Məhkəmə qərarları › İş №2-1(112)-1941/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1941/2024

06.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1941/2024 06.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinə qarşı "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarın ləğv edilməsi tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinə qarşı "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarın ləğv edilməsi tələbinə dair iddiası üzrə inzibati işə 6 mart 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) vergi orqanlarında fərdi sahibkar kimi ********** “VÖEN”lə qeydiyyatdan keçərək fəaliyət göstərən vergi ödəyicisidir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinin (bundan sonra – cavabdeh) xx.xx.2023-cü il tarixli, **********878700 № li qərarı ilə iddiaçı riskli vergi ödəyicisi hesab edilərək, riskli vergi ödəyicilərinin siyahısına daxil edilmişdir. Cavabdehin kameral vergi yoxlaması nəticəsində xx.xx.2023-cü il tarixli, **********340200 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarı əsasında iddiaçıya 10176,00 manat əlavə gəlir vergisi hesablanmışdır. İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2023-cü il tarixli, **********340200 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək iddia tələbini onunla əsaslandırmışdır ki, tərəfindən açıq bazarlardan, yəni vergi orqanlarının da bildiyi uçotsuz vergi ödəyicilərindən Sədərək, Binə, Dərnəgül və.s-dən mal alıb. Həmin malı sonradan digər vergi ödəyicisinə satıb. Bu əməliyyatı edərkən mikro sahibkarlıq subyekti kimi 75 faiz güzəşt hüququndan istifadə edərək öz vergi öhdəliyini yerinə yetirib. Lakin vergi orqanları tərəfindən xərclərini təsdiq edən sənədlərin olmamasını əsas gətirərək onu bu güzəştdən istifadə imkanının olmadığını bildirmiş və onun bütün xərcini nəzərə almadan vergilərini hesablamışdır. Cavabdehin qərarı qanunsuzdur. Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərciərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır. Bu hissədə qismən vergi orqanları əməkdaşları ilə razılaşır ki, o, xərcin uçotunu apara bilmədiyi üçün onun bu güzəştdən istifadə etmək imkanı qismən istisna edilir. O vergi orqanına bu malları hardan aldığını və bununla bağlı saytlardan çıxarışları onlara təqdim edib. Bundan başqa qərarın ləğvi ilə bağlı vergi orqanına müraciət edib. Lakin vergi orqanı yenə də qanunsuzluq edərək şikayəti üzrə qərar çıxarmaq əvəzinə ona məktubla cavab verərək şikayətinə baxmayacağını bildirdi. Cavabdehin etirazları: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, hazırda mübahisə predmetini təşkil edən ”xx.xx.2023-cü il tarixli **********340200 nömrəli qərar bilavasitə iddiaçının riskli vergi ödəyicisi hesab edilməsindən irəli gələn hesablama ilə bağlıdır. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə görə, riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Maddədə qeyd olunan meyarları təsdiq edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) dedikdə Azərbaycan Respublikası Nazirlər Kabineti nəzərdə tutulur. AR Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” sözügedən məsələni tənzimləyir. Belə ki, sözügedən meyarlar üzrə aparılmış təhlillər zamanı vergi ödəyicisi tərəfindən xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində cəmi 67,8 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə satışda “Hava kompressoru EK2-150/2 (150 kgs/sm2), 380V., Mərkəzdənqaçma şaquli su nasosu NSV 100/80 (HL(B 100/80), Dövredici isti su nasosu ENS 4,5/6,2 (ƏHL| 4,5/6,2), Vakum nasosu VVN-0,75 (BBH-0,75) və s.” qeyd olunduğu müəyyən edilsə də, elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Eyni zamanda vergi ödəyicisinin ticarət fəaliyyəti ilə məşğul olduğu müəyyən edilsə də, təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı məlum olmuşdur. Qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarlarf’nın 2.1.1 -ci, 3.1.1 -ci və 2.1.3-cü yarımbəndlərinə əsasən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunmuş və bununla əlaqədar barəsində “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli **********878700 nömrəli Qərar qəbul edilmişdir. Qeyd olunan meyarlar üzrə riskli vergi ödəyicisi hesab edilən vergi ödəyicilərinin Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada 75 faiz güzəşt hüququnun məhdudlaşdırılmasına baxmayaraq, vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamədə 75 faiz güzəşt hüququnun qeyd edilməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Yaranmış kənarlaşma barədə vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" xx.xx.2023-cü il tarixli **********572600 nömrəli məktub göndərilərək dəqiqləşdirilmiş bəyannaməni, ətraflı izahat məktubunu və müvafiq təsdiqedici sənədləri təqdim etməklə kənarlaşmanın aradan qaldırılması tələb olunmuşdur. Kənarlaşma aradan qaldırılmadığı üçün kameral vergi yoxlaması ilə gəlir vergisi bəyannaməsi üçün 2022-ci il üzrə 10176,00 manat əlavə vergi məbləği hesablanmışdır. Aparılmış hesablama ilə bağlı vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********340200 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərar göndərilmişdir. Göründüyü kimi, iddiaçının iddia ərizəsində qeyd etdiklərinin əksinə vergi borcu qanunamüvafiq qaydada hesablanmışdır. Tərəflərin iştirakı və izahatları: İddiaçı məhkəmə iclasında iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia mümkün iddiadır. İddiaçı cavabdehin qəbul etdiyi qərarın ləğv edilməsini xahiş edir ki, bu iddia mübahisələndirmə haqqında iddiadır (İPM, maddə 2.2.1). Qərar iddiaçı barəsində qəbul edilməklə onun üçün əlavə vergi öhdəliyi yaratdığından onun hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur (İPM, maddə 35.1). İddiaçı xx.xx.2023-cü il tarixli qərarın mübahisələndirilməsi üçün 4.08.2023-cü il tarixdə iddia ilə məhkəməyə müraciət edərək qanunvericiliklə nəzərdə tutulmuş müddətdə iddianı qaldırmışdır. Belə ki, iddiaçı həmin qərardan xx.xx.2023, xx.xx.2023, xx.xx.2023-cü il tarixlərdə Dövlət Vergi Xidmətinə elektron şikayətlər ünvanlamış, Dövlət Vergi Xidməti tərəfindən iddiaçının AVİS qeydiyyatı xx.xx.2023-cü il tarixli, **********514000 nömrəli müraciətinə cavab veriləcəyi barədə iddiaçının elektron kabinetinə məktub ünvanlanmış, lakin həm həmin tarixli, həm də digər tarixli şikayətlərlə bağlı Dövlət Vergi Xidməti tərəfindən iddiaçının şikayətlərinə hər hansı bir cavab verilməmiş, şikayətə baxılmasına dair qərar qəbul ediıməmişdir. Ona görə də, iddiaçı qanunvericiliklə nəzərdə tutulmuş müddətdə iddianı qaldırmışdır (İPM, maddə 38.1, 38.3). Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Hazırkı iş üzrə iddiaçının tələbi xx.xx.2023-cü il tarixli, **********340200 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarının ləğv edilməsi barədədir. İşin hallarına görə, cavabdeh mübahisələndirilən qərarla iddiaçıya kameral vergi yoxlaması tətbiq etmiş və 10176,00 manat əlavə gəlir vergisi hesablamışdır. İddiaçı hazırda həmin qərarı mübahisələndirir və hesab edir ki, qərar qəbul edilərkən vergi qanunvericiliyinin tələbləri pozulmuşdur. Cavabdeh iddiaçının xx.xx.2023-cü il tarixli qərarla riskli vergi ödəyicisi hesab edilməsinə əsaslanaraq mikro sahibkar kimi 75% güzəşti tətbiq etmədən gəlir vergisi hesablamış, kənarlaşmalar qeydə alaraq 10176,00 manat əlavə gəlir vergisi hesablamışdır. İddiaçı bu halla razılaşmır və hesab edir ki, alınmış malların alış sənədləri təqdim edilməsə də, faktiki olaraq həmin malların alınması üçün xərc çəkildiyindən, cavabdeh Vergi Məcəlləsinin müvafiq maddələrinin və Nazirlər Kabinetinin 55 saylı qərarının tələbinə uyğun olaraq şərti rentabellik norması tətbiq edilməklə və digər analoji üsullardan istifadə etməklə vergini hesablamalı idi. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə görə, riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Maddədə qeyd olunan meyarları təsdiq edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) dedikdə Azərbaycan Respublikası Nazirlər Kabineti nəzərdə tutulur. AR Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” sözügedən məsələni tənzimləyir. Həmin Meyarlar”ın: Bənd 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: Bənd 2.1.1. Bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; Bənd 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: Bənd 3.1.1. Vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə. Baxılan işdə cavabdeh iddiaçının xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində cəmi 67,8 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə satışda “Hava kompressoru EK2-150/2 (150 kgs/sm2), 380V., Mərkəzdənqaçma şaquli su nasosu NSV 100/80 (HL(B 100/80), Dövredici isti su nasosu ENS 4,5/6,2 (ƏHL| 4,5/6,2), Vakuum nasosu VVN-0,75 (BBH-0,75) və s.” satışında qeyd olunsa da, elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən malların müəyyən edilməməsini əsas gətirərək istinad edilən normalara əsasən iddiaçını riskli vergi ödəyicisi hesab etmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh bu qənaətə gələrkən qaydaların normalarını səhv tətbiq etmişdir. Belə ki, qaydaların 3.1.1-ci bəndinə riskli əməliyyat kimi, vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərilməsinin aşkar edilməsi qeyd edilmişdir. Hazırkı işdə isə, normada qeyd edilən hallar müəyyən edilmir. Qeyd edilən hal o zaman mövcud ola bilərdi ki, iddiaçının təqdim etdiyi elektron qaimə-fakturalarda satışında “Hava kompressoru EK2-150/2 (150 kgs/sm2), 380V., Mərkəzdənqaçma şaquli su nasosu NSV 100/80 (HL(B 100/80), Dövredici isti su nasosu ENS 4,5/6,2 (ƏHL| 4,5/6,2), Vakuum nasosu VVN-0,75 (BBH-0,75) və s. göstərilməsinə baxmayaraq, aldığı və ya idxal etdiyi mallar həmin mallar deyil, başqa mal olsun. Hazırkı işdə mövcud vəziyyətin yaranmasına səbəb, iddiaçının alışında (idxalında) ümumiyyətlə hər hansı malın göstərilməməsi olmuşdur. Buna səbəb isə, iddiaçının məhsul aldığı vergi ödəyicilərinin elektron qaimə təqdim etməmələri olmuşdur. Baxılan işdə cavabdeh vergi orqanı mikro sahibkar olan iddiaçıya 75% güzəşt tətbiq etməyərək əlavə vergi hesablamışdır. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Vergi Məcəlləsinin: Maddə 102.1. Fiziki şəxslərin aşağıdakı gəlirləri gəlir vergisindən azaddır: - 102.1.30. bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi; Normadan göründüyü kimi gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti 75 faiz gəlir vergisindən azaddır. Digər tərəfdən məhkəmə qeyd edir ki, cavabdehin istinad etdiyi hallar iddiaçının riskli vergi ödəyicisi hesab edilməsinə əsas olsa da belə, cavabdeh iddiaçıya tətbiq etdiyi vergi məbləğini düzgün hesablamamışdır. Belə ki, cavabdeh iddiaçının alışında (idxalında) mal qeyd etmədiyini əsas gətirərək onun gəlirlərinə münasibətdə xərclərini ümumiyyətlə nəzərə almayaraq gəlir vergisi hesablanmışdır. Göründüyü kimi, hesablamanın əsası kimi yalnız 75% güzəşt hüququnun tətbiq edilməməsi olmamış, həmçinin cavabdeh vergi hesablayarkən iddiaçının xərclərini bütövlükdə nəzərə almamışdır. Lakin iddiaçı alınmış malların alış sənədlərini təqdim edə bilməsə də, faktiki olaraq həmin malların alınması üçün xərc çəkilmişdir. Vergi Məcəlləsinin (mübahisələndirilən qərar qəbul edilən zaman qüvvədə olan normaları) 109.9-cu maddəsinə əsasən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü, 14-1 -ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır. Göründüyü kimi qanunvericilikdə riskli və ya əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilən mallar üzrə gəlir əldə edildiyi hallarda xərclər yuxarıda qeyd edilən maddələr üzrə nəzərə alınmaldır. Vergi Məcəlləsinin 14.6.5-ci maddəsinə əsasən alınmış malların (işlərin, xidmətlərin) alış qiyməti bazar qiymətlərindən topdansatış ticarət fəaliyyəti sahəsində 10 faizdən, tikinti və istehsal fəaliyyəti sahəsində 20 faizdən, digər fəaliyyət sahələrində 30 faizdən çox yuxarıdirsa və onların dəyəri gəlirdən çıxılan xərclərə aid edilibsə, aşağıdakı hallarda həmin malların (işlərin, xidmətlərin) dəyəri gəlirdən çıxılan xərclərə bazar qiymətləri ilə aid edilir və vergilər yenidən hesablanır: 14.6.5.1. alınmış malların (işlərin, xidmətlərin) faktiki alış dəyərinin əsassız artırılması aşkar edildiyi halda; 14.6.5.2. mal göndərəni (iş görəni, xidmət göstərəni) müəyyənləşdirmək mümkün olmadıqda. Vergi Məcəlləsinin 14.8-ci maddəsinə əsasən vergi ödəyicisinin dövlət vergi orqanına bu və ya digər əməliyyatda malın (işin, xidmətin) bazar qiymətinin bu maddədə göstərildiyindən fərqli qaydada müəyyənləşdirilməsi barədə sübutlar vermək hüququ vardır. Malın (işin, xidmətin) bazar qiyməti müəyyənləşdirilərkən və təsbit olunarkən malın (işin, xidmətin) bazar qiymətləri və birja kotirovkaları haqqında rəsmi məlumat mənbələrindən, dövlət və yerli hakimiyyət orqanlarının məlumat bazalarından, vergi ödəyicilərinin dövlət vergi orqanlarına verdikləri məlumatdan, yaxud reklam mənbələrinin məlumatından və digər müvafiq məlumatlardan istifadə edilir. Məcəllənin 14.6-cı maddəsində malların bazar qiymətləri müəyyənləşdirilərkən həmin maddədə göstərilən müddəalar nəzərə alınmalıdır. Bazar həmin mal üzrə əməliyyatlar olmadıqda isə 14.6.3-cü maddəsindəki hallar nəzərə alınmaqla bazar qiyməti malın müəyyənləşdirilməlidir. Başqa sözlə Məcəllə burda birbaşa vergi orqanlarının üzərinə bu halların nəzərə alınmasını vergi orqanlarının üzərinə qoymuşdur. Hazırkı işdə vergi orqanları yuxarıda qeyd edilən müddəaların heç birini nəzərə almadan bir başa onun gəlirlərinə gəlir vergisi hesablamışdır. Vergi Məcəlləsinin 67-ci maddəsində hansı hallarda əlaqəli məlumatlardan istifadə etməklə vergilərin hesablaması müəyyən edilmişdir. Burada xərc sənədinin olmaması əsas kimi götürmək olar. Bundan sonra əlaqəli məlumatların siyahısı verilmişdir ki, həmin məlumatlardan istifadə etməklə vergilərin hesablanması qanuni hesab edilir. Həmin siyahıda bir çox əlaqəli məlumatları nəzərdə tutulmuş, lakin təcrübədə ən çox istifadə edilən Nazirlər Kabinetinin 55 saylı qərarı, ekspert rəyi, analoji ödəyici məlumatlarından istifadə olunur. Göründüyü kimi yenə də bu maddə də xərcin ümumiyyətlə nəzərə alınmaması qeyd edilməmişdir. Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən ((mübahisələndirilən qərar qəbul edilən zaman qüvvədə olan norma) vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 saylı qərarına əsasən təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarının” 6.1-ci bəndinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) aşağıdakı şərti üsullardan biri ilə müəyyən edir: 6.1.1. vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında: 6.1.2. vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar xərcləri əsasında. 6.1.3. Vergi ödəyicisinin mənfəəti şərti üsulla müəyyən edilərkən şərti rentabellik norması (R) 20 faiz səviyyəsində götürülür. 6.1.4. Vergi ödəyicisinin mənfəəti çəkilmiş xərclər əsasında şərti üsulla hesablanarkən, çəkilmiş xərclərə Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq mənfəətin hesablanması məqsədləri üçün gəlirdən çıxılan xərclər aid edilir. Hazırkı işdə cavabdeh nə bazar qiyməti əsasında, Nazirlər Kabinetinin 55 saylı qərarı, nə analoji, nə ekspert rəyi əsasında vergiləri hesablamamışdır. Bununla bağlı kameral vergi yoxlaması qərarına da belə bir qanuni əsas müəyyən edilmir. Halbuki Vergi Məcəlləsinə əsasən kameral vergi yoxlaması qərarı əsaslandırılmalı və Vergi Məcəlləsinin müddəalarına istinad edilməklə aparılmalı idi. Göründüyü kimi həm işin faktiki hallarına, həm də qanunvericilik normalarına əsasən vergi orqanları səhvə yol vermiş və onu əsassız vergi öhdəliklərinə cəlb etmişdir. Məhkəmə cavabdehin iddia tələbinə etirazında qeyd etdiyi, şərti rentabelllik norması əsasında verginin hesablanmasının vergi orqanının hüququ olması ilə bağlı qeyd edir ki, istinad edilən normalar dispozitiv deyil, imperativ normalardır. Yəni normalarda “hesablana bilər” ifadəsindən deyil, “hesablanır” ifadəsindən istifadə edilmişdir. Ona görə də, həmin normaların tətbiqinin vergi orqanının hüququ olması barədə cavabdehin dəlillərini məhkəmə əsaslı hesab etmir. Vergi Məcəlləsinin: Maddə 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək, habelə Vergi Məcəlləsinin 23.1.2-ci maddəsinə əsasən vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan, o cümlədən bu Məcəllənin 16.1.6-cı maddəsində nəzərdə tutulmuş məlumat və sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda vergi ödəyicisinin özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Maddə 24.0.1-ci və 24.0.2. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə və vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Maddə 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. Maddə 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Qeyd edilənlərə əsasən, cavabdehin inzibati aktı qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edildiyindən, iddia tələbi təmin olunmalı, cavabdehin mübahisələndirilən qərarı ləğv edilməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********340200 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar