Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1940/2024 09.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, üçüncü şəxs Azərbaycan Respublikası Baş Prokurorluğunun nümayəndələri X3 və X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması və pensiya fərqinin ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək əvvəlki illərdə istifadə etmədiyi əmək məzuniyyətlərinə görə ona ödənilmiş 18425,95 manat məbləğində pul vəsaiti tam nəzərə alınmaqla əmək pensiyanın yenidən hesablanması və pensiya fərqinin ödənilməsi vəzifəsinin cavabdeh - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə inzibati akt qəbul edilməsi öhdəliyinin qoyulmasına dair qərar qəbul edilməsi xahiş edilmişdir.
2. İş üzrə xx.xx.2023-cü il tarixli qərardad ilə Azərbaycan Respublikası Baş Prokurorluğu adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilməsi qərara alınmışdır.
3. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı prokurorluqda qulluqda olmanın yaş həddinə çatdığına görə 12 dekabr 2022-ci il tarixdə tutduğu vəzifədən azad olunub prokurorluq orqanlarında qulluq keçməyinə xitam verilərək pensiyaya çıxmışdır. 06 yanvar 2023-cü ildə DSMF publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialında ona pensiya təyin edilmişdir. Pensiya təyin edilərkən düzgün hesablama aparılmamışdır. Belə ki, əvvəlki illərdə istifadə etmədiyi əmək məzuniyyətlərinə görə ona 18425,95 manat məbləğində pul kompensasiyası hesablanmış və həmin vəsaitin 16014 manat hissəsi son 24 ay ərzində, daha dəqiqi 16 noyabr 2022-ci ildə ona ödənilmişdir. Lakin cavabdeh- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı ona pensiya hesablanarkən əvvəlki illərdə istifadə etmədiyi əmək məzuniyyətlərinə görə ona ödənilmiş 18425,95 manat məbləğində pul vəsaitini nəzərə almamış, əmək pensiyası qanunsuz olaraq bu vəsaitə münasibətdə hesablanmamışdır. Bununla bağlı 02 iyun 2023-cü il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ərizə ilə müraciət edərək əvvəlki illərdə istifadə etmədiyi əmək məzuniyyətlərinə görə ona ödənilmiş 18425,95 manat məbləğində pul vəsaiti nəzərə alınmaqla əmək pensiyanın yenidən hesablanmasını xahiş etmişdir. Cavabdeh 3-17-1/2-H-134390/2023 saylı, 13 iyun 2023-cü il tarixli məktubla ona əmək pensiyasının yenidən hesablanmasından imtina etmişdir. Cavabdehin məktubunda imtinanın əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2000-ci il tarixli, 126 nömrəli qərarı ilə təsdiq edilmiş “Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin Siyahısı”nın 31-ci abzasına əsasən “istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiya”nın orta əmək haqqı hesablanarkən nəzərə alınmayan Ödənc olduğu göstərilmişdir. İddiaçı hesab edir ki, cavabdeh ona əmək pensiyasının yenidən hesablanmasından imtina etməkdə haqlı olmamışdır, cavabdehin imtinası iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİ hissəsi və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 2.6-cı maddəsinin tələbləri ilə qorunan hüquqlarımın pozulması ilə nəticələnmişdir. Əvvəlki illərdə istifadə etmədiyi məzuniyyətlərə görə ona ödənilmiş 18425,95 manat pul kompensasiyası orta əmək haqqı hesablanarkən nəzərə alınmayan Ödənc kimi nəzərdə tutulsa da, həmin Ödəncdən məcburi dövlət sosial sığorta haqqı tutulmuşdur. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununa əsasən mənə ödənilimiş 18425,95 manat vəsaitdən məcburi dövlət sosial sığorta haqqı tutulduğu üçün bu pul vəsaitinə münasibətdə də əmək pensiyası hesablanmalı idi. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.2-ci maddəsinə əsasən şəxsin əmək pensiyasının hesablanması zamanı həm də o vəsaitlər nəzərə alınır ki, həmin vəsaitlərdən sosial sığorta haqqı ödənmiş olsun. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək haqqının və ya təminat xərcliyinin məcburi dövlət sosial sığorta haqqı ödənilən hissəsi pensiya hesablanması zamanı nəzərə alınır. Göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2000-ci il tarixli, 126 nömrəli qərarı “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanunu ilə ziddiyyət təşkil edir. Azərbaycan Respublikası Konstutisiyasının 149-cu maddəsinin V hissəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və Azərbaycan Respublikası Prezidentinin fərmanlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları yalnız dərc edildikdə onların tətbiqi və icrası vətəndaşlar, mərkəzi və yerli icra hakimiyyəti orqanları, hüquqi şəxslər üçün məcburidir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstutisiya Qanunun 2.6-cı maddəsinə əsasən Fərman və ya digər normativ hüquqi akt qanunla ziddiyyət təşkil etdikdə qanun tətbiq edilir. Lakin cavabdeh Qanunun bu tələbinə məhəl qoymayaraq mənə əmək pensiyası hesablayarkən “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununa istinad etməli olduğu halda yuxarıda qeyd etdiyi Qanunun tələbinə zidd olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2000-ci il tarixli, 126 nömrəli qərarına istinad etmişdir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiya sosial sığorta haqqı hesablanmayan gəlir növü kimi nəzərdə tutulmadığından, qeyd edilən Qanuna istinad edilməklə istifadə etmədiyi əmək məzuniyyətlərinə görə ona ödənilmiş 18425,95 manat Ödəncdən məcburi dövlət sosial sığorta haqqı tutulduğuna görə həmin pul vəsaiti tam nəzərə alınmaqla əmək pensiyam yenidən hesablanmalıdır. Ona görə də göstərdiyim qanun pozuntusu aradan qaldırılmaqla, əmək məzuniyyətlərinə görə ona ödənilmiş 18425,95 manat vəsait nəzərə alınmaqla iddiaçının əmək pensiyasının yenidən hesablanmalı və pensiya fərqi ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli Qərarında şərh olunmuşdur ki, “şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) o zaman nəzərə alınır ki, həmin şəxs: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) almış olsun; “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun” Göründüyü kimi, cavabdehin 3-17-1/2-H-134390/2023 saylı, 13 iyun 2023cü il tarixli məktubunda ifadə edilmiş mövqeyi iddiaçının Azerbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit edilmiş "sosial təminat hüququ"nun pozulmasına səbəb olmuşdur, buna görə də Azərbaycan Respublikası Konstitutsiyasının 149-cu maddəsinin Vİ hissəsinə, “Əmək pensiyaları haqqında", “Sosial sığorta haqqında”, "Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanunlarına, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstutisiya Qanunun 2.6-cı maddəsinə əsasən əvvəlki illərdə istifadə etmədiyim əmək məzuniyyətlərinə görə mənə ödənilmiş 18425,95 manat məbləğində pul vəsaiti tam nəzərə alınmaqla əmək pensiyası yenidən hesablanmalı və pensiya fərqi iddiaçıya ödənilməlidir.
4. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış kompensasiyann orta aylıq əmək haqqı hesablanarkən nəzərə alınmaması haqqında məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2000-ci il tarixli 126 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin Siyahısı”nın 31-ci abzasına (sonuncu) əsasən “istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiya” orta əmək haqqı hesablanarkən nəzərə alınmayan ödəncdir. Bununla əlaqədar 2022-ci ilin noyabr ayında sizə 18425,95 manat məbləğində ödənilmiş kompensasiyanın orta aylıq əmək haqqının hesablanması zamanı nəzərə alınması qanunvericiliyin tələbləri baxımından mümkün deyil.
5. Cavabdeh tərəfindın təqdim edilmiş etirazda qeyd edilmişdir ki, İddiaçı əvvəlki illərdə istifadə etmədiyi əmək məzuniyyətlərinə görə ona ödənilmiş 18425,95 manat məbləğində pul vəsaiti tam nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və pensiya fərqinin ödənilməsi öhdəliyinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın üzərinə qoyulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Hesab edilmişdir ki, iddiaçının tələbi qanuna müvafiq olmadığı üçün rədd edilməlidir. Bildirilmişdir ki, iddiaçının ona ödənilmiş 18425,95 manat istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiyanın onun əmək pensiyasının hesablanması zamanı nəzərə alınmamasına dair iddiası ümumiyyətlə əsassızdır. Çünki şəxsin əmək pensiyasının sığorta hissəsi hesablanarkən ona son iki ildə ödənilmiş və məcburi dövlət sosial sığortasına cəlb edilmiş bütün ödənişlər, o cümlədən 18425,95 manat istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiya da nəzərə alınıb. Belə ki, sözügedən qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 07 fevral 2005-ci il tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydalan”nın 9-cu bəndində qeyd olunmuşdur ki, dövlət qulluqçusunun əmək pensiyasının hesablanması üçün dövlət məvacibi müəyyən edilərkən məcburi dövlət sosial sığortasına cəlb edilən digər pul ödənişləri də nəzərə alınır. Lakin qeyd edilməlidir ki, əmək pensiyalarının məbləği yalnız sığorta hissəsindən ibarət olmaqla Qanunun müvafiq olaraq 10-cu (yaşa görə), 13-cü (əlilliyə görə) və 18-ci (ailə başçısını itirməyə görə) maddələrinə uyğun olaraq hesablanmaqla sığortaolunanın fərdi hesabının sığorta hissəsində toplanan, ödənilmiş məcburi dövlət sosial sığorta haqlarından formalaşan pensiya kapitalının məbləğindən asılı olaraq müəyyən edilir. Buna görə də məcburi dövlət sosial sığorta haqlarına cəlb edilən bütün növ gəlirlər, o cümlədən istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiya əmək pensiyalarının hesablanmasında hər bir halda nəzərə alınır. Qanunvericiliyin bu tələbi Dövlət Sosial Müdafiə Fondu tərəfindən aparılan bütün növ əmək pensiyaları təyinatı zamanı tətbiq olunur. Qanunun 20-ci maddəsindən göründüyü kimi, həmin maddədə nəzərdə tutulan şəxslərə pensiyaçı kimi ödənilən aylıq vəsait iki hissədən ibarət olur: əmək pensiyası (və ya onun sığorta hissəsi) və əmək pensiyasına qulluq stajına görə əlavə. Qanunun 10.2-ci, 13.3-cü və 18.2-ci maddələrində müəyyən edilən hesablama üsullarından da göründüyü kimi bütün növ əmək pensiyalarının sığorta hissəsinin müəyyən edilməsi zamanı əməkhaqqına, dövlət məvacibinə və vəzifə maaşına istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiyaya münasibətdə ödənilmiş məcburi dövlət sosial sığorta haqları hər bir pensiyaçının (o cümlədən qulluq stajına görə əlavə alan şəxslərin) əmək pensiyasının sığorta hissəsinin müəyyən edilməsi zamanı nəzərə alınır. Göründüyü kimi, iddiaçıya ödənilmiş istifadə olunmamış məzuniyyətə görə kompensasiya cavabdeh tərəfindən orta aylıq əməkhaqqının, dövlət məvacibinin və vəzifə maaşının tərkibində nəzərə alınmır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2000-ci il tarixli 126 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin Siyahısının sonuncu abzasına əsasən “istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiya” orta əmək haqqı hesablanarkən nəzərə alınmayan Ödəncdir. Azərbaycan Respulbikası Konstitusiya Məhkəməsi Plenumunun ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14cü maddələrinin şərh edilməsinə dair” 15 may 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs: - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun; - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun. Beləliklə, göstərilənlərdən aydın olur ki, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Belə olan halda isə artıq pensiya alan şəxslərə münasibətdə pensiya təyin edildikdən sonra almadıqları və məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqına və ya ona edilən əlavələrə görə əmək pensiyalarının yenidən hesablanması əmək pensiyaları haqqında qanunvericiliyin sosial sığorta prinsiplərini özündə əks etdirən məzmununa cavab vermir. Məsələyə “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələbləri nəzərə alınmadan yanaşma pensiya sisteminin aşağıdakı iki əsas təməl prinsipinə uyğun deyil: -əmək pensiyasının hesablanmasının şəxsin sığorta stajının əhatə etdiyi dövrdə yalnız aldığı vəsaitlər əsasında həyata keçirilməsi; -əmək haqqının və ya təminat xərcliyinin məcburi dövlət sosial sığorta haqqı ödənməyən hissəsinin pensiya hesablanması zamanı nəzərə alınmaması. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Konstitusiya Məhkəməsi Plenumu adıçəkilən Qərarında yekunda bu nəticəyə gəlmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur; “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Əlavə olaraq bildirilmişdir ki, iddia tələbi ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin qanuni qüvvəyə minmiş qərarları ilə formalaşmış vahid məhkəmə təcrübəsi mövcuddur. Belə ki, Ali Məhkəmənin xx.xx.2019-cu il tarixli 2-1(102)-2495/2019 nömrəli qərarında da ifadə olunub. Sözügedən qərarda deyilir: İstənilən halda kompensasiya məbləği iddiaçının pensiya təyin edilməsi üçün cavabdehə təqdim etdiyi son iki ili əhatə edən əmək haqqının tərkibinə daxil deyil və “Əmək pensiyaları haqqında” Qanunun 20.8-ci maddəsinin məzmunundan da göründüyü kimi, əmək pensiyasına əlavələr qulluğun məhz son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən hesablanır. Eynilə vətəndaş X2 analoji iddia tələbinin rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli 2-1(102)-769/2023 nömrəli qərarında da iddianın əsassız olduğu təsbit olunub. Qeyd olunanları nəzərə alaraq, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
6. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsinin pensiya və pensiyaları əlavə olunan müavinət təyin edən komissiyanın qərarında 794 nömrəli xx.xx.2016-ci il tarixli qərarı ilə ona pensiya təyin edilmişdir.
7. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfidən qəbul edilmiş əmək pensiyasının yendiən hesablanması haqqında xx.xx.2020-ci il tarixli **********1 nömrəli qərarında qeyd edilmişdir ki, 1328,30 manat pensiya məbləği yenidən hesablanaraq 1540,19 manat olmuşdur.
8. Məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş üçüncü şəxs Azərbaycan Respublikasının Baş Prokurorluğunun məktubunda qeyd edilmişdir ki, İddiaçı 2023-cü ilin may ayında verilmiş 2-2-20/2-539/2023 nömrəli arayışın 2022-ci ilin noyabr ayı üzrə “İstifadə etmədiyi məzuniyyətə görə ödəniş kompensasiya” sütununda qeyd olunan 18425,95 manat kompensasiya məbləğinin hansı illəri əhatə etməsi barədə məlumat cədvəldə əks olunmuşdur:
Məzuniyyət ili Məzuniyyət günlərinin Hesablanmış məzuniyyət sayı ödənişi 1995/1996 33 3217,17 2000/2001 30 2924,70 2001/2002 30 2924,70 2002/2003 20 1949,80 2015/2016 20 1949,80 2017/2018 18 1754,82 2019/2020 23 2242,27 2020/2021 15 1462,69 Cəmi 189 18425,95
9. Məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş üçüncü şəxs Azərbaycan Respublikasının Baş Prokurorluğunun məktubunda qeyd edilmişdir ki, İddiaçı prokurorluq orqanlarında işlədiyi və son 2 (iki) il (2019/2020-2020/2021) üzrə istifadə etmədiyi məzuniyyətə görə kompensasiya məbləği aşağıdakı kimi hesablanmış və ödənilmişdir.
Hesablanmış məzuniyyət Məzuniyyət ili Məzuniyyət günlərinin sayı ödənişi 2019/2020 23 2242,27 2020/2021 15 1462,69 Cəmi 38 3704,96
10. Məhkəmə iclasında iştirak edən iddia ərizəsinin məzmununa uyğun olaraq iddiaçı iddianın təmin edilməsini xahiş etmişdir.
11. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndələri iddianın təmin edilməsinə etiraz etmədiklərini bildirmişdir.
12. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iştirak etməmişdir.
II. İddianın növü və mümkünlüyü
13. Məhkəmə hesab edir ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır.
14. Belə ki, əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri).
15. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi).
16. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.
III. Məhkəmənin mövqeyi
17. Məhkəmə qeyd edir ki, mübahisə sabiq prokurorluq əməkdaşı kimi son haqq-hesab aparılarkən istifadə etmədiyi məzuniyyətlərə görə hesablanmış 18425,95 manat məbləğində kompensasiyanın əmək pensiyası hesablanarkən nəzərə alınmaması ilə bağlıdır.
18. Cavabdeh qurumun imtinasının əsası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2000-ci il tarixli 126 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin Siyahısı”nın 31-ci abzasına (sonuncu) əsasən “istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiya”nın orta əmək haqqı hesablanarkən nəzərə alınmayan ödənc olmasıdır.
19. Şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir.
20. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.
21. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir.
22. Azərbaycan Respublikası Əmək Məxəlləsinin 154-cü maddəsinin 1-ci hissəsinə əsasən, əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.
23. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən, prokurorluq, ədliyyə, müdafiə, fövqəladə hallar, dövlət təhlükəsizliyi xidməti, xarici kəşfiyyat xidməti, sərhəd xidməti, səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti, xüsusi dövlət mühafizə xidməti, miqrasiya xidməti, daxili işlər, gömrük, vergi və xarici işlər orqanlarında, Azərbaycan Respublikasının Mərkəzi Bankında dövlət qulluğunda çalışan şəxslərin dövlət qulluğu keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin bu Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir və bu orqanlarda qulluq dövlət qulluğunun xüsusi növüdür.
24. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın 1-ci bəndinə əsasən, həmin Qaydalar əmək pensiyası təyin edilməsi üçün dövlət məvacibinin hesablanmasını tənzimləyir. Həmin qaydaların 9-cu bəndinə əsasən, dövlət qulluqçusunun əmək pensiyasının hesablanması üçün dövlət məvacibi müəyyən edilərkən məcburi dövlət sosial sığortasına cəlb edilən digər pul ödənişləri də nəzərə alınır.
25. “Sosial sığorta haqları haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində (Məcburi dövlət sosial sığorta haqqı hesablanan gəlir növləri) sosial sığorta haqqı hesablanmayan gəlir növləri sadalanır. 21 oktyabr 2005-ci il tarixli 1029-İİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 dekabr 2005-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 12, maddə 1082) ilə 15ci maddənin mətni yeni redaksiyada verilmişdir. Həmin maddəyə əsasən, məcburi dövlət sosial sığorta haqqı sosial sığorta haqqı hesablanmayan gəlir növləri istisna olunmaqla (yəni həmin maddədə sadalanan) əmək ödənişinin və gəlirlərin bütün digər növləri üzrə hesablanır. Qeyd edilən maddədə istifadə olunmamış məzuniyyətə görə ödənilən kompensasiya nəzərdə tutulmamışdır, yəni qeyd edilən ödəniş sosial sığorta haqqı hesablanmayan gəlir növü kimi istisna olunmamışdır.
26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 iyul tarixli, 126 nömrəli qərarı ilə təsdiq edilmiş “Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin siyahısı”nda istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiya sonuncu sırada nəzərə alınmayan ödənclər kimi nəzərdə tutulmuşdur.
27. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 2.2ci maddəsinə əsasən, Normativ hüquqi aktların hüquqi qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İİ, İİİ, İV, V, Vİ hissələri və 151-ci maddəsi ilə müəyyən edilir. Həmin Qanunun 76.1-ci maddəsinə əsasən, normativ hüquqi aktın qəbul edilməsi ilə əlaqədar həmin akta daxil edilmiş normalara zidd olan və ya bu normalarla əhatə olunan, yaxud faktiki olaraq əhəmiyyətini itirən, həmin və ya daha aşağı hüquqi qüvvəyə malik olan bütün aktlar (onların struktur elementləri isə bu Konstitusiya Qanununun 32-ci maddəsinin tələblərinə uyğun olaraq) ləğv edilməlidir.
28. Beləliklə, qeyd edilən normaların təhlilinə əsasən məhkəmə müəyyən edir ki, istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinin 1-ci hissəsinə əsasən, məcburi dövlət sosial sığorta haqqının ödənilməsi istisna olunmayan gəlirdir. Baş Prokurorluq tərəfindən təqdim edilən arayışa əsasən müəyyən olunur ki, iddiaçıya istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi kimi verilmiş 18425,95 manat vəsaitdən məcburi dövlət sosial sığorta haqqı tutulmuşdur. Prokurorluq orqanlarında qulluq dövlət qulluğunun xüsusi növü hesab olunduğundan “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın 9-cu bəndinə uyğun olaraq dövlət qulluqçusunun əmək pensiyasının hesablanması üçün dövlət məvacibi müəyyən edilərkən məcburi dövlət sosial sığortasına cəlb edilən digər pul ödənişləri də nəzərə alınmalıdır. Odur ki, məhkəmə hesab edir ki, dövlət qulluqçularına (eləcə də dövlət qulluğunun xüsusi növünə) münasibətdə istifadə edilməmiş əmək məzuniyyətinə görə ödənilmiş kompensasiyanın əmək haqqına daxil edilməməsinə dair müddəa faktiki olaraq əhəmiyyətini itirmişdir.
29. “Əmək pensiyaları haqqında” Qanunun 20.8-ci maddəsinə əsasən bu Qanunun 20.1.5-ci və 20.1.5-1-ci maddələrində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr prokurorluq orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir.
30. Məhkəmə qeyd edir ki iddiaçıya istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi kimi verilmiş 18425,95 manat vəsaitin 3704,96 manat hissəsi əmək pensiyasının hesablanması üçün əsas olmuş son 24 aya təsadüf edir, qalan hissəsi əvvəlki illərə aiddir.
31. İddiaçının əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.8-ci maddəsinə əsasən prokurorluq orqanlarında qulluğun son 24 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən hesablandığından məhz məhz həmin dövrə aid edilən istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi kimi verilmiş 3704,96 manat əmək pensiyasının hesablanması zamanı nəzərə alınmalıdır. Belə ki, qalan hissə prokurorluq orqanlarında qulluğun son 24 ayı ərzindəki əmək haqqına aid olmadığı üçün əmək pensiyasının hesablanması zamanı nəzərə alınmamalıdır.
32. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.
33. Odur ki, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı 2019/2020 və 2020/2021-ci illər üçün istifadə olunmamış məzuniyyətə görə ödənilmiş 3704,96 manat kompensasiya nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin ödənilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalı, ötən dövr üçün hesablanan pensiya fərqinin ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməlidir.
34. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
35. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
36. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia tələbi qismən təmin edilsin. İddiaçı İddiaçı 2019/2020 və 2020/2021-ci illər üçün istifadə olunmamış məzuniyyətə görə ödənilmiş 3704,96 manat kompensasiya nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin ödənilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Ötən dövr üçün hesablanan pensiya fərqinin ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva