Məhkəmə qərarları › İş №2-1(112)-19377/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-19377/2025

18.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-19377/2025 18.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənova Arzu Mahmud qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti publik hüquqi şəxsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrinə qeydə alınması” tələbinə dair iddiası üzrə inzibati işə 18 fevral 2026-cı il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 29), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Abşeron Rayon Hövsan südçülük sovxozunun 31 may 1998-ci il tarixli, 17 saylı əmri ilə Abşeron Rayon İcra Hakimiyyətinin 28 yanvar 1998-ci il tarixli, 40 nömrəli məktubu və islahat komissiyasının iclasının 17 iyun 1998-ci il tarixli, 3 nömrəli protokoluna əsasən İddiaçı (bundan sonra – iddiaçı) fərdi ev tikmək üçün 0,12 ha torpaq sahəsi ayrılmışdır. Abşeron Rayon Hövsan südçülük sovxozu tərəfindən iddiaçıya ayrılmış torpaq sahəsinin yerləşmə sxemi tərtib edilərək verilmişdir. İddiaçı həmin torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və daşınmaz əmlakının dövlət reyestrindən çıxarışın verilməsi barədə ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. İdarə xx.xx.2025-ci il tarixli imtina məktubunda qeyd etmişdir ki, “...təqdim olunmuş sənədlər surətdir. Bundan əlavə sahəyə dair təqdim edilmiş cizgidə dəqiq istinadlar, istinad məsafələri qeyd edilməmişdir. İdarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı torpaq sahəsinin ara sərhədləri şərti olmaqla ümumi hasar daxilində yerləşdiyi müəyyən edilmişdir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir.” İddia tələbi, iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayon İcra hakimiyyətinin 28 yanvar 1998-ci il tarixli 40 №-li məktubu və Hövsan südçülük sovxozunun İslahat Komissiyasının iclasının 17 iyun 1998-ci il tarixli 03 №-lu protokoluna əsasən indiki Xəzər rayonu Binə qəsəbəsi ərazisində ona ayrılmış 1200 kv.m. torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə Çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin yuxarıda sadalanan hallarına istinad edilərək iddia tələbi onunla əsaslandırılmışdır ki, torpaq sahəsi ona ayrıldığı vaxtdan daimi istifadəsindədir. Abşeron rayon İcra hakimiyyətinin 28 yanvar 1998-ci il tarixli 40 №-lu məktubu və Hövsan südçülük sovxozunun İslahat Komissiyasının iclasının 17 iyun 1998-ci il tarixli 03 №-lu protokoluna əsasən Xəzər rayonu Binə qəsəbəsi ərazisində ona ayrılmış 1200 kv .m. torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə rəsmi qaydada müraciət etmiş, müraciətinin təmin edilməsindən imtina edilmişdir. Hesab edir ki, imtina əsassızdır. Belə ki, ona ayrılmış torpaq sahəsi ayrıldığı tarixdən bu günədək daimi istifadəsindədir, torpağa görə vergi ödəyir, fərdi yaşayış evi də mövcuddur, həmin ünvanda yaşayır. Sağ və sol həyatyani torpaq sahələri olan qonşuları isə Çıxarış ilə təmin olunmuşdurlar... Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etirazın dəlilləri imtina məktubunun dəlilləri ilə eyni məmzunludur. Əlavə olaraq qeyd edilmişdir ki, cizgi ilə faktiki sahə arasında perimetrik ölçü fərqinin olduğu müəyyən edilmişdir. Məhkəmənin xx.xx.2026-cı il tarixli iclasında protokol qərardadı ilə, hazırki iş üzrə cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi hüquqi varislik qaydasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ilə əvəz olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinə ünvanlanmış 2025-ci il 01 dekabr tarixli, 3-21-3-02/2-12569/2025 saylı məktuba əsasən Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 29 iyul 2025-ci il tarixli 3-21/3-1-F-110/2025 nömrəli əmri ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra –DƏDKR) publik hüquqi şəxsinin Nizamnaməsi, strukturu və ştat cədvəli yeni redaksiyada təsdiq edilmiş, Nizamnamə yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilati xarakterli tədbirlər başa çatdırıldıqdan sonra DƏDKR-in tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının və balanslarındakı əmlakların DƏDKR-ə verilməsi qərara alınmışdır. Həyata keçirilmiş yeni struktur dəyişikliklərinə görə ərazi idarələri artıq DƏDKR-in strukturuna daxil olan bölmə kimi fəaliyyət göstərir ki, bu halda, onların məhkəmə işlərində müstəqil tərəf kimi çıxış etmək üçün prosessual fəaliyyət qabiliyyəti yoxdur. Bu hüquq DƏDKR-nin özünə məxsusdur. Bununla yanaşı, nəzərə alınmalıdır ki, müvafiq təşkilati xarakterli tədbirlər çərçivəsində ərazi idarələrinin məsul şəxslərinə sənədlərin, o cümlədən məhkəmə işləri ilə bağlı iddia ərizələrinin, etibarnamələrin, etirazların, apellyasiya və kassasiya şikayətlərinin, vəsatətlərin və digər sənədlərin imzalanması səlahiyyətinin verilməsi barədə DƏDKR-in İdarə Heyətinin sədri tərəfindən müvafiq əmr imzalanmışdır. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu iddiaçının müraciətinə cavab vermədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarına görə, Abşeron Rayon Hövsan südçülük sovxozu üzrə 31 may 1998-ci il tarixli, 17 saylı əmri ilə iddiaçıya fərdi ev tikmək üçün 0,12 ha torpaq sahəsi ayrılmışdır. Həmçinin Abşeron Rayon Hövsan südçülük sovxozu tərəfindən iddiaçıya ayrılmış torpaq sahəsinin yerləşmə cizgisi tərtib edilərək verilmişdir. İddiaçı həmin torpaq sahəsinə hüququn qeydə alınması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. İmtinanın dəlilləri ondan ibarət olmuşdur ki, elektron kadastr məlumatlarına əsasən təqdim edilmiş yerləşmə cizgisində istinadlar və istinad məsafələri qeyd edilməmiş, idarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı torpaq sahəsinin ara sərhədləri şərti olmaqla ümumi hasar daxilində yerləşdiyi, cizgi ilə faktiki sahə arasında perimetrik ölçü fərqinin olduğu müəyyən edilmişdir Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı, cavabdehin imtinasının və etirazının əsası kimi istinad etdiyi hallar isə əsassızdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0. və 8.0.8-ci maddəsi və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” görə, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Fərmanının 2.5-ci bəndinə əsasən yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış torpaq sahəsinə hüququn qeydə alınması üçün əsasdır. İddiaçı həmin normada göstərilən hüquqmüəyyənedici sənəd kimi Abşeron Rayon Hövsan südçülük sovxozu üzrə 31 may 1998-ci il tarixli, 17 saylı əmrini təqdim edir. Cavabdeh həmin əmrin olmasını mübahisələndirmir. Məhkəmə cavabdehin dəlili ilə bağlı qeyd edir ki, təqdim edilmiş yerləşmə cizgisində dəqiq istinadlar və məsafələr qeyd edilməməsi, cizgi ilə faktiki sahə arasında perimetrik ölçü fərqinin olması iddiaçının təqsiri deyil. Belə ki, torpaq sahəsinə dair yerləşmə cizgisini iddiaçı tərtib etməmişdir. Yerləşmə cizgisi torpaq ayıran qurum tərəfindən tərtib edilmişdir. İddiaçının məsuliyyət sferasına aid olmayan məsələyə görə iddiaçının mülkiyyət hüququndan qeydə alınmasından imtina edilməsinə dair cavabdehin hərəkəti əsassızdır. Həmçinin torpaq sahəsinin ara sərhədləri şərti olmaqla ümumi hasar daxilində yerləşməsi də hüququn qeydə alınmasından imtina üçün əsas təşkil etmir. İddiaçı torpaq sahəsinin yerini bilir, cavabdeh tərəfindən aparılmış inzibati icraat zamanı torpaq sahəsinə hər hansı başqa şəxsin müraciətinin olması, hər hansı başqa torpaq sahəsi ilə üst-üstə düşmə halları müəyyən edilməmişdir. Bundan başqa cavabdehin mütəxəssisləri tərəfindən torpaq sahəsinin müayinəsi aparılmış, torpaq sahəsinin dəqiq yerləşməsi koordinatları müəyyən edilmişdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, həmin uyğunsuzluqların aradan qaldırılması, cavabdehin vəzifəsidir. İddiaçı tələbində torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı və torpaq sahəsinin planı və ölçüsünü tələb edir. Cavabdeh məhkəmə qərarını icra edərkən (qanuni qüvvəsini aldığı təqdirdə) həmin uyğunsuzluqları aradan qaldıraraq iddiaçıya yeni sənədlər verməlidir. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının 2.3-cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: ... 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.29-cu maddəsində isə təsbit edilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işlərini aparmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifəsidir. Qeyd edilənlərə əsasən məhkəmə cavabdehin imtinasını və etirazının dəlilləri kimi istinad etdiyi halları əsassız hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 25-ci maddəsinə görə Qanunun 9-cu maddəsinin müddəaları 2007ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı qanunvericiliklə nəzərdə tutulan hüquqmüəyyənedici sənədə malik olmuş, buna görə də istifadəsində olan torpaq sahəsinə yaranmış mülkiyyət hüququnu qeydə aldırmaq hüququna malik olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. Abşeron Rayon Hövsan südçülük sovxozunun 31 may 1998-ci il tarixli, 17 saylı əmrə əsasən indiki Xəzər rayonu Binə qəsəbəsi ərazisində ayrılmış 1200 kv.m. torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə Çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı m0əhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar