Məhkəmə qərarları › İş №2-1(112)-1942/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1942/2024

25.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1942/2024 25.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədli Səidə Səfər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə oğlunun, Cavabdehin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Albalı 1” bağ massivində yerləşən 1200 kv.m torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikası Bakı şəhəri, Sabunçu rayonu, Maştağa Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli sərəncamına əsasən “Albalı 1” bağ massivində yerləşən 1200 kv.m torpaq sahəsi ayrılaraq fərdi bağ evi tikintisi üçün onun istifadəsinə verilmişdir. Belə ki, sözügedən Albalı 1” bağ massivində yerləşən 1200 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması zərurəti yaranmışdır. Bununla bağlı cavabdeh orqan olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət olunsa da, heç bir cavab verilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli ərizələr ilə İdarəyə müraciət etmiş və xx.xx.2023-cü il və xx.xx.2023cü il tarixli məktublarla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, bələdiyyə tərəfindən qəbul edilmiş akt kollegial orqan olan bələdiyyənin qərarı ilə deyil, sədrin təkbaşına qəbul etdiyi sərəncamla həyata keçirilmişdir. Bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Plenumun Qərarında hüquqi mövqe mövcuddur. Həmçinin ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilmiş alqı-satqı aktı təqdim edilməmişdir. Təqdim olunan Bakı şəhəri Sabunçu rayonu, Maştağa Bələdiyyəsinin 593 nömrəli qərarı xx.xx.2007-ci il tarixli olmaqla qüvvədə olan qanunvericiliyin tələblərinə cavab vermir. Belə ki, “X6 edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə xx.xx.2007-ci il tarixdə edilmiş dəyişikliyə əsasən bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi “Vişnyovka-1” bağ massivində yerləşməklə, “650” ilə bağlayan bağların ərazisinə uyğun gəlir və torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən qeyd edilən bağ sahəsinə dair hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Elektrik şəbəkələrinin mühafizəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə tənzimlənir. “X6 edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə xx.xx.2007-ci il tarixdə edilmiş dəyişikliyinə əsasən 2007-ci il dekabr ayından etibarən bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin satışı, qanunvericiliklə müəyyən edilmiş bəzi hallar istisna olmaqla, açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə həyata keçirilir. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamənin 22-ci bəndinə əsasən bələdiyyə hərraca və ya müsabiqəyə çıxarılan torpaq sahəsi üzərində onun mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edərək, həmin qərarın bir nüsxəsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, daşınmaz əmlakın kadastr xəritəsindən çıxarış və qeydiyyata alınmış hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış ilə birlikdə hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Azərbaycan Respublikası Prezidentinin 1997- ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş və 08 iyul 2014-cü ilədək qüvvədə olmuş “Torpaqların alqı- satqısı” qaydalarına əsasən rayon, şəhər bələdiyyə orqanı 5 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir. “X6 edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən həmin qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini keçmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyrikənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı tərəf iddianı müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştrak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməməlidir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Bakı şəhəri Sabunçu rayonu Maştağa Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 133 nömrəli məktubunda bildirilmişdir ki, müvafiq qaydalara uyğun olaraq Maştağa bələdiyyəsinin sənədləri aidiyyəti üzrə saxlanılmasından ötrü Dövlət Milli Arxiv İdarəsinə təhvil verilmişdir. Ona görə də sənədlərin alınmasından ötrü həmin idarəyə müraciət olunmasını məqsədə müvafiq sayırıq. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialınınn xx.xx.2023-cü il tarixli 3-48-2F/2-06075/2023 nömrəli məktubu ilə göndərilmiş sənədin surətindən görünür ki: - Bakı şəhəri Sabunçu rayonu Maştağa Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 593 saylı sərəncamı ilə Maştağa qəsəbəsi “Albalı İ” bağ massivində fərdi bağ evi tikintisi üçün İddiaçı 1200 kv.m torpaq sahəsi ayrılmışdır. İş materiallarına əlavə edilmiş Maştağa Bələdiyyəsinin 19 dekabr 2007-ci il tarixli 593 nömrəli sərəncamı ilə İddiaçı İ Albalıq bağlar sahəsində ayrılmış nəzərdə tutulan 1200 kv.m torpaq sahəsinin yerləşmə sxemi F.A.Manafov tərəfindən tərtib edilmiş, Maştağa Bələdiyyəsinin sədri Həsrət Həsənzadə tərəfindən 19 dekabr 2007-ci il tarixli imzası ilə təsdiq edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2023-cü il tarixli 3-35-1/2-2253/2023 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti- Planlaşdırma Mərkəzinin arxivində mövcud olan müvafiq sənədlərə baxış nəticəsində qeyd edilən məsələ ilə bağlı sənəd aşkar edilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC-nin Mərkəzin arxivində aparılmış araşdırma nəticəsində Maştağa bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 593 nömrəli Sərəncamı ilə İddiaçı 1200 kv.m torpaq sahəsinin ayrılmasına dair hər-hansı məlumat aşkar edilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********41 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı adına Bakı şəhəri, Sabunçu rayonu, Albalı 1 bağ massivində yerləşən 1200 kv.m ölçülü torpaq sahəsi ilə bağlı sənəd idarənin arxivində aşkar edilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-9/2-38977-3-191/2023 nömrəli məktubunda bildirilmişdir ki, Sabunçu rayonu Maştağa bələdiyyəsinin xx.xx.2007-cı il tarixli 593 saylı sərəncamının Bələdiyyələrlə iş mərkəzində qeydiyyata alınmamışdır. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə göndərilmiş Daşınmaz Əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2023-cü il tarixli müayinə aktından görünür ki, Vişnyovka ərazisində yerləşən torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə 1200.0 kv.m, faktiki olaraq 1200.0 kv.m təşkil edir. Mişar daşı ilə hasarlanmışdır. 1 tərəf yol, 1 hissə dalan, 3 tərəf qonşu, 2 mərtəbəli yaşayış evi. Ərizəçi ilə əlaqə saxlanıldı. xx.xx.2023-cü il tarixdə baxış keçirilmişdir. Heç bir dəyişiklik etmədiyini bildirilmişdir. Göstərilən torpaq sahəsinin və YGEX-inin koordinat cədvəli akta əlavə edildi. Torpaq sahəsinin Şərq sərhədi boyunca 6 kv-lıq YGEX-i keçir. Təqdim edilmiş iddia olunan ərazinin ortofoto görüntüsündən görünür ki, iddiaçı tərərfindən iddia olunan torpağın qonşuluğunda **********87, **********99, **********32- 11301 reyestr nömrəli daşınmaz əmlaklar yerləşir. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, **********75 nömrəli məktubu ilə göndərilmiş **********87, **********99, **********32-11301 reyestr nömrəli torpaq sahələrinin ilkin qeydiyyata alınmasına əsas olmuş sənədlərin surətindən görünür ki: - X4 və X5 ərazisindəki 655a nömrəli bağın istifadəyə verilməsi haqqında xx.xx.2003-cü il tarixli 27895 saylı müqaviləsindən görünür ki, “Birlik” adlandırılacaq X4 və istismarı Birliyi Sabunçu rayonu, Vişnyovka ərazisində 0.12 ha torpaq sahəsi olan 655a nömrəli bağ sahəsini istifadəçi X9 istifadəsinə verir. - X4 və X5 ərazisindəki 657 nömrəli bağın istifadəyə verilməsi haqqında xx.xx.2005-ci il tarixli 8484 saylı müqaviləsindən görünür ki, “Birlik” adlandırılacaq X4 və istismarı Birliyi Sabunçu rayonu, Vişnyovka ərazisində 0.12 ha torpaq sahəsi olan 657 nömrəli bağ sahəsini istifadəçi X2 istifadəsinə verir. - X4 və X5 ərazisindəki 657a nömrəli bağın istifadəyə verilməsi haqqında xx.xx.2005-ci il tarixli 19704 saylı müqaviləsindən görünür ki, “Birlik” adlandırılacaq X4 və istismarı Birliyi Sabunçu rayonu, Vişnyovka ərazisində 0.12 ha torpaq sahəsi olan 657a nömrəli bağ sahəsini istifadəçi X3 istifadəsinə verir. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, **********65 nömrəli məktubu ilə göndərilmiş Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ sahəsi, 773 saylı bağ evinin, eləcə də 762 saylı bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində ilkin qeydiyyata alınmasına əsas olmuş sənədlərin surətindən görünür ki: - X4 və X5 ərazisindəki 773 nömrəli bağın istifadəyə verilməsi haqqında xx.xx.2006-cı il tarixli 5358 saylı müqaviləsindən görünür ki, “Birlik” adlandırılacaq X4 və istismarı Birliyi Sabunçu rayonu, Vişnyovka ərazisində 0.12 ha torpaq sahəsi olan 773 nömrəli bağ sahəsini istifadəçi Vəkil istifadəsinə verir. - X4 və X5 ərazisindəki 762 nömrəli bağın istifadəyə verilməsi haqqında xx.xx.1997-ci il tarixli 8454 saylı müqaviləsindən görünür ki, “Birlik” adlandırılacaq X4 və istismarı Birliyi Sabunçu rayonu, Vişnyovka ərazisində 0.12 ha torpaq sahəsi olan 762 nömrəli bağ sahəsini istifadəçi X1 istifadəsinə verir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır”. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyəti üzrə əsassızdır. Hazırkı iş üzrə iddiaçı Bakı şəhəri Sabunçu rayonu Maştağa Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 593 saylı sərəncamı ilə ona Maştağa qəsəbəsi “Albalı İ” bağ massivində fərdi bağ evi tikintisi üçün 1200 kv.m torpaq sahəsinin ayrıldığını əsas gətirərək, həmin torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyatını mübahisələndirir. Cavabdeh orqanın müraciətin təminindən imtinasının əsasları aşağıdakılardan ibarət olmuşdur: -bələdiyyə tərəfindən qəbul edilmiş akt kollegial orqan olan bələdiyyənin qərarı ilə deyil, sədrin təkbaşına qəbul etdiyi sərəncamla həyata keçirilmişdir. -ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilmiş alqısatqı aktı təqdim edilməmişdir. -Təqdim olunan Bakı şəhəri Sabunçu rayonu, Maştağa Bələdiyyəsinin 593 nömrəli qərarı xx.xx.2007-ci il tarixli olmaqla qüvvədə olan qanunvericiliyin tələblərinə cavab vermir. Belə ki, “X6 edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə xx.xx.2007-ci il tarixdə edilmiş dəyişikliyə əsasən bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi “Vişnyovka- 1” bağ massivində yerləşməklə, “650” ilə bağlayan bağların ərazisinə uyğun gəlir. -torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Məhkəmə iddiaçının iddia tələbi və cavabdehin imtina əsasları ilə bağlı aşağıdakıları qeyd edir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. -8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. Göründüyü kimi, qanunverici bələdiyyəyə məxsus əmlakın mülkiyyətə verilməsinə dair inzibati aktı daşınmaz əmlaka hüququn dövlət reyestrində qeydə alınması üçün əsas kimi müəyyən etmişdir. xx.xx.2008-ci il tarixli dəyişikliyə qədər qüvvədə olmuş “X6 edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun aşağıdakı maddələrinə əsasən: -6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. - 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. - 6.5 Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi (“müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər) alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. - 6.7. Bələdiyyələr on gün müddətində ərizəyə baxır və Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada (torpaqayırma sənədləri hazır olduqdan sonra) torpaq sahəsinin verilməsi barədə qərar qəbul edirlər. Həmin qərar torpaq sahəsinin naturada (yerdə) ayrılması və torpaq üzərində hüquqlara dair sənədlərin verilməsi üçün əsasdır. - 9.1. Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları bələdiyyələrin qərarı ilə bilavasitə, torpaq hərracları və ya müsabiqələri vasitəsilə satıla bilər. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnaməyə (xx.xx.2008-ci il dəyişikliyədək qüvvədə olan redaksiyası) aşağıdakı bəndlərinə əsasən: - 1. Bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. - 4. Bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqlarının, habelə bələdiyyə torpaqlarının satışı bələdiyyələrin qərarı ilə bilavasitə, torpaq hərracları və ya müsabiqələri vasitəsilə "X6 edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu və 10-cu maddələrinə və bu Əsasnaməyə uyğun olaraq həyata keçirilir. - 7. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. - 18. Müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin və ərizəçinin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. - 19. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planını (cizgisini) sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. - 21. Müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları) ayrılması nəzərdə tutulan torpaq sahəsinin planını (cizgisini) təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir. - 22. Bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə baxaraq 5 gün müddətində torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə ayrılması barədə (torpaq sahəsi mülkiyyətə verildiyi halda dəyəri ödənildikdən sonra) qərar qəbul edir. -23. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə verilməsi barədə bələdiyyənin qərarından sonra həmin sahənin sərhədləri yerdə (naturada) yerquruluşu qaydasında müəyyən edilir. Yuxarıda sadalanan hüquq münasibətlərinin yarandığı dövr qüvvədə olan normalardan müəyyən olunur ki, xx.xx.2007-ci il tarixdə bələdiyyə torpaq sahəsi ayırması üçün: 1.torpaq sahəsi ilə bağlı Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumlarının və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətlərinin (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) rəyini əldə edir;

2. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumu həmin torpaq sahəsinin planını (cizgisini) təsdiq edir və torpaq sahəsinin normativ qiymətini müəyyən edir və həmin sənədləri bələdiyyəyə təqdim edir;

3. həmin sənədlər bələdiyyəyə daxil olduqdan sonra torpaq sahəsinin şəxsin mülkiyyətinə verilməsi ilə bağlı qərar qəbul edir.

4. şəxslə bələdiyyə arasında torpaq sahəsinin alqı-satqısına dair müqavilə bağlanır. Hazırkı iş üzrə iddiaçıya torpaq sahəsi ayrılarkən həmin dövrdə qüvvədə olmuş qanunvericiliklə tələb olunan normalara əməl edilməmiş, torpağın bələdiyyə ilə alqı satqısına dair müqavilə, kassa mədaxil qəbzi təqdim edilməmiş, DTXK tərəfindən təsdiq edilmiş torpaq sahəsinin alqı-satqı aktı tərtib edilməmiş, Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyi alınmamışdır. Eləcə də torpaq sahəsinin kollegial orqan olan bələdiyyə üzlərinin kollegial iclasında qəbul edilmiş qərarla deyil, sədrin təkbaşına qəbul etiyi sərəncamla ayrıldığı müəyyən olunur. Belə ki, torpaqayırma sənədi olan xx.xx.2007-ci il tarixli sərəncamda bələdiyyənin iclas protokoluna istinad edilməmişdir. Eyni zamanda hazırkı iş üzrə naturada göstərilən mübahisəli torpaq sahəsinin mülkiyyət formasına gəlincə məhkəmə aşağıdakıları qeyd edir. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin həm imtina məktubu, həm də məhkəmə sorğusuna cavabında vahid elektron kadastr baza məlumatlarına əsasən koordinatlarla verilmiş sahənin bağ massivi olduğu, “Vişnyovka-1” bağ massivində yerləşməklə, “650” ilə bağlayan bağların ərazisinə uyğun gəldiyi, dövlət mülkiyyəti torpağı olduğu qeyd edilmişdir. Sahənin Bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. Məhkəmə qeyd edir ki, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən dövlət torpaq kadastrı — torpaq istifadəçiliyinin dövlət qeydiyyatı, torpaqların kəmiyyət və keyfiyyətcə uçotu, bonitirovkası və iqtisadi qiymətləndirilməsi üzrə məlumatların məcmusudur. Həmin Qanunun 6-cı maddəsinə əsasən dövlət torpaq kadastrına aşağıdakı məlumatlar daxildir: torpaq sahələrinin hüquqi statusu; torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququ; torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəriciləri; torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi; torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar qanunvericiliklə müəyyən olunmuş digər məlumatlar. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri tərəfindən dövlət torpaq kadastrına daxil edilməli məlumatların torpaq-kadastr işlərini aparan müvafiq icra hakimiyyəti orqanına (Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi) təqdim edilməsi məcburidir. Dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. Həmin Qanunun 7-ci maddəsinə görə dövlət torpaq kadastrı məlumatlarının qeydiyyatı torpaqların hüquqi statusunun, rejiminin, kəmiyyət və keyfiyyət göstəricilərinin uçotunu aparmaq və torpaq münasibətlərinin tənzimlənməsinə nəzarət etmək məqsədilə həyata keçirilir. Dövlət torpaq kadastrı məlumatlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi) tərəfindən müəyyən edilmiş qaydada vahid sistem üzrə aparılır. Dövlət torpaq kadastrının məlumatları Azərbaycan Respublikasının torpaq qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət torpaq reyestrində qeydiyyata alınır. Göründüyü kimi, torpaqların hüquqi statusu dövlət torpaq kadastrına daxil edilən məlumatlardan biridir və həmin məlumatlar cavabdehin tabe olduğu təşkilat tərəfindən həyata keçirilir. Beləliklə, dövlət torpaq kadastrının məlumatlarının həqiqətə uyğunluğu kadastrı aparan orqanın məlumatına əsasən müəyyən edilməlidir. Belə ki, qanun birbaşa təsbit etmişdir ki, dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli, 271 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Bələdiyyələrin Dövlət reyestrinə daxil edilən bələdiyyələrin xəritələrinin hazırlanması Qaydası”nın 7-ci hissəsinə əsasən Azərbaycan Respublikasının 2009-cu il 29 dekabr tarixli, 936-İİİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyələrin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında Əsasnamə”nin 3.4.5-ci bəndinə əsasən bələdiyyələrin hüdudlarındakı torpaqların torpaq sahəsi kimi dövlət torpaq kadastrı məlumatlarının dürüstləşdirilməsi (dəqiqləşdirilməsi) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən aparılır (bənd 7.1). Bələdiyyələrin Dövlət reyestrinə daxil edilmiş bələdiyyələrin xəritələrində onların ərazisi (o cümlədən, sərhədləri, döngə nöqtələri və onların koordinatları) barədə məlumatlar dövlət torpaq kadastrının aparılması üçün əsas götürülür (bənd 7.2). Buna görə də məhkəmə hesab edir ki, hazırkı halda mübahisəli torpaq sahəsinin dövlət və ya bələdiyyə torpağına aid olması müəyyən edilərkən dövlət torpaq kadastrını həyata keçirən orqanın tabe təşkilatı olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin məlumatı əsas götürülməlidir. Məhkəmə bu qənaətə həm də o halı nəzərə alır ki, məhkəmə sorğusu ilə əldə edilmiş iddiaçı tərəfindən naturada göstərilən torpaq sahəsinin ətrafında qeydiyyatdan keçmiş qonşu daşınmaz əmlaklara dair hüquqmüəyyənedici sənədlərdən görünür ki, qonşu torpaq sahələri 655a, 657, 657a saylı bağ sahələri olmaqla dövlət mülkiyyətində, bağ massivinə aid torpaq sahələri olmaqla X4 və İstismarı Birliyi ilə bağlanmış bağların icarəyə verilməsi ilə bağlı müqavilələr əsasında vətəndaşların istifadəsinə verilmiş və qeydiyyata alınmış torpaq sahələridir. Həmçinin, iddiaçının torpaq sahəsinin yaxınlığında yerləşdiyini iddia etdiyi 762 və 773 nömrəli bağ sahələrinin də Vişnyovka-1 bağ massivinə aid olmaqla X4 və istismarı Birliyi ilə bağlanmış müqavilələr əasında mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alındığı müəyyən olunur. Beləliklə, göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, mübahisəli torpaq sahəsinin bələdiyyə ərazisi olmadığından, eləcə də Maştağa bələdiyyəsinə aid olması müəyyən edilmədiyindən aydın olur ki, onun müvafiq torpaq ayrıma səlahiyyəti olmamışdır. Beləliklə, iddiaçının hüquqmüəyyənedici əsas qismində təqdim etdiyi sənəd qanunvericiliyin tələblərinə uyğun olmadığından məhkəmə hesab edir ki, həmin hüquqmüəyyənedici sənədə əsasən daşınmaz əmlaka hüququn qeydiyyatı aparıla bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı iddia tələbi məcburetmə haqqında iddialara deyil, öhdəliyin icrası haqqında iddialara aid olsa da cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı halda iddiaçı iddia tələbinin əsaslılığını sübuta yetirə bilməmişdir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı:

İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər.

Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar