Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1940/2021 16.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır, orta təhsilli, “xxxx”MMC-də növbə rəisi vəzifədə işləyir), cavabdehin nümayəndəsi X2 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, baş mütəxəssis işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun X1 üzrə Mərkəzi Filialına qarşı “ “xxxx” MMCdə 2012-ci ilin fevral ayından ödənilən sosial sığortanın İddiaçı pensiyasına əlavə edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun X1 üzrə Mərkəzi Filialına qarşı “xxxx” MMC-də 2012-ci ilin fevral ayından ödənilən sosial sığortanın İddiaçı pensiyasına əlavə edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1983-cü ildən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yanğından Mühafizə Orqanlarında xidmət etmiş və 2007-ci ildə həmin qurumdan pensiyaya çıxmışdır. “xxxx” MMC-nin Yanğından Mühafizə bölməsində növbə rəisi vəzifəsində 2012-ci ilin fevral ayından işləyir. Həmin vaxtdan dövlət sosial sığorta haqqlarını ödəyir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və tabeliyində olan DSMF-nun X1 üzrə Mərkəzi Filialına sosial sığortanın yığım hissəsinin pensiyanın üzərinə əlavə edilməklə yenidən hesablanması barədə dəfələrlə müraciət etmişdir. Cavabdehin xx.xx.2020-ci il tarixli məktubunda bildirilmişdir ki, bunun üçün iddiaçı, güzəştli şərtlərlə ödənilən əmək pensiyasından imtina etməlidir. Bütün xüsusi rütbəlilər kimi o də güzəştli şərtlərlə pensiya almaq hüququna malikdir. Cavabdeh isə bildirir ki, iddaçı sosial sığorta hesabındakı pensiya kapitalını tələb etməklə dövlət vəsaiti hesabına güzəştli şərtlərlə pensiya almaq hüququndan məhrum olacağdır. İddiaçı hesab edir ki, cavabdeh onu seçim qarşısına qoymaqla hüququnu pozmuş olur. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş sərəncama əsasən cavabdeh iddia tələbinə dair etirazını təqdim edərək göstərmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması qaydalarına əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən hazırlanır və bu qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna göndərilir. Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinə əsasən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur.Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin pensiya təminatı onların müvafiq qurumlar tərəfindən tərtib edilmiş “Məlumat vərəqindəki təminat xərcliyinə əsasən təyin edilir. “Əmək pensiyaları haqqında” Qanunun 6.3 və 37.3.1 maddələrində qeyd edilən sığorta və yağım hissələri, hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin pensiya məbləğlərinə aid deyil və şamil edilə bilməz. Belə ki, hərbi qulluqçuların pensiya təminatı yığım hissəsində yığılan pensiya kapitalı ilə deyil, təminat xərcliyindən hesablanır. Bütövlükdə hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin pensiya təyinatı onların vəzifə, rütbə maaşları, xidməti illərinə görə faiz əlavəsi və sair kimi ümumilikdə təminat xərcliyini təşkil edir. “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsində qeyd olunanların güzəştli şərtlərləəmək pensiyasıtəyin edilmiş hərbi qulluqçulara münasibətdə tətbiq edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyindən, güzəştli şərtlərlə ödənilən əmək pensiyasından imtina etməklə sığorta kapitalına görə əmək pensiyasının hesablanması üçün ərazi üzrə DSMF-nin aidiyyəti rayon şöbəsinə müraciət etməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa oxşar məzmunda izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclаsındа cavabdehin nümayəndəsi M.Həsənov iddiаya etirazında göstərilən məzmunda çıxış edərək iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahat və çıxışlarını dinləyərək, təqdim еdilmiş sənədləri nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddiа tələbi əsassızdır. Belə ki, iş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı xx.xx.1961-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşıdır. Cavabdehin iddiaçıya ünvanlanmış **********4 nömrəli, xx.xx.2020-ci il tarixli imtina məktubuna əsasən iddiaçıya bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların yaşa görə güzəştli şərtlərlə pensiya almaq hüququ vardır. Həmin Qanunun 20.14-cü maddəsinə uyğun olaraq yaşa görə əmək pensiyası hüququ qazanmış hərbi qulluqçuların əmək pensiyasına əlavələr qulluq stajına görə müəyyən edilməklə təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınaraq hesablanır. Qanunun 20.14.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin hər ili üçün müvafiq təminat xərcliyinin 2 faizi miqdarında əlavə olunmaqla müəyyən edilən məbləğdə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər hesablanır. Qanunun 9.6-cı maddəsinin sonuncu cümləsinə əsasən hərbi qulluqçunun yalnız fərdi hesabında qeydə alınmış sığorta kapitalına görə pensiyasının yenidən hesablanması hüququ vardır. Belə ki, əmək pensiyaları haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq əmək pensiyası alan şəxslərin pensiya məbləği iki cür müəyyənləşdirilir: Fərdi hesabın sığorta hissəsində yığılan pensiya kapitalından hesablanan məbləğ, Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslərə dövlət büdcəsi hesabına vəzifə maaşına müvafiq əmsallar tətbiq edilməklə hesablanan əlavələrlə birlikdə müəyyən edilən məbləğ. Sosial sığorta hesabında pensiya kapitalı əsas götürülməklə pensiya təyinatını tələb etmək hüququ vardır. Bu zaman yuxarıda qeyd edilən birinci kateqoriya şəxslərdən hesab ediləcəyinə görə dövlət vəsaiti hesabına güzəştli şərtlərlə pensiya almaq hüququndan istifadə edə bilməyəcək. Güzəştli şərtlərlə ödənilən əmək pensiyasından imtina etməklə sığorta kapitalına görə əmək pensiyasının hesablanması üçün yaşadığı ərazi üzrə DSMF-nin aidiyyəti rayon filialına (xidmət nümayəndələrinə) müraciət etmək tövsiyyə olunmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun iddiaçıya ünvanlanmış **********0 nömrəli, xx xxxx 2020ci il tarixli məktubunda iddiaçıya bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən, Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. “xxxx LTD” MMC-nin xx.xx.2020-ci il tarixli, D/48 nömrəli arayışına əsasən, İddiaçı həqiqətən xx.xx.2012-ci il tarixindən “xxxx” MMC-də növbə rəisi vəzifəsində işləyir və dövlət sosial sığorta ödəyicisidir. “xxxx LTD” MMC-nin xx.xx.2020-ci il tarixli, D/49 nömrəli arayışına əsasən, iddiaçının 2019-cu ilin may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr və 2020-ci ilin yanvar, fevral, mart, aprel ayları üçün yekun gəlirin ümumi məbləği 8878,60 manat olduğu qeyd olunmuşdur. İddiaçıya məxsus SSN **********198 nömrəli Dövlət Sosial Sığorta şəhadətnaməsinə əsasən, iddiaçı sosial sığorta ödəyicisidir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddiaçıya aid HD/582 saylı pensiya işində olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin “Pensiya təyin edilməsi üçün xidmət müddətinin hesablama vərəqi”nə və pul attestatına əsasən, İddiaçı AR FHN-nin sərəncamında olmaqla BDYTİ Bakı şəhəri Neft emalı müəssisələrinin mühafizəsi üzrə yanğın təhlükəsizliyi dəstəsinin 11 hərbiləşdirilmiş yanğın hissəsinin rəis müavini , Fövqəladə Hallar Nazirliyinin 263/ş nömrəli xx xxxxx 2007-ci il tarixli əmri ilə “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 1-ci bəndinə müvafiq olaraq öz arzusu ilə xx xxxxx 2007-ci il tarixdən xidmətdən xaric edilmiş,pensiyanın təyin edilməsi üçün təqvimi 26 il 1ay 25 gün, güzəştli 5 il 7ay 1 gün , ümumi 31 il 8 ay 26 gün təşkil edilmiş, vəzifə maaşı 182 manat, ərzaq payoku əvəzinə 24,75 manat, hərbi rütbəyə görə əlavə maaş 48 manat, 1-ci məharət dərəcəsi 25%, xidmət ilinə görə əlavə haqq 30 % nəzərə alınmaqla ona pensiya təyin edilmişdir. Pensiya işində olan sənədlərə əsasən, xx xxxxxx 2010-cu il tarixli hesaba görə iddiaçının pensiya məbləği xx xxxxxx 2009-cu il tarixdən ömürlük 427,53 manat; xx xxxxxx 2012-ci il tarixli hesaba görə pensiya məbləği xx.xx.2011-ci il tarixdən ömürlük 527,88 manat, xx xxxxxx 2014-cü il tarixli hesaba görə xx.xx.2013-cü il tarixdən ömürlük 572,91 manat təyin olunmuşdur. Beləliklə, iş materiallarında olan sənədlərdən məhkəmə müəyyən etmişdir ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, ona Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin “Pensiya təyin edilməsi üçün xidmət müddətinin hesablama vərəqi”nə və pul attestatına əsasən xx.xx.2007-ci il tarixdən, xüsusi rütbəli şəxs olduğundan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının pensiya məbləği təminat xərcliyində sonrakı artımlara, müvafiq dəyişiklikərə uyğun olaraq yenidən hesablanaraq artırılır. İddiaçı 2012-ci ilin fevral ayından “xxxx LTD” MMC –də işlədiyindən və məcburi dövlət sosial sığorta haqqları ödədiyi üçün ödənilən sosial sığortanın pensiyaya əlavə edilməsi barədə tələbi ilə cavabdehə müraciət etsə də müraciəti təmin edilməmişdir.Odur ki, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda sadalananlara görə əsaslı hesab etmir. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri). Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarında göstərilmişdir ki, «Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir. Dövlətin pensiya təminatı sistemi sosial həmrəylik və sosial sığorta prinsipləri əsasında fəaliyyət göstərir. Əmək pensiyaları haqqında qanunvericiliyin əsas məqsədi pensiya təminatı sistemində bu prinsiplərin qorunmasında, qazanılan pensiya hüquqları ilə toplanılan sığorta vəsaitləri arasında tarazlaşdırma mexanizminin formalaşdırılmasında ifadə olunur. Bu sahədə aparılan islahat tədbirləri sığortaolunana münasibətdə ədalətliliyin gözlənilməsinə yönəlmişdir.” “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1.-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsində müəyyən edilmişdir ki, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanlarına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsi ilə təminat xərcliyinə (pul təminatı) hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğ kimi anlayış verilmişdir. Təminat xərcliyi gəlir növü kimi, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığorta haqqı hesablanan gəlir növlərinə aid deyil. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması” Qaydalarının 1-ci hissəsinə əsasən, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçuların sırasına Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində xidmət edən hərbi rütbəli şəxslər və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə - Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində xidmət edən xüsusi rütbəli şəxslər aid edilmişdir. Həmin Qaydaların 4.-cü bəndinə əsasən, hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur. İşin faktiki hallarına əsasən İddiaçı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində xüsusi rütbələr nəzərdə tutulan vəzifədə xidmət keçmiş şəxs olduğundan yaşa görə əmək pensiyası- yaş həddində, həm də pensiya məbləğində müəyyən edilən güzəştlər şamil olunaraq təmint xərcliyi əsasında xx.xx.2007-ci ildə təyin edilmişdir. Pensiya məbləğində müəyyən edilən güzəşt “Əmək pensiyaları haqqında” Qanunun 20.28-cü maddəsinə uyğun olaraq, pensiyanın sığorta hissəsinə dövlət büdcəsi vəsaiti hesabına qulluq stajına görə əlavələrin tətbiq edilməsini nəzərdə tutur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 20.28.2-ci maddəsinə əsasən, fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 15 ildən yuxarı xidmət keçmiş fövqəladə hallar orqanları işçilərinə - orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı xidmət stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. İddiaçı iddia ərizəsində “Əmək pensiyaları haqqında” Qanunun 37-ci maddəsinə ( Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları)maddəsinə istinad edərək onun xüsusi rütbəli şəxs kimi aldığı pensiyasına 2012-ci ilin fevral ayından “xxxx LTD” MMC –də işlədiyi və məcburi dövlət sosial sığorta haqqları ödədiyi üçün ödənilən sosial sığortanın əlavə edilməsini tələb edir. “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1.- ci maddəsinə əsasən, yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir; Məhkəmə hesab edir ki, iddiaçının tələbi qanunvericiliyin normalarına uyğun deyil. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.6.-cı maddəsinə əsasən, hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər. Qanunun bu normasından göründüyü kimi, iddiaçının aid olduğu kateqoriyadan olan pensiyaçıların sonradan fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalı nəzərə alınmaqla həmin şəxslərin mövcud pensiya məbləğinə “əlavə”nin ödənilməsi deyil, pensiyanın yenidən hesablanması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda sadalananlara məcmu şəkildə qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun X1 üzrə Mərkəzi Filialına qarşı “xxxx” MMC-də 2012-ci ilin fevral ayından ödənilən sosial sığortanın İddiaçı pensiyasına əlavə edilməsi öhdəliyinin cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun X1 üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə iddiası rədd edilməlidir Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34-cü, 68-ci , 69-cu , 85-ci, 110-maddələrini rəhbər tutaraq, məhkəmə QƏRАRА АLDİ: İddiaçı Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun X1 üzrə Mərkəzi Filialına qarşı “ “xxxx” MMCdə 2012-ci ilin fevral ayından ödənilən sosial sığortanın İddiaçı pensiyasına əlavə edilməsi öhdəliyinin cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun X1 üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə iddiası rədd edilsin. Qərаrdаn şikаyət qərаrın tаm fоrmаdа təqdim оlunduğu gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv küç, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin İnzibati Kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilə bilər. Hаkim Miminаt Hаcıbəyоvа
Məhkəmə qərarları › İş №2-1(112)-1940/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1940/2021
16.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver