Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1947/2022 21.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi İslamov Tamerlan Cəlil oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Təhsildə X1rşı üçüncü şəxs qismində cəlb edilməklə “ali təhsilə aid kvalifikasiyanın tanınması və şəhadətnamənin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Təhsildə X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X5” tərəfindən adına verilmiş bakalavr və “X3 Universiteti” tərəfindən adına verilmi magistr diplomunun təsdiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2013-cü ildə “X5”nun birinci kursuna qəbul olunmuşdur. Maddi vəziyyəti ilə əlaqədar olaraq 28.04.2016-cı il tarixdə İnstitut rəhbərliyinə ərizə yazaraq 01.09.2016-cı il tarixdən 01.05.2017-ci il tarixədək onlayn və elektron formada təhsil almaqla bütün imtahanları əyani şəkildə verməyi öhdəsinə götürmüşdür. İnstitut rəhbərliyi onun maddi durumunu nəzərə alaraq ərizəsini qəbul etmişdir. O bütün proqramı mənimsəyərək diplom müdafiəsini və dövlət imtahanlarını uğurla başa vurmuşdur. Sonra isə magistr təhsilini “X3 Universiteti”ndə almışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi məhkəməyə təqdim etdiyi iddiaya dair yazılı etirazında göstərmişdir ki, iddiaçı aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. Cavabdeh müraciətə baxaraq təhsil aldığı ölkədə olduğu qısa müddət ərzində tədris yükünü yerinə yetirməyi qeyri-mümkün olduğu üçün iddiaçıya müvafiq sənədin verilməsindən imtina etmişdir. İddiaçının təqdim etdiyi diplom Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalarfna uyğun gəlmədiyi müəyyən edilmişdir. İddiaçı həmin təhsil müəssisəsinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olmuşdur (İ il-7 ay 6 gün, İİ il-6 ay 23 gün, İİİ il-8 ay 19 gün, İV il-1 ay 6 gün). Belə ki, İV kursda göstərilən müddət ərzində diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirmək qeyri-mümkündür. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2010-cu il tarixli 88 nömrəli qərarı ilə təsdiq edilmiş “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”nın 1.2-ci bəndinə görə magistratura səviyyəsində bakalavr təhsili bazasından ayrı-ayrı ixtisasların ixtisaslaşmaları üzə müvafiq təhsil proqramlarının əsasında mütəxəssislər hazırlanır. Nəticədə, Azərbaycan Respublikasında magistratura təhsili bakalavriat ixtisasının ixtisaslaşmaları üzrə həyata keçirilir. İddiaçının bakalavr pilləsi üzrə aldığı ixtisasın tanınması ilə bağlı imtina cavabı alması səbəbilə onun magistr pilləsi üzrə aldığı kvalifikasiyanın tanınması qeyri-mümkün hesab edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 13 və 48-ci maddələrinə əsasən iddiaçının nümayəndəsinə hüquqi yardım göstərilərək iddia tələbinin dəqiqləşdirilməsi təklif olunmuşdur. İddiaçının nümayəndəsi 01.11.2021-ci il tarixdə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin “Müstəqil qeyri-kommersiya ali təhsil müəssisəsi “X4” tərəfindən adıma verilmiş 137705 ******* nömrəli, 05 iyun 2017-ci il tarixli bakalavr pilləsi üzrə ali təhsilə aid kvalifikasiyanın və Federal dövlət müstəqil ali təhsil müəssisəsi “X3 Universiteti” tərəfindən adıma verilmiş 107704 ******* nömrəli,16 iyun 2020-ci il tarixli magistr pilləsi üzrə ali təhsilə aid kvalifikasiyanın tanınması haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş edirəm.” kimi göstərilməsini xahiş etmişdir. Həmin tarixdə məhkəmənin protokol qaydasında qəbul etdiyi qərardadla ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, cavabdehin mübahisələndirdiyi sonuncu kursda təhsil aldığı ölkədə az olmasının səbəbi maddi və ailə vəziyyəti ilə əlaqədar olmuş, bu barədə İnstitut rəhbərliyinə müraciət etmiş və onlayn şəkildə proqramı mənimsəyərək diplom müdafiəsini və dövlət imtahanlarını uğurla başa vurmuşdur. İddiaçı hazırda “X3 Universiteti”ndə ali təhsilin aspirantura pilləsi üzrə təhsilini davam etdirməkdədir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş, cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək tərəflərindən verilmiş etiraza uyğun izahat verərək iddianın təmin olunmamasını xahiş etmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, bakalavr pilləsi üzrə imtinanın əsası yalnız İV kursda həmin ölkədə olduğu müddətlə bağlıdır. Magistr pilləsi üzrə isə imtina verilməsinin səbəbi bakalavr diplomu üzrə ixtisasın tanınmaması olmuşdur. Magistr üzrə başqa imtina əsası müəyyən edilməmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmiş və əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxsin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1995-ci ildə doğulmuşdur; Rusiya Federasiyasının Müstəqil qeyri-kommersiya ali təhsil müəssisəsi “X4” tərəfindən verilmiş 137705 ******* nömrəli, 05 iyun 2017-ci il tarixli bakalavr diplomunun azərbaycan dilinə tərcümə olunmaqla notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, Dövlət İmtahan Komissiyasının qərarı ilə İddiaçı “Hüquqşünaslıq” hazırlıq istiqaməti üzrə bakalavr dərəcəsini almışdır. Diplom Moskva şəhər Təhsil Departamenti tərəfindən 26.12.2017-ci ildə 216335 nömrəsi ilə 05.10.1961-ci il tarixli Haaqa Konvensiyasına əsasən apostil edilmişdir; Rusiya Federasiyasının Federal dövlət müstəqil ali təhsil müəssisəsi “X3 Universiteti” tərəfindən verilmiş 107704 ******* nömrəli, 16 iyun 2020-ci il tarixli magistr diplomunun azərbaycan dilinə tərcümə olunmaqla notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, Dövlət İmtahan Komissiyasının qərarı ilə İddiaçı “Hüquqşünaslıq” hazırlıq istiqaməti üzrə magistr dərəcəsini almışdır. Diplom Moskva şəhər Təhsil Departamenti tərəfindən 08.09.2020-ci ildə 537808 nömrəsi ilə 05.10.1961-ci il tarixli Haaqa Konvensiyasına əsasən apostil edilmişdir. İddiaçı hazırkı tələblə cavabdeh orqana elektron qaydada müraciət etmiş, cavab olaraq, “X5”nun tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında onun həmin ölkədə qısa müddət ərzində olması əsası ilə diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməyinin qeyri-mümkün olması, magistratura səviyyəsi üçün baza rolunu oynayan bakalavr diplomu üzrə ixtisasın ölkə ərazisində tanınmaması olmaması səbəbindən müraciətinin təmin olunmasından imtina edilmişdir. İş materiallarından görünür ki, iddiaçının “X4”nda bakalavr təhsil pilləsində, “X3 Universiteti”ndə magistr pilləsi üzrə “Hüquqşünaslıq” ixtisası üzrə təhsil alması və ona müvafiq diplomların verilməsi işin mübahisələndirilməyən halıdır. Cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən işin mübahisələndirilən halı iddiaçının bakalavr pilləsi üzrə yalnız İV kursda 1 ay 6 gün olmaqla (digər kurslar yetərli hesab edilmişdir) təhsil aldığı ölkədə qısa müddət ərzində olması əsası ilə diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməyinin qeyri-mümkün olmasıdır. Magistr pilləsi üzrə isə iddiaçının təhsil aldığı ölkədə olduğu müddət və ya başqa hər hansı bir hal mübahisələndirməmiş, yalnız bakalavr pilləsi üzrə aldığı ixtisasın tanınmasından imtina olunmasına istinad edilmişdir. Məhkəmə gəldiyi nəticənin əsaslandırılmasına keçməzdən öncə vurğulayır ki, iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçını tələbləri həm bakalavr, həm də magistr pilləsi üzrə ali təhsilə aid kvalifikasiyanın tanınmasına nail olmaqdan ibarətdir. Məhkəmə qeyd edir ki, magistr pilləsi üzrə alınan ixtisasın tanınmaması cavabdeh tərəfindən yalnız bakalavr üzrə ixtisasın tanınmaması ilə əsaslandırıldığından, başqa sözlə, ikinci tələbin (magistr) hüquqi müqəddəratı bilavasitə birinci tələbdən (bakalavr) asılı olduğundan, hər iki tələbə hazırkı icraat çərçivəsində baxılması və qiymət verilməsi mümkün və “prosessual qənaət” prinsipinə uyğundur. Məhkəmə işin sadalanan halları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun: 27.4-cü maddəsinə əsasən, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir; 29.0.21-ci maddəsinə əsasən, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur; 44.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 05.09.2009-cu il tarixli, 156 nömrəli Fərmanının 2.2-ci bəndində əsasən Qanunun 29.0.21 (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarının müəyyən olunması üzrə) və 44.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 203 nömrəli 01.03.2005-ci il Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.27- 8.28-ci bəndlərinə görə nazirlik xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasını həyata keçirir və xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasına dair sənədlər verir. Azərbaycan Respublikasının 30.09.1997-ci il tarixli 367-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən, bilik və bacarıqlara əsaslanan ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər (ixtisasın məzmunu və ya profili, dərs yükünün həcmi, diplom işi və ya dissertasiyanın yazılması tələbləri) aşkar edildikdə ixtisasın tanınmasından imtina edilə bilər. Qiymətləndirmə meyarlarına əsasən, tanınma zamanı a) tədrisin nəticələri; b) gələcək fəaliyyətə çıxış; c) proqramın əsas elementləri; d) qiymətləndirmə üzrə mütəxəssis tərəfindən sənədləşdirilmiş, proqramların keyfiyyəti arasında əhəmiyyətli fərq olduqda tanınma yox alternativ, hissəvi və ya şərti tanınma məsələsinə baxıla bilər. Bu bənddə qeyd edilir ki, “hər bir halda tanınma qərarı yalnız kəmiyyət meyarına (təhsil müddəti) əsaslana bilməz, keyfiyyət meyarı mütləq nəzərə alınmalıdır”. Bu Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2000-ci il mart tarixli, 346 nömrəli Sərəncamının 1-ci bəndinin icrası ilə əlaqədar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları” təsdiq edilmişdir. Həmin Qaydaların: 1.1-ci bəndinə əsasən, bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli, 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır; 1.5-ci bəndinə əsasən, “xarici dövlətlərin ali təhsil sahəsində ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi bu ixtisasın alındığını təsdiq edən sənədlərin sahiblərini Azərbaycan Respublikasında isə qəbul zamanı bu respublikanın qanunvericiliyində müəyyən edilmiş ümumi tələbləri gözləməkdən azad etmir”; 1.6-cı bəndinə əsasən, xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir; 3.2-ci bəndinə əsasən, ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra); 3.6-cı bəndinə əsasən, ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. 3.7-ci bəndinə əsasən, 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2010-cu il tarixli, 88 nömrəli qərarı ilə təsdiq edilmiş, “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”nın 1.2-ci bəndinə əsasən, magistr hazırlığı ali təhsilin ikinci səviyyəsi olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş magistr ixtisaslaşmalarının (proqramlarının) təsnifatına uyğun müvafiq ixtisaslaşmalar üzrə mütəxəssis hazırlığının həyata keçirilməsini təmin edir. Bu səviyyədə bakalavr təhsili bazasından ayrı-ayrı ixtisasların ixtisaslaşmaları üzrə müvafiq təhsil proqramları əsasında mütəxəssislər hazırlanır. Qeyd olunmalıdır ki, mövcud qanunvericilik (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”) ekvivalentlik haqqında şəhadətnamənin verilməsindən imtina üçün mənfi rəyin olmasını mütləq sayır və həmin rəylərdən biri də “ekspert rəyi”dir. Mənfi rəyin verilməsi üçün əsaslara gəldikdə isə, hansı ki yuxarıda göstərilən Qaylararın 3.7-ci bəndində nəzərdə tutulmuşdur, iddiaçıya münasibətdə nə inzibati icraatda, nə də hazırkı inzibati məhkəmə icraatında müəyyən edilməmişdir. Cavabdehin imtinasını (iddia ərizəsinə etirazını) əsaslandırdığı iddiaçının bakalavr pilləsi üzrə İV kursda təhsil aldığını ölkədə qısa müddət ərzində olması ilə bağlı məhkəmə qeyd edir ki, təhsil almaq üçün tələb olunan müddətin qarşılığında vətəndaşın həmin ölkədə qısa müddət ərzində olması dəlili özü - özlüyündə bir qədər qeyri-müəyyəndir. Belə ki, sözü gedən dəlil Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-ci bəndində mənfi rəyin verilməsinə əsas olan hal kimi təsbit edilməmişdir. Belə ki, həmin bəndə əsasən xarici ölkədə alınan təhsilin ümumi normativ müddəti, sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar və təhsilin forması ilə bağlı qiymətləndirmə meyarları nəzərdə tutulmuşdur ki, iddiaçının ixtisasının bu meyarlardan birinə uyğun gəlmədiyi iş üzrə sübuta yetirilmir. Belə ki, iddiaçının təhsilinin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olmamış, ona verilən bakalavr diplomunun verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olmamış, aldığı təhsilin forması (əyani) Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə mövcud təhsil formasına uyğun olmuşdur. İş materiallarında olan, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin 06.10.2021-ci il tarixli məktubunda göstərilən, iddiaçının sərhədkeçmə hesabatından görünür ki, iddiaçı 22.09.2013-20.03.2014, 22.05.2014-26.12.2014, 24.01.2015- 21.04.2015, 06.09.2015-25.05.2016, 24.05.2017-14.02.2018-ci il tarixlərdə təhsil aldığı Rusiya Federasiyasında olmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçı bakalavr pilləsi üzrə ilk üç kursda (6,7 və 8 aydan çox olmaqla), həmçinin magistr pilləsi üzrə təhsil aldığı hər iki kursda (hər kurs 9 ay olmaqla) uzun müddət təhsil aldığı xarici ölkədə olmuş, yalnız İV kurs üzrə həmin ölkədə digər dövrlərlə müqayisədə az (1 ay 6 gün) olmasının səbəbi barədə məhkəməyə sübut (ailə vəziyyəti ilə bağlı təhsil müəssisəsinə ünvanladığı ərizəsi) təqdim etmiş, bundan əlavə, iddiaçının təhsil aldığı müəssisə tərəfindən tədris yükünün tam mənimsənilməsinə görə bakalavr diplomu verilmişdir. Məhkəmə xüsusilə vurğulayır ki, iddiaçının bakalavr pilləsi ilə yanaşı magistr pilləsində də təhsil alması, o cümlədən işdə olan sənədlərdən göründüyü kimi, aspirantura pilləsi üzrə həmin ölkədə təhsilini davam etdirməsi ağlabatan mühakimə əsasında iddiaçının mübahisələndirilən bakalavr pilləsi üzrə tədris yükünü mənimsəməsi və formal xarakter daşımaması qənaətinə gəlməyə əsas verir. Qeyd olunanlar nəzərə alındıqda, bakalavr pilləsində yalnız bir kurs üzrə müddətin az olmasına istinad etməklə iddiaçının müraciətinin təmin edilməməsi, nəticə etibarilə, hər hansı başqa səbəb olmadan ali təhsilin digər səviyyələri üzrə alınan ixtisasların tanınmamasına səbəb olacaqdır ki, bu da “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsində nəzərdə tutulan “mütənasiblik” prinsipinə uyğun və şəxsin hüquqlarının məhdudlaşdırılmasına münasibətdə ədalətli hesab edilə bilməz. Mütənasiblik prinsipinə müvafiq olaraq, inzibati orqanın hüquqlara müdaxilə edən tədbirləri inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, eləcə də həmin məqsədə çatmaq üçün zəruri və yararlı olmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tədris yükünü yerinə yetirdiyi halda, mənfi rəyin verilməsinə əsas olan qanunvericiliklə nəzərdə tutulan hər hansı halın mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilməmişdir. Məhkəmənin birinci tələb üzrə gəldiyi nəticə (bakalavr pilləsi üzrə ali təhsilə aid kvalifikasiyanın tanınması) ikinci tələbin də təmin edilməsini şərtləndirmişdir. Məhkəmə qeyd olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək, belə nəticəyə gəlir ki, hazırkı mübahisə üzrə mövcud qanunvericilikdə (AR NK-nin 13.05.2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş Qaydalarda) ali təhsilə aid kvalifikasiyanın tanınmasından imtina üçün əsas kimi nəzərdə tutulan hallar mövcud olmadığından, həmçinin Qaydaların 3.7-ci bəndi ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticəsinə iş üzrə riayət edilmədiyindən, cavabdeh inzibati orqanın İddiaçı aid həm bakalavr, həm də magistr pilləsi üzrə ali təhsilə aid kvalifikasiyanın tanınmasından imtinası formal tələblərə əsaslanır. Odur ki, cavabdehin imtinası iddiaçının təhsil və əmək hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilərək, İddiaçı adına Müstəqil qeyri-kommersiya ali təhsil müəssisəsi “X4” tərəfindən verilmiş 137705 ******* nömrəli, 05 iyun 2017-ci il tarixli bakalavr pilləsi üzrə ali təhsilə aid kvalifikasiyanın və Federal dövlət müstəqil ali təhsil müəssisəsi “X3 Universiteti” tərəfindən verilmiş 107704 ******* nömrəli, 16 iyun 2020-ci il tarixli magistr pilləsi üzrə ali təhsilə aid kvalifikasiyanın tanınması haqqında şəhadətnamənin verilməsi öhdəliyi Təhsildə Keyfiyyət Təminatı Agentliyinə həvalə edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı adına Müstəqil qeyri-kommersiya ali təhsil müəssisəsi “X4” tərəfindən verilmiş 137705 ******* nömrəli, 05 iyun 2017-ci il tarixli bakalavr pilləsi üzrə ali təhsilə aid kvalifikasiyanın və Federal dövlət müstəqil ali təhsil müəssisəsi “X3 Universiteti” tərəfindən verilmiş 107704 ******* nömrəli, 16 iyun 2020-ci il tarixli magistr pilləsi üzrə ali təhsilə aid kvalifikasiyanın tanınması haqqında şəhadətnamənin verilməsi öhdəliyi Təhsildə Keyfiyyət Təminatı Agentliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-1947/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1947/2022
21.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver