Məhkəmə qərarları › İş №2-1(112)-194/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-194/2022

07.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-194/2022 07.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4 qızının katibliyi, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon xidmət nümayəndəliyinə qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək, xx.xx.1995-ci il tarixdən xx.xx.2000-ci il tarixədək və xx.xx.2001-ci il tarixdən xx.xx.2004-cü il tarixədək olan dövrlərin sığorta stajına daxil edilməklə pensiyasının yenidən hesablanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, əmək fəaliyyətinə xx.xx.1976-cı il tarixində başlamışdır. Həmin tarixdən indiki dövrə qədər əmək fəaliyyəti ilə məşğuldur. Qanunvericiliyin tələblərinə uyğun olaraq xx.xx.2018-ci il tarixdən pensiya hüququnu yaranmış və cavabdeh tərəfindən pensiya təyin edilmişdir. Lakin pensiya təyin olunarkən onun fikrinə görə düzgün hesablanma aparılmamışdır. Belə ki, əslində almalı olduğu pensiya daha çox hesablanmalı olmasına baxmayaraq, 177,94 manat yaşa görə pensiya təyin olunmuşdur. Pensiyanın məbləğində düzgünlük olmadığından tərəfindən cavabdehə xx.xx.2019-cu il tarixində müraciət olunmuşdur. Müraciətinə cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixli, **********8 saylı cavab verilmişdir. Cavabdan bəlli olur ki, inzibati orqan onun pensiyasının yenidən hesablanmasını həyata keçirmiş və onun pensiyası xx.xx.2018-ci il tarixdən 195.76 AZN təşkil etmiş və xx.xx.2019-cu il tarixdən ödənilməli olan pensiya miqdarı 201.64 AZN təşkil edir. Lakin, hesab edir ki, qeyd edilən miqdar da düzgün hesablanmamışdır. Belə ki inzibati orqan öz cavab məktubunda qeyd etmişdir ki, onun əslində əmək fəaliyyəti ilə məşğul olduğu dövr yəni xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək, xx.xx.1995-ci il tarixdən xx.xx.2000-ci il tarixədək və xx.xx.2001ci il tarixdən xx.xx.2004-cü il tarixədək olan dövrlərdə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinin müəyyən edilməsinin mümkün olmaması səbəbindən həmin müddətin sosial sığorta stajı olaraq nəzərə alınması qanunazidd hesab olunmuşdur. Hesab edir ki, bu cür yanaşma qanunvericiliyə ziddir. Belə ki, vətəndaş və əməkçi insan kimi o, həmin dövrlərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. Belə ki, hal-hazırda əmək fəaliyyəti ilə məşğul olduğu "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Personal üzrə İş Departamenti tərəfindən surəti təsdiq olunmuş əmək kitabçasından göründüyü kimi mərkəzi icra hakimiyyəti orqanının sosial sığorta stajlarının ödənilməsini müəyyən edə bilmədiyi dövrlərdə yəni, xx.xx.1992-xx.xx.1995-ci il tarixlərində Qazaxıstan SSR Kimya Kombinatı İdarəsində əmək fəaliyyəti ilə məşğul olmuşdur. Həmin İdarədə əmək faəliyyəti xx.xx.1989-cu il tarixdən başlamışdır. Belə ki, bu İdarəyə də xx.xx.1987-ci ildə əmək fəaliyyətinə başladığı Özbəkistan SSR Leninabad Kimya Kombinatının 6 saylı Filiz İdarəsindən keçirilmişdir. Məsələ ilə əlaqədar Dövlət Arxiv İdarəsinə sorğu versələr də, sorğusu cavablandırılmamış qalmışdır. xx.xx.1995-ci ildə isə həmin İdarədə əmək fəaliyyətini sonlandırmışdır. Digər nəzərə alınmayan tarixlər xx.xx.1995-ci ildən xx.xx.2000-ci il tarixinədək olan dövrdə isə “X2”nin Avtonəqliyyat Kontorunun 3 nömrəli avtodəstəsinə köməkçi fəhlə vəzifəsi olmaqla qəbul edilmiş və əmək fəaliyyəti ilə məşğul olmuşdur. xx.xx.2000-ci il tarixində isə əmək fəaliyyətinə öz ərizəsinə əsasən həmin İdarədə son vermişdir. Daha bir nəzərə alınmayan tarix isə xx.xx.2001-ci il tarixdən xx.xx.2004-cü il tarixədək olan dövrdə isə yenə də əmək fəaliyyətini davam etdirmişdir. xx.xx.2001-ci il tarixdə “Dussman LTD” şirkətində rejim üzrə menecer vəzifəsinə təyin edilmişdir. xx.xx.2004-cü il tarixində isə öz xahişi ilə həmin vəzifədən azad olunmuşdur. Qeyd olunanlardan bəlli olur ki, icra orqanının sosial sığorta stajının müəyyən edə bilməməsi səbəbi absurd səbəbdir. Belə ki, vətəndaş olaraq o, faktiki olaraq əmək fəaliyyəti ilə məşğul olmuş və həmin dövrlər üzrə bütün vergi və məcburi ödənişlərini həyata keçirmişdir. Cavabdehin öz daxili qeyri-müəyyən problemlərinə görə sosial sığorta stajının müəyyən edə bilməməsi pensiyanın həmin hissədə ödənilməməsinə səbəb kimi göstərilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İş üzrə cavabdeh iddiaya qarşı etirazını yazılı şəkildə məhkəməyə təqdim edərək bildirmişdir ki, iddiaçıya xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək, xx.xx.1995-ci il tarixdən xx.xx.2000-ci il tarixədək, xx.xx.2001-ci il tarixdən xx.xx.2004-cü il tarixədək olan dövr sığorta olunanın sosial sığorta haqlarının ödənişi olunmadığından həmin dövr sosial sığorta stajı hesab edilməmişdir. Qeyd olunan dövrlərin sığorta stajına daxil edilməsi birbaşa olaraq qanunvericiliyin tələblərinin pozulmasına gətirib çıxaracaqdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbayca Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüquqununun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Eynilə, Qanunun 23-cü maddəsinə görə vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə) məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir. Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə görə, sığortaolunanın sığorta stajı – sığortaolunanın xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilən əmək faəliyyəti dövlərinin ümumi müddətidir. Göründüyü kimi, şəxsin, işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt – işlədiyi həmən dövr üçün dövlət sosial sığorta haqlarının ödənilməsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin 3-cü bəndinə görə, Qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində xeyrinə məcburi dövlət sosial sığorta fəaliyyəti həyata keçirilməyən şəxslərin (qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqla) sosial sığorta ödəmələrini (pensiya, müavinət) almaq hüquqi yoxdur. Qeyd olunan Əsanamənin 4-cü bəndinə görə, hər bir vətəndaş onu işə götürəndən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq özünün məcburi dövlət sosial sığortası üzrə sığortalanmasını tələb etməlidir. İddiaçı vəziyyətində isə əmək fəaliyyəti dövründə sığortaedən tərəfindən sosial sığorta haqları ödənilmədiyindən, həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi qanunun tələblərinə uyğun deyil. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Lakin, bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Bakı İnzibati Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli, 2-1(112)-3292/2020 nömrəli qərarı ilə, iddia tələbi təmin edilərək, İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək, xx.xx.1995-ci il tarixdən xx.xx.2000-ci il tarixədək və xx.xx.2001-ci il tarixdən xx.xx.2004-cü il tarixədək işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi, pensiya hüququnun yarandığı xx.xx.2018-ci il tarixdən qərarın icra olunacağı tarixədək pensiya məbləğinin yenidən hesablanaraq ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon Şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2021-ci il tarixli, 2- 1(103)-653/2021 nömrəli qərardadı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3292/2020 nömrəli iş üzrə 01 sentyabr 2020-ci il tarixli qərarı ləğv edilmiş, iş məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi Bakı şəhəri Nərimanov rayon xidmət nümayəndəliyinin apellyasiya şikayəti qismən təmin edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qeyd olunan qərardadında göstərilmişdir ki, cavabdehin xx.xx.2019-cu il tarixli **********8 nömrəli imtina məktubunda iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək, xx.xx.1995-ci il tarixdən xx.xx.2000-ci il tarixədək və xx.xx.2001-ci il tarixdən xx.xx.2004-cü il tarixədək işlədiyi dövrlərdə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinin müəyyən etməyin mümkün olmadığı bildirilsə də, birinci instansiya məhkəməsi gəldiyi nəticəni faktiki cəhətdən yalnız iddiaçının əmək kitabçasının məlumatları ilə əsaslandırmış, cavabdehin qəbul etmədiyi dövrlərdə iddiaçının işlədiyi müəssisələrin mövcud olub-olmaması, iddiaçının həmin təşkilatlarda işləyib-işləməməsi və məcburi dövlət sosial sığorta haqlarının ödənilib-ödənilməməsinin dəqiqləşdirilməsi ilə bağlı müvafiq səlahiyyətli qurumlara heç bir sorğu verməmiş, əmək kitabçasının məlumatlarının yoxlanılması üçün hər hansı hərəkət etməmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə-İPM) 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, lakin məhkəmə bildirişinə cavab olaraq, iddiaçının nümayəndəsi və vəkili məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi təmsil etdiyi qurumun imtinasının əsaslı olduğunu bildirmiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1957-ci il tarixdə doğulmuş, ünvan 1 ünvanda qeydiyyatdadır; ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı 07 yanvar 1976-cı il tarixdən xx.xx.1979-cu il tarixədək “Oktyabr inqilabının 50 illiyi adına Orqanik məhsullar Zavodu (Sumqayıt improm)” (müəssisə SSSRİ MXP-nin 231 saylı xx.xx.1979-cu il tarixli əmri ilə “Oktyabr inqilabının 50 illiyi adına Sumqayıt Orqanik sintez İstehsalat Birliyi” adlandırılmışdır), xx.xx.1980-ci il tarixdən xx.xx.1980-ci il tarixədək Özbəkistan SSR, Nəvai elektrik kimya zavodunda, xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək Özbəkistan SSR, Energetika Nazirliyi nəzdində Nəvai SES-də, xx.xx.1983-cü il tarixdən xx.xx.1983-cü il tarixədək Özbəkistan SSR, X8 Kombinatında, xx.xx.1983-cü il tarixdən xx.xx.1987-ci il tarixədək Özbəkistan SSR, X8 Kombiinatının 6 saylı İdarəsində, xx.xx.1987-ci il tarixdən xx.xx.1995-ci il tarixədək Qazaxıstan SSR, X9 İdarəsində, xx.xx.1995-ci il tarixdən xx.xx.2000-ci il tarixədək “X2”-də, xx.xx.2001-ci il tarixdən xx.xx.2004-cü il tarixədək "xxxx" Şirkətində, xx.xx.2005-ci il tarixdən xx.xx.2009-cu il tarixədək "xxxx" MMC-də, xx.xx.2009-cu il tarixdən xx.xx.2011-ci il tarixədək “X6” MMC-nin “SW Maintenance and Cleaning” filialında, xx.xx.2011-ci il tarixdən halhazıradək "xxxx" QSC-də işləyir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon Şöbəsinin xx.xx.2019-cu il tarixli imtina məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək, xx.xx.1995-ci il tarixdən xx.xx.2000-ci il tarixədək və xx.xx.2001-ci il tarixdən xx.xx.2004-cü il tarixədək və olan dövrün Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqqlarının ödənilməsini müəyyən etmək mümkün olmaması səbəbindən həmin müddətin sosial sığorta stajı olaraq nəzərə alınması qanuna ziddir; Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq: Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin 18 avqust 2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, sorğuda qeyd olunan "xxxx" Şirkətinin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir; Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 27 avqust 2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, "xxxx" Şirkəti (sonradan "xxxx" MMC) 25 avqust 1998-ci il tarixindən Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyatdadır; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 03 sentyabr 2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “X5 Tresti”nin bazasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "xxxx" Tresti yaradılmışdır. Əmlak Məsələləri Dövlət Xidmətinin arxivində "xxxx" Şirkəti barədə hər hansı məlumat mövcud deyildir; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 31 avqust 2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İdarədə olan reyestrdə “X1 kontoru” adlı kommersiya qurumu aşkar edilməmişdir. xx.xx.1998-ci ildə dövlət qeydiyyatına alınmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) (əvvəlki adı Azerbaijan-P.Dussman Ltd Şirkəti) ləğv olunması, hüquqi varisinin olması barədə məlumat aşkar edilməmişdir; Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən 16 sentyabr 2021-ci il tarixli məktubla təqdim edilmiş "xxxx" Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti Nəqliyyat İdarəsinin 07 sentyabr 2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı işlədiyi “X2” Avtonəqliyyat kontoru (xx.xx.1995-xx.xx.2000-ci il) və "xxxx" Şirkətinə (xx.xx.2001xx.xx.2004-cü il) aid arxiv sənədləri SOCAR-ın Nəqliyyat İdarəsinin arxivinə təhvil verilməmişdir; "xxxx" Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti "xxxx" tresti tərəfindən 12 oktyabr 2021-ci il tarixli məktubla təqdim olunmuş 08 oktyabr 2021-ci il tarixli arxiv arayışında qeyd edilmişdir ki, "xxxx" trestinin arxiv fondunun materiallarına əsasən: İddiaçı xx.xx.1995-ci il tarixli 29/л nömrəli əmrə əsasən “Azərdənizneftinşaat” trestinin Avtonəqliyyat Kontoruna 3 nömrəli avtodəstəyə yardımçı fəhlə qəbul edilmişdir. İddiaçı xx.xx.1995-ci il tarixli 39/k nömrəli əmrə əsasən İstismar şöbəsinə 2-ci dərəcəli müvəqqəti mühəndis vəzifəsinə keçirilmişdir. İddiaçı- xx.xx.1999-cu il tarixli 56/k nömrəli əmrə əsasən 3 nömrəli avtodəstəyə yardımçı fəhlə keçirilmişdir. İddiaçı – xx.xx.2000-ci il tarixli 10/ş nömrəli əmrə əsasən Azərbaycan Respublikasının ƏM-nin 68-ci maddəsinin “a” bəndinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. "xxxx" tresti Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin birbaşa tabeçiliyində olan dövlət müəssisəsi kimi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında” 24 yanvar 2003-cü il tarixli, 844 nömrəli Fərmanına əlavələr edilməsi barədə 07 mart 2007-ci il tarixli, 539 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin 12 mart 2007-ci il tarixli, 51 nömrəli və 14 mart 2007-ci il tarixli, 61 nömrəli əmrlərinə əsasən “Azneft” İstehsalat Birliyinin “Xəzərdənizneftqaztikinti” trestinin (qeydiyyat tarixi: xx.xx.1997-ci il, qeyd. № D-2270) və “Azneft” İstehsalat Birliyinin “Azərdənizneftinşaat” trestinin (qeydiyyat tarixi: xx.xx.1994-cü il) bazasında yaradılmışdır və həmin təşkilatların hüquqi varisidir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (İ və İİİ hissələr) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır; 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir; 27.1-ci maddəsinə əsasən, sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır; Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (bundan sonra mətndə - “Qaydalar”) 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. “Qaydalar”ın 3.2 və 3.2.1-ci bəndlərinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. “Qaydalar”ın 3.6-cı bəndinə əsasən, Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Göründüyü kimi, mövcud “Qaydalar” "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsini təsbit etmişdir. Bundan əlavə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 1.1-ci bəndinə əsasən, Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. İşin faktiki hallarından görünür ki, cavabdeh inzibati orqan iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək, xx.xx.1995-ci il tarixdən xx.xx.2000-ci il tarixədək və xx.xx.2001-ci il tarixdən xx.xx.2004-cü il tarixədək işlədiyi dövrlərdə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinin müəyyən etməyin mümkün olmaması əsası ilə həmin dövrləi sosial sığorta stajına daxil etməkdən imtina etmişdir. İddiaçı hazırda həmin dövrlərin sosial sığorta stajına daxil edilməklə pensiyasının yenidən hesablanması tələbini irəli sürmüşdür. Məhkəmə araşdırması zamanı, "xxxx" Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti "xxxx" tresti tərəfindən 12 oktyabr 2021-ci il tarixli məktubla təqdim olunmuş 08 oktyabr 2021-ci il tarixli arxiv arayışı ilə iddiaçının xx.xx.1995-ci il tarixdən xx.xx.2000-ci il tarixədək “Azərdənizneftinşaat” trestinin Avtonəqliyyat Kontorunda işləməsi təsdiqini tapmışdır. Eyni zamanda, iddiaçının xx.xx.2001-ci il tarixdən xx.xx.2004-cü il tarixədək işlədiyi "xxxx" Şirkətinin (sonradan "xxxx" MMC) 25 avqust 1998-ci il tarixindən Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyatda olması müəyyən edilmişdir. Məhkəmə iddianın bu hissəsi ilə bağlı qeyd edir ki, yuxarıda qeyd edildiyi kimi, hazırda qüvvədə olan Qaydalarda 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit olunmuşdur. İddiaçının iş stajını təsdiq edən əmək kitabçası mövcuddur, əmək kitabçası yuxarıda qeyd edilən normativ sənədlərə uyğun tərtib edilmişdir, cavabdeh iddiaçıya məxsus əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmamasına dair mötəbər sübut təqdim edə bilməmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı sözügedən müəssisələrin mövcudluğu və dövlət qeydiyyatına alınması öz təsdiqini tapmışdır. Hətta xx.xx.1995-ci il tarixdən xx.xx.2000-ci il tarixədək “Azərdənizneftinşaat” trestinin Avtonəqliyyat Kontorunda işləməsi barədə arxiv arayışı məhkməyə təqdim edilmişdir. Məhkəmə nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. İddiaçının əmək kitabçasındakı məlumatların mötəbərliyini şübhə altına alan hər hansı hal işdə mövcud deyildir. Digər tərəfdən, iddiaçının xx.xx.1995-xx.xx.2000 və xx.xx.2001-xx.xx.2004-cü illərdə işlədiyi dövrün 2006-cı il yanvarın 1-dək iş stajı kimi nəzərə alınmalı olması ilə bağlı məhkəmə bir daha qeyd edir ki, hazırda qüvvədə olan və yuxarıda istinad olunan “Qaydalar”da da 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit olunmuşdur. Bundan əlavə nəzərə alınmalıdır ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” 2018-ci il 6 mart tarixli Qanunun 1-ci maddəsinə əsasən, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Həmin Qanunun 4-cü maddəsinə əsasən, bu Qanunun 1-ci, 2-ci və 3-cü maddələri ödənilməsi barəsində məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların qalığına da şamil edilir. Göründüyü kimi, sığortaedənin (hazırkı halda, iddiaçının işlədiyi müəssisənin) 2006cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcu olsaydı belə, həmin borc 2018-ci ilin 1 aprel tarixdə tam məbləğdə silinmiş olurdu. Məhkəmə, iddiaçının xx.xx.1992-cı il tarixdən xx.xx.1995-ci il tarixədək Qazaxıstan SSR Kimya Kombinatı İdarəsində işlədiyi dövrün sığorta stajına daxil edilməsi ilə bağlı tələbini aşağıda qeyd edilənlərə görə əsaslı hesab edir. Azərbaycan Respublikasının 15 noyabr 1996-cı il tarixli 195-İQ saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” Sazişin 5-ci maddəsinin 2-ci bəndinə əsasən tərəflərin vətəndaşlarının pensiya hüququnun, o cümlədən güzəştli əsaslarla və xidmət illərinə görə pensiya hüququnun müəyyən edilməsi üçün onların ərazilərində, həmçinin keçmiş SSRİ ərazisində 1992-ci il yanvarın 1-nə qədər qazanılmış iş stajı nəzərə alınır. Həmin Sazişin 5-ci maddəsinin 1-ci bəndinə əsasən tərəflərin vətəndaşlarına pensiya təyin olunması yaşayış yeri üzrə həyata keçirilir. Həmin Sazişin 1-ci maddəsinə əsasən tərəflərin vətəndaşlarının və onların ailə üzvlərinin pensiya təminatı onların ərazisində yaşadıqları dövlətin qanunvericiliyi əsasında həyata keçirilir. Həmin Sazişin 6-cı maddəsinə əsasən əmək zədəsi və ya peşə xəstəliyi nəticəsində əlilliyə və ailə başçısını itirməyə görə pensiyalar, pensiya üçün müraciət edənin daimi yaşayış yeri üzrə, onun ərazisində qüvvədə olan qanunvericiliyə müvafiq olaraq, pensiya ödənilməsi üçün nəzərdə tutulan öz vəsaiti hesabına hesablanır və ödənilir. Eyni zamanda həmin Sazişin 13-cü maddəsinin 1-ci bəndində qeyd olunmuşdur ki, bu Saziş 5 il müddətinə bağlanılır və tərəflərdən biri müvafiq qüvvədə olma müddətinin keçməsinə 6 ay qalmış onun qüvvəsinin dayandırılması barədə öz arzusunu yazılı bildirmədikdə avtomatik olaraq hər dəfə 5 il uzadılır. Göründüyü kimi, Qazaxıstan Respublikasında işləyən vətəndaşların həmin dövlətdə əldə etdikləri iş stajı pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınır. Beləliklə, həmin sazişlə Qazaxıstan Respublikasında işləyən vətəndaşlara orada işlədikləri dövrlərin pensiya təyinatı zamanı iş stajı kimi nəzərə alınması təminatı verilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək müəyyən etmişdir ki, cavabdeh tərəfindən iddiaçının Qazaxıstan Respublikasında işləyib-işləməməsi halı araşdırılmadan, ona həmin dövrlərin sığorta stajı kimi nəzərə alınmasından əsassız olaraq imtina edilmiş və bununla da iddiaçının pensiya hüququ qanunsuz olaraq məhdudlaşdırılmışdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia əsaslı olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməli, İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək, xx.xx.1995-ci il tarixdən xx.xx.2000-ci il tarixədək və xx.xx.2001-ci il tarixdən xx.xx.2004-cü il tarixədək işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və pensiya məbləğinin yenidən hesablanaraq ödənilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon xidmət nümayəndəliyinə (hazırda Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına) həvalə edilməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək, xx.xx.1995-ci il tarixdən xx.xx.2000-ci il tarixədək və xx.xx.2001-ci il tarixdən xx.xx.2004-cü il tarixədək işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və pensiya məbləğinin yenidən hesablanaraq ödənilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon xidmət nümayəndəliyinə (hazırda Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına) həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar