Məhkəmə qərarları › İş №2-1(112)-1948/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1948/2021

19.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1948/2021 19.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X5 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X2, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı pensiyanın yenidən hesablanması tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxx 2020-ci il tarixdən deputat pensiyasının tam şəkildə təyin edilməsi və ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1952-ci il tarixində Salyan şəhərində anadan olmuşdur. xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2005-ci il tarixə kimi ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı işləmişdir. xx xxxxx 2006-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisi Aparatının Milli Məclisin işinin təşkili şöbəsinə müdir müavini vəzifəsinə təyin edilmişdir. xx xxxxxx 2006-cı il tarixdə Dövlət qulluğunun müşaviri ixtisas dərəcəsi almışdır. xx xxxx 2007-ci il tarixdə Dövlət qulluğunun baş müşaviri ixtisas dərəcəsi almışdır. xx xxxx 2010-cu il tarixdə 3-cü dərəcəli dövlət müşaviri ixtisas dərəcəsi verilib. xx xxxxx 2020-ci il tarixdə “Dövlət qulluğu haqqında” Qanununun 33.1.1-ci maddəsinə əsasən dövlət qulluğuna xitam verilmişdir. 2008-ci il tarixdən əlilliklə bağlı Azərbaycan Respublikası Milli Məclisinin deputat pensiyasının 50 %ni alır. xx.xx.2020-ci tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə deputat pensiyasının tam həcmdə ona təyin olunması barədə müraciət etsə də, müraciətinə heç bir cavab verilməmişdir. xx.xx.2020-ci il tarixdə təkrar müraciətinə bugünə kimi heç bir cavab verilməmişdir. Təkrar müraciətinə cavab verilməməsi cavabdeh İdarənin pensiya məbləğinin verilməsindən imtina hesab olunduğundan məhkəmədə iddia qaldırmalı olmuşdur. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh məhkəməyə iddiaya qarşı münasibət (etiraz) təqdim edərək bildirmişdir ki, iddiaçıya Fondun Binəqədi rayon Şöbəsi tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.1-ci və 20.2-ci maddələrinin x xxxx 2017-ci il tarixinədək qüvvədə olan redaksiyalarına əsasən həmin Qanunun 37.3.4-cü maddəsinə uyğun olaraq (işləyən əmək pensiyaçısı olduğu üçün sığorta hissəsi tam, qulluq stajına görə əlavənin 50 faizi miqdarında) sabiq deputat kimi əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Bundan sonra o, fəaliyyətini Azərbaycan Respublikası Milli Məclisinin Aparatında dövlət qulluqçusu kimi davam etdirib. Tutduğu vəzifədən azad olunduqdan sonra pensiyasına Qanununun 20.1.1-ci və 20.17.1-ci maddələrinə uyğun qulluq stajına görə əlavələrin hesablanması hüququ (müvafiq olaraq deputat və ya dövlət qulluqçusu kimi) yaranmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edildiyindən ona həmin Qanunun 20.1.7-ci maddəsinə uyğun olaraq əmək pensiyasına qulluq stajına görə əlavələr müəyyən edilmişdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.2-ci maddəsinə əsəsən əmək pensiyası təyin edilmiş sabiq dövlət qulluqçularına pensiya məbləğinin 6 misli məbləğində müavinət ödənilir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya tərəflərindən təqdim olunmuş pensiya məbləği haqqında arayışa əsasən dövlət vəsaiti hesabına ödənilən məbləğ varsa, qaytarıldıqdan sonra əmək pensiyasına Qanunun 20.1.1-ci maddəsinə uyğun olaraq deputat kimi qulluq stajına görə əlavənin hesablanması məsələsinə baxıla bilər. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçının nümayəndəsi və vəkili cavabdeh tərəfindən təqdim edilmiş etirazla bağlı məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, etirazda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə istinad olunaraq, “müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir” ifadəsinə əsaslanaraq İddiaçı əvvəllər Azərbaycan Respublikası Milli Məclisinin deputatı işləsə də, sonradan dövlət qulluqçusu kimi fəaliyyətini davam etdirmiş və işdən çıxdığı zaman ona “Dövlət qulluğu haqqında” Qanunun 33.2-ci maddəsində göstərilmiş pensiya məbləğinin 6 misli məbləğində ödənilmiş müavinəti aldığından onun artıq “Əmək pensiyaları haqqında” Qanunun 5.1-ci maddəsində nəzərdə tutulmuş bir seçim haqqını etdiyi kimi qiymətləndirilmişdir. Aşağıdakı hallara əsasən etirazın heç bir hüquqi əsası olmadığından məhkəmə tərəfindən rədd olunmalıdır. Belə ki, ilk olaraq fikrini bir misal şəklində izah etmək istəyir. Əvvəllər hakim vəzifəsində işləmiş şəxs sonradan prokuror olaraq fəaliyyətini davam etdirmiş daha sonra prokurorluq işçisi kimi işdən çıxan zaman ona əmək müqaviləsinə xitam verilməsi ilə bağlı birdəfəlik müavinət ödənilmiş daha sonra şəxs onun təminatının daha yaxşı olacağını nəzərə alaraq, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə istinad edərək öz seçimini ona hakim pensiyasının təyin edilməsini bildirmişdir. Göstərdiyi misal hüquqlarını müdafiə etdiyi İddiaçı işində də, eynidir. Belə ki, İddiaçı əvvəllər deputat işləmiş daha sonra dövlət qulluqçusu kimi fəaliyyətini davam etdirmiş və onun dövlət qulluqçusu kimi əmək müqaviləsinə işəgötürən Azərbaycan Respublikası Milli Məclisi tərəfindən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.1-ci maddəsinə əsasən dövlət qulluqçusunun öz arzusu ilə xitam verilən zaman birdəfəlik müavinət verilmiş, o həmin müavinəti almış, daha sonra “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən öz seçim haqqını edərək deputat pensiyasının təyin olunmasını istəmişdir. Etirazda ikinci bir əsas kimi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.2-ci maddəsinə istinad olunur ki, həmin maddədə yalnız pensiyanın 6 misli məbləğində birdəfəlik haqq verilir ifadəsi göstərilmişdir. Halbuki, həmin Qanunun 33.2-ci maddəsində dövlət qulluqçusu müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına görə öz arzusu ilə dövlət qulluğundan çıxdıqda, ona qanunvericiliyə uyğun olaraq digər pensiya növünün təyin edilməsindən asılı olmayaraq, ümumi qaydada hesablanmış aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqq verilir və bu məbləğdən vergi tutulmur ifadəsindən də, göründüyü kimi, ona qanunvericiliyə uyğun olaraq digər pensiya növünün təyin edilməsindən asılı olmayaraq 6 misil müavinət ödənilir. Həmçinin 6 misil birdəfəlik müavinətin ödənilməsi ilə bağlı ödənişin verilməsi məsələsini Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiaının mübahisələndirməyə heç bir hüququ yoxdur, çünki qeyd olunan müavinəti İddiaçı işəgötürəni yəni Azərbaycan Respublikası Milli Məclisi tərəfindən qanunvericiliyə uyğun olaraq verilmişdir. Qeyd olunanları nəzərə alaraq, məhkəmədən cavabdeh tərəfindən verilmiş etirazın heç bir hüquqi əsası olmadığından rədd olunaraq iddianın təmin olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İşdə olan iddiaçıya məxsus pensiya işinin surətindən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon Şöbəsinin pensiya və pensiyalara əlavə müavinət təyin edən komissiyasının xx xxxx 2008-ci il tarixli qərarına əsasən iddiçıya millət vəkili kimi İİ qrup əlilliyə görə pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarına əsasən, xx.xx.2019-cu il tarixdən pensiya məbləğinin yenidən hesablanması səbəbindən iddiaçıya həmin tarixdən yaşa görə (deputat kimi) əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2019-cu il tarixli qərarına əsasən, iddiaçının yaşa görə (deputat kimi) pensiyası xx.xx.2020-ci il tarixdən tutduğu vəzifədən azad edilməsi səbəbindən yenidən hesablanmışdır. İddaçı xx.xx.2020-ci və xx.xx.2020-ci il tarixlərdə cavabdehə ərizə ilə müraciət edərək, əlilliklə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin deputatı kimi pensiyiasının 50 %-ni aldığını, hazırda Azərbaycan Respublikası Milli Məclisinin deputat kimi pensiyasının tam həcmdə ona təyin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş **********4 nömrəli, xx.xx.2020-ci il tarixli imtina məktubunun surətindən görünür ki, iddiaçının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müddafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına ünvanlanmış xx xxx 2020-ci il və xx xxxx 2020-ci il tarixlərində daxil olmuş müraciətlərinə aidiyyəti üzrə baxılaraq bildirilmişdir ki, əmək pensiyasının yenidən sabiq deputat kimi hesablanmasının mümkün olub-olmaması ilə Dövlət Sosial Müdafiə Fondunun Aparatına sorğu verilmişdir. Sorğuya cavab olaraq bildirilmişdir ki, ona Fondun Binəqədi rayon Şöbəsi tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.1-ci və 20.2-ci maddələrinin x xxxx 2017-ci il tarixinədək qüvvədə olan redaksiyalarına əsasən həmin Qanunun 37.3.4-cü maddəsinə uyğun olaraq (işləyən əmək pensiyaçısı olduğu üçün sığorta hissəsi tam, qulluq stajına görə əlavənin 50 faizi miqdarında) sabiq deputat kimi əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Bundan sonra, fəaliyyətini Azərbaycan Respublikası Milli Məclisinin Aparatında dövlət qulluqçusu kimi davam etdirmişdir. Tutduğu vəzifədən azad olunduqdan sonra pensiyasına Qanunun 20.1.1-ci və ya 20.1.7-ci maddəllərinə uyğun qulluq stajına görə əlavələrin hesablanması hüququ (müvafiq olaraq deputat və ya dövlət qulluqçusu kimi) yaranmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edildiyindən ona həmin Qanunun 20.1.7-ci maddəsinə uyğun olaraq əmək pensiyasına qulluq stajına görə əlavələr müəyyən edilmişdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.2-ci maddəsinə əsasən əmək pensiyası təyin edilmiş sabiq dövlət qulluqçularına pensiya məbləğinin 6 misli məbləğində müavinət ödənilir. Qeyd olunanları nəzərə alaraq, ona tərəflərindən təqdim olunmuş pensiya məbləği haqqında arayışa əsasən dövlət vəsaiti hesabına ödənilən məbləğ varsa, qaytarıldıqdan sonra əmək pensiyası Qanunun 20.1.1-ci maddəsinə uyğun olaraq deputat kimi qulluq stajına görə əlavənin hesablanması məsələsinə baxıla bilər. Məhkəmə aşağıdakı əsaslara görə hesab edir ki, cavabdehin imtinasında və etirazında göstərdiyi dəlillər əsassızdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən Bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. Həmin Qanunun 20.1.1-ci maddəsinə əsasən əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş və deputat kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan sabiq deputatlara (məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında deputat mandatından məhrum edilmiş və Azərbaycan Respublikası Milli Məclisinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclaslarında üzrsüz səbəbdən iştirak etmədiyinə görə deputat səlahiyyətlərini itirmiş deputatlar istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr hesablanır. Həmin Qanununun 34-cü maddəsinə əsasən əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır. Əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə ərizəçi tərəfindən müvafiq əmək pensiyası təyin edilməsi üçün zəruri sənədlər təqdim edilməklə bu qanunun 31.2-ci maddəsinə uyğun aparılır. Yuxarıda sadalanan qanunvericiliyin normalarından göründüyü kimi, qanunvericilik pensiya hüququ olan şəxslərə öz arzuları ilə bir pensiya növü seçmək hüququ vermiş və qanunvericiliklə yalnız əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilməsi istisna edilmişdir. Lakin, cavabdeh qanunvericiliyin normalarını iddiaçıya münasibətdə yanlış tətbiq etməklə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə istinad edərək, iddiaçının yenidən seçim haqqını məhdudlaşdıraraq ona sabiq deputat kimi qulluq stajına əlavələrin hesablanmasından imtina etmişdir. Halbuki, qanunvericilikdə hazırki iddianın predmeti olan mübahisə üzrə hər hansı bir məhdudlaşma nəzərdə tutulmamışdır. Belə ki, cavabdehin imtinasında və məhkəməyə təqdim etdiyi etirazında istinad etdiyi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilməsi, yəni eyni anda 2 və daha artıq pensiya hüquqununun istifadə edilməsinin mümkün olmaması göstərilmişdir. Məhkəmə eləcə də, cavabdehin “iddiaçının pensiya yaşına çatdıqdan sonra dövlət qulluğuna xitam verildikdən sonra ona təyin edilmiş aylıq əmək pensiyasının 6 mislində birdəfəlik haqqın qaytarıldıqdan sonra, iddiaçının əmək pensiyasının deputat kimi qulluq stajına görə əlavənin hesablanması məsələsinə baxıla biləcəyinə dair” mövqeyi ilə bağlı bildirir ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.2-ci maddəsinə əsasən dövlət qulluqçusu müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına görə öz arzusu ilə dövlət qulluğundan çıxdıqda, ona qanunvericiliyə uyğun olaraq digər pensiya növünün təyin edilməsindən asılı olmayaraq, ümumi qaydada hesablanmış aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqq verilir və bu məbləğdən vergi tutulmur. Göründüyü kimi, qanunvericilikdə bir başa təsbit edilmişdir ki, dövlət qulluqçusu pensiya yaşına çatmasına görə öz arzusu ilə dövlət qulluğundan çıxdıqda, ona ona qanunvericiliyə uyğun olaraq digər pensiya növünün təyin edilməsindən asılı olmayaraq, ümumi qaydada hesablanmış aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqq verilir və bu məbləğdən vergi tutulmur. Həmin məbləğ pensiya yaşına çatmış, öz arzusu ilə dövlət qulluğundan çıxmış, dövlət qulluqçusunun birbaşa Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş təməl haqqıdır. Bu səbəbdən də, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya təyin edilmiş yaşa görə əmək pensiyasına sabiq deputat kimi qulluq stajına görə əlavələrin hesablanmasından imtina etməsinə səbəb olan digər - iddiaçının dövlət qulluğuna xitam verilən zaman ona ödənilmiş aylıq pensiyanın 6 misli məbləğində vəsaitin geri qaytarılması ilə bağlı arqumenti tamamilə əsassızdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. «Ranqelov Almaniyaya qarşı» işində (xx xxxx 2012-ci il tarixli qərar, 85-86) İnsan Hüquqları üzrə Avropa Məhkəməsi birmənalı olaraq hesab etmişdir ki, Konvensiyanın 14cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqlənmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyildirsə, başqa sözlə qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı-seçkilik hesab olunur. «Andreyeva Latviyaya qarşı» işində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi birmənalı olaraq hesab etmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. Konstitusiyada əksini tapan sosial təminat hüququ Əsas Qanunun 38-ci maddəsinin İİİ hissəsinə müvafiq olaraq qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Hər kəsin pensiya hüququ sosial təminat hüququnun subyektiv hüquq növü kimi çıxış edir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun, həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68-69 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı xx xxxxx 2020-ci il tarixdən yaşa görə əmək pensiyasına sabiq deputat kimi qulluq stajına əlavələrin tam şəkildə təyin edilməsi və ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibat Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar