Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1940/2025 24.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 3-cü şəxs qismində Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti işə cəlb edilməklə “torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X2, Cavabehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 3-cü şəxs qismində Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti işə cəlb edilməklə “torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı ünvan 2 ünvanda yerləşən, sahəsi 482 kv.m olan torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə dövlət reyestrindən vahid formada fərdi yaşayış evi ilə birlikdə çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanda yerləşən əmlak onun şəxsi mülkiyyətindədir. Torpaq sahəsinə dair Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən 1965-ci ildə texniki pasport verilmişdir. Fərdi yaşayış evi 482 kv.m torpaq sahəsi üzərində inşa edilmişdir. Torpaq sahəsinin dövlət qeydiyyatına alınması və vahid bir formada çıxarış və texniki pasportun verilməsi zərurəti yaranmışdır. Torpaq sahəsinin dövlət qeydiyyatına alınması və bu barədə reyestrdən çıxarışın verilməsi üçün cavabdehə ərizə ilə müraciət etmişdir. Müraciətinə xx.xx.2019-cu il tarixli məktubla bildirilmişdir ki, Yasamal RİH sorğu ünvanlanmış, verilmiş cavaba görə mülkiyyət hüququnun tanınması məqsədəuyğun hesab edilmədiyindən ərizənin icrasından imtina edilmişdir. Bildirir ki, onun torpaq sahəsi var, o qeydiyyata alınmalıdır. İcra Hakimiyyəti burada onun mülkiyyət hüququnu poza bilməz, onun belə bir səlahiyyəti də, yoxdur. Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən SSR Kommunal Təsərrüfatı Nazirliyinin verdiyi texniki pasportda göstərilmiş torpaq sahələri dövlət qeydiyyatına alınmalıdır. Təkrar olaraq o, yenidən cavabdehə müraciət edərək bildirmişdir ki, ünvan 5 ünvanda yerləşən sahəsi 482 kv.m olan torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və fərdi yaşayış evi ilə birgə vahid formada çıxarış və texniki pasportun verilməsində köməklik göstərilməsini xahiş etmişdir. Cavabdeh 2-ci dəfə təqdim etdiyi ərizəyə münasibət bildirməmişdir. Bu tamamilə səhv mövqeydir, torpaq sahəsi dövlət qeydiyyatına alınmalıdır. Hesab edir ki, cavabdehin mövqeyi əsassızdır və onun iddiası təmin edilməlidir.
3. Məhkəmənin 2-1(112)-1940/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti iş üzrə adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.
4. Sonuncu dəfə iddiaçının nümayəndəsi və vəkili tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edilərək ünvan 5 ünvanda yerləşən sahəsi 482 kv.m olan torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət qeydiyyatına alınması və bu barədə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
5. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.
6. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin söküntü ərazisinə aid olub-olmaması barədə Yasamal rayon İcra Hakimiyyətinə sorğu göndərilmişdir. Sorğuya cavab olaraq fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin xüsusi mülkiyyət hüququnun tanınmasının məqsədəuyğun hesab edilməməsi barədə Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin məktubu daxil olmuşdur. Texniki pasportla perimetrik ölçü arasında fərq var, arxiv texniki pasportuna əsasən məlum olmuşdur ki, tikilinin üzərində ikinci və üçüncü mərtəbə inşa edilmişdir. Qərb tərəfdən orta təzyiqli yerüstü qaz xətti keçir.
7. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
8. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
9. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq 3-cü şəxsin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barəsində isə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə 3-cü şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
10. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir.
11. Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş FM seriyalı, 006713 nömrəli qeydiyyat vəsiqəsinə əsasən M.Sübhi küçəsindəki 6 (altı) otaq, 93.5 kv.m yaşayış sahəsi, 134.1 kv.m ümumi sahəsi olan 20 saylı fərdi yaşayış evi İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 169 saylı reyestr kitabında, 7135-ci səhifə, 30/7842 qeydə alma nömrəsi, xx.xx.2000-ci il tarixində qeydiyyat aparılmışdır.
12. Cavabdeh tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2-M0752-8/2024 **********26 nömrəli məktubla Bakı şəhəri, Yasamal rayonu, Mustafa Sübhi küçəsi, 20 saylı fərdi yaşayış evinə dair tərtib edilmiş 1965-ci il tarixli texniki pasportun təsdiq edilmiş surəti təqdim edilmişdir. Texniki pasportda torpaq sahəsinin həyətyanı ölçüsü – 482 kv.m göstərilmişdir.
13. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli, 3- 21-3-30/2-42819/2024 **********19 nömrəli məktubla İddiaçı adına qeydiyyata alınmış Bakı şəhəri, Yasamal rayonu, M.Sübhi küçəsi, 20 ünvanında yerləşən fərdi yaşayış evinə dair arxiv sənədlərinin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir.
14. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2019-cu il tarixli, 3151/d nömrəli məktubla bildirilmişdir ki, ərizəçi İddiaçı ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair hər-hansı hüquqmüəyyənedici sənədləri təqdim edə bilmədiyindən onun həmin ünvanında yerləşən torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququnun tanınmasını məqsədəmüvafiq hesab etmirlər.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
15. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.
16. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
17. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
18. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
19. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
20. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
21. Belə ki, işin hallarınının məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, mübahisəli torpaq sahəsi üzərindəki tikililər iddiaçıya məxsus olmuş, onun adına Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən 1965-ci il tarixli texniki pasport tərtib edilmişdir. Həmin torpaq sahəsi üzərindəki tikililər hazırda iddiaçının xüsusi mülkiyyətindədir. İddiaçı həmin tikililərin altında yerləşən torpaq sahəsinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin razılığının olmaması, texniki pasportla perimetrik ölçü arasında fərqin olması, arxiv texniki pasportuna əsasən tikilinin üzərində ikinci və üçüncü mərtəbənin inşa edilməsi, qərb tərəfdən orta təzyiqli yerüstü qaz xətti keçməsinə istinad edilməklə imtina edilmişdir. İddiaçı cavabdehin imtinası ilə razılaşmayaraq hazırki tələblə məhkəməyə müraciət etmişdir.
22. Cavabdehin imtinasının əsaslarının hərtərəfli araşdırılması məqsədilə aidiyyəti qurumlara sorğular ünvanlanmış və əldə edilmiş sorğuya cavab məktublarına əsasən müəyyən edilmişdir ki, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən 1972-ci il tarixli texniki pasporta əsasən iddiaçıya məxsus olmuş İddiaçı adına qeydiyyata alınmış Bakı şəhəri, Yasamal rayonu, M.Sübhi küçəsi, 20 ünvanında yerləşən torpaq sahəsi və üzərindəki tikililərə dair iddiaçının adına Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən 1965-ci il tarixli texniki pasport tərtib edilmişdir. İddiaçının mübahisəli torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədi olsa da, Yasamal rayon İcra Hakimiyyəti tərəfindən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair hər-hansı hüquqmüəyyənedici sənədlərin təqdim edilə bilməməsi, iddiaçının həmin ünvanında yerləşən torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququnun tanınmasının məqsədəmüvafiq hesab edilməməsinə istinad edilməklə cavabdehə müraciət məktub göndərilmişdir.
23. Göründüyü kimi, torpaq sahəsi və üzərindəki tikililər uzun illərdir iddiaçının və onun ailə üzvlərinin qanuni əsaslarla istifadəsindədir və həmin torpaq sahəsinə dair iddiaçının hüquqmüəyyənedici sənədləri mövcuddur. Üzərindəki fərdi yaşayış evi isə iddiaçının xüsusi mülkiyyətindədir. Belə olan təqdirdə, məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarına əsasən torpaq sahəsinin konfiqurasiya və perimetrik ölçülərdə fərqin olması, tikilinin üzərində ikinci və üçüncü mərtəbənin inşa edilməsi və qərb tərəfdən orta təzyiqli yerüstü qaz xətti keçməsi iddiaçıya məxsus hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina üçün əsas hesab edilə bilməz.
24. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22-ci maddəsinin 3-cü bəndinə əsasən, zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar.
25. Beləliklə, həmin torpaq sahəsindən qaz xəttinin keçəsi iddiaçının mübahisəli torpaq sahəsi üzərində hüquqlarını məhdudlaşdıran hal kimi qiymətləndirilə bilməz, eləcə də, torpaq sahəsinin konfiqurasiyası və perimetrik ölçülərində fərqin olması isə ümumiyyətlə daşınmaz əmlak üzərində hüquqların qeydiyyata alınmasından imtina üçün əsas hesab edilə bilməz. Çünki, həmin fərqlilik və uyğunsuzluğun aradan qaldırılması da, elə bir başa cavabdehin özünün vəzifəsidir.
26. Məhkəmə iddiaçının tələbinin hüquqi əsası ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) hüquqların dövlət qeydiyyatı üçün əsas hesab olunmuşdur.
27. Göründüyü kimi, iddiaçının sözügedən ünvanda yerləşən torpaq sahəsinə dair istər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsində nəzərdə tutulan, istərsə də, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədi mövcud olmuşdur.
28. Beləliklə göründüyü kimi, mübahisəli topaq sahəsi və üzərindəki tikilər qanuni əsaslarla iddiaçının istifadəsində olmuşdur.
29. Belə olan təqdirdə məhkəmə hesab edir ki, cavabdehin imtinasının və etirazının əsasını təşkil edən dəlillər əsassız hesab edilməklə iddiaçının sözügedən torpaq sahəsi və üzərindəki mülkiyyət hüquqları yaranmış hesab olunmalıdır.
30. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
31. Beləliklə, yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün qanunvericiliyin tələbləri tam təmin edildiyindən, iddiaçının sözügedən torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsaslar olmuşdur.
32. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
33. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
34. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
35. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. ünvan 5 ünvanda yerləşən sahəsi 482 kv.m olan torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva