründüyü kimi, Abşeron rayon İcra Hakimiyyətinin 28 yanvar 1998-ci il tarixli 40 nömrəli məktubu və izahat komissiyasının 01 dekabr 1997-ci il tarixli 03 nömrəli protokoluna əsasən X2 25 dekabr 1998-ci il tarixli 28 nömrəli əmri ilə X1 0.12 ha hesabı ilə torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsinin təhvilinə dair akt əmrdən çıxarışa əlavə edilmişdir. İddiaçı həmin torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmiş, bundan sonra isə iddiaçı məhkəməyə müraciət etmişdir.

26. Cavabdeh tərəfindən iddiaçıya torpaq sahəsi ayrılması barədə müvafiq sərəncam və əmr mübahisələndirilməmişdir.

27. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən təqdim olunmuş sənədlərin surət olmasına, bundan əlavə, sahəyə dair təqdim edilmiş cizgidə dəqiq istinadlar, istinad məsafələrin qeyd edilməməsinə, İdarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı torpaq sahəsinin ara sərhədlərinin şərti olmaqla ümumi hasar daxilində yerləşməsinə, həmçinin, torpaq sahəsinin sənəd üzrə sahəsinin 1200 kv.m qeyd edilməsinə baxmayaraq faktiki 950 kv.m təşkil etməsinə istinad edilməklə imtina edilmişdir.

28. Məhkəmə cavabdehin dəlillərinə münasibətdə qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən hüquqmüəyyənedici sənədlərin əsilləri məhkəməyə təqdim edilmişdir. Torpaq sahəsinə dair təqdim edilmiş cizgidə istinad və istinad məsafələrin olmaması isə iddiaçının hüquqlarını məhdudlaşdıran hal kimi qiymətləndirilə bilməz. Belə ki, bu halın iddiaçının ziyanına təfsir edilən hal kimi qiymətləndirilməsi yol verilməzdir. Torpaq sahəsinin ölçüsü ilə bağlı isə iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilərək 950 kv.m torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyatına alınması xahiş edilmişdir.

29. Belə olan təqdirdə, məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassız olmaqla iddiaçının hüquqlarını məhdudlaşdırmışdır.

30. Göründüyü kimi, iddiaçının sözügedən ünvanda yerləşən torpaq sahəsi üzərində Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədləri mövcud olmuşdur.

31. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

32. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

33. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

34. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. X2 25 dekabr 1998-ci il tarixli 28 nömrəli əmri və Abşeron rayon İcra Hakimiyyətinin 28 yanvar 1998-ci il tarixli 40 nömrəli məktubu əsasında indiki Xəzər rayonu, Binə qəsəbəsi ərazisində İddiaçı ayrılmış 950 kv.m ölçüdə torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar