Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1941/2022 08.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “istifadə olunmamış məzuniyyətə görə ödənilmiş kompensasiya nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və yaranmış pensiya fərqinin ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək əmək pensiyasının yenidən hesablanaraq 3228 manat 43 qəpik məbləğində (96853,12 manat : 24 ay x 80%) müəyyən edilməsi və 01 fevral 2021-ci ildən başlayaraq 4130 manat 91 qəpik təşkil edən maddi ziyana görə kompensasiyanın tam məbləğdə birdəfəlik ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmasına dair qərar qəbul edilməsi tələbini irəli sürmüşdür.
2. Tələb onunla əsaslandırılmışdır ki, o, 1978-ci ildə Moskva şəhərində SSRİ Müdafiə Nazirliyinin Hərbi İnstitutunun hərbi-hüquq fakültəsinə daxil olub 1983-cü ildə həmin Ali Təhsil müəssisəsini bitirərək, 1983-cü ilin iyun ayından 01 fevral 2021-ci il tarixədək prokurorluq orqanlarında müxtəlif vəzifələrdə çalışıb. Azərbaycan Respublikası Baş prokurorunun 01 fevral 2021-ci il tarixli 10/45-k nömrəli əmri ilə prokurorluqda olmanın son yaş həddi olan 60 yaş həddinə çatdığıma görə prokurorluq orqanlarında qulluq keçməyimə xitam verilmişdir. Ümumi iş staşım 42 il 5 ay 26 gündür və onlardan prokurorluq orqanlarında fasiləsiz 37 il 7 ay 7 gün işləyib. Bu illər ərzində onun əmək haqqlarından qanunda nəzərdə tutulmuş vergilər və tutmalar alınmış və pensiya fonduna köçürülmüşdür. 09.02.2021-ci il tarixdə 20/115 nömrə ilə Azərbaycan Respublikasının Baş Prokurorluğunun mühasibatından pensiyanın hesablanması üçün ona əmək haqqı barədə arayış verilmişdir. Həmin arayışda qeyd olunmuşdur ki, onun pensiyasının hesablanılması üçün nəzərdə tutulan əmək haqqı 96853,12 manat təşkil edir. Bu prokurorluqda işlədiyi son 24 ay ərzində aldığı əmək haqqıdır. Qeyd olunan arayış onun tərəfindən digər zəruri sənədlərlə birlikdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edilmişdir. Prokurorluq orqanlarında işləmiş əməkdaşlara əmək pensiyası təyin edilərkən onların işlədikləri son 24 ay və ya ardıcıl gələn istənilən 60 ayda aldıqları əmək haqqları nəzərə alınaraq pensiya hesablanması aparılır. Həmin əmək haqqına görə ona pensiya 3228,43 manat təyin olunmalı idi (96853,12 manat: 24 ay x 80% = 3228 manat 43 qəpik). Lakin heç bir izahlar verilmədən ona 2638,30 manat, yəni 590 manat 13 qəpik az pensiya təyin olunmuş və bununla da onun maddi hüquqları pozulmuşdur. Belə ki, onun əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin ona ödənilməsi barədə 18.05.2021-ci il tarixli ərizəsinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının direktoru Şahin Əliyevin imzası ilə 09.06.2021-ci il tarixli **********7 nömrəli rədd cavabı verilmişdir. Həmin cavabda qeyd olunmuşdur ki, vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşım 975 manat, qulluq stajıma qörə vəzifə maaşının 45 faizi miqdarında əlavə 438,75 manat, rütbəyə görə əlavə 138 manat, elmi dərəcəsinə görə vəzifə maaşının 15 faizi miqdarında əlavə 146,25 manat, digər növ əlavələr 1599,88 manat olmaqla orta aylıq əmək haqqı 3297,88 manat müəyyən edilmişdir və əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.8.2-ci maddəsinə əsasən 27 il 4 ay 17 gün qulluq stajıma uyğun olaraq orta aylıq əmək haqqımın (3297,88 manat) 80 faizi - 2638,30 manat məbləğində müəyyən edilmişdir. Bütün sənədlərindən göründüyü kimi ümumi iş stajı 42 il 5 ay 26 gün olduğu halda Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının əməkdaşları iş stajını 27 il 4 ay 17 gün, yəni 15 il 1 ay 09 gün az hesablamışlar. Qeyd olunduğu kimi, həmin illərdən prokurorluq orqanlarında 37 il 7 ay 7 gün işləyib. Eyni zamanda bildirmək istəyir ki, prokurorluq orqanlarında qulluq etdiyi son 24 ay ərzində aldığı əsas əmək haqqı ümumilikdə - 20661,14 manat, qulluq stajıma qörə vəzifə maaşının 45 faizi miqdarında əlavələr - 9297,51 manat, rütbəyə görə əlavələr- 2924,34 manat, elmi dərəcəmə görə vəzifə maaşının 15 faizi miqdarında əlavələr- 2892,74 manat, məzuniyyət pulu-23615,50 manat, 2 qat pul müavinətləri- 20880 manat, maddi yardım -11667 manat və digər əlavələr-4914,96 manat olmuşdur, bunlar da ümumilikdə 96853,12 manat təşkil edir. Adi hesablama göstərir ki, həmin orta aylıq əmək haqqının (96853,12 manat : 24 aya = 4035,54 manat) 80 faizi-3228 manat 43 qəpik təşkil edir və mənə bu miqdarda pensiya hesablanaraq təyin olunmalı idi. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 20.8, 20.9 və 21.4-cü maddələrinə əsasən prokurorluq işçilərinə əsas əmək haqqından əlavə müxtəlif təyinatlı, o cümlədən hər il məzuniyyətə çıxarkən iki aylıq əmək haqqı məbləğində pul təminatının verilməsi, prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinətinin verilməsi, habelə prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardımın verilməsi kimi təminatlar nəzərdə tutulmuşdur. 29.06.2001-ci il tarixdə qəbul edilmiş və 31.07.2001-ci il tarixdən qüvvəyə minmiş “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 20.8-ci maddəsinə əsasən prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində pul təminatı verilir. Həmin Qanunun 20.9-cu maddəsinə əsasən prokurorluq işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla), o cümlədən onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti verilir. Həmin Qanunun 21.4-cü maddəsinə əsasən prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım verilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü maddəsinə əsasən əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işə götürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikası Qanununun 20.14-cü maddəsinə əsasən pensiyaya çıxmış prokurorluq işçilərinin pensiya təminatı «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci, 1.0.4cü və 9.4-cü maddələrinə və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 20.13-cü maddəsinə əsasən təyin olunan pensiyanın miqdarında əmək haqqından başqa Qanunda nəzərdə tutulmuş əlavə ödənişlərin də nəzərə alınması zəruridir. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanununun 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığorta olunan (bundan sonra - sığorta olunan) şəxslərin onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığorta olunan şəxslərin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədi ilə vətəndaşlara aylıq pul ödənişidir. Göründüyü kimi, qanunverici əmək pensiyasının əsas məqsədini - şəxsin əvvəl aldığı əmək haqqı və digər gəlirlərinin kompensasiya olunması kimi müəyyən etmişdir. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanununun 37-ci maddəsinə əsasən əmək pensiyasına əlavənin ödənilməsi əmək pensiyası ilə birlikdə və əmək pensiyasının ödənilməsi qaydalarına uyğun aparılır. “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 38-ci maddəsinə əsasən prokurorluq işçilərinin sosial müdafiəsi prokurorluq işçilərinin maddi və sosial müdafiəsi qanunvericiliklə hakimlər üçün nəzərdə tutulmuş, habelə “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş qaydada həyata keçirilir. “Əmək pensiyaları haqqında” Qanunun 20.1, 20.1.5 və 20.1.5-1 -ci maddələrinə əsasən bu Qanunun 9.4-cü maddəsində göstərilən prokurorluq işçilərinə, qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmış və ya bu yaşa çatanadək əlil olmuş prokurorluq işçilərinə qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. Həmin Qanunun 20.8-ci maddəsinə görə bu Qanunun 20.1.5-ci və 20.1.5-1-ci maddələrində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr prokurorluq orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir. Həmin Qanunun 29.2-ci maddəsində isə təsbit edilmişdir ki, bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əmək haqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. “Əmək haqqı” anlayışı prokurorluq işçilərinə münasibətdə “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsində aşağıdakı kimi müəyyən edilmişdir: prokurorluq işçilərinin əmək haqqı vəzifə maaşından, rütbələrə, xidmət illərinə görə əlavələrdən və qanunvericiliklə nəzərdə tutulan digər ödənişlərdən ibarətdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. Göründüyü kimi qulluq stajına görə pensiya məbləği hesablanarkən aldığı əmək haqqına daxil olan bütün növ ödənişlərin nəzərə alınması qanunlarla müəyyən edilmişdir. Beləliklə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən pensiyasının hesablanması zamanı prokurorluq orqanlarında qulluq etdiyi son 24 ay ərzində aldığı əsas əmək haqqı ilə bərabər məzuniyyət pulunun, müalicə olunması ilə bağlı ödənilən müavinətin, digər əlavələrin və maddi yardımın tam şəkildə nəzərə alınmaması və 3228 manat 43 qəpik məbləğinin əvəzinə hər ay mənə 2638,30 manat məbləğində, yəni 590 manat 13 qəpik az pensiya müəyyən edilməsi ilə onun pensiya və maddi hüquqları pozulmuşdur.
3. Məhkəmə hazırlıq icraatı üzrə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinə uyğun izahat verərək bildirdi ki, iddia tələbinin məzmununa əlavə olaraq istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi kimi ona verilmiş 18260,01 manat pulun pensiyasının hesablanmasında nəzərə alınmamasının əsassız olmasını təsdiq edən bəzi dəlilləri bildirir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü maddəsinə əsasən əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işə götürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. İstifadə edilməmiş məzuniyyətə görə ona verilmiş pulun pensiya təminatında hesablanmaması onunla əsaslandırılır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclər müəyyən edilməsi barədə” 15 iyul 2000-ci il tarixli 126 nömrəli Qərarında istifadə edilməmiş əmək məzuniyyətlərinə görə verilmiş kompensasiyanın orta əmək haqqı hesablanarkən nəzərə alınmaması göstərilmişdir. Qeyd edir ki, həmin dövrdə pensiyaların təyin edilməsi o vaxt qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 23.09.1992-ci il tarixli Qanunu ilə tənzimlənirdi. Həmin Qanunun 73-cü maddəsində qeyd olunmuşdur ki, mövcud qaydalara görə sığorta haqları hesablanan əmək haqqının və mükafatın bütün növləri, o cümlədən əvəzçiliyə, istirahət və bayram günlərində işə, iş vaxtından əlavə işə görə və mülki hüquq müqavilələri üzrə verilən əmək haqqı pensiya hesablanarkən gəlirin ümumi məbləğinə daxil edilir. Bu zaman birdəfəlik ödənclər (istifadə edilməyən məzuniyyətə görə pul əvəzi, işdənçıxma müavinəti və s.) nəzərə alınmır. Pensiya hesablanarkən orta aylıq əmək haqqının müəyyən edilməsi üçün nəzərə alınan və alınmayan əmək və digər ödəmə növləri haqqında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə naziri və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Fondunun sədri tərəfindən təsdiq edilmiş 18.02.1993-cü il tarixli Təlimatda qeyd olunmuşdur ki, həmin Təlimat “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 23.09.1992-ci il tarixli Qanunun 73-cü maddəsinə müvafiq olaraq işlənilmişdir. Təlimatda göstərilmişdir ki, istifadə edilməmiş məzuniyyətə görə verilmiş kompensasiya pulundan Azərbaycan Respublikası Dövlət Sosial Müdaviə Fonduna sığorta haqları keçirilmir və Təlimatın 11-ci bəndinə əsasən pensiya hesablanarkən orta aylıq əmək haqqının müəyyən edilməsi üçün istifadə edilməmiş məzuniyyətə görə verilmiş kompensasiya pulu nəzərə alınmamalıdır. Lakin qeyd olunan Qanun və normativ-hüquqi aktlar pensiya təminatının tələblərinə və pensiya təminatı sisteminə cavab vermədikləri üçün qanunveriçilikdə 2000-ci ildən sonra çoxsaylı dəyişikliklər və yeniliklər edilmişdir. Belə ki, 07.02.2006-cı il tarixdə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Əmək pensiyaları haqqında” yeni Qanun imzalanmış və 47-ci maddəsinə əsasən həmin Qanun 01 yanvar 2006-cı ildən qüvvəyə minmişdir. Bu Qanun Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının 07.02.2006-cı il tarixli Qanun qüvvəyə mindiyi gündən əvvəl qəbul edilmiş vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarına, bu hüquqların həyata keçirilməsi qaydalarına, əmək pensiyası təminatı sisteminin müəyyən edilməsi və pensiyaların hesablanması qaydalarına aid olan Qanun və normativ-hüquqi aktlar, o cümlədən “Vətəndaşların pensiya təminatı haqqında” 23.09.1992-ci il tarixli Qanun, yuxarıda qeyd olunan 18.02.1993-cü il tarixli Təlimat və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2000-ci il tarixli 126 nömrəli Qərarı artıq qüvvədən düşmüşdür. Hazırda vətəndaşlara pensiyanın hesablanması və təyin edilməsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının 07.02.2006-cı il tarixli Qanununun tələblərinə uyğun olaraq aparılır. Qanunun 1.0.1-ci, 1.0.4-cü və 9.4-cü maddələrində qeyd olunmuşdur ki, təyin olunan pensiyanın miqdarında əmək haqqından başqa Qanunda nəzərdə tutulmuş əlavə ödənişlərin də nəzərə alınması zəruridir. Əvvəlki Qanundan fərqli olaraq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının 07.02.2006-ci il tarixli Qanununda əmək haqqının hesablanması zamanı istifadə edilməyən məzuniyyətə görə verilmiş pul əvəzinin nəzərə alınmaması göstərilmir (qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 23.09.1992-ci il tarixli Qanununun 73-cü maddəsində bu göstərilmişdir). Bu bir daha onu sübut edir ki, həmin norma artıq qanundan çıxarılmış və onun hüquqi nəticələri yeni Qanun qəbul olunandan sonra qüvvədən düşmüşdür. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 07 fevral 2005-ci il tarixli 194 nömrəli Fərmanı ilə “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları” təsdiq edilmişdir. Həmin Qaydaların 1-ci bəndində göstərilmişdir ki, bu Qaydalar əmək pensiyası təyin edilməsi üçün dövlət məvacibinin hesablanmasını tənzimləyir. Azərbaycan Respublikası Prezidentinin 07 fevral 2005-ci il tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın 9-cu bəndində qeyd olunmuşdur ki, dövlət qulluqçunun əmək pensiyasmın hesablanması üçün dövlət məvacibi müəyyən edilərkən məcburi dövlət sosial sığortasına cəlb edilən digər pul ödənişləri də nəzərə almır. İstifadə edilməmiş məzuniyyətə görə ona 2020-ci ildə 18260,01 manat məbləğində pul kompensasiya kimi deyil, istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi kimi verilmişdir və həmin məbləğdən 2326,22 manat müvafiq sosial sığortalar tutulmuşdur. Belə ki, vergiyə 14%, yəni 1321,91 manat, Azərbaycan Respublikası Dövlət Sosial Müdaviə Fonduna 3,5 %, yəni 639,10 manat və Həmkarlar İttifaqları Konfederasiyasına 2%, yəni 365,20 manat pul köçürülmüşdür. Beləliklə, istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi kimi ona hesablanmış 18260,01 manatdan müvafiq dövlət sosial sığortalar tutulandan sonra ona 15933, 80 manat pul verilmişdir. İstifadə edilməmiş məzuniyyətə görə ona ayrılmış puldan dövlət sosial sığorta pulun tutulması bir daha onu təsdiq edir ki, Azərbaycan Respublikası Prezidentinin 07 fevral 2005-ci il tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın 9-cu bəndinə əsasən əmək pensiyasının hesablanması üçün dövlət məvacibi müəyyən edilərkən məcburi dövlət sosial sığortasına cəlb edilən digər pul ödənişi kimi 18260,01 manat pul da nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları Azərbaycan Respublikasının Konstitusiyasına, Qanunlarına və Azərbaycan Respublikası Prezidentinin Fərmanlarına zidd olmamalıdır. Göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclər müəyyən edilməsi barədə” 15 iyul 2000-ci il tarixli 126 nömrəli Qərarının hazırkı dövrdə dövlət qulluqçularına tətbiqi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının 07.02.2006-ci il tarixli Qanununa və Azərbaycan Respublikası Prezidentinin 07 fevral 2005-ci il tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın 9-cu bəndinə ziddiyyət təşkil edir. Ona görə də, qeyd olunan Qərar həmin zaman kəsiyində, yəni dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanmasının yeni qaydalarını təsdiqləyən Azərbaycan Respublikası Prezidentinin Fərmanının verildiyi 07.02.2005-ci il tarixədək olan dövrdə pensiyaların hesablanmasında nəzərdə tutulan qaydaların tətbiqinə aid olmuşdur və onun dövlət qulluqçularına münasibətdə Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” yeni Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixdən sonra tətbiqi, qüvvədən düşmüş normativ-hüquqi akt kimi tam əsassızdır və qanunsuzdur. Odur ki, pensiyasının hesablanması zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2000-ci il tarixli 126 nömrəli Qərarına istinad edilməsi tam əsassızdır və pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının 07.02.2006-ci il tarixli Qanununa və Azərbaycan Respublikası Prezidentinin 07 fevral 2005-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Qaydalara uyğun olaraq hesablanmalıdır.
4. Məhkəmənin 31.01.2022-ci il tarixli qərardadı ilə iddia tələbinin İddiaçı istifadə olunmamış məzuniyyətə görə ödənilmiş kompensasiya nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması dəyişdirilməsi qəbul edilmişdir.
5. Pensiyasının yenidən hesablanması ilə bağlı iddiaçının müraciətinə cavab olaraq cavabdeh tərəfindən bildirilmişdir ki, 2 fevral 2021-ci il tarixindən prokurorluq orqanlarından azad olunmağı ilə əlaqədar Mərkəzi Filial tərəfindən prokurorluq orqanlarının sabiq əməkdaşı kimi əmək pensiyası yenidən hesablanmışdır. Vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşınız 975,00 manat, qulluq stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavə 438,75 manat, rütbəyə görə əlavə 138,00 manat, elmi dərəcəyə görə vəzifə maaşının 15 faizi miqdarında əlavə 146,25 manat, digər növ əlavələr 1599,88 manat olmaqla orta aylıq əmək haqqının 3297,88 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.8.2-ci maddəsinə əsasən 27 il 4 ay 17 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqınızın (3297,88 manat) 80 faizi-2638,30 manat məbləğində müəyyən edilərək müvafiq kart hesabına köçürülür.
6. Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən verilmiş 23.06.2016-cı il tarixli arayışa əsasən, İddiaçı SSR Baş hərbi prokurorunun 25.06.1983-cü il tarixli 051/1s №-li əmri ilə prokurorluq orqanlarında qulluğa qəbul edilərək aşağıdakı vəzifələrdə çalışmışdır. -25.06.1983-cü ildən 07.08.1987-ci ilədək Odessa hərbi dairəsi hərbi prokurorluğu Pervomaysk qarnizonu hərbi prokurorluğunun müstəntiqi; -07.08.1987-ci ildən 10.06.1988-cü ilədək Odessa hərbi dairəsi hərbi prokurorluğu Zaporojye qarnizonu hərbi prokurorunun köməkçisi; -10.06.1988-cü ildən 04.10.1991-ci ilədək Xəzər donanması hərbi prokurorunun köməkçisi; -04.10.1991-ci ildən 09.06.1992-ci ilədək N saylı hərbi hissənin hərbi prokurorunun müavini; - 09.06.1992-ci ildən 18.08.1992-ci ilədək N saylı hərbi hissənin hərbi prokuroru; -18.08.1992-cü ildən 05.06.1995-ci ilədək Bakı qarnizonu hərbi prokuroru; -05.06.1995-ci ildən 18.07.1995-ci ilədək Azərbaycan Respublikasının Baş Prokurorluğunun sərəncamında -18.07.1995-ci ildən 12.01.2000-ci ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində qüvvələrində və digər hərbi birləşmələrdə qanunların icrasına nəzarət idarəsinin prokuroru; -12.01.2000-ci ildən 14.07.2001-ci ilədək Azərbaycan Respublikası Prokurorluğunun sərəncamında; -14.07.2001-ci ildən 09.11.2001-ci ilədək Naxçıvan MR prokurorunun müavini vəzifəsi hesabına saxlanılan; -09.11.2001-ci ildən 16.05.2003-cü ilədək Abşeron hərbi prokurorun köməkçisi; -16.05.2003-ci ildən 29.04.2004-cü ilədək Azərbaycan Respublikası Baş Prokurorluğunun sərəncamında; -29.04.2004-cü ildən 09.11.2009-cu ilədək Bakı şəhəri Nərimanov rayon prokurorunun köməkçisi; -09.11.2009-cu ildən 19.04.2011-ci ilədək Bakı şəhəri Yasamal rayon prokurorunun köməkçisi; -19.04.2011-ci ildən hazıradək Bakı şəhər prokurorluğunun X2 istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru.
7. Azərbaycan Respublikasının Baş Prokurorluğu üzrə 01.02.2021-ci il tarixli əmrinə əsasən, Bakı şəhər prokurorluğunun X2 istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru baş ədliyyə müşaviri İddiaçı “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 32.2-ci maddəsinə müvafiq olaraq prokurorluqda qulluqda olmanın yaş həddinə çatdığına görə 01 fevral 2021-ci il tarixdən tutduğu vəzifədən azad olunub prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilmişdir.
8. Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən İddiaçı pensiya hesablanması üçün əmək haqqı barədə 09.02.2021-ci il tarixli, 201115 №-li arayışın 2021-ci üçün məzuniyyət qrafasında 18260,01 manat ödənməsi göstərilir.
9. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən bildirilmişdir ki, İddiaçı verilmiş 09.02.2021-ci il tarixli 201115 nömrəli arayışın 2021-ci il üçün məzuniyyət qrafasında göstərilmiş 18260,01 manat istifadə edilməmiş məzuniyyətə görə kompensasiya məbləğidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 20.7,-ci bəndinə əsasən Qanunun 20.8-ci maddəsinə əsasən Qanunun 20.1.5-ci və 20.1.5-1-ci maddələrində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr prokurorluq orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: prokurorluq orqanlarında 15 il qulluq etmiş prokurorluq işçilərinə - orta aylıq əməkhaqqının 50 faizi miqdarında; prokurorluq orqanlarında 15 ildən yuxarı qulluq etmiş prokurorluq işçilərinə - orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı prokurorluq işçisi stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Orta əmək haqqı hesablanarkən nəzərə alına və alınmayan ödənclərin müəyyən edilməsi barədə" 15 iyul 2000-ci il tarixli, 126 nömrəli qərarına uyğun olaraq istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiya orta əmək haqqı hesablanarkən nəzərə alınmır.
10. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən bildirilmişdir ki, Azərbaycan Respublikası Prokurorluğunun sabiq əməkdaşı İddiaçı istifadə etmədiyi məzuniyyətlərə görə 2020-ci ildə hesablanmış 18260,01 manat məbləğində vəsaitdən 2326,22 manat müvafiq tutulmalar aparıldıqdan sonra 15933,80 manat ödənilmişdir. Tutulmalar aşağıdakılardan ibarətdir: Gəlir vergisi- cəmi: 1321,91 manat; DSMF-cəmi: 547,80 manat; İşsizlik fondu-cəmi: 91,30 manat; Həmkarlar İttifaqına üzvülük haqqı- cəmi:365,20 manat tutulmuşdur; Yekun: 2326,22 manat.
11. Şifahi məhkəmə dinləmələri zamanı iştirak edən iddiaçının nümayəndəsi (vəkili) dəyişdirilmiş iddia tələbinin məzmununa uyğun olaraq izahat verməklə iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir.
12. Şifahi məhkəmə dinləmələri zamanı iştirak edən cavabdehin nümayəndəsi iddiaya yazılı etiraz təqdim edərək bildirdi ki, iddiaçı Mərkəzi Filiala ərizə ilə müraciət etmişdir. Həmin müraciətlə bağlı tərəfimizdən aparılmış inzibati icraat tədbirləri nəticəsində bildiririk ki, iddiaçıya 2 fevral 2021-ci il tarixindən prokurorluq orqanlarından azad olunmağı ilə əlaqədar Mərkəzi Filial tərəfindən prokurorluq orqanlarının sabiq əməkdaşı kimi əmək pensiyası yenidən hesablanmışdır. Vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 975,00 manat, qulluq stajına görə vəzifə maaşı 45 faizi miqdarında əlavəsi 438,75 manat, rütbəyə görə əlavəsi 138,00 manat, elmi dərəcəyə görə vəzifə maaşının 15 faizi miqdarında əlavəsi 146,25 manat, digər növ əlavələri 1599,88 manat olmaqla orta aylıq əmək haqqı 3297,88 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.8.2-ci maddəsinə əsasən 27 il 4 ay 17 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (3297,88 manat) 80 faizi-2638,30 manat məbləğində müəyyən edilərək müvafiq kart hesabına köçürülür. Eyni zamanda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2000-ci il tarixli 126 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin Siyahısı”nın 31-ci abzasına (sonuncu) əsasən “istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiya” orta əmək haqqı hesablanarkən nəzərə alınmayan ödəncdir. Göründüyü kimi iddiaçının ərizəsində qeyd etdiyi pul təminatının əmək pensiyası hesablanarkən nəzərə alınması qanunvericiliyin tələbləri baxımından mümkün deyil.
II. İddianın növü və mümkünlüyü
13. Məhkəmə hesab edir ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır.
14. Belə ki, əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri).
15. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi).
16. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.
17. İddiaçıya dövlət qulluqçusu kimi yaşa görə pensiya artıq təyin olunub, qərar icra olunduğu təqdirdə həmin pensiya yenidən hesablanacaqdır.
III. Məhkəmənin mövqeyi
18. Məhkəmə qeyd edir ki, mübahisə sabiq prokurorluq əməkdaşı kimi son haqq-hesab aparılarkən istifadə etmədiyi məzuniyyətlərə görə 2020-ci ildə hesablanmış 18260,01 manat məbləğində kompensasiyanın əmək pensiyası hesablanarkən nəzərə alınmaması ilə bağlıdır.
19. Cavabdeh qurumun imtinasının əsası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2000-ci il tarixli 126 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin Siyahısı”nın 31-ci abzasına (sonuncu) əsasən “istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiya”nın orta əmək haqqı hesablanarkən nəzərə alınmayan ödənc olmasıdır.
20. Şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir.
21. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.
22. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir.
23. Azərbaycan Respublikası Əmək Məxəlləsinin 154-cü maddəsinin 1-ci hissəsinə əsasən, əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.
24. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən, prokurorluq, ədliyyə, müdafiə, fövqəladə hallar, dövlət təhlükəsizliyi xidməti, xarici kəşfiyyat xidməti, sərhəd xidməti, səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti, xüsusi dövlət mühafizə xidməti, miqrasiya xidməti, daxili işlər, gömrük, vergi və xarici işlər orqanlarında, Azərbaycan Respublikasının Mərkəzi Bankında dövlət qulluğunda çalışan şəxslərin dövlət qulluğu keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin bu Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir və bu orqanlarda qulluq dövlət qulluğunun xüsusi növüdür.
25. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın 1-ci bəndinə əsasən, həmin Qaydalar əmək pensiyası təyin edilməsi üçün dövlət məvacibinin hesablanmasını tənzimləyir. Həmin qaydaların 9-cu bəndinə əsasən, dövlət qulluqçusunun əmək pensiyasının hesablanması üçün dövlət məvacibi müəyyən edilərkən məcburi dövlət sosial sığortasına cəlb edilən digər pul ödənişləri də nəzərə alınır.
26. “Sosial sığorta haqları haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində (Məcburi dövlət sosial sığorta haqqı hesablanan gəlir növləri) sosial sığorta haqqı hesablanmayan gəlir növləri sadalanır. 21 oktyabr 2005-ci il tarixli 1029- İİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 dekabr 2005-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 12, maddə 1082) ilə 15-ci maddənin mətni yeni redaksiyada verilmişdir. Həmin maddəyə əsasən, məcburi dövlət sosial sığorta haqqı sosial sığorta haqqı hesablanmayan gəlir növləri istisna olunmaqla (yəni həmin maddədə sadalanan) əmək ödənişinin və gəlirlərin bütün digər növləri üzrə hesablanır. Qeyd edilən maddədə istifadə olunmamış məzuniyyətə görə ödənilən kompensasiya nəzərdə tutulmamışdır, yəni qeyd edilən ödəniş sosial sığorta haqqı hesablanmayan gəlir növü kimi istisna olunmamışdır.
27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 iyul tarixli, 126 nömrəli qərarı ilə təsdiq edilmiş “Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin siyahısı”nda istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiya sonuncu sırada nəzərə alınmayan ödənclər kimi nəzərdə tutulmuşdur.
28. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 2.2-ci maddəsinə əsasən, Normativ hüquqi aktların hüquqi qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İİ, İİİ, İV, V, Vİ hissələri və 151-ci maddəsi ilə müəyyən edilir. Həmin Qanunun 76.1-ci maddəsinə əsasən, normativ hüquqi aktın qəbul edilməsi ilə əlaqədar həmin akta daxil edilmiş normalara zidd olan və ya bu normalarla əhatə olunan, yaxud faktiki olaraq əhəmiyyətini itirən, həmin və ya daha aşağı hüquqi qüvvəyə malik olan bütün aktlar (onların struktur elementləri isə bu Konstitusiya Qanununun 32ci maddəsinin tələblərinə uyğun olaraq) ləğv edilməlidir.
29. Beləliklə, qeyd edilən normaların təhlilinə əsasən məhkəmə müəyyən edir ki, istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinin 1-ci hissəsinə əsasən, məcburi dövlət sosial sığorta haqqının ödənilməsi istisna olunmayan gəlirdir. Baş Prokurorluq tərəfindən təqdim edilən arayışa əsasən müəyyən olunur ki, iddiaçıya istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi kimi verilmiş 18260,01 manat vəsaitdən məcburi dövlət sosial sığorta haqqı tutulmuşdur. Prokurorluq orqanlarında qulluq dövlət qulluğunun xüsusi növü hesab olunduğundan “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın 9-cu bəndinə uyğun olaraq dövlət qulluqçusunun əmək pensiyasının hesablanması üçün dövlət məvacibi müəyyən edilərkən məcburi dövlət sosial sığortasına cəlb edilən digər pul ödənişləri də nəzərə alınmalıdır. Odur ki, məhkəmə hesab edir ki, dövlət qulluqçularına (eləcə də dövlət qulluğunun xüsusi növünə) münasibətdə istifadə edilməmiş əmək məzuniyyətinə görə ödənilmiş kompensasiyanın əmək haqqına daxil edilməməsinə dair müddəa faktiki olaraq əhəmiyyətini itirmişdir.
30. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.
31. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı istifadə olunmamış məzuniyyətə görə ödənilmiş kompensasiya nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin ödənilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalı, ötən dövr üçün hesablanan pensiya fərqinin ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməlidir.
32. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
33. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətkərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.
34. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
35. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
36. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. İddiaçı istifadə olunmamış məzuniyyətə görə ödənilmiş kompensasiya nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin ödənilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Ötən dövr üçün hesablanan pensiya fərqinin ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva