Məhkəmə qərarları › İş №2-1(112)-1947/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1947/2024

05.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1947/2024 05.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi ilə tərəflərin və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslərin iştirakı olmadan İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə qarşı (inzibati məhkəmə icraatına üçüncü şəxslər qismində X19, X4, X28, X29, X26, X20 və X21 cəlb olunmaqla) «yaşayış sahəsindən qeydiyyatdan çıxarılma» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə qarşı «yaşayış sahəsindən qeydiyyatdan çıxarılma» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə cavabdehə təqdim edilmişdir. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. İddia ərizəsində bildirilir ki, Bakı şəhəri 37 saylı Notariat Kontorunda 21 oktyabr 2015-ci il tarixdə İddiaçı ilə X19 arasında Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, H.Allahverdiyev küçəsi, 126 C saylı mənzil barəsində “daşınmaz əmlakın bağışlanması müqaviləsi” rəsmiləşdirılmişdir. İddiaçı həmin vaxtdan sözügedən ünvana qeydiyyata düşmüşdür. O, həmin mənzildə ailəsi ilə birlikdə 2007-ci ildən yaşayır. X19 və onun ailə üzvləri həmin mənzildə qeydiyyatda qalsalar da, onların ayrıca yaşayış sahələri var. 2022ci ildə X26 və X22 məhkəmədə hazırkı İddiaçı və Bakı şəhəri 37 saylı Notariat Kontoruna qarşı bağışlama müqaviləsinin etibarsızlığı tələbi ilə iddia qaldırmışlar. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-162/2022 saylı iş üzrə 1 iyun 2022-ci il tarixli qətnaməsi ilə həmin iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 5690/2022 saylı iş üzrə 28 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə iş üzrə iddiaçıların apellyasiya şikayəti təmin olunmamışdır. Ali Məhkəmənin 2(102)-587/2023 saylı iş üzrə 23 fevral 2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin olunmamışdır. X19 və onun ailə üzvləri bağışlama müqaviləsindən şikayət versələr də, uzun illərdir ki, həmin ünvanda yaşamırlar, lakin iddiaçıya məxsus mənzildə qeydiyyatda qalmışlar. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* saylı 18 may 2023-cü il tarixli arayışı ilə təsdiq olunmuşdur ki, Suraxanı rayonu, Zığ qəsəbəsi, Hatəm Allahverdiyev küçəsi, 126C saylı evdə 19 dekabr 1961-ci il təvəllüdlü X4, 10 iyul 2015-ci il təvəllüdlü X21, 29 noyabr 2000-ci il təvəllüdlü X28, 12 avqust 1990-cı il təvəllüdlü X29, 29 mart 1992-ci il təvəllüdlü X26, 6 may 1970-ci il təvəllüdlü X19 və 9 may 1994-cü il təvəllüdlü X20, eləcə də hazırkı iddiaçı və onun ailə üzvləri – X19, X23, X17, X18, X24 və X9 qeydiyyatdadırlar. Ailə üzvlərimin qeydiyyatı mübahisələndirilmir. Bakı şəhəri Suraxanı RİH başçısının Zığ qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 5 iyul 2023-cü il tarixli 5-20/2-2-7/23 saylı arayışı ilə təsdiq olunur ki, Zığ qəsəbəsi, Hatəm Allahverdiyev küçəsi, 126C saylı evdə X4, X28, X29, X26, X19, X25 2007-ci ildən qeydiyyatdadırlar. X19 2015-ci ildə iddiaçı ilə bağışlama müqaviləsi bağladıqdan sonra özü və yuxarıda adları qeyd olunan ailə üzvləri bu ünvanda yaşamamışlar. Bununla belə, onlar iddiaçıya məxsus evdən qeydiyyatdan çıxmamışlar. Evin bütün kommunal xərclərini iddiaçı ödəyir. İddiaçı ona məxsus evdən həmin şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı cavabdeh Bakı şəhəri Suraxanı RPİ-yə müraciət etmişdir. Lakin cavabdehin 18 iyul 2023-cü il tarixli məktubu ilə ona bildirilmişdir ki, vətəndaşların qeydiyyatdan çıxarılması DİO-nun səlahiyyətinə aid olmadığından və «Yaşayış yeri və olduğu yer haqqında» Qanunun 9-cu bəndinin tələblərinə zidd olduğundan qaldırılan məsələnin həlli mümkün deyil və bu barədə aidiyyəti üzrə məhkəməyə müraciət oluna bilər. Göstərilənlərə və İPMin 33-cü maddəsinə, «Yaşayış yeri və olduğu yer haqqında» Qanunun müddəalarına əsaslanaraq, məhkəmədən iddiaçıya məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, H.Allahverdiyev küçəsi, 126C saylı evdən X10, X2, X14, X15, X11, X5 və X6 qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Bakı şəhəri Suraxanı RPİ-nin üzərinə qoyulması barədə qərar çıxarılması xahiş olunur. Məhkəmənin qərardadı ilə X19, X4, X28, X29, X26, X20 və X21 inzibati məhkəmə icraatına üçüncü üçüncü şəxs qismində cəlb edilmişlər. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə və üçüncü şəxslərə bildiriş ünvanlanmışdır. Tərərflər və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İş materiallarında olan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 13 noyabr 2015-ci il) surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Hətəm Abdullayev küçəsi, 126C saylı evə İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivinin İddiaçı ünvanlanmış 25 iyun 2023-cü il tarixli məktubunda bildirilir ki, ünvan ariat Ofisində 31 oktyabr 2015-ci il tarixdə 4Ə-200 reyestr nömrəsi ilə təsdiq edilmiş müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi barədə arxivə məlumat daxil olmamışdır. İş materiallarından görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 162/2022 saylı iş üzrə 1 iyun 2022-ci il tarixli qətnaməsi ilə iddiaçılar X12 və X7 cavabdehlər X13, İddiaçı və Bakı şəhəri 37 saylı Dövlət Notariat Kontoruna qarşı «müqavilənin etibarsız sayılması» tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5890/2022 saylı iş üzrə 28 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə iddiaçı tərəfin apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Suraxabı Rayon Məhkəməsinin 1 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-587/2023 saylı iş üzrə 23 fevral 2023cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən 6 saylı Bakı “ASAN xidmət” mərkəzi vasitəsilə alınmış ******* nömrəli 18 may 2023-cü il tarixli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışdan görünür ki, X19, X4, X28, X29, X26, X20 və X21 Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, H.Allahverdiyev küçəsi, 126C saylı evdə qeydiyyatdadırlar. İş materiallarından görünür ki, hədiyyə verən X19 ilə hədiyyə alan İddiaçı arasında notarial qaydada 21 oktyabr 2015-ci il tarixli “daşınmaz əmlakın bağışlanması müqaviləsi” bağlanmışdır və həmin müqavilənin müddəalarına görə hədiyyə verən ona məxsus Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, H.Allahverdiyev küçəsi, 126C saylı evi (əvəzi ödənilmədən) hədiyyə alanın mülkiyyətinə vermişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı RPİ-nin İddiaçı ünvanlanmış 18 iyul 2023-cü il tarixli məktubunda bildirilir ki, vətəndaşların qeydiyyatdan çıxarılması DİO-nun səlahiyyətlərinə aid olmadığından və «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 9-cu maddəsinə zidd olduğundan, müraciətin müsbət həlli mümkün deyildir. Odur ki, məhkəməyə müraciət oluna bilər. İş materiallarında olan Bakı şəhəri Suraxanı RİH başçısının Zığ qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin müvafiq sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış 15 dekabr 2023-cü il tarixli məktubunda bildirilir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında 18 may 2023-cü il tarixli ******* saylı arayışı və Zığ qəsəbə nümayəndəliyinin tabeliyində olan təsərrüfat kitablarına əsasən X4, X21, X28, X29, X26, X19 və X1 rayonu, Zığ qəsəbəsi, Hatəm Allahverdiyev küçəsi, 126 C saylı evdə 2007-ci ildən qeydiyyatda olsalar da, bu ünvanda yaşamırlar. Qonşular arasında aparılan sorğuya əsasən və X3 məlumatına görə (AA 1755756, telefon-**********) İddiaçı bu ünvanda tək yaşayır. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, H.Allahverdiyev küçəsi, 126C saylı evdən hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxslər qismində cəlb olunmuş X8, X2, X14, X15, X11, X5 və X6 qeydiyyatdan çıxarılması ilə bağlı cavabdeh inzibati orqan Bakı şəhəri Suraxanı RPİ-yə müraciət etdiyindən, cavabdeh isə, həmin məsələnin həllindən imtina etdiyindən, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «İnzibati icraat haqqında» Qanunun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 1-ci maddəsinə görə Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə görə şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer – onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin – müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin – müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Həmin Qanunun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: yaşayış yerini dəyişdikdə – yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən başqa ölkədə yaşayış yeri seçdikdə – müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən, ömürlük azadlıqdan məhrum edildikdə – məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında, öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə – ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında, qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə – məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 14 iyun 1996-cı il tarixli 493 nömrəli Fərmanının 2.3-cü bəndinə görə «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu bəndində (birinci abzasında və birinci bəndində) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər. Azərbaycan Respublikasının 8 dekabr 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”nin 14-cü bəndinə əsasən vətəndaş olduğu yerdən getdikdə müvafiq icra hakimiyyəti orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixdə qərara almışdır ki: - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir; - «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir; - Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Göründüyü kimi, mövcud qanunvericilik şəxsin yaşayış yeri üzrə qeydiyyat çıxarılması üçün halları müəyyən etmiş və “şəxsin yaşayış yerini dəyişməsi” və “şəxsin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” belə hallara aiddir. Nəzərə alınmalıdır ki, şəxsin yaşayış sahəsindən qeydiyyatdan çıxarılmasının qanunvericiliklə müəyyən edilmiş digər əsasları hazırkı mübahisə ilə uzlaşmır və belə əsasların iş üzrə müəyyən edilməsinin yoxlanılmasına zərurət yaranmır. Məhkəmə diqqətə çatdırır ki, iş materiallarından göründüyü kimi hazırda Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, H.Allahverdiyev küçəsi, 136C saylı evə sahiblik, istifadə və sərəncam hüquqları İddiaçı məxsusdur. Təbii ki, bu hüququn yaranmasının əsası kimi müqavilə çıxış edir. Həmin hüquq isə, iddiaçıya köhnə mülkiyyətçidən keçmişdir ki, köhnə mülkiyyətçi əvvəllər əmlaka dair ona məxsus olmuş mülkiyyət hüququndan əvəzi ödənilmədən imtina edərək onun başqa şəxsə keçməsi ilə bağlı iradə ifadəsini nümayiş etdirmişdir. Eyni zamanda, köhnə mülkiyyətçi ilə qohumluq əlaqəsində, habelə onun ailə üzvü olan və evdə qeydiyyatda olan yetkinlik yaşına çatmış şəxsin hər hansı şəxsin də həmin müqavilənin bağlanmasına öz etirazı mümkün görünmür. Buna görə də iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuş X8, X2, X14, X15, X11, X5 və X6 Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, H.Allahverdiyev küçəsi, 126C saylı ev üzərində hər hansı hüququnun olması ehtimalı qalmır. Həmçinin hazırkı məhkəmə icraatına üçüncü şəxslər qismində cəlb olunmuş X19 və digərləri İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, H.Allahverdiyev küçəsi, 126C saylı evə hər hansı hüququnun mövcudluğunun müəyyən edilməsinə dair nə cavabdeh inzibati orqan, nə də üçüncü şəxslər özləri hər hansı sübut, dəlil təqdim etməmişlər. Nəzərə alınmalıdır ki, məhkəmə icraatı üzrə ona ünvanlanmış məhkəmə bildirişləri də üçüncü şəxslərin qeydiyyatda olduğu ünvana göndərilmişdir. Odur ki, məhkəmənin qənaətinə görə üçüncü şəxslər X19 və digərləri İddiaçı məxsus evdə yaşamadığından (bu hal cavabdeh tərəfindən təkzib olunmur), eləcə də onların həmin yaşayış sahəsinə hər hansı hüququ müəyyən edilmədiyindən, cavabdeh Bakı şəhəri Suraxanı RPİ tərəfindən həmin yaşayış sahəsindən mülkiyyətçi kimi hazırkı iddiaçının müraciəti əsasında həmin şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı imtinası qanuna zidd sayılmalı və iddiaçının mülkiyyətçi kimi hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, H.Allahverdiyev küçəsi, 126C saylı evdən X8, X2, X14, X15, X11, X5 və X6 qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Suraxanı RPİ-nin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 52, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, H.Allahverdiyev küçəsi, 126C saylı evdən X8, X2, X14, X15, X11, X5 və X6 qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar