Məhkəmə qərarları › İş №2-1(112)-1942/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1942/2022

25.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1942/2022 25.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X9 qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan X1rşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Bağırov körpüsü”ndə aparılan tikinti-quraşdırma işləri çərçivəsində Bakı şəhəri, Moskva prospekti 80/2 saylı binanın qarşısında 20,6 kv.metr sahədə yerləşmiş 7 nömrəli qarajın sökülməsi ilə bağlı, kompensasiya qismində-təxmini bazar qiymətlərinə uyğun olaraq əmlakın dəyərinin 30,000 (otuz min) manatın, eləcə də bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq-6.000 (altı min) manatın və həmçinin özgəsinin pul vəsaitindən faydalanmağa görə, Azərbaycan Respublikası Mərkəzi Bankının pul öhdəliyinin icra ediləcəyi tarixə müəyyən etdiyi illik uçot faiz dərəcəsinə uyğun qaydada hesablanmış faiz məbləğlərinin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 02 sentyabr 2004-cü il tarixində notarial qaydada təsdiqlənmiş AN-İ № ******* saylı alqı-satqı müqaviləsi əsasında Bakı şəhəri, Moskva prospekti, 80/2 saylı binanın qarşısında 20,6 kv.metr sahədə yerləşmiş 7 nömrəli qarajı manatın denominasiyasından əvvəl 10000000 (on million) manat məbləğində X2 almışdır. Həmin qaraja dair Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 28 sentyabr 2004-cü il tarixli, 30/1690 reyestr nömrəsi ilə qeydə alınmış X3 X8 Pasportu verilmiş və manatın denominasiyasından əvvəl 13000 manat məbləğində dövlət rüsumunun ödənilməsinə dair 047598 saylı ödəniş qəbzi alınmışdır. Təxminən 2008-ci ildə qarajın yerləşdiyi Bakı şəhəri, Moskva prospekti, 80/2 saylı binanın həyətinə gəlmiş və həmin ərazidə Bağırov körpüsünün yeni tunelinin inşa edilməsilə bağlı tikinti işlərinin aparılmasını və qarajın söküldüyünü aşkar etmişdir. Qarajın sökülməsinin səbəbləri barədə yerli sakinlərdən, hadisənin şahidi olmuş şəxslərdən maraqlanmış və onların sözlərinə görə məlum olmuşdur ki, qaraj "xxxx" ASC (hazırkı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi) və Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin göstərişilə sökülmüşdür. İddiaçı kompensasiya almaq məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə və Nərimanov Rayon İcra Hakimiyyətinə müraciət etsə də, müraciəti təmin edilməmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdeh etirazında göstərmişdir ki, İddiaçı ərizə ilə inzibati orqana müraciət etsə də, qeyd etdiyi məsələyə aydınlıq gətirilməsi üçün sözügedən əmlak üzərində qanunvericilikdə nəzərdə tutulmuş qaydada hüquqlarını təsdiq edən hüquqmüəyyənedici sənədlərin notarial qaydada təsdiq edilmiş surətlərini Agentliyə rəsmi təqdim etməyi xahiş olunsa da, İddiaçı inzibati orqanın göstərişini nəzərə almamış və bununla da onun hansı hüququnun pozulması müəyyən olunmamışdır. İddiaçının tələbinin yönəldiyi inzibati icra orqana qarşı hansı hüququnun pozulması barədə heç bir sübut yoxdur. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2021-ci il tarixdə məhkəmə iclasında ərizə təqdim edərək, “Bağırov körpüsü”ndə aparılan tikinti-quraşdırma işləri çərçivəsində Bakı şəhəri, Moskva prospekti, 80/2 saylı binanın qarşısında 20,6 kv.metr sahədə yerləşmiş 7 nömrəli qarajın sökülməsi ilə bağlı, kompensasiya qismində - təxmini bazar qiymətlərinə uyğun olaraq əmlakın dəyərinin 30 000 (otuz min) manat, eləcə də bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq kimi 6000 (altı min) manatın və həmçinin özgəsinin pul vəsaitindən qanunsuz faydalanmağa görə xx.xx.2009-cu il tarixindən etibarən kompensasiya ödəniləcək tarixədək Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi illik 5% uçot faiz dərəcəsinə uyğun qaydada hesablanacaq faiz məbləğinin cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir. Məhkəmənin həmin tarixdə protokol qaydasında qəbul etdiyi qərardadla, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilərək, iddia tələbinin “ “Bağırov körpüsü”ndə aparılan tikinti-quraşdırma işləri çərçivəsində Bakı şəhəri, Moskva prospekti, 80/2 saylı binanın qarşısmda 20,6 kv.metr sahədə yerləşmiş 7 nömrəli qarajın sökülməsi ilə bağlı, kompensasiya qismində - təxmini bazar qiymətlərinə uyğun olaraq əmlakın dəyərinin 30 000 (otuz min) manat, eləcə də bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq kimi 6000 (altı min) manatın və həmçinin özgəsinin pul vəsaitindən qanunsuz faydalanmağa görə xx.xx.2009-cu il tarixindən etibarən kompensasiya ödəniləcək tarixədək Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi illik 5% uçot faiz dərəcəsinə uyğun qaydada hesablanacaq faiz məbləğinin cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qərar qəbul edilsin.” kimi göstərilməsi qərara alınmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyaların ödənilməsi tələbinə dair iddialara da baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın hərəkətləri nəticəsində ona ziyan vurulduğunu irəli sürür və kompensasiyanın ödənilməsini tələb edir. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 89.1-ci maddəsinə görə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1100-cü maddəsinə əsasən, dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Beləliklə, mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması (mülki qanunvericiliyin normalarını pozması) və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2004-cü il tarixli AN-İ ******* nömrəli “daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin təsdiq olunmuş surəti ilə müəyyən olunur ki, satıcı X7 Bakı şəhəri Tİ və MHQİ-nin 30/22416 №-li xx.xx.2004-cü il tarixli 1 №-li arayışına və xx.xx.2003-cü il tarixli, 6/4139 №-li Texniki pasporta əsasən ona məxsus olan Bakı şəhəri, Moskva pr., 80/2 saylı binanın həyətində yerləşən ümumi sahəsi 20,6 kv.metr olan qarajı alıcı İddiaçı satmışdır; Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 22 sentyabr 2021-ci il tarixli və 29 mart 2022-ci il tarixli məktublarında qeyd edilmişdir ki, Bakı şəhəri, Moskva prospekti, 80/2 saylı binanın qarşısında 20.6 m2 sahədə yerləşmiş 7 nömrəli qarajın sökülməsi, həmçinin həmin ünvan üzrə İddiaçı kompensasiyanın ödənilib-ödənilməməsi barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində heç bir məlumat aşkar olunmamışdır; Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin 17 mart 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Heydər Əliyev prospekti ilə kəsişən “Bağırov” körpüsünün yeni tunelin inşa edilməsi ilə əlaqədar həmin ünvan üzrə daşınmaz əmlakların dövlət ehtiyacları üçün alınması zamanı qeyd olunan ərazidə 1 kv.metr yaşayış və qeyri-yaşayış sahələrinə hesablanmış və ödənilmiş kompensasiya ilə əlaqədar Xidmətdə hər hansı bir məlumat yoxdur; Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının 14 aprel 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Moskva prospekti 80/2 saylı binanın qarşısında yerləşən qaraj Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən sökülməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı sözgedən tikilinin cavabdeh tərəfindən söküldüyünü iddia etsə də, buna dair biri digərini tamamlayan mötəbər dəlillərə istinad etməmiş, bu hallar məhkəmə araşdırması zamanı da təsdiqini tapmamış və hər hansı mötəbər sübutla dəstəklənmədiyi halda isə yalnız şifahi bildirilənlərə əsasən iddianın əsaslı olması qənaətinə gəlmək mümkün deyildir. Beləliklə, işdə olan sənədlərlə iddia olunan tikilinin cavabdeh tərəfindən sökülməsi təsdiq olunmur. Cavabdehin qanunsuz hərəkəti nəticəsində iddiaçıya zərər dəyməsi, söküntünün həyata keçirilməsi sübuta yetmir. Belə olduqda, iddiaçı zərərin əvəzini tələb etmək hüququna malik olmur. İddiaçının cavabdehin qanunsuz hərəkətinə görə hüququnun pozulması, pozulmuş hüququnun bərpa edilməsi üçün çəkdiyi və çəkməli olduğu xərclər də öz təsdiqini tapmır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan X1rşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar