Məhkəmə qərarları › İş №2-1(112)-195/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-195/2024

15.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-195/2024 15.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçı cavabdeh Təhsildə X2rşı (3-cü şəxs: Azərbaycan Respublikası Təhsil Nazirliyi) “diplomun tanınması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Təhsildə X2rşı diplomun tanınması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, 2013-cü il tarixdə iddiaçıya Beynəlxalq Praqa Universitetində aldığı təhsillə əlaqədar iqtisad və menecment ixtisası üzrə diplom verilmiş, iddiaçı həmin diplomun tanınması barədə cavabdehə müraciət etsə də cavabdeh həmin diplomun tanınmasından əsaslı səbəb olmadan imtina etmişdir. İddiaçı hesab edir ki, o, təxminən 6 il müddətində Beynəlxalq Praqa Universitetində təhsil aldığından və onun sənədləri müvafiq olaraq Çexiya Respublikası tərəfindən təsdiq olunduğundan, onun müraciətinin təmin edilməsindən imtina olunması qanunvericiliyin tələblərinə ziddir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Etirazın əsaslandırılması Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı diplom üzrə aldığı ixtisasların ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə Təhsil Nazirliyinə müraciət etmişdir. Cavabdeh müraciətə baxaraq Çexiya Respublikasının Beynəlxalq Praqa Universitetinin adı Çexiya Respublikasının Milli X4 təqdim etdiyi siyahıda (www.eric-naric.net saytının Çexiya bölməsində) yer almadığından iddiaçıya müvafiq sənədin verilməsindən cavab məktubu ilə xx.xx.2016-cı il tarixində imtina etmişdir və bu barədə ərizəçinin elektron kabinetində yerləşdirilmişdir. Qeyd olunmalıdır ki,Çexiya Respublikasının Milli X6 tərəfindən təsdiq olunmuş, bu ölkənin tanınan və akkreditə olunmuş ali təhsil müəssisələrinin siyahısında sözügedən ali təhsil müəssisəsinin adına rast gəlinməmişdir. Cavabdeh hesab edir ki, onun imtinası qanuni və əsaslıdır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Beynəlxalq Praqa Universiteti tərəfindən verilmiş BM 005806 №-li diplomun surətindən görünür ki, İddiaçı “İqtisad və Menecment” ixtisası üzrə bakalavr təhsil proqramını uğurla başa vurmuş, bu sahə üzrə “Menecment” ixtisasını qazanmışdır. Beynəlxalq Praqa Universiteti tərəfindən verilmiş diploma əlavədən görünür ki, iddiaçı “İqtisad və Menecment” ixtisası üzrə bakalavr təhsili almış, təhsil müddəti 6 semestr olmaqla 180 kredit təşkil etmişdir. İmtina məktubunun surətindən görünür ki, cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina edərkən Çexiya Respublikası Beynəlxalq Praqa Universitetinin adının, Çexiya Respublikasının Milli X5 Mərkəzinin təqdim etdiyi akkreditə olunmuş ali təhsil müəssisələrinin siyahısında (www.eric-naric.net saytının Çexiya bölməsində) göstərilməmişdir. Elektron yazışmalardan görünür ki, Çexiya Respublikasının Təhsil, Gənclər və İdman Nazirliyinin Akademik tanınma üzrə Milli Məlumat Mərkəzi Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sorğusuna cavab olaraq Çexiya tərəfindən Beynəlxalq Praqa Universitetinin heç vaxt Ali Təhsil haqqında Akta uyğun olaraq təhsil müəssisəsi kimi akkreditasiyadan keçmədiyi bildirilmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun: 27.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında təhsil fəaliyyəti üçün xüsusi razılığı (lisenziya) olan və dövlət akkreditasiyasından keçmiş təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir. (19 iyun 2020-ci ilə qədər olan redaksiya) 27.4-cü maddəsinə əsasən, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir; 29.0.21-ci maddəsinə əsasən, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur; 44.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 156 nömrəli Fərmanının 2.2- ci bəndində əsasən Qanunun 29.0.21 (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarının müəyyən olunması üzrə) və 44.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli Qərarı təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın: 1.1. Bu Qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 27.4-cü və 29.0.21-ci maddələrinə əsasən hazırlanmışdır və xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması (bundan sonra – tanınma) qaydalarını müəyyən edir. 1.2. Tanınma Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi (bundan sonra – Agentlik) tərəfindən həyata keçirilir. 1.4.9. tanınma – xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilən və verildiyi ölkədə ali təhsil pilləsinə qəbul olunmaq və ya ali təhsilin növbəti səviyyələri üzrə təhsilini davam etdirmək və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verən, həmçinin şəxsin müvafiq standartlara uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik olduğunu təsdiq edən təhsil haqqında sənədlərin (bundan sonra – xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyası) Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi; 3.10. Aşağıdakı hallarda kvalifikasiyanın tanınmasından imtina edilir: 3.10.1. bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmadıqda; 3.10.2. ərizəçinin müraciət etdiyi kvalifikasiya ilə Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya arasında əhəmiyyətli fərq aşkar olunduqda və ya həmin kvalifikasiya Azərbaycan Respublikasında mövcud olmadıqda və qismən, şərti və ya alternativ tanınma mümkün olmadıqda; 3.10.3. peşə tanınmasına münasibətdə bu Qaydaların 6.2-ci bəndinə uyğun olaraq, ərizəçi sınaq imtahanında müvəffəqiyyət qazanmadıqda. 4.1.Tanınma üzrə ümumi tələblər aşağıdakılardır: 4.1.1. müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması; 4.1.2. müvafiq kvalifikasiyaya dair sənədin autentik (həqiqi) olması; 4.1.3. müvafiq kvalifikasiyanın verildiyi ölkənin kvalifikasiyalar çərçivəsində yerinin göstərilməsi; 4.1.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 311 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” (bundan sonra – Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); 4.1.5. Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması). 5.1. Akademik tanınma ərizəçiyə Azərbaycan Respublikasında ali təhsil pilləsində təhsilini davam etdirmək hüququnun verilməsi məqsədilə aparılır 6.1. Peşə tanınması yalnız ali təhsil üzrə kvalifikasiyalara münasibətdə və Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi bağlanılarkən işçinin əmək funksiyasının xüsusiyyətlərinə uyğun olan peşə hazırlığının və ya təhsilin olması zəruri sayılan hallarda işəgötürənin tələbi ilə tətbiq edilir. 6.2. Bu Qaydaların əlavəsində nəzərdə tutulan peşələrə aid ixtisasların peşə tanınması zamanı ərizəçinin müvafiq kvalifikasiya üzrə peşə kompetensiyalarının Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya üzrə nəzərdə tutulmuş peşə kompetensiyalarının tələblərinə uyğunluğu müəyyən edilir. 7.1. Ərizəçinin ali təhsilə dair kvalifikasiyasının tanınmasına dair qərar qəbul edildikdə, tanınma şəhadətnaməsi qərarın qəbul edildiyi vaxtdan etibarən 5 (beş) gün müddətində hazırlanır. İşin faktiki hallarından görünür ki, hazırkı inzibati mübahisə ali təhsilə aid kvalifikasiyanın tanınması barədə inzibati aktın qəbulundan cavabdehin imtinası ilə bağlıdır ki, imtinanın əsası kimi müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması barədə tələbin pozulması ilə bağlıdır. Cavabdeh qeyd edir ki, iddiaçının təhsil aldığı təhsil müəssisəsi Çexiya Respublikasının Milli X5 Mərkəzinin təqdim etdiyi akkreditə olunmuş ali təhsil müəssisələrinin siyahısında yer almadığınan, iddiaçının müraciətinin təmin edilməsindən imtina olunmuşdur. Məhkəmənin qənaətinə görə, cavabdehin imtina məktubunda istinad etdiyi hal əsaslı olmuş və diplomun tanınmasından, başqa sözlə desək kvalifikasiyanın tanınmasından imtina edilməsi üçün əsasdır. Ümumməlum olan arqumentdir ki, təhsil fəalliyəti ilə məşğul olunması üçün təhsil müəssisəsi dövlət təhsil standartlarına və digər normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə aparılan və təhsil müəssisəsinin statusunun, hər bir ixtisas (proqram) üzrə təhsilalanların say həddinin müəyyən edilməsi, onun fəaliyyətinin növbəti müddətə uzadılması üçün hüquqi təminat yaradan prosedurdan keçməli, dövlət akkreditasiyası haqqında sənədə malik olmalıdır. Ali təhsil müəssisəsinin akkreditasiya şəhadətnaməsinə malik olması təhsil müəssisəsinin təhsil fəaliyyəti ilə qanuni əsaslar ilə məşğul olduğunun göstəricisi hesab olunur. Qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli Qərarı təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nda kvalifikasiyanın tanınmasından imtina edilməsinin, o cümlədən də tanınma üzrə ümumi tələblərin əhatə dairəsi müəyyən olunmuşdur ki, müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması ən əsas şərtlərdən biridir. Məhkəmə araşdırılması zamanı iddiaçının diplom aldığı Beynəlxalq Praqa Universitetinin Milli Akademik Tanınma Məlumat mərkəzinin təqdim etdiyi ölkədə tanınan və akreditə olunmuş ali təhsil müəssisələrinin siyahısında olmama, ümumiyyətlə akkreditasiya olmama səbəbləri, iddiaçının təhsil aldığı dövrdə və hal-hazırda Beynəlxalq Praqa Universitetinin qanuni əsaslarla göstərib-göstərməməsi barədə məlumatın təqdim edilməsi məqsədi ilə Çexiya Respublikasının Azərbaycandakı Səfirliyinə sorğu ünvanlanmışdır. Məhkəmə sorğusuna cavab məktubunun daxil olmaması hazırki vəziyyətdə iddiaçının iddiasının təmin edilməsi üçün əsas deyil. Belə ki, cavabdehin təqdim etdiyi, həmçinin Avropa Şurası və YUNESKO tərəfindən diplomların/ixtisasların tanınması ilə bağlı bütün Avropa ölkələri üçün ümumi siyasət və təcrübənin birləşdirilməsi və tətbiqi məqsədi ilə yaratmış olduğu ENİC-NARİC-a (https://www.enic-naric.net) daxil edilən məlumatların təhlili zamanı məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, İddiaçı təhsil aldığı Beynəlxalq Praqa Universiteti akkreditasiya almış təhsil müəssisələrin sırasında yer almamışdır. Məhkəmə əldə olunmuş bu məlumatın mötəbərliyi ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi”nin 2.1.47-ci maddəsinə əsasən təhsil sənədlərinin tanınması üzrə beynəlxalq şəbəkə (ENİC/NARİC) – Avropa Regionu üzrə X3 (ARİMŞ)/Təhsil Sənədlərinin Tanınması üzrə X1 (TSİMŞ). Bu Şəbəkəyə xaricdə əldə olunmuş kvalifikasiyalarla bağlı informasiya və məsləhət xidmətləri göstərən, bu kvalifikasiyaların qiymətləndirilməsini həyata keçirən və beynəlxalq təhsil sənədlərinin tanınmasına yardımçı olmaqla milli təhsil sistemləri arasında inteqrasiyanı təmin edən milli mərkəzlər daxildir. Avropa İttifaqında diplomların, diploma əlavələrin, kredit transferi sistemlərinin tanınması haqqında məlumatların verilməsini təmin edir. Göründüyü kimi ENİC/NARİC Avropa Regionu üzrə X3 (ARİMŞ)/Təhsil Sənədlərinin Tanınması üzrə X1 ki, bu Şəbəkə milli təhsil sistemləri arasında inteqrasiyanı təmin edir. Bu hal isə öz növbəliyində həmin Şəbəkəyə daxil olan məlumatların həqiqiliyində şübhə doğurmur. Bundan başqa qeyd olunmalıdır ki, cavabdeh inzibati orqanın özü də beynəlxalq şəbəkəyə daxil olan məlumatlar ilə kifayətlənməmiş, əlavə olaraq Çexiya Respublikasının Təhsil, Gənclər və İdman Nazirliyinin Akademik tanınma üzrə Milli Məlumat Mərkəzinə elektron müraciət etmişdir ki, müraciətə cavab olaraq Beynəlxalq Praqa Universitetinin heç vaxt Ali Təhsil haqqında Akta uyğun olaraq təhsil müəssisəsi kimi akkreditasiyadan keçmədiyi bildirilmişdir. Göründüyü kimi iddiaçının “İqtisad və Menecment” ixtisası aldığı Beynəlxalq Praqa Universiteti akkreditasiyadan keçməmiş və onun dövlət lisenziyası olmamışdır. Xülasə, məhkəmə bir məqamda toxunmağı zəruri hesab edir ki, Çexiya Respublikasının “Ali təhsil haqqında” Qanunun (X7 Education Act) 78-ci maddəsinin 9-cu bəndində qeyd olunmuşdur ki, əgər dərəcə proqramı akkreditasiyadan keçməyibsə və ya hər hansı təhsil sahəsinə aid deyilsə, ali təhsil müəssisəsi abituriyentləri qəbul etmək, dərslər keçirmək, imtahanları idarə etmək və ya akademik dərəcələr, o cümlədən mükafatlar vermək səlahiyyətinə malik deyil. Göründüyü kimi nəinki Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyin və normativ hüquqi aktların, ümumiyyətlə Çexiya Respublikasının qüvvədə olan qanunvericiliyin tələblərinə görə belə ali təhsil müəssisənin tədrisin həyata keçirilməsi üçün akkreditasiyadan keçməsi zəruridir. Məhkəmə, bir daha qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 4.1.1-ci yarımbəndinə əsasən müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması tanınmaya dair ümumi tələblər arasında qeyd olunduğundan, habelə sözügedən Qaydaların 3.10.2-ci yarımbəndinə əsasən əhəmiyyətli fərqin (təhsilinin növbəti səviyyədə davam etdirilməsi və (və ya) ixtisas üzrə əmək fəaliyyəti ilə məşğul olmaq hüququnun yaranmasına kifayət etməyən həcmdə fərqlər) mövcudluğu tanınmadan imtina üçün əsas kimi qeyd edildiyindən, cavabdehin imtina əsası kimi göstərdiyi hal əsaslı hesab olunur. İddiaçının müraciətinə əsasən inzibati icraatın aparıldığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları"nın 3.7-ci bəndinə əsasən təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqların Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olması (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa) tanınma üzrə mənfi qərarın qəbul edilməsi üçün əsaslar arasında göstərilmişdir. Eyni zamanda Məhkəmə bildirir ki, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)- 1518/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarında apellyasiya instansiya məhkəməsi oxşar iş üzrə eyni mövqeyidən çıxış etmişdir. İddiaçının diplomuna Çexiya Apostille şəhadətnaməsinin əlavə olunması ilə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının xx.xx.2004-cü il tarixli 595-İİQ nömrəli Qanunla qoşulduğu, xx.xx.1961-ci il tarixdə Haaqa şəhərində imzalanmış «Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya»nın: 3-cü maddəsinə görə, imzanın həqiqiliyini, sənədi imza etmiş şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün tələb oluna biləcək yeganə formallıq, həmin sənədin təqdim edildiyi dövlətin səlahiyyətli orqanı tərəfindən 4-cü maddədə nəzərdə tutulan şəhadətnamənin əlavə edilməsidir. Buna baxmayaraq, əgər sənədin təqdim edildiyi dövlətdə mövcud olan qanunlar, qaydalar və ya adətlər, yaxud da iki və ya bir neçə dövlət arasında razılaşma və ya Razılığa gələn bir neçə Dövlət arasında əldə olunmuş razılaşmalar əvvəlki abzasda göstərilən proseduru ləğv edirsə və ya sadələşdirirsə və ya sənədi leqallaşdırmadan azad edirsə, həmin funksiyaların yerinə yetirilməsi tələb edilə bilməz; 4-cü maddəsinə əsasən, 3-cü maddənin birinci abzasında nəzərdə tutulan şəhadətnamə sənədin özündə və ya sənədə əlavə edilən ayrıca vərəqdə əks etdirilir, həmin şəhadətnamə bu Konvensiyaya əlavə edilmiş nümunəyə uyğun olmalıdır. Lakin şəhadətnamə onu verən orqanın rəsmi dilində tərtib edilə bilər. Eyni zamanda onda qeyd edilmiş bəndlər ikinci dildə də izah edilə bilər. Şəhadətnamənin «Apostille (Convention de la Haye du 5 octobre 1961)» adlı başlığı fransız dilində göstərilməlidir; 5-ci maddəsinə görə, şəhadətnamə sənədi imzalamış şəxsin və ya hər hansı bir sənəd sahibinin vəsatətinə əsasən verilməlidir. Lazımi qaydada doldurulmuş şəhadətnamə imzanın həqiqiliyini, sənədi imzalamış şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq edir. Şəhadətnamədə edilmiş imza, vurulmuş möhür və ştampın yenidən təsdiq edilməsi tələb olunmur. Göründüyü kimi, iddiaçının diplomuna Çexiya Apostille şəhadətnaməsinin əlavə olunması yalnız diplomdakı imzaların həqiqiliyini, sənədi imzalamış şəxslərin hansı qisimdə çıxış etdiyini təsdiq edir və a priori bu diplomların başqa ölkələrdə, o cümlədən Azərbaycan Respublikasında tanınmasının məcburiliyi nəticələrini doğurmur. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması proseduru cavabdeh tərəfindən hər bir halda mövcud beynəlxalq sazişlər və tövsiyələr, təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlara uyğun həyata keçirilməlidir ki, bu şərtə də iş üzrə əməl olunmuşdur. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarını əsas gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-104/2020 saylı iş üzrə qəbul etdiyi 04 fevral 2020-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “Apostille şəhadətnaməsinin əlavə olunması yalnız diplomdakı imzaların həqiqiliyini, sənədi imzalamış şəxslərin hansı qisimdə çıxış etdiyini təsdiq edir və a priori bu diplomların başqa ölkələrdə, o cümlədən Azərbaycan Respublikasında tanınmasının məcburiliyi nəticələrini doğurmur.” Azərbaycan Respublikasının təhsil sahəsini tənzimləyən daxili və beynəlxalq qanunvericiliyin tələblərindən də göründüyü kimi cavabdehin imtinası qanuni olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Bununla bağlı cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır. Qeyd olunanları bütünlükdə nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar