Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1949/2023 14.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı Azərbaycan Respublikası Müdafiə Nazirliyi üçüncü şəxs qismində cəlb olunmaqla “sərəncamın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə (bundan sonra mətndə Yasamal rayon İH) qarşı, Azərbaycan Respublikası Müdafiə Nazirliyi üçüncü şəxs qismində göstərilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yasamal rayon İH Başçısının (bundan sonra mətndə Yasamal rayon İHB) xx.xx.2019-cu il tarixli 140 saylı sərəncamının ləğv edilməsinə dair Bakı şəhər, Yasamal rayon İHB-nın xx.xx.2020-ci il tarixli, 224 nömrəli sərəncamının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili Vəkil Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirlməsi) barədə ərizə təqdim edərək, məhkəmədən Yasamal rayon İHB-nın xx.xx.2019-cu il tarixli, 140 saylı sərəmcamının ləğv edilməsinə dair Yasamal rayon İHB-nın xx.xx.2020-ci il tarixli, 224 №-li sərərcamının İddiaçı münasibətdə ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, yaşayış sahəsi almaq üçün təminata qoyulmuş, mənzilsiz, kirayədə yaşayan və yaşayış sahələrinin yaxşılaşdırılmasına ehtiyacı olan hərbi qulluqçuların yaşayış sahələri ilə təmin edilməsi məqsədi ilə iddiası üzrə üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi Bakı qarnizonu rəisinin 01 may 2017-ci il tarixli qərarı ilə “Bakı-52” hərbi şəhərciyində N nömrəli 3 mərtəbəli kazarma binasının yaşayış binası kimi yenidən qurulmasına və binanın yaşayış fondu kimi istifadə olunmasına razılıq verilmişdir. Bundan sonra Bakı qarnizonu mənzil komissisyasının 09 aprel 2019-cu il tarixli 18 nömrəli protokolu əsasında, qeyd edilən binada yaşayış sahəsinə ehtiyacı olan 20 (iyirmi) nəfər hərbi qulluqçuya (o da daxil olmaqla) mənzil ayrılmış və göstərilən protokol Bakı qarnizonu rəisi tərəfindən 16 aprel 2019-cu il tarixdə təsdiq edilərək mənzillərin göstərilən hərbi qulluqçulara yaşayış sahəsi kimi paylanması qərara alınmışdır. Yasamal rayon İHB-nın 17 may 2019-cu il tarixli sərəncamları ilə ünvan 1 ünvanda yerləşən binadakı mənzillər xidməti mənzillər fondundan çıxarılmış və nəticə etibarı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən onların hər birinə ayrı-ayrılıqda müvafiq çıxarışlar verilmişdir ki, həmin çıxarışlara əsasən onlara verilmiş mənzillər üzərində daimi istifadə hüquqları qeydə alınmışdır. O cümlədən ona verilmiş xx.xx.2019-cu il tarixli, çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi N nömrəli evin, sahəsi 99.6 kv.m olan 17 nömrəli mənzili üzərində onun daimi istifadə hüququ qeydə alınmışdır. Göstərilən binada onlara mənzil kimi verilmiş sahələr kazarma tipində olduğuna və yaşayış üçün tam yararsız olduğuna görə onlar, həm birlikdə, həm də ayrı-ayrılıqda xeyli miqdar vəsait xərcləyərək həm binanın ümumi istifadədə olan yerlərini, həm də mjənzillərini əsaslı surətdə yenidən qurmaqla təmir etdirmiş və artıq 3 (üç) ildir ki, ailə üzvləri ilə birlikdə öz mənzillərində yaşayırlar. Lakin bütün bunlara baxmayaraq, 2022-ci ilin təxminən 2-ci rübündə Müdafiə Nazirliyinin Hüquq İdarəsindən dəvət olunmuşdur, ora getdikdə, AR MN-nin Mənzil İstismar İdarəsi ilə aralarında bağlanmış daimi icarə müqaviləsini müvəqqəti icarə müqavləsinə çevrilməsini və ya DƏDRX-ə müraciət edərək ona verilmiş çıxarışın ləğv edilməsi təklif olunmuşdur. Lakin bu təklifin səbəb və əsasları barədə ona heç bir tutarlı cavab verilmədiyinə görə o, həmin təklifi qəbul etməmişdir. Bu hadisədən sonra ona məlum olmuşdur ki, onlara mənzillərin verilməsi barədə Yasamal rayon İHB-nın 17 may 2019-cu il tarixli sərəncamı, cavbdehin, yəni Yasamal rayon İHB-nın 04 sentyabr 2020-ci il tarixli, 224 nömrəli sərəncamı ilə heç bir səbəb və əsas olmadan ləğv edilmişdir. Digər tərəfdən, iddiası üzrə üçüncü şəxs olan AR Müdafiə Nazirliyi, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq onlara verilmiş çıxarışların ləğv edilməsi, yaşayış sahəsinin təyinatının dəyişdirilməklə xüsusi mülkiyyətdən çıxarılıb Müdafiə Nazirliyinin xidməti mənzil fonduna verilməsi barədə müvafiq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mübahisəli mənzil onun yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçu kimi qanunvericiliyin tələblərinə uyğun olaraq verilmişdir. Yasamal rayon İHB-nın 04 sentyabr 2020-ci il tarixli sərəncamları ilə ləğv edilməsi tam qanunsuz və ədalətsizdir. Sərəncamların ləğv edilməsi üçün hər hansı bir əsas və səbəb olmamış, digər tərəfdən isə Yasamal Rayon İHB-nın öz verdiyi sərəncamlarını özü ləğv etmək səlahiyyətində deyildir. Göründüyü kimi Bakı şəhər Yasamal RİH qanunsuzluğa yol vermişdir və bu barədə də ona hər hansı bir məlumat verilməmişdir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-nin 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, Azərbaycan Respublikası Müdafiə Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuş, İPM-nin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana və üçüncü şəxsə təqdim edilmiş, cavabdehdən və üçüncü şəxs qismində göstərilmiş şəxsdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqan Yasamal rayon İH tərəfindən məhkəməyə təqdim olunmuş yazılı etirazda göstərilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzilistismar idarəsinin xx.xx.2019-cu il tarixli, 1786 saylı məktubuna əsasən vətəndaşlar tərəfindən ünvan 12, mənzil 1,2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20 ünvanında yerləşən yaşayış sahələrinin gələcəkdə özəlləşdirilməsinin həyata keçirilməsi məqsədi ilə xüsusi təyinatlı mənzil fondundan çıxarılması və daimi icarə müqaviləsi bağlanmasına icazənin verilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-istismar İdarəsinin xx.xx.2019-cu il tarixli, 1787 saylı məktubuna əsasən “Bakı-52” hərbi şəhərciyində yerləşən xüsusi təyinatlı yaşayış binasının sosial təyinatlı mənzil fonduna keçirilməsinə sərəncam verilməsi xahiş olunmuşdur. Cavabdeh Başçısının 121, 122, 123, 124, 125, 126, 127, 128, 129, 130, 131, 132, 133, 134, 135, 136, 137, 138, 139, 140 nömrəli, xx.xx.2019-cu il tarixli Sərəncamları ilə ünvan 12, mənzil 1,2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20 ünvanında yerləşən mənzillər xidməti mənzillər siyahısından çıxarılmış, ünvan 12, mənzil 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20 ünvanında yerləşən mənzillərə dair vətəndaşlarla daimi icarə müqaviləsi bağlanılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin xx.xx.2020-ci il tarixli, 3055 saylı məktubuna əsasən ünvan 12, mənzil 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20 ünvanında yerləşən yaşayış sahələrinə dair Yasamal rayon İHB-nın 121, 122, 123, 124, 125, 126, 127, 128, 129, 130, 131, 132, 133, 134, 135, 136, 137, 138, 139, 140 nömrəli, xx.xx.2019-cu il tarixli sərəncamlarının ləğv edilməsi, eyni zamanda onların əsasında verilmiş reyestrdən çıxarışların ləğv edilməsi və bu mənzillərin xüsusi təyinatlı yaşayış sahələri siyahısına daxil edilməsi məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmələri xahiş olunmuşdur. Yasamal rayon İHB-nın 224 nömrəli, xx.xx.2020-ci il tarixli Sərəncamı ilə Yasamal rayon İHB-nın 121, 122, 123, 124, 125, 126, 127, 128, 129, 130, 131, 132, 133, 134, 135, 136, 137, 138, 139, 140 nömrəli, xx.xx.2019-cu il tarixi Sərəncamları ləğv olunmuş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsindən ünvan 12, mənzil 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20 ünvanında yerləşən yaşayış sahələrinə dair vətəndaşların adına verilmiş istifadə hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi və və bu mənzillərin xüsusi təyinatlı yaşayış sahələri siyahısına daxil edilməsi xahiş edilmişdir. Balansaxlayıcı orqan Müdafiə Nazirliyi olduğundan və onların müraciətlərinə əsasən yuxarıda qeyd olunan sərəncamlar ləğv edilmiş və həmin mənzillər xüsusi təyinatlı yaşayış fondunun mənzillər kateqoriyasına aid edilmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsi xahiş olunmuşdur. Üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iddia tələbinə dair yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. Şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş, cavabdeh və üçüncü şəxs səlahiyyətli nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə şifahi məhkəmə baxışı iclasında cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmədə iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. İddianın növü və mümkünlüyü: İPM-nin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Hazırda iddiaçı hüquqlarının pozulduğunu qeyd etməklə, Bakı şəhəri Yasamal rayon İHB-nın xx.xx.2020-ci il tarixli 224 saylı Sərəncamının “Bakı şəhəri Cavabdeh Başçısının xx.xx.2019-cu il tarixli 140 saylı Sərəncamının ləğv edilməsi” hissəsində ona münasibətdə ləğv olunmasını tələb edir. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir. Mübahisələndirmə haqqında iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formalhüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). İddia mümkündür. İşin halları: İş materiallarında olan; Bakı şəhəri Yasamal Rİ-nin 1888/d saylı xx.xx.2022-ci il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş 20 may 2019-cu il tarixli İcarə müqaviləsinin surətindən müəyyən olunur ki, Bakı şəhəri Yasamal rayonu 6 №-li Mənzil İstismar sahəsi ilə (İcarəçi) İddiaçı arasında ünvan 1 №-li evin 59,68 kv.m sahəli 3 otaqdan ibarət 17 №-li mənzilinə dair müddətsiz icarə müqaviləsi bağlanmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Bakı şəhəri Yasamal rayon İHB-nın xx.xx.2019-cu il tarixli 140 saylı sərəncamına əsasən ümumi sahəsi 99,6 kv. metr olan Bakı şəhəri Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi 14, mənzil 17, xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə daimi istifadə hüququ (hüququ yüklü edilən şəxs -Dövlət) ilə İddiaçı adına qeydə alınmışdır. Məhkəmənin müvafiq sorğularına əsasən Yasamal rayon İH-nin 1843/d saylı xx.xx.2023-cü il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə ünvanlanmış **********11 №-li, xx.xx.2019-cu il tarixli məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi ilə Süleyman Dadaşov küçəsinin kəsişməsində, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “Bakı-52” hərbi şəhərciyində yerləşən üç mərtəbəli kazarma binasının təyinatının dəyişdirilərək xüsusi təyinatlı yaşayış binası kimi istifadə edildiyini nəzərə alaraq həmin binaya yeni ünvanın müəyyən edilməsinə göstəriş verilməsi barədə 13 fevral 2019-cu il tarixli 1/731 nömrəli məktuba Əmlak Məsələləri Dövlət Komitəsində baxılmışdır. Müdafiə Nazirliyinin “Bakı-52" hərbi şəhərciyində yerləşən, təyinatı dəyişdirilərək xüsusi təyinatlı yaşayış binası kimi istifadə edilən binaya "Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli, 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları"nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2012-ci il tarixli, 590 nömrəli Fərmanına uyğun olaraq ünvan 3 ünvan nömrələri təyin olunmuşdur. Adıçəkilən binaya dair hüquqmüəyyənedici sənədləri təqdim etməklə Komitənin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət olunacağı təqdirdə həmin binaya dair yeni texniki pasportun tərtib olunması və ünvan reyestrindən arayışın verilməsi qanunvericiliyə müvafiq qaydada təmin ediləcəkdir. Bakı qarnizonu üzrə mənzil komissiyasının 18 №-li xx.xx.2019-cu il tarixli Protokolun surətindən müəyyən olunur ki, Yaşayış sahəsini almaq üçün təminata qoyulmuş, mənzilsiz, kirayədə yaşayan və yaşayış şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hərbi qulluqçuların siyahılarına baxılmışdır. Qarnizonun yaşayış fonduna yeni ayrılmış yaşayış sahələrinin (mənzillərin) alınması üçün komissiyaya təqdim olunan sənədlər öyrənilmiş, fikir mübadiləsi aparılaraq komissiya cədvəldə göstərilən qaydada yaşayış sahələri (mənzillər) verilməsi və bu protokol üzrə verilmiş yaşayış sahələrinə (mənzillərə) bağlanılmış əvvəlki kirayə müqavilələrinə xitam verilməsi qərara alınmışdır (Protokola əlavə olunmuş siyahıda Baş leytenant İddiaçı (sıra 12); arvadı: Qurbanova (Bədəlova) Günel Kamandar qızı 1990-ci il: oğlu X1-2015-ci) ünvan 4 ünvanı qeyd olunmuşdur). Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsi tərəfindən Yasamal rayon İHB-ya ünvanlanmış 1787 №-li xx.xx.2019-cu il tarixli məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə Müdafiə Nazirliyinin “Bakı-52” hərbi şəhərciyində yerləşən (keçmiş N nömrəli hərbi hissəsinin ərazisi) N nömrəli 3 mərtəbəli kazarma binası yaşayış binası kimi yenidən qurulmuş və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2019-cu il tarixli **********11 nömrəli məktubu ilə həmin binaya “ünvan 6 ünvan nömrələri təyin olunmuşdur. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2019-cu il tarixli 161 nömrəli əmri ilə “Bakı-52” hərbi şəhərciyində yerləşən 3 mərtəbəli kazarma binası sosial təyinatlı yaşayış fonduna daxil edilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 17.3.1 maddəsinə əsasən sözügedən binanın sosial təyinatlı mənzil fonduna keçirilməsinə sərəncam verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Mənzil-İstismar İdarəsi tərəfindən Yasamal rayon İH-yə ünvanlanmış 1786 №-li xx.xx.2019-cu il tarixli məktubda qeyd olunmuşdur ki, Bakı qarnizonu rəisinin 16 aprel 2019-cu ildə təsdiq etdiyi Bakı qarnizonu üzrə mənzil komissiyasının 09 aprel 2019-cu il tarixli 18 nömrəli protokolu əsasında hərbi qulluqçular və onların ailə üzvləri ilə daimi icarə müqaviləsinin bağlanmasına, gələcəkdə həmin mənzillərin özəlləşdirilməsinin həyata keçirilməsinə sərəncam verilməsi xahiş olunur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsi tərəfindən Bakı qarnizonun rəisinə ünvanlanmış 1617 saylı, xx.xx.2018-ci il tarixli raportun surətindən müəyyən olunur ki, Bakı qarnizonu rəisinin xx.xx.2017-ci il tarixli qərarı ilə “Bakı-52” hərbi şəhərciyində baş plan üzrə N nömrəli 3 mərtəbəli kazarma binasının yaşayış binası kimi yenidən qurulmasına və binanın yaşayış fondu kimi istifadə olunmasına razılıq verilmişdir. Yenidənqurma işlərindən sonra 20 mənzil istifadəyə verilmişdir. Bakı qarnizonu mənzil komissiyasının xx.xx.2019-cu il tarixli 18 nömrəli protokolu əsasında qeyd edilən binada yaşayış sahəsinə ehtiyacı olan 20 nəfər hərbi qulluqçuya mənzil ayrılmış və protokol xx.xx.2019-cu il tarixidə Bakı qarnizonu rəisi tərəfindən təsdiqlənmişdir. Hal-hazırda Yasamal rayonu, Seyfəddin Dağlı-küçəsi, N nömrəli bina Abşeron rayon Mənzil-istismar hissəsinin 6 saylı Mənzil-istismar sahəsinin istismarında olan qapalı hərbi şəhərciyə aid olmayan ərazisində yerləşir. Hərbi qulluqçulara ayrılmış daimi mənzillərə daimi icarə müqaviləsinin bağlanmasına və gələcəkdə özəlləşdirilməsinə sərəncam verilməsi üçün hüquqi rəy verilməsinə göstəriş verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hüquq İdarəsi tərəfindən Bakı qarnizonun rəisinə ünvanlanmış 11/1877 saylı, xx.xx.2019-cu il tarixli məktubunda qeyd olunmuşdur ki, onların xx.xx.2019-cu il tarixli 3439 nömrəli dərkənarına əsasən “Bakı 52” hərbi şəhərciyinin baş planı üzrə N nömrəli 3 mərtəbəli binanın yaşayış binası kimi yenidən qurulması və Bakı qarnizonu üzrə mənzil komissiyasının xx.xx.2019-cu il tarixli müvafiq protokoluna əsasən yaşayış sahəsi ilə təmin olunmasına ehtiyacı olan hərbi qulluqçulara həmin binadan mənzillərin verilməsinə dair təqdim edilmiş sənədlərə Hüquq idarəsində baxılmışdır. Yuxarıda qeyd olunanlarla əlaqədar bildirilmişdir ki, sözügüdən bina Müdafiə Nazirliyinin sərəncamında (balansında) və istifadəsində olduğuna görə daimi icarə müqaviləsinin bağlanılmasına və gələcəkdə mənzillərin özəlləşdirilməsinə icazənin verilməsi “Dövlət əmlakının özəlləşdirilməsi haqqında”, “Azərbaycan Respublikasında Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunlarının tələblərinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli, 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid edilməsi Qaydası”na uyğun həyata keçirilməsi qanunazidd deyildir. Azərbaycan Respublikası Müdafiə Nazirinin “Bakı-52” hərbi şəhərciyində Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsində yerləşən baş plan üzrə N nömrəli 20 mənzilli yaşayış binasının sosial təyinatlı yaşayış fondu kimi istifadə olunması və həmin binanın Abşeron rayon Mənzil-İstismar hissəsinin 6 nömrəli Mənzil-İstismar sahəsinə təhvil verilməsi haqqında 161 №-li xx.xx.2019-cu il tarixli əmrin surətindən müəyyən olunur ki, Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin rəisi “Bakı-52” hərbi şəhərciyində, Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsində yerləşən baş plan üzrə N nömrəli 20 mənzili yaşayış binasının sosial təyinatlı yaşayış fondu kimi istifadə olunması və həmin binanın Abşeron rayon Mənzil-İstismar hissəsinin 6 nömrəli Mənzil-İstismar sahəsinə təhvil verilməsi ilə bağlı irəli gələn məsələlərin qanunvericilikdə müəyyən edilmiş qaydada həll etməsi; Təhvil-qəbul işlərinin Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2014-cü il tarixli 55 nömrəli qərarına əsasən aparılması; Əmrin icrasına nəzarət Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin rəisinə tapşırılması əmr edilmişdir. Yasamal rayon İHB-nın “Mənzilin xidməti mənzillər siyahısından çıxarılması haqqında” 140 №-li xx.xx.2019-cu il tarixli sərəncamın surətindən müəyyən olunur ki, ünvan 10 ünvanında yerləşən mənzilin xidməti mənzillər siyahısından çıxarılması; ünvan 10 ünvanında yerləşən mənzilə dair vətəndaş İddiaçı ilə daimi icarə müqaviləsi bağlanılması; Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən ünvan 10 ünvanında yerləşən mənzilin gələcəkdə vətəndaş İddiaçı adına dövlət qeydiyyatına alınmasının xahiş edilməsi; sərəncamın surətinin AR Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2019-cu il tarixli 161 saylı əmrinə əsasən qeyd olunan ünvanda yerləşən mənzillər yaşayış binasının sosial təyinatlı yaşayış fondu kimi istifadə olunması üçün həmin binanın Abşeron rayon Mənzil-İstismar hissəsinin 6 nömrəli Mənzil İstismar sahəsinə təvil verilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən Yasamal rayon İH-yə ünvanlanmış 3055 №-li xx.xx.2020-ci il tarixli məktubdan müəyyən olunur ki, fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğundan daxil olmuş arayışda qeyd olunan təkliflərin icrası ilə əlaqədar Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi 14 ünvanında yerləşən 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19 və 20 nömrəli mənzillərə dair tərəflərindən verilmiş 17 may 2019-cu il tarixli 121,122,123, 124, 125, 126, 127, 128, 129, 130, 131, 132, 133, 134, 135, 136, 137, 138, 139, 140 saylı sərəncamların, eyni zamanda onların əsasında verilmiş reyestrdən çıxarışların ləğv edilməsi və bu mənzillərin xüsusi təyinatlı yaşayış sahələri siyahısına daxil edilməsi məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edilməsi xahiş olunmuşdur. Eyni zamanda görülmüş tədbirlərin nəticəsi barədə Müdafiə Nazirliyinə rəsmi məlumat göndəsirlməsi xahiş olunmuşdur. Yasamal rayon İH-nin 224 saylı xx.xx.2020-ci il tarixli sərəncamının surətindən müəyyən olunur ki: - Yasamal rayon İHB-nın 121,122,123, 124, 125, 126, 127, 128, 129, 130, 131, 132, 133, 134, 135, 136, 137, 138, 139, 140 nömrəli, xx.xx.2019-cu il tarixli Sərəncamlarının ləğv olunması; - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən ünvan 12, mənzil 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16,17,18,19, 20 ünvanında yerləşən yaşayış sahələrinə dair vətəndaşların adına verilmiş istifadə hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi və bu bu mənzillərin xüsusi təyinatlı yaşayış sahələri siyahısına daxil edilməsinin xahiş edilməsi; - Sərəncamın surətinin AR Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinə və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə göndərilməsi qərara alınmışdır. Yasamal rayon İH tərəfindən Əmlak Məsələləri Dövlət Xidmətinə ünvanlanmış xx.xx.2020-ci il tarixli 1627/d saylı məktubun surətindən müəyyən olunur ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi İdarəsinə Bakı şəhəri Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, ev 14, mənzil 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20 ünvanında yerləşən yaşayış sahələrinə dair vətəndaşların adına verilmiş istifadə hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə göstəriş verilməsi xahiş olunmuşdur. Yasamal rayon İH tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil- İstismar İdarəsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli 1627/d saylı məktubda göstərilmişdir ki, Ysamal rayon İHB-nın 224 nömrəli, xx.xx.2020-ci il tarixli Sərəncamı ilə Yasamal rayon İHB-nın 121,122,123, 124, 125, 126, 127, 128, 129, 130, 131, 132, 133, 134, 135, 136, 137, 138, 139, 140 nömrəli xx.xx.2019-cu il tarixli Sərəncamları ləğv olunmuşdur və rayon İcra Hakimiyyəti tərəfindən Əmlak Məsələləri Dövlət Xidmətinə həmin ünvanlara verilmiş istifadə hüququna dair çıxarışların ləğv edilməsi barədə məktub ünvanlanmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Yasamal rayon İH-yə ünvanlanmış xx.xx.2020ci il tarixli məktubunda göstərilmişdir ki, ünvan 12 ünvanında yerləşən mənzillərin üzərində hüquqların dövlət qeydiyyatının ləğvinin aparılması barədə 04 sentyabr 2020-ci l tarixli 1627/d nömrəli məktuba aidiyyəti üzrə baxılmışdır. Qeyd olunan mənzillər üzərində hüquqların dövlət qeydiyyatının ləğvinin aparılmasına dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, və ya bu hüquqdan imtina barədə notarial qaydada təsdiq edilmiş ərizə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Əmlak Xidmətləri Məkanına (ünvan: Bakı şhəri, X3 küçəsi 20) və ya “ASAN xidmət” mərkəzlərinə təqdim ediləcəyi təqdirdə müraciətə qanunvericiliyin tələblərinə uyğun olaraq baxılacaqdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 6.8-cı bəndinə əsasən yerli icra hakimiyyətinin başçısı konkret (birdəfəlik) təşkilati, nəzarət və ya sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə və ya digər birdəfəlik tətbiq halları üçün qeyrinormativ hüquqi aktlar qəbul edir. Qeyri-normativ hüquqi aktlar sərəncam və ya əmrlər formasında qəbul edilir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Bu Qanun Azərbaycan Respublikasında dövlət mənzil fondunun özəlləşdirilməsi şərtlərini və qaydasını, habelə ictimai mənzil fondunun özəlləşdirilməsinə dair əsas müddəaları müəyyən edir (Maddə 2). Mənzil fondunun özəlləşdirilməsinin əsas prinsipləri aşağıdakılardır: mənzillərin özəlləşdirilməsinin tam könüllülüyə əsaslanması; mənzillərin (evlərin) özəlləşdirilməsinin pulsuz olması; yaşadıqları mənzillərin bu Qanunda müəyyən edilmiş şərtlər və qaydalarla mülkiyyətə verilməsini tələb etmək barəsində vətəndaşların hüququnun təmin olunması; özəlləşdirmənin aşkarlığı, özəlləşdirmə üzərində dövlət nəzarəti və ictimai nəzarət (Maddə 3); Dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir ( Maddə 4) Təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 may tarixli, 86 nömrəli qərarı ilə təsdiq edilmiş “Xidməti yaşayış sahələrinin verilməsi halları və Qaydası”nın 1.1-ci bəndinə əsasən Xidməti yaşayış sahələrinin verilməsi halları və Qaydası (bundan sonra — Qayda) "Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 27 avqust tarixli, 153 nömrəli Fərmanının 1.3.10-cu bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və xidməti yaşayış sahələrinin verilməsi hallarını və qaydasını müəyyən edir. 1.2. Xidməti yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Yaşayış sahəsinin xidməti yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin sahə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qayda və tələblərə riayət edilməklə, xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. 1.3. Yaşayış sahəsinin xidməti yaşayış sahəsi kimi xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir. 1.4. Xidməti yaşayış sahələri yalnız ayrıca mənzil kimi verilir. 1.5. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 92-ci və 98.2-ci maddələrinə uyğun olaraq, xidməti yaşayış sahələri müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin edilməyən əmək münasibətlərinin xarakterinə görə dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyinedilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquq mühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir. 1.6. Xidməti yaşayış sahələri verilən vətəndaşların kateqoriyaları dövlət mənzil fonduna münasibətdə - Azərbaycan Respublikasının Prezidenti, bələdiyyə mənzil fonduna münasibətdə - bələdiyyə tərəfindən müəyyən edilir. 2.1. Xidməti yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xidməti yaşayış sahələrinin kirayə müqavilələri (bundan sonra kirayə müqaviləsi) əsasında verilir. 2.2. Kirayə müqaviləsi bu Qaydanın 1.5-ci bəndində göstərilən əmək, qulluq və ya seçkili vəzifədə qalma müddətlərini əhatə edir. 3.1. Xidməti yaşayış sahəsinin kirayəçisi kirayəyə götürülmüş yaşayış sahəsini dəyişdirə, habelə digər şəxslərin istifadəsinə verə bilməz. Xidməti yaşayış sahələri özgəninkiləşdirilə, subicarəyə və ya ikinci əldən kirayəyə verilə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 92-ci maddəsinə əsasən xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquq-mühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir. 103.1-ci maddəsinə əsasən xidməti yaşayış sahələri vətəndaşlara ayrıca mənzil kimi verilir. 103.2-ci maddəsinə əsasən xidməti yaşayış sahələri verilən vətəndaşların kateqoriyaları aşağıdakı orqanlar tərəfindən müəyyən edilir: 103.2.1-ci maddəsinə əsasən dövlət mənzil fonduna münasibətdə - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı; 103.2.2. bələdiyyə mənzil fonduna münasibətdə - bələdiyyə tərəfindən. 103.3-ci maddəsinə əsasən xidməti yaşayış sahəsinin kirayə müqaviləsi bu Məcəllənin 92-ci maddəsində göstərilən əmək, qulluq və ya seçkili vəzifədə qalma müddətlərini əhatə edir. Həmin əmək və ya qulluq münasibətlərinin, habelə seçkili vəzifədə qalmanın xitamı xidməti yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır. “İnzibati icraat haqqında” Qanun: Maddə 2.0.2. İnzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Maddə. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair” 2020-ci il 13 avqust tarixli qərardadı: “26-cı bənd. İnzibati aktlar əsasən aşağıdakı ünsürlərin vəhdətindən ibarət olur – səlahiyyət, forma, səbəb, məzmun və məqsəd. İnzibati aktın qanuni ola bilməsi üçün bu ünsürlərin hər hansı bir birində hüquqa uyğunluqla bağlı problem olmamalıdır. 29-cu bənd. Səbəb – inzibati orqanı inzibati akt qəbul etməyə sövq edən və inzibati aktdan öncə mövcud olan maddi hadisə və ya hüquqi bir əsasdır. Hər hansı bir inzibati aktın qəbul edilməsi üçün əlverişli və yetərli bir səbəb olmalıdır. Xüsusi hüquqda şəxslər qanunla qadağan edilməmiş istənilən səbəblə əqdlər bağlamaqda sərbəstdirlər. Ona görə də, qanunda əqdin etibarsızlığının əsası kimi təsbit edilmiş konkret hallar istisna olmaqla, xüsusi hüquqda bağlanmış əqdin səbəbi bir qayda olaraq onun etibarlılığına təsir etmir. Ancaq inzibati hüquqda inzibati orqanın məqsədi ictimai mənafeni təmin etmək olduğundan, qəbul ediləcək inzibati aktların da bu məqsədə uyğun olaraq qanuni səbəbləri olmalıdır. İctimai mənafeni təmin etmək isə inzibati vəzifələrin lazımi şəkildə icrası və ictimai ehtiyacların ödənilməsində ifadə olunur. Beləliklə, səbəbsiz inzibati akt qəbul edilə bilməz. Digər tərəfdən, inzibati aktın əsasını təşkil edən səbəb həm “real mövcud” olmalı, həm də “hüquqa uyğun” olmalıdır. Nəhayət, inzibati aktların səbəb ünsürünün yoxlanılmasında nəzərə alınmalı olan prinsiplərdən biri də mütənasiblik tələblərinə riayət edilib-edilməməsidir. Buna görə, inzibati aktın doğuracağı nəticə ilə onun səbəbi arasında ağlabatan mütənasiblik təmin olunmalıdır. 30-cu bənd. Məzmun – inzibati orqanın inzibati akt qəbul edərkən nail olmaq istədiyi konkret nəticədir. Buna görə, inzibati aktın doğurduğu nəticə inzibati aktın məzmununu təşkil edir. İnzibati aktın səbəb və məzmun ünsürləri arasında çox sıx bir bağ vardır. İnzibati orqanı inzibati akt qəbul etməyə sövq edən hallar səbəb ünsürünü, inzibati aktın doğurduğu konkret hüquqi nəticə isə məzmun ünsürünü təşkil edirlər. Ona görə də, məzmun və səbəb arasında mütənasiblik tələblərinə cavab verən səbəbli-əlaqə münasibətləri olmalıdır. İnzibati aktın məzmunu, yəni gözlənilən nəticə həyata keçirilən bilən real xarakterli (mümkün) olmalı, eləcə də doğuracağı nəticələr hüquqla tanınan legitim bir nəticə olmalıdır. Buna görə, qanunda nəzərdə tutulan səbəbin mövcud olmasına baxmayaraq, qanunda nəzərdə tutulmuşdan başqa bir hüquqi nəticə yaradan inzibati akt qəbul edilmişsə, bu akt məzmun ünsürü baxımından qanunsuz hesab edilə bilər. 31-ci bənd. Məqsəd – inzibati aktın qəbul edilməsi ilə nail olmaq istənilən, aktdan gözlənilən yekun hədəfdir. İnzibati aktın qəbul edilməsi ilə nail olmaq istənilən nəticə (məqsəd) qanuni (legitim) olmalıdır. Qanunda açıq şəkildə göstərilib-göstərilməməsindən asılı olmayaraq bütün inzibati aktların qəbul edilməsində güdülən əsas ümumi məqsəd ictimai mənafenin təmin edilməsidir. Bununla yanaşı, inzibati aktlar üçün bu ümumi və dəyişməz məqsədlə yanaşı, xüsusi və müəyyən məqsədlər də nəzərdə tutula bilər. Belə xüsusi məqsədlər kimi hər hansı qanundan və digər normativ-hüquqi aktdan irəli gələn vəzifələrin icrasını təmin etmək çıxış edə bilər. Odur ki, inzibati aktlar məqsəd ünsürü baxımından yoxlanılarkən onların ümumi və ya xüsusi məqsədə yönəlib-yönəlmədiyi məsələsi ətrafında da qiymətləndirmə aparılmalıdır. Qanunun bəzi inzibati aktlar üçün nəzərdə tutduğu xüsusi məqsədlərin (məsələn, sahibkarlığın inkişafını təmin etmək üçün və s.) aşıldığı hallarda inzibati akt məqsəd ünsürü baxımından qanunsuz olacaqdır. Xüsusi məqsədlərin ziddinə belə inzibati aktlar qəbul edərkən inzibati orqanlar səlahiyyətin təhrifinə yol vermiş olurlar. Səlahiyyət təhrifi həm də o zaman mövcud olur ki, nail olmaq istədiyi nəticədə haqlı olsa da, inzibati orqan konkret bir məqsəd üçün müəyyən edilmiş vasitəni (üsulu) başqa bir məqsədə nail olmaq üçün istifadə edir. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Beləliklə işin araşdırılan hallarından müəyyən olunur ki, Yasamal rayon İHB-nın “Mənzilin xidməti mənzillər siyahısından çıxarılması haqqında” 140 №-li xx.xx.2019-cu il tarixli sərəncamı ilə ünvan 10 ünvanında yerləşən mənzilin xidməti mənzillər siyahısından çıxarılması; ünvan 10 ünvanında yerləşən mənzilə dair vətəndaş İddiaçı ilə daimi icarə müqaviləsi bağlanılması qərara alınmışdır. Sonradan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən Yasamal rayon İHyə xx.xx.2020-ci il tarixli məktubla müraciət olunaraq, fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğundan daxil olmuş arayışda qeyd olunan təkliflərin icrası ilə əlaqədar Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi 14 ünvanında yerləşən 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19 və 20 nömrəli mənzillərə dair tərəflərindən verilmiş 17 may 2019-cu il tarixli 121,122,123, 124, 125, 126, 127, 128, 129, 130, 131, 132, 133, 134, 135, 136, 137, 138, 139, 140 saylı sərəncamların ləğv edilməsi və bu mənzillərin xüsusi təyinatlı yaşayış sahələri siyahısına daxil edilməsi məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edilməsi xahiş olunmuşdur. Yasamal rayon İH tərəfindən işin yuxarıda qeyd olunan halları və qanunvericiliyin göstərilən tələbləri nəzərə alınmaqla Yasamal rayon İHB-nın 140 №-li xx.xx.2019-cu il tarixli sərəncamının ləğv olunması barədə yeni sərəncam qəbul olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mübahisələndirilən sərəncam Yasamal rayon İHB tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilməklə, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə” ilə ona verilmiş səlahiyyətlər çərçivəsində Azərbaycan Respublikası Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq qəbul edilmişdir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-1949/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1949/2023
14.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver