Məhkəmə qərarları › İş №2-1(112)-19512/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-19512/2025

30.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-19512/2025 30.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunu təsdiq edən sənədin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə Qanuni nümayəndə iddiaçının qanuni nümayəndəsi qismində tanınmışdır. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının valideynləri Qubadlı rayonundan məcburi köçkün düşmüşlər, onlar məcburi köçkün statusuna malik olan şəxsdirlər. Cavabdeh iddiaçının valideynlərinin qeydiyyatının Bakı şəhəri olması əsası ilə ona həmin statusun verilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, həmin imtina qanunsuz və əsassızdır. Belə ki, onun valideynləri məcburi köçkün statusunda olan şəxslərdir. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddia tələbinə münasibətdə yazılı etiraz təqdim olunmamışdır. Tərəflərin iştirakları və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının qanuni nümayəndəsi iddia tələbinin təmin edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İmtinadan görünür ki, Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar"ın 4.1.6-cı bəndinə istinad edilməklə, iddiaçının valideynlərinin Bakı şəhəri üzrə yaşayış yerinə dair qeydiyyatının olması nəzərə alınmaqla müraciətin təminindən imtina edilmişdir. Məcburi köçkün vəsiqələrindən görünür ki, iddiaçının valideynləri məcburi köçkün statusunda olan şəxsdirlər. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia rədd olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Azərbaycan Respublikası Konstitusiyasının: Maddə 148. Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan aktlar İ. Qanunvericilik sistemi aşağıdakı normativ hüquqi aktlardan ibarətdir: 1) Konstitusiya; 2) referendumla qəbul edilmiş aktlar; 3) qanunlar; 4) fərmanlar; 5) Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları; 6) mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanunun: normativ hüquqi akt – tənzimlənməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə, qanunla və ya fərmanla dövlət orqanının səlahiyyətlərinə aid edilən məsələlər üzrə həmin dövlət orqanı tərəfindən və ya referendum yolu ilə qəbul edilmiş, hamı üçün məcburi davranış qaydalarını əks etdirən, qeyri-müəyyən subyektlər dairəsi üçün və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı rəsmi sənəd; 2.9. Nizamnamələrin, əsasnamələrin, təlimatların, reqlamentlərin və qaydaların hüquqi qüvvəsi onları təsdiq edən normativ hüquqi aktın hüquqi qüvvəsi ilə müəyyən edilir. 88.1. Normativ hüquqi aktlar Azərbaycan Respublikasının bütün ərazisində məcburi qüvvəyə malikdir. 88.2. Normativ hüquqi aktların qüvvəsi, qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə nəzərdə tutulmuş hallar istisna olmaqla, Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərə, habelə Azərbaycan Respublikasının ərazisində olan əcnəbi vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə şamil edilir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”Azərbaycan Respublikası Qanunun:

1. Məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 №-li qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın: 1.1. “Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməyə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün” statusu, onu təsdiq edən vəsiqənin verilməsi və bu statusdan məhrumetmə məsələlərinə dair qərarları Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi (bundan sonra Komitə) qəbul edir. 1.2. Məcburi köçkünlər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə və bu qaydalarla müəyyən edilmiş müddətdə “məcburi köçkün” statusu almaq hüququna malikdirlər. 4.1. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilir: 4.1.1. Sakini olduqları rayon işğal olunanadək daimi yaşayış yeri həmin rayon olan Azərbaycan Respublikasının vətəndaşlarına; 4.1.2. Sakini olduqları rayon işğal edildikdən sonra birbaşa MDB ölkələrinə gedərək orada müvəqqəti yaşadıqdan sonra Azərbaycan Respublikasına gələrək məcburi köçkün kimi müvəqqəti qeydiyyata düşmüş Azərbaycan Respublikasının vətəndaşlarına; 4.1.3. Sakini olduqları rayon işğal edilənədək daimi yaşayış yeri üzrə həqiqi hərbi xidmətə çağırılmış və işğal zamanı həqiqi hərbi xidmətdə olmuş şəxslərə; 4.1.4. Hərbi qulluğa daxil olmuş və işğal zamanı işğal bölgəsində müddətli hərbi xidmətdə olan işğal edilmiş rayonun sakinlərinə (hərbi xidmətdən tərxis olunduqdan sonra); 4.1.5. Sakini olduqları rayon işğal edilən zaman Azərbaycan Respublikasında və MDB ölkələrində ali, orta-ixtisas və peşə məktəblərində təhsil alan, təhsil müddətində sakini olduğu rayonda daimi yaşadığı ünvandan qeydiyyatdan çıxmadan təhsil müəssisəsinin yerləşdiyi şəhərdə (rayonda) müvəqqəti qeydiyyatda olan şəxslərə; 4.1.6. Valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara; 4.1.7. Məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmuş rayonun sakini (məcburi köçkün) ilə nikahda olmuş, lakin öz rayonundan pasport qeydiyyatından çıxmayan, işğaldan sonra ərinin yaşayış yeri üzrə qeydiyyata düşmüş qadınlara; 4.1.8. “Məcburi köçkün” statusuna malik olan valideynlərini itirmiş və Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış şəxslərə. Qanunvericiliyin tələbindən də göründüyü kimi mərkəzi icra hakimiyyəti orqanlarının qərarları, həmçinin həmin qərarla təsdiq edilmiş qaydalar Azərbaycan Respublikası ərazisində və həmin ərazidə olan şəxslər, dövlət orqanları üçün məcburi hüquqi qüvvə malikdir. Qeyd olunan səbəbdən də, məhkəmə normativ hüquqi akt statusuna malik olan Azərbaycan Respublikası qanunvericilik sisteminin tərkibində olan mərkəzi icra hakimiyyəti orqanı kimi Komitə tərəfindən qəbul edilmiş Qaydalar”ın 4.1.6-cı yarımbəndinə uyğun olaraq hesab edir ki, iddiaçı məcburi köçkün statusuna malik olmayan şəxsdir. İşin faktiki hallarından görünür ki, iddiaçı həmin yarımbəndin mövcud vəziyyətdə tətbiq olunmasına razılaşmır və iddianın təmin edilməsini xahiş edir. Cavabdeh isə qeyd olunan yarımbəndin tələbinə uyğun olaraq iddiaçının valideynlərinin qeydiyyat ünvanının işğaldan azad olunmuş rayon (şəhər) olmamasını əsas göstərərək iddiaçıya məcburi köçkün statusu verilməsindən imtina edir. Məhkəmə hesab edir ki, cavabdehin imtina ilə bağlı gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, Qaydaların 4.1.6-cı bəndində iddiaçıya məcburi köçkün statusu verilməsinə əsas olmuş üç şərtdən biri ödənilmir. Yarımbəndin məzmunundan da görünür ki, o uşaqlara məcburi köçkün statusu verilir ki,

1. Valideynlərindən atası “məcburi köçkün” statusuna malik olsun;

2. Hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olsun;

3. Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış olsun. Hazırkı işin faktiki hallarından görünür ki, qanunvericilikdə nəzərdə tutulmuş 1-ci və 3cü şərt ödənilsə də (cavabdeh tərəfindən də bu hal mübahisələndirilməmişdir), iddiaçının məcburi köçkün statusunun alınması üçün zəruri olan 2-ci şərt ödənilməmişdir. Belə ki, yarımbənddən də görünür ki, yalnız hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olması zəruri şərt kimi müəyyən edilmişdir. Bu şərt, 1-ci şərtin ödənilməsi (atanın “məcburi köçkün” statusuna malik olması) ilə birgə vətəndaşa “məcburi köçkün” statusunu əldə etmək hüququnu yaradır. Göründüyü kimi məhkəmə üçün iddianın imtina əsası həmin 2-ci şərtin ödənilməməsi ilə bağlı olmuşdur. İşin faktiki hallarından görünür ki, iddiaçının valideynləri Bakı şəhəri, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmuşdurlar. Qeyd olunan hal iddiaçıya məcburi köçkün statusunun verilməsini imkan vermir. Belə ki, yarımbəndin tələbindən görünür ki, yalnız hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olmalıdır. İddiaçının valideynləri Bakı şəhərində yaşayış yeri üzrə qeydiyyatda olan və şəxsiyyət vəsiqəsinə malik olan şəxslərdir. Bu halda, iddiaçının atasının “məcburi köçkün” statusuna malik olması, iddiaçının vəziyyətinə heç bir təsir etməz. Göründüyü kimi, iddiaçının valideynlərinin daimi yaşayış yeri üzrə qeydiyyatı işğaldan azad olunmuş ərazi olmadığından, Qaydaların 4.1.6-cı bəndində nəzərdə tutulan 2-ci şərt ödənilməmişdir. Odur ki, cavabdehin imtinası əsaslı olmuşdur. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-880/2025 nömrəli, xx.xx.2025ci il tarixli qərarında qeyd olunmuşdur ki, “Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə Qaydaların 4.1.6-cı bəndində nəzərdə tutulan 2-ci şərt, yəni hər iki valideynin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olmasına dair şərt ödənilməmişdir. İddiaçının atası X1 rayonu, Horadiz qəsəbəsi, Xanlar küçəsi, ev 5 ünvanında qeydiyyatdadır. Füzuli rayonu, Horadiz qəsəbəsi 1994-cü il tarixdə işğaldan azad olunmağına baxmayaraq, həmin ərazi Ermənistan Silahlı Qüvvələrinin yerləşdikləri mövqelərə, yəni “təmas xətti”nə yaxın ərazidə yerləşdiyindən burada yaşayan insanların çətin və təhlükəli şəraitdə yaşamaları nəzərə alınaraq onların məcburi köçkünlər üçün nəzərdə tutulmuş imtiyaz və güzəştlərdən istifadə etmələrinə şərait yaradılmışdır. 1994-cü ildə Horadiz qəsəbəsi işğaldan azad olunduqdan sonra qəsəbə sakinləri faktiki olaraq orada yaşamış və onların daimi yaşayış yerlərini tərk edərək məcburi köçkün düşmə faktı baş verməmişdir. Göründüyü kimi, iddiaçının atası X2 daimi yaşayış yeri üzrə qeydiyyatda olduğu Füzuli rayonun Horadiz qəsəbəsi işğal olunmuş ərazi olmadığından Qaydaların 4.1.6-cı bəndində nəzərdə tutulan 2-ci şərt ödənilməmişdir.” Yuxarıda qeyd edilən məhkəmə qərarından görünür ki, Ali Məhkəmə müvafiq kateqoriyadan olan mübahisələrə dair formalaşdırdığı hüquqi mövqedə ifadə etmişdir ki, əgər şəxsin hər iki valideyninin yaşayış yeri üzrə qeydiyyatı işğaldan azad olunmuş əraziyə aid deyilsə, həmin halda Qaydaların 4.1.6-cı bəndində nəzərdə tutulan 2-ci şərt ödənilməmiş hesab olunur və bu səbəbdən məcburi köçkün statusunun verilməsindən imtina hüquqi əsaslıdır. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, iddia tələbi rədd olunmalıdır.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar