Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1941/2025 28.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı X3 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı X4 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək çıxarışın verilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, 13 nömrəli BŞİ MTK-nın 29 nömrəli evin sakinlərinin 24 noyabr 1991-ci il tarixli 38 nömrəli protokolu ilə X1 iddiaçının xahişi təmin edilmiş və 55 nömrəli mənzilin adı və 4 nəfər paydan ibarət ailə üzvü tərkibi ilə onun adına dəyişdirilərək 13 nömrəli BŞİ MTK-nın üzvlüyünə qəbul edilmişdir. İddiaçı ünvan 1 ünvanda yerləşən yaşayış sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını xahiş etmiş, müraciətin təminindən əsassız olaraq imtina edilmişdir. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılır ki, Bakı ş, Ataturk prospekti 29 saylı evin 55 saylı mənzilinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda və “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunda olan hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Mənzilin ümumi sahəsinin ölçüsü 76,3 kv.m təşkil edir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 05 iyul 2024-cü il tarixli imtina məktubunda qeyd edilir ki, Bakı ş, Ataturk prospekti 29 saylı evin 55 saylı mənzilinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda və “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunda olan hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Ölüm haqqında şəhadətnamədən görünür ki, Əliyev Abgül vəfat etmişdir. 6 aprel 1974-cü il tarixli orderdə qeyd edilir ki, 5 nəfər ailə üzvü nəzərə alınmaqla Nərimanov İcraiyyə Komitəsinin 42 nömrəli 5 noyabr 1974-cü il tarixli qərarı əsasənda adıçəkilən mənzil ayrılmışdır. 38 nömrəli Protokoldan çıxarışda qeyd edilir ki, iddiaçının müraciəti təmin edilmiş, 4 nəfər ailə üzvü nəzərə alınmaqla adıçəkilən mənzil iddiaçının adına keçirilmişdir. Pasportun surətindən görünür ki, iddiaçı Rusiya Federasiyası vətəndaşıdır. Əliyeva Emma, Anatoli Əliyev, Lolita Cuvarlinska, Əliyev Rüstəm tərəfindən verilmiş ərizələrdən görünür ki mənzilin iddiaçının adına keçirilməsinə etiraz edilmir. Dövlət Arxivinin Bakı Filialının 31 iyul 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, orderdə istinad edilən 05 noyabr 1974-cü il tarixli 5 nömrəli qərarlarda vətəndaş X2 adı qeyd edilməmişdir. 5 gün ərzində qüvvəsinin olduğu qeyd edilən 06 noyabr 1974-cü il tarixli orderdən görünür ki, orderin verilməsinə əsas olmuş sənəd kimi 5 noyabr 1974-cü il tarixli qərarın adı çəkilmiş, həmin qərarın tarixində düzəliş edilmişdir. Müvəqqəti orderdə qeyd edilir ki, BQİ-13 adından iddiaçının atası A.Əliyevə order verilmişdir. 24 yanvar 2025-ci il tarixli məktubdan görünür ki, MTK-13ə məxsus olan Ataturk prospekti 29-da 1996-cı ildən yaşayan və 2017-ci il tarixdən kooperativin sədri olan Sərdar Zamanov adlı şəxs mənzil 55-ə aid heç bir sənədinin onda olmadığını və həmin sahədə 1995-ci il tarixdən yaşayış olmadığını bildirmişdir. Həmin binada yerləşən mənzillərə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına dair arxiv qovluğunda olan sənədlərdən görünür ki, mənzillərə dair ilkin hüquqmüəyyənedici sənədlərin içərisində olan orderlər Nərimanov Rayon İcraiyyə Komitəsi və ya Bakı Şəhər İcraiyyə Komitəsi tərəfindən verilmiş orderlərdir. Onların tərtibatına əsas olmuş qərarlardan arxiv çıxarışları təqdim edilmişdir. Dövlət Arxivinin Bakı Filialının növbəti 15 may 2025-ci il tarixli məktubunda qeyd edilir ki, istər xx.xx.1974-cü il tarixli 39, 05 noyabr 1974-cü il tarixli 42 saylı qərarlarında Bakı Filialında qərarlar mövcud olsa belə, Əliyev Abgül, Əliyeva Emma, Əliyeva Lolita, Əliyev Tahir, Artunov Patvakan adlı şəxslər barəsində hər hansı məlumat yoxdur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia rədd edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında,yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6.mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8.bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahı:
1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.1. yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri; 1.2. yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən torpaq qeydləri; 1.3. şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hüququna dair dövlət aktı; 1.4. kənd yaşayış məntəqələrinin və qəsəbələrin torpaqlarından torpaq sahələrinin ayrılması barədə kənd və qəsəbə zəhmətkeş deputatları sovetlərinin qərarları; 1.5. tikinti hüququ barədə notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26dək bağlanmış müqavilələr; 1.6. şəxsi mülkiyyət hüququ ilə yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin verilməsi haqqında notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26-dan sonra bağlanılmış müqavilələr; 1.7. yaşayış evinə tikinti hüququnun təsdiq edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş 1948-ci il avqustun 26-dək qəbul edilmiş qərarları; 1.8. yaşayış evinin (mənzilin) şəxsin mülkiyyətinə verilməsi barədə rayon xalq deputatları sovetləri icraiyyə komitələrinin qərarları və həmin qərarlarda nəzərdə tutulduğu hallarda şəxsin əldə etdiyi yaşayış evinin (mənzilin) dəyərinin ödənilməsi barədə sənəd; 1.9. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında notariat qaydasında təsdiq edilmiş müqavilə (dövlət notariat kontorları olmayan yaşayış məntəqələrində müvafiq rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən təsdiq edilmiş müqavilə); 1.10. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında yoldaşlıq məhkəməsinin qərarı. 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar.
2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.1. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən 1992-ci il yanvarın 24-dən 1995-ci il dekabrın 19-dək verilmiş torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna dair dövlət aktı və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə; 2.2. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar; 2.3. kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (texniki pasportda hüququ müəyyən edən sənədlərə istinadın olduğu və həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); 2.5. Yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri; 2.6. fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar. Bəhs edilən qanunvericiliyin müddəalarından göründüyü kimi, əmlaka hər hansı hüququn, eləcə də mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün hüququ təsdiq edən hüquqmüəyyənedici sənədlərin mövcudluğu mütləqdir ki, işin faktiki hallarından da göründüyü kimi iddiaçı, iddia olunan mənzilə dair hər hansı hüquqmüəyyənedici sənədə malik olmadığından iddianın təmini istisna edilməlidir. İddiaçı tərəfindən təqdim edilən sənədlərin hüquqmüəyyənediciliyi, mötəbərliyi baxımından da məhkəmə qeyd etməyi zəruri hesab edir ki, həmin sənədlərə istinadla da hər hansı hüququn qeydiyyatından söhbət gedə bilməz. Məhkəmə, bununla əlaqədar olaraq ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən atasına iddia olunan mənzilin ailə üzvləri də nəzərə alınmaqla ayrılmasına dair order verilmişdir ki, məhkəmə hesab edir ki, göstərilən orderin hər hansı hüququn yaratmasından söhbət gedə bilməz. İlkin olaraq qeyd edilməlidir ki, 5 gün ərzində öz qüvvəsini saxladığı istinad edilən orderin notariat təsdiqi mövcud olsa da, həmin orderdə səlahiyyətli şəxslərin təsdiqi əksini tapan imza və möhür mövcud olmamış, imza və möhür notariat nüsxəsinin olması ilə əlaqədar olmuşdur ki, məhkəmə hesab edir ki, hər hansı sənədin notariat nüsxəsinin olması, nə qədər ki, hər hansı hüquq yaratmır hər hansı əhəmiyyətinin mövcudluğundan söhbət gedə bilməz. Digər tərəfdən adıçəkilən orderdə 42 saylı 5 noyabr 1974-cü il tarixli Nərimanov Sovet İcraiyyə Komitəsinin qərarına istinad edilmiş, hazırkı orderin məhz adıçəkilən qərar əsasında verildiyi qeyd edilmişdir ki, məhkəmə tərəfindən təkcə orderin özünün yox, eləcə də göstərilən qərarın və qərarda şəxslərin adının mövcud olmasına dair sorğu ünvanlanmış, məlum olmuşdur ki, göstərilən order ümumiyyətlə mövcud olmamış, 5 noyabr 1974-cü il tarixli qərarlar mövcud olsa da, mənzilin ayrılmasına istinad edilən qərarda nə Əliyev Abgül, nə iddiaçı, nə də orderdə istinad edilən digər şəxslərin adı qeyd edilməmişdir. Göründüyü kimi səlahiyyətli qurum tərəfindən təsdiq edilməmiş orderdə istinad edilən qərarın özündə iddiaçı və onun ailə üzvlərinə mənzilin ayrılmasına dair hər hansı qeyd mövcud olmamışdır. İddiaçı eyni zamanda, mənzilin addan-ada keçirilməsinə dair kooperativin protokolundan çıxarış təqdim edilmişdir ki, məhkəmə bununla əlaqədar ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, hər hansı mənzilin bir addan digər ada keçirilməsi üçün ilkin olaraq ilkin adı olan şəxsin hüququnun mövcudluğu mütləqdir. Hazırkı halda isə nə qədər ki, orderdə istinad edilən A.Əliyev və iddiaçı istisna olmaqla digər şəxslərə aid order hüquqmüəyyənedici sənəd xarakteri daşımadığından, kooperativin tərtib etdiyi və müvafiq icra hakimiyyəti tərəfindən təsdiq edilməmiş, yığıncağın sədri və katibi tərəfindən tərtib edilmiş protokolun hüquqmüəyyənedici xüsusiyyətindən söhbət gedə bilməz. Qüvvədən düşmüş Mənzil Məcəlləsinin: Maddə 109. Mənzil-tikinti kooperativi evlərində yaşayış sahəsi almaq hüququ Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar mənzil-tikinti kooperativinə daxil olmaq və orada mənzil almaq ixtiyarına malikdirlər. Mənzil-tikinti kooperativinə daxil olmaq istəyən vətəndaşlar onların yaşayış yerində yerli xalq-deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə yaxud iş yerində yanında kooperativ təşkil olunan müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittİfaqı komitəsinin birgə qərarı ilə uçota götürülürlər. Maddə 112. Mənzil-tikinti kooperativlərinin təşkili və fəaliyyəti qaydası Təşkil edilən mənzil-tikinti kooperativinə daxil olan şəxslərin xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq olunmuş siyahısına daxil edilmiş vətəndaşlar nizamnamənin qeydə alındığı vaxtdan həmin kooperativin üzvü sayılırlar. Mövcud mənziltikinti kooperativinə qəbul olunmuş vətəndaşlar ümumi yığıncağın qərarını müvafiq xalq deputatları Soveti icraiyyə komitəsinin təsdiq etdiyi vaxtdan onun üzvü sayılırlar. Normaların tələbindən də göründüyü kimi kooperativə hazırkı protokolun tərtib edildiyi vaxtda üzvlük müvafiq xalq deputatları Soveti icraiyyə komitəsinin təsdiq etdiyi vaxtdan yaranır. Hazırda təqdim edilən sənəd isə təkcə Kooperativin özü tərəfindən tərtib edilmiş, qərar müvafiq qurum tərəfindən ümumiyyətlə təsdiq edilməmişdir. Digər tərəfdən, məhkəmə oxşar hüquqmüəyyənedici sənədlər əsasında mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasının təmin edilib-edilməməsi barədə sorğu ünvanlamış, sorğuya cavab məktubları ilə həmin binada mənzilin özəlləşdirilməsinin həyata keçirilməsinə əsas olmuş sənədlərlə iddiaçıda mövcud olan sənədlərin müqayisəsi də aparılmışdır ki, məhkəmə hesab edir ki, həmin sənədlərin xüsusiyyətləri, tərtib edilmə cəhətləri, təsdiq edilmə xüsusiyyətləri və s iddia olunan sahə ilə bağlı iddiaçı tərəfindən təqdim edilən sənədlərin mötəbərliyini şübhə altına alır. Qeyd olunur ki, sonradan fərqli formatda təkcə möhürü olan, hər hansı imza ilə təsdiq edilməmiş order və BQİ-13 tərəfindən verilmiş digər formatda order də təqdim edilmişdir ki, məhkəmə hesab edir ki, həmin sənədlər də iddianın təmin edilməsini zəruri edən sənəd hesab edilməməklə, ümumiyyətlə həmin mənzillərə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına dair qovluqda olan istər aidiyyəti icra qurumu, istər kooperativin özünün praktikasında tərtib edilən sənədlərlə uyğunsuzluq təşkil edir. Təqdim edilən arxiv nüsxəsi olan sənədlərdə olan göstərilən mənzillərə dair orderdən, nömrə ardıcıllığından, tərtib edilmə xüsusiyyətlərindən görünür ki, mənzil şəxslərə hansı formada ayrılmış, orderin verilməsinə əsas olan qərar hansı olmuş, eləcə də həmin qərarlarda aidiyyəti şəxslər barəsində məlumat da olmuşdur. Göstərilən müqayisə ilə bağlı qeyd edilməlidir ki, iddiaçının təqdim etdiyi protokoldan çıxarış və orderin tarixi üzrə qovluqda olan sənədlərə baxış keçirilmiş və müəyyən edilmişdir ki, 1991-ci il tarixdə protokoldan çıxarışın təkcə kooperativ tərəfindən tərtib edildiyi həmin tarixdə digər şəxs tərəfindən mötəbərliyi üçün hər hansı şübhə olmayan 034675 nömrəli Nərimanov Rayon İcraiyyə Komitəsi tərəfindən order verilmişdir 1974-cü il tarixləri üzrə müqayisə zamanı isə notariat nüsxəsi təqdim edilən orderə üst hissədə 5 günlük qüvvəsinin olması, Bakı Şəhər Zəhmətkeş Deputatları Sovetinin İcraiyyə Komitəsinin adı qeyd edilmiş, aşağıda isə Nərimanov Rayon Sovet İcraiyyə Komitəsinin adı çəkilmiş, lakin imza və möhürlə təsdiq edilməmişdir, order nömrəsi 6 noyabr 1974-cü il tarixi üçün 10993 olmuşdur. Eyni dövrə aid qovluqda mövcud olan mötəbərliyi şübhə doğurmayan orderdən isə görünür ki, order aidiyyəti şəxs tərəfindən imzalanmış, möhürlə təsdiq edilmişdir, 25 oktyabr 1974-cü il tarixli orderin nömrəsi isə 110956 olmuşdur. Aydın məsələdir ki, oktyabr ayında 110956 nömrələmə ardıcıllığı olduğu bir vəziyyətdə, bir aydan sonra nömrələmənin 10993 formasında olması sənədin mötəbərliyinin əsaslı şühbə altına almaqdadır. İş materiallarında göstərilən orderlə, iddiaçı tərəfindən təqdim edilən order arasında fərq inzibati orqanın order tərtib etmə praktikası baxımından aşkardır və nömrələmədə göstərilən formada ciddi uyğunsuzluq iddianın məhkəmə hesab edir ki, təminini istisna edir. Eləcə də, digər bir orderdə də 24 oktyabr 1974-cü il tarixli order nömrəsi 110919-dur. Həmin dövrə aid qərarda da şəxsin adı vardır. Hazırda istinad edilən orderdə isə, nə iddiaçının və digər ailə üzvlərinin orderin verilməsinə əsas kimi göstərilmiş qərarda adı çıxır,orderin nömrələnməsi ciddi uyğunsuzluq xarakteri daşıyır, tərtib edilmə xüsusiyyətləri inzibati orqanın həmin dövr order tərtib edilmə praktikasına uyğun deyil, müvafiq qurum tərəfindən imzalanmaqla təsdiq edilməmişdir. Odur ki, mənzilin addan-ada dəyişdirilməsinə dair protokoldan çıxarış hər bir halda hər hansı hüquqmüəyyənedici xarakter daşımır. Lakin hər bir halda həmin sənədin özünün də mülkiyyət hüququ yaratma əlamətindən söhbət gedə bilməz. Belə ki, Köhnə Mənzil Məcəlləsinin tələblərinə əsasən müvafiq qurum tərəfindən təsdiq edilməmişdir. Kooperativin özündə də həmin sənədlə bağlı heç bir məlumat yoxdur. Kooperativ tərəfindən məhkəməyə ünvanlanmış məktubdan isə görünür ki, ümumiyyətlə həmin yaşayış sahəsində yaşayış yoxdur. Digər tərəfdən “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun tələbləri baxımından həmin mənzilə hüququn mövcudluğundan söhbət gedə bilməz. Belə ki, Qanunun 1-ci maddəsinin tələbindən görünür ki, Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Adıçəkilən Qanunun: M a d d ə 3. Mənzil fondunun özəlləşdirilməsinin əsas prinsipləri aşağıdakılardır: yaşadıqları mənzillərin bu Qanunda müəyyən edilmiş şərtlər və qaydalarla mülkiyyətə verilməsini tələb etmək barəsində vətəndaşların hüququnun təmin olunması; M a d d ə 4. Dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. M a d d ə 5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Yəni, adıçəkilən Qanun hazırkı münasibətdə tətbiq edilsə belə, şəxsin Azərbaycan Respublikası vətəndaşlığına mənsub olmaması, eləcə də Qanunda göstərildiyi kimi ətəndaşlığı olmayan şəxs kateqoriyasına aid olmaması, Rusiya Federasiyası vətəndaşı olması, eləcə də həmin mənzildə ümumiyyətlə faktiki yaşamaması adıçəkilən Qanunun tətbiqini hər bir halda istisna edir. Odur ki, istər order, istər kooperativ tərəfindən verilmiş protokoldan çıxarış iddiaçı üçün hər hansı hüquq yaratmır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia rədd edilməlidir.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Həsənov