Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1945/2024 16.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon İdarəsinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Sərəbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon İdarəsinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 16 fevral 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.2005-ci ildə Bakı şəhərində doğulmuşdur. İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdeh tərəfindən Silahlı Qüvvələrdə hərbi xidmətə göndərilmişdir. N nömrəli hərbi hissənin komandirinin xx.xx.2023-cü il tarixli 788 nömrəli göndərişi ilə iddiaçı MN Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən 16 may 2023-cü il tarixli 5430 №-li “Xəstəlik haqqında şəhadətnamə” ilə şəhadətləndirilmişdir. Şəhadətnaməyə əsasən HHK-nın hərbi xidmətə, hərbi-uçot ixtisas üzrə xidmətə və s. yararlılıq haqqında “Xəstəliklər cədvəli”nin 66c maddəsinin İİ qrafasında və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertiza haqqına Əsasnamə”yə qoşma) əsasən sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır. İddiaçı ona dəymiş maddi və mənəvi ziyana görə təzminat ödənilməsi ilə bağlı Azərbaycan Respublikası Sərəbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Sabunçu Rayon İdarəsinə müraciət etmiş, iddiaçının müraciətinin təmin olunmasından xx.xx.2023-cü il tarixli məktubla imtina edilmişdir. İmtina məktubunda qeyd edilmişdir ki, “ərizənizdə iddia etdiyiniz məsələlərlə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon idarəsi tərəfindən hər hansı bir təzminatların ödənilməsi nəzərdə tutulmamışdır. İddianız məhkəmə predmetidir və məhkəmə orqanlarına müraciətiniz əsasında araşdırıla bilər”. İddia tələbi, tələbin əsaslandırılması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək: 1) Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ona qarşı etdiyi qanunsuz hərəkətlərə hüquqi qiymət verilməsini; 2) Qanunsuz hərbi xidmətə aparılmağı ilə əlaqədar əldən çıxmış gündəlik qazancı və ailəsinə onun durumu ilə bağlı dəymiş 10000 manat maddi ziyanın; 3) Qanunsuz hərbi xidmətə məcbur edildiyi üçün 30000 manat; 4) Ümumilikdə, ona və ailəsinə dəymiş 50000 manat məbləğində maddi-mənəvi ziyanın cavabdehdən tutularaq ona ödənməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2023-cü il yanvar ayında Azərbaycan Respublikası Sərəbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Sabunçu Rayon İdarəsi tərəfindən həqiqi hərbi xidmətə göndərilmişdir. Göndərildiyi N saylı hərbi hissənin Tibbi xidməti tərəfindən N saylı hərbi hissəyə yeni hospitala təkrar müayinəyə göndərilmişdir. 2023-cü il yanvar ayının 19-da hərbi xidmətə uyğunsuzluğu ilə əlaqədar Azərbaycan Respublikası Sərəbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Sabunçu Rayon İdarəsinə geri qaytarılmışdır. Yanvar ayının 20-də Azərbaycan Respublikası Sərəbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Sabunçu Rayon İdarəsinə gəlmiş və idarə tərəfindən hərbi xidmətdən azad olunmasını istəmişdir. Ancaq sağlam və hərbi xidmətə yararlı olmağını sübut etmək üçün onu təkrar müayinəyə cəlb etmişlər. Onun təkrar müayinə üçün aparıldığı heç bir yerdə sağlam olduğu təsdiqlənməmişdir. Ancaq 3 saylı klinik xəstəxanadan saxta bir arayış alaraq, yanvar ayının 30-da onu təkrar hərbi xidmətə göndərmişlər. Beləliklə, onun yaramadığı halda qanunsuz hərbi xidmət dövrü başlamış və may ayının 25-dək davam etmişdir. Yalnız atası X1 müxtəlif instansiyalara davamlı şikayətlərinə baxıldıqdan sonra tərxis olunaraq buraxılmışdır. Hərbi xidmətə qanunsuz aparıldığı dövrə qədər Balaxanı qəsəbəsi ərazisində plastik tullantıların yığılması ilə məşğul olur və gündəlik pul qazanaraq ailəsinə kömək edirdi. Qanunsuz hərbi xidmətə aparılmağı ilə əlaqədar həmin qazancını da itirmiş, qanunsuz hərbi xidmət zamanı ağır xəstəlik keçirmişdir. Onurğa sütununun deformasiyası daha da pisləşərək dözülməz ağrılara səbəb olur. Cavabdehin etirazları: Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizələri onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati kompensasiya tələbi haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İddialar ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçların prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən edilməlidir. İşin mübahisələndirilməyən hallarına görə, iddiaçı cavabdeh İdarə tərəfindən xx.xx.2023-cü ildə şəhadətləndirilərək hərbi xidmətə yararlı hesab edilmiş və Silahlı Qüvvələrdə hərbi xidmətə göndərilmişdir. Lakin N nömrəli hərbi hissənin komandirinin xx.xx.2023-cü il tarixli 788 nömrəli göndərişi ilə iddiaçı MN Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən 16 may 2023-cü il tarixli 5430 №-li “Xəstəlik haqqında şəhadətnamə” ilə şəhadətləndirilmiş və Şəhadətnaməyə əsasən HHK-nın hərbi xidmətə, hərbi-uçot ixtisas üzrə xidmətə və s. yararlılıq haqqında “Xəstəliklər cədvəli”nin 66c maddəsinin İİ qrafasında və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertiza haqqına Əsasnamə”yə qoşma) əsasən sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmiş və hərbi xidmətdən tərxis olunmuşdur. İddiaçının hazırkı tələbi irəli sürməkdə hüquqi marağı onun qanunsuz olaraq hərbi xidmətə aparılması ilə bağlı uğradığı maddi və mənəvi ziyanın cavabdeh tərəfindən kompensasiya edilməsidir. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina edərkən heç bir əsaslandırma etmədən iddiaçıya məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslıdır. “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Qanun (1995-ci ildə qüvvədə olan redaksiyada) (2011-ci il 23 dekabr tarixli, 274-İVQ nömrəli Qanunla ləğv edilmişdir): Maddə 7. Vətəndaşların çağırış məntəqələrinə təhkim edilməsi Kişi cinsli vətəndaşlar 17 yaşının tamam olduğu il rayonlarda, şəhərlərdə və şəhər rayonlarında yaradılan çağırış məntəqələrinə təhkim edilməlidirlər. (...) Vətəndaşlar çağırış məntəqələrinə təhkim edilərkən onların hərbi xidmətə yararlılığını müəyyən etmək məqsədilə mütəxəssis-həkimlər tərəfindən hökmən tibbi müayinə edilməli, habelə xidmət prosesində onlardan daha məqsədəuyğun istifadə etmək yolunu müəyyənləşdirmək üçün psixoloji müayinə edilməlidirlər. (...) Maddə 10. Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarının vəzifələri Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarına aşağıdakı vəzifələr tapşırılır: çağırış məntəqələrinə təhkim edilən vətəndaşların tibbi müayinəsini təşkil etmək və hərbi xidmətdə istifadə üçün ilkin təyinatı müəyyən etmək; (...) çağırışçıların tibbi müayinəsini təşkil etmək; (...) Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında Qanunda və bu Qanunda nəzərdə tutulmuş əsaslar üzrə müddətli hərbi xidmətə çağırışa möhlət vermək və ya çağırışdan azad etmək; ... Maddə 13. Tibbi müayinədən keçməyin məcburiliyi və rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının qərarı Müddətli hərbi xidmətə çağırılan bütün vətəndaşlar mütəxəssis həkimlər-cərrah, can həkimi, nevropatoloq, psixiatr, köz həkimi, qulaq-burunboğaz həkimi, diş həkimi tərəfindən, zərurət olduqda isə müalicə idarələrindən göndərilən başqa ixtisaslı həkimlər tərəfindən hökmən tibbi müayinədən keçirilir. Tibbi müayinənin nəticələrinə uyğun olaraq rayon, şəhər, şəhərdə rayon çağırış komissiyası hərbi-həkim ekspertizası haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi Əsasnamə üzrə aşağıdakılar barəsində qərar çıxarıb çağırışçıya elan edir: hərbi xidmətə yararlılıq haqqında səhhətinə görə hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa bir ilədək müddətə möhlət verilməsi haqqında; dinc dövrdə hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq və ehtiyata daxil edilmə haqqında; hərbi uçotdan çıxarılmaqla hərbi xidmətə yararsızlıq haqqında. Çağırışçının tibbi müayinəsinin nəticələri haqqında çağırış komissiyasının qərarından respublika çağırış komissiyasına şikayət verilə bilər. Mülki Məcəllə: Maddə 21.2 zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. – Maddə 1096.1 mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Maddə 1097.1 mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1115 zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertiza haqqına Əsasnamə”yə qoşma “Xəstəliklər cədvəli”nin bənd 66 - Onurğanın xəstəlikləri və onların nəticələri (anadangəlmə deformasiyalar və inkişaf qüsurlarından başqa): C bəndi - funksiyaların cüzi dərəcədə pozulması ilə; 8.3. «Xəstəliklər cədvəli»ndə hərbi xidmətə yararlılığın aşağıdakı kateqoriyaları nəzərdə tutulmuşdur: «C» — sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır; Məhkəmə qeyd edir ki, hazırkı iddia tələbinin əsaslı olub-olmamasının müəyyən edilməsi üçün iddiaçının sülh dövründə hərbi xidmətə yararsız hesab edilməsi ilə bağlı hərbi xidmətə aparılması ilə bağlı şəhadətləndirilərkən həmin xəstəliyin onda mövcud olub-olmamasının müəyyən edilməsi zərurdir. Bu halın müəyyən edilməsi ilə bağlı məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tibbi ekspertizasının keçirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli T 12/2024 №-li ekspert rəyində qeyd edilmişdir ki, vətəndaş İddiaçı tibbi sənədlərinə əsasən “Th7, Th8 fəqərələrinin cüzi pazvari deformasiyası, L1-L5 fəqərəsinin rotasiyası ilə müşayiət olunan onurğa sütununun bel nahiyəsinin ikinci mərhələ 14 dərəcə təsbit olunmuş skoliozu, hər iki gözün sadə miopik astiqmatizmi, sağda Em və M 2,OD, solda Em və M 1,25D nəticəsində görmə itiliyinin 0,4-ə qədər azalması, korreksiya ilə 1,0 olmaqla, zəif qidalanma, BÇİ-16,8, çoxsaylı kariyes” diaqnozu ilə Hərbi Həkim Komissiyası tərəfindən “Xəstəliklər cədvəli”nin 66c maddəsinin İİ qrafasına və ƏTCyə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 59 №-li qərarı ilə təsdiq edilmiş “Hərbi-Həkim Komissiyası haqqında Əsasnamə”yə qoşma) əsasən düzgün olaraq Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir. Onun adına “Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” Phş-də tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ********** saylı arayışa əsasən müəyyən edilmiş “Onurğanın anadangəlmə sağ tərəfli döş-bel tipli üçüncü dərəcəli (təx. 26 dərəcə) skoliozu Q76.3” diaqnoz (adından da göründüyü kimi) anadangəlmədir. İddiaçı məhz onurğanın xəstəlikləri və onların nəticələri (anadangəlmə deformasiyalar və inkişaf qüsurlarından başqa) diaqnozu ilə hərbi xidmətə yararsız hesab edilmişdir. Lakin buna baxmayaraq cavabdeh tərəfindən müddətli həqiqi hərbi xidmətə yararlı sayılaraq hərbi xidmətə göndərilmişdir. İddiaçının sağlamlıq vəziyyəti ilkin çağırış zamanı cavabdeh tərəfindən düzgün qiymətləndirilməmiş, xidmətə yararsız olduğu halda yararlı hesab edilərək xidmətə göndərilmişdir. İddiaçı tələbində 10000 manat maddi ziyan tələb etmiş və bunu plastik tullantıların yığımı ilə məşğul olması və gündəlik 50-60 manat qazanc əldə etməsi ilə əsaslandırmışdır. Lakin iddiaçı bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə maddi ziyanın məbləğini müəyyən edərkən qeyd edir ki, iddiaçı 2023-cü ilin yanvar ayının 30-dan hərbi xidmətə aparılmış və may ayının 25-dək hərbi xidmətdə olmuşdur (4 ay). Ona görə də, məhkəmə hesab edir ki, maddi ziyan yalnız iddiaçının hərbi xidmətdə olduğu dövrü əhatə etməlidir. İddiaçı maddi ziyanla bağlı hər hansı sübut təqdim etmədiyinə görə, məhkəmə hesab edir ki, maddi ziyanın məbləği 2023-cü il üçün qüvvədə olan yaşayış minimumu ilə müəyyən edilməlidir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu”na əsasən həmin ildə ölkə üzrə yaşayış minimumu 246 manat olmuşdur. Ona görə də, maddi ziyanın məbləği 984 manat (246x 4 ay) müəyyən edilməlidir. Mənəvi ziyan hissədə iddia tələbi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı 40000 manat mənəvi ziyan tələb edir (10000 manat maddi, ümumlikdə 50000 manat). Lakin bu barədə müvafiq qərarın çıxarılmasını tələb etməsində ifadə olunan hər hansı sübutu məhkəməyə təqdim etməmiş, tələbini əsaslandırdığı bu halları sübut edə bilməmişdir. Eyni zamanda iddiaçı istinad etdiyi halları həmin məbləğə münasibətdə əsaslandırmamışdır. Ona görə də, məhkəmə mənəvi ziyanın tutulması hissədə 1500 manat pulun cavabdehdən tutulmasını ağlabatan hesab edir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli, 7 № li Qərarında qeyd edilmişdir ki, “...zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər”. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, 984 manat maddi ziyan, 1500 manat mənəvi ziyan, ümumilikdə 2484 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia tələbi qismən təmin edilsin. 984 manat maddi ziyan, 1500 manat mənəvi ziyan, ümumilikdə 2484 manat pul Azərbaycan Respublikası Sərəbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon İdarəsindən tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə rləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-1945/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1945/2024
16.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver