Məhkəmə qərarları › İş №2-1(112)-1951/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1951/2022

02.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1951/2022 02.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı Əsgərova-X4 cavabdeh Bakı şəhəri Cavabdehnə (üçüncü şəxs X15) qarşı “cizgi və xəritədən çıxarışın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə (üçüncü şəxs X15) qarşı “cizgi və xəritədən çıxarışın ləğv edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. İşin faktiki hallarından da görünür ki, hazırkı inzibati mübahisə 13 aprel 1979-cu il tarixli 48/655 saylı qərar əsasında X9 ayrılmış torpaq sahəsinin yerləşmə yerinin müəyyən edilməsi ilə bağlıdır. Belə ki, iddiaçı adıçəkilən hüquqmüəyyənedici sənəd üzrə iş materiallarının 10-cu səhifəsində olan cavabdeh tərəfindən təsdiq edilmiş cizgi və xəritədən çıxarışın torpaq sahəsinin yerləşmə yerinə uyğun tərtib edilmədiyini, onun istifadəsində olmalı olan torpaq sahəsinə daxil olmuş torpaq kimi göstərildiyini, halbuki X9 ayrılmış torpaq sahəsinin ataları Çingiz Əzimova məxsus olmuş 21 saylı evə dair 1448,4 kv.m torpaq sahəsinin yanında olmuş, həmin torpaq sahəsinə daxil olmayan 484 kv.m torpaq sahəsi olduğu qənaətindədir. Üçüncü şəxs isə atası X9 13 aprel 1979-cu il tarixli 48/655 saylı qərar əsasında ayrılmış 484 kv.m torpaq sahəsinin məhz 21 saylı evə dair 1448,4 kv.m torpaq sahəsi hüdudlarında olduğu və bu səbəbdən də verilmiş cizgi və xəritədən çıxarışın düzgün tərtib edildiyi qənaətindədir. 18 iyul 1962-ci il tarixli texniki pasportdan görünür ki, Çingiz Əzimova məxsus evin yerləşdiyi torpaq sahəsinin ölçüsü 1448,4 kv.m olmuşdur. Göründüyü kimi hazırkı mübahisə zamanı məhkəmə cavabdeh tərəfindən cizgi və xəritədən çıxarışın verilməsi ilə əlaqədar faktiki xarakterli hərəkətlərinin qanunvericiliyinin tələblərinə uyğun olub-olmaması istiqamətində araşdırma aparmalıdır. Araşdırma nəticəsində gəlinən nəticə ilə bağlı isə məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “İnzibati icraat haqqında” Qanunun: 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Qanunvericiliyin tələbi ilə də müəyyən edilir ki, inzibati icraatla bağlı qanunvericiliyin tələbləri,o cümlədən qanunvericilikdə nəzərdə tutulmuş inzibati orqanlara həvalə edilmiş vəzifələr təkcə inzibati aktın qəbulu, icra edilməsi və ya ləğv edilməsi ilə bağlı yox, həmçinin inzibati orqanın fiziki şəxslərə və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətlərinə münasibətdə də nəzərə alınmalıdır. Hazırkı mübahisənin yaranma əsası da cavabdehin inzibati orqan kimi qəbul etdiyi inzibati aktla bağlı olmamış, məhz faktiki xarakterli fəaliyyəti nəticəsində tərtib etdiyi cizgi və xəritədən çıxarışla bağlı olmuşdur. Bu səbəbdən də, məhkəmə hesab edir ki, həmin cizgi və çıxarışın tərtib edilməsi zamanı yuxarıda adıçəkilən Qanunun aşağıda adıçəkiləcək tələblərinin gözlənilib-gözlənilmədiyinin yoxlanılması mütləqdir. 2.0.3. maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxs. 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 22.1. İnzibati orqanlar öz səlahiyyətlərini qərəzsiz olaraq həyata keçirməyə borcludurlar. 23.1. İnzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. 36.1. Aşağıdakı şəxslər inzibati icraatın iştirakçıları sayılırlar: 36.1.3. inzibati orqan tərəfindən iştirakçı kimi icraata cəlb olunmuş fiziki və ya hüquqi şəxslər. 36.3. Qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəcəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçüncü (maraqlı) şəxs qismində icraatda iştirakını təmin etməyə borcludur. 36.4. Qəbul olunması nəzərdə tutulan inzibati akt üçüncü şəxslərin qanunla qorunan maraqlarına toxunacağı halda, inzibati orqan onları öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatətinə əsasən iştirakçı kimi icraata cəlb edə bilər. 36.5. İcraata iştirakçı kimi cəlb olunan üçüncü şəxslər icraat iştirakçılarının malik olduğu bütün hüquq və vəzifələrə malikdirlər. İştirakı məcburi olan üçüncü şəxs icraata cəlb olunduğu halda, icraatın sonunda qəbul olunmuş inzibati akt ona münasibətdə də etibarlı olur və onun üçün hüquq və vəzifələr yaradır. Qanunvericiliyin tələbindən də müəyyən edildiyi kimi inzibati orqan inzibati icraat apararkən maraqlı şəxslə yanaşı, hüquq və mənafelərinə toxuna biləcəyi halda digər şəxslərin də inzibati icraatın iştirakçısı qismində iştirakını təmin etməyə borcludur. Bu zaman adıçəkilən şəxsin iştirakının təmin edilməli olması ilə bağlı şərtin zəruriliyi hazırkı işdən də aşkar görünür. Belə ki, cavabdeh müvafiq cizgi və xəritədən çıxarışı tərtib edərkən iddiaçının inzibati icraatın iştirakçısı qismində iştirakını təmin etmədiyindən aşağıdakı işin faktiki hallarını nəzərə almamış, nəticədə inzibati icraatla bağlı prosessual normaların tələblərini pozmaqla yekun nəticəyə gəlmişdir. İşin faktiki hallarından isə müəyyən edilir ki, 13 aprel 1979-cu il tarixdə üçüncü şəxsin atası T.Əzimova 484 kv.m ölçüdə Zevin küçəsində 443 nömrəli torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 10 noyabr 2005-ci il tarixli qətnaməsindən görünür ki, həmin iş üzrə cavabdeh Tahir Əzimov özbaşına tikilinin sökülməsi tələbinə qarşılıq iddia vermiş X2 tikmiş olduğu anbarın sökülməsi tələbini irəli sürmüşdür. Həmin iş üzrə cavabdeh T.Əzimov iddia ərizəsində qeyd etmişdir ki, ona fərdi yaşayış evi tikmək üçün ayrılmış 484 kv.m torpaq sahəsinin hüdudları daxilində bir hissədə D.İsmayılovun mağazasının anbarı yerləşir. T.Əzimov qeyd etmişdir ki, 85 kv.m hissədə inşa edilmiş həmin anbar sökülməlidir. D.İsmayılov isə iddia verərək Bünyatzadə küçəsində yerləşən 16 saylı mağazanın ətrafında cavabdeh tərəfindən qanunsuz inşa edilmiş hasar xəttinin sökülməsini tələb etmiş və iddia tələbi təmin edilmişdir. Məhkəmə öz qərarında 11 avqust 2005-ci il tarili məhkəmə tikinti-texniki ekspertizasının rəyinə əsaslanaraq hesab etmişdir ki, T.Əzimov öz həyətindən Bünyatzadə küçəsinə, D.İsmayılova məxsus mağazanın yanından ikinci çıxış yolu açmışdır. Qeyd olunur ki, həmin iş üzrə verilmiş ekspert rəyi və məhkəmə qərarının qəbuluna əsas olmuş T.Əzimovun izahat və iddia ərizəsi hazırkı iş üzrə cavabdehin prosessual xarakterli pozuntulara yol verilməsinin müəyyən edilməsində əhəmiyyətlidir. Belə ki, cavabdeh cizgi və çıxarışı tərtib edərkən iş üzrə ziddiyyətləri halları nəzərə almadan texniki sənədi tərtib etmişdir ki, bu zaman T.Əzimov, daha sonra isə üçüncü şəxs Ə.Əzimovun istifadəsində olan 484 kv.m torpaq sahəsinin 1448 kv.m torpaq sahəsinin hüdudlarında olduğunu hansı qaydada müəyyən etdiyini cavabdeh əsaslandıra bilməmişdir. Halbuki, T.Əzimov həmin iş üzrə verilmiş iddia tələbi üzrə tam əks mövqedə izahat verərək ona ayrılmış torpaq sahəsinin Bünyatzadə küçəsinə keçidinin olduğunu, ona ayrılmış 484 kv.m torpaq sahəsi hüdudlarında məhz anbarın olduğunu qeyd etmişdir. Həmin işin faktiki hallarından isə müəyyən edilir ki, adıçəkilən anbar Zevin, yəni indiki R.Məmmədhüseynov küçəsində olmayıb, məhz Bünyatzadə küçəsindədir. Üçüncü şəxsin xeyrinə verilmiş cizgi və çıxarışda isə torpaq sahəsi 1448 kv.m torpaq sahəsinin hüdudlarında R.Məmmədhüseynov küçəsindədir. Qeyd olunur ki, mübahisəli ərazidə yerli baxış keçirilmiş və müəyyən edilmişdir ki, üçüncü şəxsin hazırda iddia etdiyi 484 kv.m sahə üçüncü şəxs tərəfindən daş hasara alınmaqla istifadə edilir və həmin ərazinin Bünyatzadə küçəsinə hər hansı aidiyyəti mövcud deyil. Adıçəkilən küçə üçüncü şəxsə məxsus fərdi yaşayış evinin həyətə giriş istiqamətindən tam sağda, mübahisəli torpaq sahəsi isə tam əks istiqamətdə solda yerləşir. Göründüyü kimi üçüncü şəxsə verilmiş texniki sənəddə torpaq sahəsinin yeri ilə bağlı üçüncü şəxsin hazırkı məhkəmədə irəli sürdüyü arqumentlər, mərhum atasının ayrılmış torpaq sahəsinin yerləşmə yeri ilə bağlı qarşılıqlı iddiada irəli sürdüyü arqumentlər arasında ziddiyyət mövcuddur. Lakin, nə üçüncü şəxs, nə də cavabdeh inzibati icraat aparılarkən hazırkı iş üzrə iddiaçının iştirakını təmin etmədiyindən həmin ziddiyyətli məqamların qiymətləndirilməsi də mümkün olmamış, nəticədə verilmiş texniki sənəd yeni inzibati mübahisənin yaranmasına səbəb olmuşdur. Eyni zamanda, cavabdeh həmin torpaq sahəsinə əvvəllər yerləşmə yeri ilə bağlı sənədlərin olmasını da nəzərə almadan yenidən bununla bağlı texniki sənəd tərtib etmişdir. Halbuki, iş materiallarında olan 11 avqust 2005-ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki, baxış zamanı məlum olmuşdur ki, 444 nömrəli torpaq sahəsi bir tərəfdən Bünyatzadə küçəsi, digər tərəfdən isə R.Məmmədhüseynov, yəni Zevin küçəsi ilə əhatə olunur. 13 aprel 1979-cu il tarixli qərara əsasən ayrılmış torpaq sahəsi üzrə tərtib olunmuş plan sxemdən görünür ki, həmin həyətyani sahəyə giriş R.Məmmədhüseynov küçəsindəndir. Rəyin nəticə hissəsində də analoji mövqedən çıxış edilmişdir. Göründüyü kimi ekspert rəyindən həmin torpaq sahəsinə dair plan-sxemin mövcud olduğu və həmin sxem əsasında rəyin verildiyi aşkar müəyyən edilir. Cavabdeh isə həmin yerləşmə yerini təsdiq edən sənədin mövcudluğunu nəzərə almadan eyni torpaq sahəsinə dair yeni cizgi və xəritədən çıxarış vermişdir ki, eyni torpaq sahəsinə dair yeni texniki sənədin verilməsinin səbəbləri əsaslandırıla bilməmişdir. Əksinə, cavabdeh 20 may 2022ci il tarixli iddiaçıya ünvanladığı məktubda ilkin plan sxemin mövcud olduğu halda digər plan-sxemin verilməsinin məqsədəuyğun olmadığı özü etiraf etmişdir. İlkin plan-sxem isə hal-hazırda iş materiallarında mövcud olmasa da rəy və məhkəmə qərarından görünür ki, reallıqda mövcud olmuş, lakin obyektiv səbəblərdən iş materiallarına əlavə edilə bilməmişdir. Belə ki, məhkəmə sorğusuna əsasən Xəzər Rayon Məhkəməsinin icraatında olmuş və 2005-ci il tarixli qətnamənin qəbul edilməsinə əsas olmuş qərarda adıçəkilən 2(003)- 321/2005 saylı mülki iş materialı Xəzər Rayon Məhkəməsinin məktubundan da görünür ki, məhv edilmişdir. Lakin, məhkəmə hesab edir ki, materialın məhv edilməsi qətnamədə adıçəkilən plan-sxemin mövcud olmuş olduğuna şübhə yaranmasına əsas ola bilməz. Məhkəmə, bununla bağlı olaraq qeyd edir ki, hazırkı halda gəlinən nəticə həmin qərarın preyudisiallığı ilə də bağlı deyildir. Belə ki, hazırkı iş üzrə məhkəmə qərar qəbul edərkən həmin qətnamədə müəyyən edilən hallara yox, iş materiallarında mövcud olan və qərarda da adıçəkilən plan-sxemin mövcudluğunun mötəbərliyinə münasibətdə qiymətləndirmə aparır ki, qeyd olunan sənədin mövcudluğu barədə məlumat başqa iş materiallarında olsa da ekspert rəyi və məhkəmə qərarında qeyd edilmişdir. Məhkəmə, eyni zamanda iddiaçı X6 cavabdeh Binə Bələdiyyəsi və digərlərinə qarşı sənədlərin etibarsız hesab edilməsinə dair iş üzrə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsi tərəfindən verilmiş mütəxəssis rəyi ilə bağlı da qeyd etməyi zəruri hesab edir ki, rəydə qeyd edilmişdir ki, X9 19 aprel 1979-cu il tarixli qərar əsasında ayrılmış torpaq sahəsindən əlavə həmin şəxs X10 məxsus texniki pasportda göstərilən 596 kv.m torpaq sahəsini də istifadə etməkdədir. X1 istifadəsində olan ərazi 996 kv.m təşkil edir. Məhkəmə yerli baxış zamanı da torpaq sahəsinin konkret ölçüləri ilə bağlı araşdırma aparmasa da, üçüncü şəxsin faktiki istifadəsində olduğu torpaq sahəsinin ölçüsünün 484 kv.m-dən artıq olduğunu aşkar müəyyən etmişdir. Üçüncü şəxs hər nə qədər əlavə sahənin zəbt olduğunu, 484 kv.m torpaq sahəsinin konkret yerinin müəyyən edildiyini qeyd etsə də, cavabdehin təkcə üçüncü şəxsin mülahizələri nəzərə alınmaqla iddiaçı dinlənilmədən qəbul etdiyi texniki sənədin prosessual baxımından qanunsuz tərtib edilməsi müəyyən edilmişdir. Məhkəmə, eyni zamanda, iş üzrə əhəmiyyət daşıya biləcəyini hesab etdiyi Xəzər Rayon Məhkəməsinin icraatında olmuş 2(003)-142/2013 saylı iddiaçı F.Əzimovanın cavabdeh Ə.Əzimova qarşı torpaq sahəsindən çıxarılma və s barədə iş materiallarının da tətqiqini həyata keçirmiş və həmin materiallarda aşağıdakıların qeyd edildiyini müəyyən etmişdir. Belə ki, həmin iş materiallarında olan iddia tələbindən görünür ki, iddiaçı F.Əzimova əri indiki iş üzrə iddiaçının atası və üçüncü şəxsin babası olan Çingiz Əzimova ayrılmış torpaq sahəsinin 1448 kv.m olduğunu, həmin torpaq sahəsinə bitişik 444 saylı 484 kv.m ölçüdə torpaq sahəsinin övladı T.Əzimova 13 aprel 1979-cu il tarixli qərarı ilə ayrıldığını bildirmiş və torpağın yerləşmə yerinin müəyyən edilməsi zamanı Xəzər Rayon Məhkəməsinin 2005-ci il tarixli qətnaməsi və qətnamədə istinad olunan rəyin nəzərə alınmalı olması ilə bağlı mövqe nümayiş etdirmişdir. Həmin iş üzrə də iddiaçı hesab etmişdir ki, cavabdeh torpaq sahəsi bitişik olmasına baxmayaraq məhz 1448 kv.m torpaq sahəsinin hüdudları daxilindən torpağı zəbt etmişdir. Eyni zamanda, həmin iş materiallarında (105-ci səhifə) olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən verilmiş rəydə qərarda torpaq sahəsinin 443- nömrəli göstərilməsinə baxmayaraq həmin qərarın ayrılmaz hissəsi olan torpaq sahəsinin planında sahənin nömrəsinin 444 olduğu qeyd edilmişdir. Həmçinin, rəydə qeyd edilmişdir ki, evin həmin dövrdə mövcud olan texniki pasportundakı torpaq sahəsinin planından, qərarın təsvir hissəsindən görünür ki, torpaq sahəsi həmin dövrdə mövcud olmuş Zevin və Bünyatzadə küçələrinin kəsişdiyi tərəfdən 484 kv.m torpaq sahəsi ayrılmışdır. 1982-ci il tarixli xəritə materiallardan isə müəyyə edir ki, vətəndaş adıçəkilən küçə boyu əlavə torpaq sahəsini tutmuşdur. Vətəndaş 13 aprel 1979-cu il tarixli qərar əsasında torpaq sahəsini hasarlayarkən 2,2 m eni, 31 m uzunluğunda qonşu sahəyə girmişdir. Həmin rəydən də görünür ki, inzibati orqan adıçəkilən torpaq sahəsinin ayrılmasına dair torpaq sahəsinin ayrılmaz planının mövcud olduğunu və orada sahənin 444 olduğunu qeyd edir. Göründüyü kimi, torpaq sahəsinə dair ilkin texniki sənədlərin mövcud olduğu bir daha həmin sənəddə adıçəkilmişdir ki, cavabdehin növbəti dəfə 2020-ci il tarixdə hazırda mübahisələndirilən texniki sənədin verilməsinin prosessual baxımından qanunsuzluğu müəyyən edilmişdir. Eyni zamanda, hər nə qədər əsli məhkəməyə təqdim edilə bilməsə də, surət olan həmin iş materiallarında olan (3-cü cild 62 səhifə) və məhkəmənin möhürü həkk olunmuş texniki sənəddən görünür ki, 444 nömrəli sahə Bünyatzadə və Zevin küçəsinin kəsişməsində yerləşir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfindən məhrum X9 13 aprel 1979-cu il tarixli 48/655 saylı qərar əsasında ayrılmış 484 kv.m torpaq sahəsinin tərtib edilmiş cizgisi və xəritədən çıxarış üçüncü şəxs ilə yanaşı iddiaçının inzibati icraatın iştirakçısı kimi cəlb edilmədən, hər iki tərəfin izahatları və inzibati icraat materiallarına əlavə sənəd və sübutları əldə edilmədən, iş üzrə tam və obyektiv araşdırma aparılmadan, ilkin texniki sənədlərin mövcud olmasına baxmayaraq növbəti texniki sənədin tərtib edilməsi zərurəti əsaslandırılmadan, təkcə üçüncü şəxsin iştirakı ilə birtərəfli qaydada izahat alınmaqla tərtib edildiyindən inzibati icraatla bağlı prosessual qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Məhkəmə, əlavə olaraq onun da qeyd edilməsini zəruri hesab edir ki, hazırkı halda torpaq sahəsinə dair verilmiş cizgi və xəritədən çıxarışın ləğv edilməsi inzibati icraatla bağlı prosessual qanunvericiliklə bağlı tələblərə riayət edilməməsi ilə bağlı olub, adıçəkilən 484, kv.m torpaq sahəsinin konkret yerləşmə yeri ilə bağlı məhkəmənin yekun nəticəyə gəlməsi hesab edilməməlidir. Hazırkı halda məhkəmə inzibati orqanın faktiki xarakterli hərəkətinə prosessual baxımından qiymət verilməsi barədə yekun nəticəyə gəlir ki, prosessual baxımından verilən qiymət iddiaçının iddia tələbinin təmini ilə bağlı məhkəmədə qənaət formalaşdırmış, həqiqətən də tərtib edilmiş cizgi və xəritədən çıxarışın qanunsuz hesab edilməklə ləğv edilməsi üçün nəticəyə gəlinməsi üçün əsas olmuşdur. Eyni zamanda, hər nə qədər iddiaçı iddia tələbində 443 nömrəli torpaq sahəsinin “cizgisinin və xəritədən çıxarışın” hazırlanmasına və təsdiq edilməsinə dair hərəkətlərin qanunsuz sayılaraq həmin sənədin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etsə də, məhkəmə AR İPM-nin 52-ci maddəsinin tələblərinin nəzərə alınmalı olması qənaətindədir. Belə ki, maddənin tələbinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Hazırkı halda da məhkəmə iddiaçının ifadə tərzi ilə bağlı olmadığından iddianı “X3 Əzizbəyov ZDS İK-nin 48/655 saylı 13 aprel 1979-cu il tarixli qərarı əsasında ayrılmış 443 saylı torpaq sahəsinin Ə-48-091 nömrəli 12 fevral 2020-ci il tarixli cavabdeh Bakı şəhər Cavabdeh məktubu ilə cizgisi və xəritədən çıxarışının təsdiq edilərək üçüncü şəxs X11 göndərilməsinin qanunsuz hesab edilməklə həmin torpaq sahəsinə dair cizgisi və xəritədən çıxarışın ləğv edilməsinin cavabdehə həvalə edilməsi” formasında olmasının iddiaçının hüquqi marağına uyğun olduğu və iddia tələbindən kənara çıxmadığı qənaətindədir. Bu zaman nəzərə alınmalıdır ki, cizgi və xəritədən çıxarışın ləğv edilməsi növündə iddia mübahisələndirmə növündə iddia olmadığından öhdəliyin icrası növündə olduğundan həmin cizgi və xəritədən çıxarış onu tərtib edən orqan tərəfindən (çıxarışın ləğvi, plan və ölçüsün ləğvi ilə bağlı işlərdə olduğu kimi) ləğv edilməlidir. Belə ki, AR İPM-nin 2.2.3-cü maddəsi konkret olaraq qeyd edir ki, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialar öhdəliyin icrası növündə iddiadır Hazırkı halda da texniki sənədin ləğv edilməsi mübahisələndirmə növündə iddia olmadığından onun məhkəmə tərəfindən ləğvindən söhbət gedə bilməz. Digər iddia növü kimi isə hazırkı iddia öhdəliyin icrası növündə iddia hesab edildiyindən Məcəllənin tələbinə əsasən həmin ləğv etmə öhdəlik qoyulan inzibati orqanın özü tərəfindən həyata keçirilməlidir. Bu səbəbdən də hazırkı halda iddianın məhkəmənin qeyd etdiyi formada tərtib edilməməsi iddianın mümkünsüz hesab edilməsi ilə nəticələnməməli və iddiaçının iddia ərizəsinin nəticə hissəsində ifadə etdiyi mövqe məhkəmənin ifadə tərzi ilə bağlı olmaması səbəbindən və iddia tələbindən kənarlaşma hesab edilmədiyindən (belə ki, iddiaçı texniki sənədin ləğv edilməsini tələb edir) yuxarıda adıçəkilən formada iddia tələbinə qiymət verilməsi üçün əsas olmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. X3 Əzizbəyov ZDS İK-nin 48/655 saylı 13 aprel 1979-cu il tarixli qərarı əsasında ayrılmış 443 saylı torpaq sahəsinin Ə-48-091 nömrəli 12 fevral 2020-ci il tarixli cavabdeh Bakı şəhər Cavabdeh məktubu ilə cizgisi və xəritədən çıxarışının təsdiq edilərək üçüncü şəxs X11 göndərilməsi qanunsuz hesab edilməklə həmin torpaq sahəsinə dair cizgi və xəritədən çıxarışın ləğv edilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar