Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1940/2020 28.02.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı nümayəndəsi, eyni zamanda vəkili Vəkil (Ünvanı: Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi ev 54, mənzil 4; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Bakı şəhəri 6 saylı Vəkil Bürosu, vəkil) iştirakı ilə, iddiaçı - İddiaçı cavabdeh -Cavabdehnə qarşı “soyadın dəyişdirilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddiaçının xx.xx.2018-ci il tarixdə anadan olmuş qızı X1 “Nəsirli” müəyyən edilməsi barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. “İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 iyul tarixli 1325 nömrəli Sərəncamına əsasən Bakı İnzibati Məhkəməsi təşkil edilmişdir. Bakı İnzibati Məhkəməsinin təşkil edilməsi ilə bağlı hazırkı iş “AZEMİS” Elektron Məhkəmə sistemi vasitəsi ilə icraatıma verilmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclası xx.xx.2020-ci il tarixə təyin edilmişdir. Həmin tarixli məhkəmə iclasında iddia tələbinin “xx.xx.2018-ci il tarixdə anadan olmuş X1 “Nəsirli” soyadına dəyişdirilməsi akt qeydləri kitabında qeydə alınmaqla yeni şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulmasına dair qərar qəbul edilməsi” kimi oxunması qərara alınmışdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində bildirilmişdir ki, iddiaçının xx.xx.2018-ci il tarixdə qızı X4 anadan olmuşdur. Vətəndaşlıq vəziyyəti aktlarına müvafiq dəyişiklik edilərək qızının soyadının onun babasının adına uyğun olaraq “Nəsirli" müəyyən edilməsini arzulayır. Belə ki, qızının babası və iddiaçının atası X6 ölkə səviyyəsində tanınmış mühəndis olmaqla ailələrində, həmçinin də bütün nəsildə böyük avtoritetə malikdir, nəsilləri onun adı ilə tanınır. Bundan əlavə “Nəsirli" soyadı qızının adı ilə birlikdə daha yaxşı səslənir, müasirdir. “Məmmədov” soyadının sonluğu rus əsillidir və bu baxımdan onun əvəzinə övladına türk şəkilçisi olan “li" sonluğlu “Nəsirli" soyadının verilməsi vətənpərvərlik, milli köklərimizə yaxınlaşmaq məqsədi daşıyır. İddiaçı qızı X1 “Nəsirli" müəyyən edilməsinə icazə verilməsi barədə Cavabdehnə müraciət etsə də, imtina almışdır. Həmin imtinanı qanunsuz hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, eyni zamanda vəkili iddia ərizəsilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh orqan xx.xx.2020-cu il tarixli 282 nömrəli məktubla məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli məhkəmə iclasını onların nümayəndəsinin iştirakı olmadan keçirilməsinə etiraz etmədiklərini bildirmişdirlər. Məhkəmə Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin və digər iddiaçıların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partaiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İş materiallarından görünür ki, İddiaçı və X3 birgə nikahlarından xx.xx.2018-ci il tarixdə uşaqları X4 doğulmuşdur. İş materiallarından görünür ki, 333133 nömrəli Doğum haqqında Şəhadətnaməyə əsasən X4 xx.xx.2018-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. “Atası” qrafasında “İddiaçı”, “Anası” qrafasında “X5” göstərilmişdir. İş materiallarından görünür ki, uşağın anası X5 notarial qaydada təsdiq edilmiş ərizə təqdim edərək xx.xx.2018-ci il tarixdə anadan olmuş qızı X1 dəyişdirilərək “Nəsirli” müəyyən edilməsinə etiraz etmədiyini bildirmişdir. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia tələbi ilə cavabdeh orqana müraciət etmişdir. İş materiallarından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli 1867 nömrəli cavab məktubu ilə iddiaçının müraciətini təmin etməkdən imtina edərək bildirmişdir: “Sizin uşağınızın soyadının dəyişdirilməsi barədə müraciətinizə baxılmışdır. Ərizənizə cavab olaraq bildiririk ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 54.1 maddəsinə əsasən uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideyinin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən yalnız müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Bununla əlaqədar olaraq Siz yerli icra hakimiyyətinin qəyyumluq və himayəçilik şöbəsinə müraciət etməlisiniz.” Aşağıda gösətrilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassızdır və iddiaçının hüquqlarını pozur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.3-cü maddəsinə əsasən uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 53.4-cü maddəsinə əsasən valideynlər arasında uşağın ad və soyadına münasibətdə razılıq olmadıqda yaranan fikir ayrılığı müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) tərəfindən həll olunur. Həmin Məcəllənin 54.1-ci maddəsinə uyğun olaraq uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyi nəzərə alınaraq icazə verilə bilər. Həmin Məcəllənin 192-ci maddəsinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması ilə əlaqədar vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında dəyişikliklər edilmişsə, əvvəllər verilmiş şəhadətnamələr ləğv edilir və onların əvəzində qeydiyyatda dəyişikliklər nəzərə alınmaqla yeni şəhadətnamələr verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Həmin Məcəllənin 26.5-ci maddəsinə əsasən fiziki şəxsin doğularkən aldığı ad, habelə adını dəyişdirməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır. Azərbaycan Respublikası Ailə və Mülki məcəllələrinin qeyd edilən normalarından göründüyü kimi fiziki şəxsin adının və soyadının, atasının adının dəyişdirməsi (vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı) müvafiq qaydalarla müəyyənləşdirilir. Həmin qaydalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”dır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 4.3-cü bəndinə əsasən valideynlər arasında uşağın soyadına münasibətdə razılıq olmadıqda, yaranan fikir ayrılığı yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları tərəfindən bu Qaydaların müddəaları nəzərə alınmaqla həll olunur. Həmin Qaydaların 6.2-ci maddəsinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. Göründüyü kimi, mövcud qanunvericilik uşağın soyadını valideynlərin soyadı ilə bir qayda olaraq müəyyən edir, yəni qanunvericilikdə göstərilən müvafiq norma imperativ xarakter daşımır. Həmçinin, mövcud qanunvericilik valideynlər arasında mübahisə olmadıqda uşağın soyadının dəyişdirilməsi ilə bağlı birbaşa məhdudiyyət nəzərdə tutmur. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, xx.xx.2018-ci il tarixdə anadan olmuş X1 “Nəsirli” kimi müəyyən edilməsinə hər iki valideynin razılığının olması iş materialları ilə öz təsdiqini tapdığından, hazırkı iddia təmin edilməlidir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx.xx.2018-ci il tarixdə anadan olmuş X1 “Nəsirli” soyadına dəyişdirilməsi akt qeydləri kitabında qeydə alınmaqla yeni şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilsin. xx.xx.2018-ci il tarixdə anadan olmuş X1 “Nəsirli” soyadına dəyişdirilməsi akt qeydləri kitabında qeydə alınmaqla yeni şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-1940/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1940/2020
28.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver