Məhkəmə qərarları › İş №2-1(112)-1939/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1939/2021

26.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1939/2021 26.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi»nə dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh AR Müdafiə Nazirliyinə qarşı «iddiaçıya müharibə veteranı adı və vəqisəsinin verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, iddiaçı 24 noyabr 1984-cü il tarixdən 16 dekabr 1986-cı il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. 30 mart 1992-ci il tarixdə könüllü olaraq Ağdam Rayon Hərbi Komissarlığına müraciət etmiş və AR Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə göndərilmişdir. Həmin vaxt Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüşlər gedirdi. N mart 1992-ci il tarixdə həmin hərbi hissə komandirinin müvafiq əmri ilə o, 1 aprel 1992-ci il tarixdən hərbi hissədə dəstə komandirinin müavini vəzifəsinə təyin edilmişdir. 14 aprel 1992-ci il tarixdə hərbi hissə komandirinin əmrinə əsasən 3-cü bölmənin komandiri vəzifəsinə təyin edilmişdir. 14 iyul 1993-cü il tarixdə AR Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin əmri ilə 1-ci MAT-ın şəxsi heyətin siyahısına salınmış və bütün növ təminatlarla təmin edilmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı erməni işğalçılarına qarşı aparılan hərbi əməliyyatlar çərçivəsində Ağdam rayonu uğrunda gedən döyüşlərdə Müdafiə Nazirliyinin həmin hərbi hissələrinin tərkibində N mart 1992-ci il tarixdən 12 may 1994-cü il tarixədək iştirak etmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsinin 20 yanvar 2020-ci il tarixdə Qarabağ Hərbi Prokurorluğuna verilmiş sorğu əsasında 16/170 nömrəli məktubunda onun (iddiaçının) barəsində Qarabağ Hərbi Prokurorluğunda cinayət işinin istintaq olunmadığı və təqsirləndirici materialın araşırılmadığı bildirilmişdir. İddiaçı ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün AR Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya 1 aprel 2020-ci il tarixdə rəsmi ərizə ilə sənədlərlə birlikdə müraciət etmişdir. Lakin adıçəkilən komissiyanın katibi tərəfindən ona göndərilən məktubda müharibə veteraranı adı və vəsiqəsinin verilməsi məqsədəuyğun hesab edilməmişdir. Məktub ona 30 avqust 2020-ci il tarixdə təqdim olunmuşdur. O, hesab edir ki, döyüş əməliyatlarında könüllü iştirak etdiyindən, ona müharibə veteranı adı və vəsiqəsi verilməlidir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. AR Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı qərarı ilə «Müharibə veteranı, silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamə təsdiq etmişdir. Əsasnamənin 1-ci bölməsinin 9-cu abzası nəzərdə tutur ki, müharibə veteranı adı "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə-müdafiə, daxili işlər, milli təhlükəsizlik orqan və hərbi hissələr tərəfindən verilmiş arayışlar, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma haqqında arayışlar və əmrlərdən çıxarışlar hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında" verilir. AR Nazirlər Kabinetinin 20 may 1997-ci il tarixli 53 saylı qərarı ilə Əsasnamənin bir sıra müddəaları ilə yanaşı müharibə veteranı adının verilməsi ilə bağlı məsələlərə də dəyişiklik edilmişdir. Nəticədə, Əsasnamənin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranı adınm verilməsi ilə bağlı dəyişiklik edilmişdir: "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda: 1991-ci il oktyabrn 9-dan, 1994-cü ilin mayın 10dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları ilə əlaqədar yaralanmış, xəsarət və ya kontuziya almış hərbi qulluqçulara, müharibə veteranı adı və vəsiqəsi verilir. Göstərilənlərə və İPM-in 2.2.2, 8, 13, 33, 45, 46-cı maddələrinə əsasən iddiaçıya N mart 1992-ci il tarixdən 12 may 1994-cü il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı müvafiq hərbi hissələrin tərkibində gedən döyüşlərdə iştirakı nəzərə alınaraq, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh AR Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq, işin hazırlıq icraatına başlanmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlər cavabdehə təqdim olunmuşdur. Cavabdeh AR Müdafiə Nazirliyinin nümayəndəsinin məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı etirazında aşağıdakılar bildirilir: - AR Müdafiə Nazirliyi hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. İddiaçının 14 iyul 1993-cü il tarixdən sonrakı dövrdə hərbi xidməti və qanuni əsaslarla tərxis olunması barədə məlumat olmadığından, ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. AR Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin 23 iyul 2019-cu il tarixli 9/2-10238 nömrəli arayışına əsasən İddiaçı 14 iyul 1993-cü il tarixdən sonra xidməti və qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat aşkar edilməmişdir. Bu isə, qüvvədə olan qanunvericiliyin tələbinə əsasən iddiaçıya “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi birbaşa istisna edir. İstər arxiv arayışlarında, istərsə də iş materiallarında olan digər sənədlərdə iddiaçının 14 iyul 1993-cü il tarixdən sonrakı dövrdə xidməti və qanuni əsaslarla ehtiyata buraxılması barədə hər hansı bir sübut yoxdur. İddiaçının qanunla müəyyən edilmiş qaydada hərbi xidmətdən ehtiyata əuraxılması öz təsdiqini tapmamışdır. Göstərilənlərə və İPm-in 12.1, 47-ci maddələrinə, AR Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edimiş «Müharibə veteranı, silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin müddəalarına əsaslanaraq, İddiaçı iddiasının təmin edilməməsi məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclas təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, «İnzibati icraat haqqında» AR Qanununun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 24-cü maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. «Veteranlar haqqında» AR Qanununun 3-cü maddəsinin birinci hissəsinin ücüncü abzasına görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin maddənin ikinci hissəsinə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti tərəfindən təsdiq edilir. Sözügedən Qanunun 7-ci maddəsinin birinci hissəsinə görə Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin üçüncü hisəssinə görə veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindın verilir. AR Nazirlər Kabinetinin 216 saylı 22 sentyabr 1995-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlar qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin 1-ci hissəsinin 1-ci bəndinin 8-ci yarımbəndinə görə müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan MR (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, AR Dövlət Sərhəd Xidməti, AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, AR Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Məhkəmə qeyd edir ki, iddiaçının 1992-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan aidiyyəti hərbi hissədə müvafiq vəzifəyə təyin olunması öz təsdiqini işdə olan sənədlərlə tapsa da, inzibati icraatda və məhkəmə icraatında onun həmin dövrdə xidmətini, o cümlədən qanuni əsaslarla tərxis olunmasını təsdiqləyən nizami hissə üzrə əmrləri və ya arxiv arayışları təqdim edilməmişdir. Hansı ki, mövcud qanunvericilik aidiyyəti qurumlar tərəfindən verilmiş arayışlar və hərbi biletlərlərin veteran adı verilməsi üçün əsas kimi müəyyən edərkən onların hərbi xidmət keçməni sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edilməsi ilə şərtləndirir. Belə olan halda isə məhkəmə hesab edir ki, iddiaçıya “müharibə veteranı” adı və vəsiqəsi verilməsindən cavabdehin imtinası qanuna zidd sayılmamalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 62, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar