Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1952/2022 02.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “mənsubiyyətin tanınması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “mənsubiyyətin tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan ərizə ilə müraciət edilərək iddiaçının əsl iddiaçı X4 ilə əsl iddiaçı kimi əvəz edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə ərizənin icraata qəbul edilməsi, İddiaçı əsl iddiaçı X4 ilə əvəz edilməsi qərara alınmışdır. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək məhkəmədən iddiaçıya Azərbaycan Respublikası vətəndaşı kimi mənsubiyyətin tanınmasının cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Miqrasiya Məcəlləsi müddəaları təşkil edir. Belə ki, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin: 6.1. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin miqrasiya uçotu (bundan sonra – miqrasiya uçotu) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında bu Məcəllə ilə nəzərdə tutulmuş məlumatların, habelə onların yerdəyişməsi haqqında məlumatların qeydə alınması və ümumiləşdirilməsi sahəsində fəaliyyətdir. 6.2. Miqrasiya uçotu miqrasiya proseslərinin idarə olunması formalarından biridir və Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla olan hər bir əcnəbinin və vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş sərbəst hərəkət etmək, ölkə ərazisində olma və yaşama yeri seçmək və digər hüquq və azadlıqlarının təmin olunmasına, habelə Azərbaycan Respublikasının miqrasiya sahəsində milli maraqlarının həyata keçirilməsinə və qanunsuz miqrasiyanın qarşısının alınmasına yönəlmişdir.
14. Azərbaycan Respublikasının müvafiq dövlət orqanları, diplomatik nümayəndəlikləri və konsulluqları, habelə onların vəzifəli şəxsləri Azərbaycan Respublikasının ərazisindən kənarda müvəqqəti və ya daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, müvafiq xarici dövlətin qanunvericiliyinə, habelə beynəlxalq adətlərə uyğun olaraq onlara verilmiş bütün hüquqlardan tam həcmdə istifadə edə bilmələri üçün tədbirlər görməyə, onların qanunla qorunan hüquq və mənafelərini qanunvericiliklə müəyyən edilmiş qaydada müdafiə etməyə, Azərbaycan Respublikası vətəndaşlarının pozulmuş hüquqlarının bərpası üçün tədbirlər görməyə borcludurlar. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunun: -1. Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinə görə, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. -5-ci maddəsinə əsasən aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar: 1) bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər, o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun; 2) 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər; 3) 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar; 4) bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər. -6-cı maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlər aşağıdakılardır: 2) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi; 2-1) 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı; 3) Azərbaycan Respublikası vətəndaşının pasportu. -11-ci maddəsinə əsasən şəxs Azərbaycan Respublikasının vətəndaşlığını aşağıdakı hallarda əldə edir: 1) Azərbaycan Respublikasının ərazisində (bu Qanunun 12-ci maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) və ya Azərbaycan Respublikasının vətəndaşından doğulduqda; 2) Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edildikdə; 3) Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş əsaslar olduqda; 4) bu qanunda nəzərdə tutulmuş başqa əsaslar olduqda. “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi” Qaydasının: -1.1. Bu Qayda “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq hazırlanmışdır və şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydasını müəyyən edir. 2.2. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün əsaslar aşağıdakılardır: 2.2.1. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək (1998-ci il oktyabrın 7-dək) Azərbaycan Respublikasının (və ya Azərbaycan SSR-in) vətəndaşlığında olubsa; 2.2.2. Azərbaycan Respublikasının ərazisində doğulduqda (valideynlərindən hər ikisi Azərbaycan Respublikasının vətəndaşı olduğu hallar istisna olmaqla); 2.2.3. valideynlərindən hər ikisi Azərbaycan Respublikasının vətəndaşıdırsa (doğumu Azərbaycan Respublikasının dövlət qeydiyyatına alınmış şəxs istisna olmaqla); 2.2.4. valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşıdırsa; 2.2.5. valideynlərindən biri və ya hər ikisi vətəndaşlığını dəyişərək Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmişdirsə və ya onların Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilmişdirsə; 2.2.6. əcnəbi və ya vətəndaşlığı olmayan uşağı övladlığa götürən ər-arvaddan biri və ya hər ikisi Azərbaycan Respublikasının vətəndaşıdırsa; 2.2.7. 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqındırsa; 2.2.8. Azərbaycan Respublikasının ərazisində olan, hər iki valideyni naməlum uşaqdırsa. 4.1. Aşağıdakı hallardan hər hansı biri müəyyən edildikdə, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınır: 4.1.1.bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan şəxslər “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatda olduqda; 4.1.2.1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqın olduqda; 4.1.3. Azərbaycan Respublikasının ərazisində olan, hər iki valideyni naməlum olan uşaq olduqda; 4.1.4. Azərbaycan Respublikasının ərazisində doğulmuş aşağıdakı şəxslərdən biri olduqda: 4.1.4.1.doğulduğu anda valideynlərindən biri və ya hər ikisi Azərbaycan Respublikasının vətəndaşı olmuşdursa; 4.1.4.2. doğulduğu anda hər iki valideyni vətəndaşlığı olmayan şəxs olmuşdursa; 4.1.5.Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının vətəndaşından (vətəndaşlarından) doğulmuş şəxs; 4.1.6. əcnəbi və ya vətəndaşlığı olmayan uşağı övladlığa götürən ər-arvadın hər ikisi Azərbaycan Respublikasının vətəndaşıdırsa, həmin uşaq; 4.1.7. əcnəbi və ya vətəndaşlığı olmayan uşağı övladlığa götürən ər-arvaddan biri Azərbaycan Respublikasının vətəndaşıdırsa, digəri isə vətəndaşlığı olmayan şəxsdirsə, həmin uşaq; 4.1.8. valideynlərin vətəndaşlığı dəyişdikdə və bunun nəticəsində hər ikisi Azərbaycan Respublikasının vətəndaşlığını əldə etdikdə, onların uşağı; 4.1.9. uşağın valideynlərindən biri məlumdursa, həmin valideyn Azərbaycan Respublikasının vətəndaşlığını əldə etdikdə, onun uşağı; 4.1.10. Azərbaycan Respublikasının ərazisində yaşayan uşağın valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxs, digəri isə vətəndaşlığı olmayan şəxs olduqda; 4.1.11. valideynlərdən birinin Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilərsə, digəri isə Azərbaycan Respublikasının vətəndaşlığında qalarsa, onların uşağı. 4.3. Bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan və Azərbaycan Respublikasının ərazisini tərk etməyən şəxslərin “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmamaları onların vətəndaşsızlığına səbəb olursa, həmin şəxslərin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətləri tanınır. Əvvəla qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının miqrasiya qanunvericiliyi insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət, qanunçuluq, qanun qarşısında bərabərlik və ədalətlilik, Azərbaycan Respublikası miqrasiya qanunvericiliyinin hamılıqla tanınan beynəlxalq hüquq normalarına uyğunluğunun təmin edilməsi, miqrasiya proseslərinin tənzimlənməsində innovativ metodların tətbiqi və şəffaflığın təmin edilməsi prinsiplərinə əsaslanır. Nəzərə alınmalıdır ki, şəxsin Azərbaycan Respublikasınının vətəndaşı olub-olmamasının müəyyən edilməsi müvafiq inzibati orqanın səlahiyyətindədir ki, bu zaman inzibati orqan yalnız qanunvericilikdə səciyyələnmiş əsaslar olduğu halda öz səlahiyyətləri çərçivəsində şəxsi Azərbaycan Respublikasının vətəndaşı kimi tanıyır. Hazırki işin faktiki hallarından göründüyü kimi, iddiaçı Azərbaycan Respublikasının vətəndaşılığına mənsubiyyətinin tanınmasını istəyir və bunu aşağıdaki hal ilə əsaslandırır: -Anası İddiaçı Yasin qızının Azərbaycan Respublikasının vətəndaşı olmasıdır. İşin faktiki hallarından görünür ki, xx.xx.1998-ci il təvəllüdlü olan iddiaçı X1, Bolinisi şəhərində anadan olmuşdur. İddiaçının atası Qəzənfər Əhmədov, anası isə İddiaçıdır. Doğrudur ki, iddiaçının atası X5 Respublikasının vətəndaşı olmaqla, Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinə malik olmuşdur. Lakin, iddiaçının anası İddiaçı Yasin qızı hazırda Azərbaycan Respublikasının vətəndaşıdır. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, İddiaçı Yasin qızı xx.xx.1997-ci il tarixdə Sumqayıt ŞPİ-si tərəfindən AZ-135164 seriyalı müvəqqəti şəxsiyyət vəsiqəsi (Forma 9) təmin edilmiş, bundan sonra həmin Forma 9 arayışına əsasən ona şəxsiyyət vəsiqəsi verilmişdir. Göründüyü kimi, İddiaçı Yasin qızı iddiaçının doğum anında, yəni xx.xx.1998-ci il tarixdə Azərbaycan Respublikasının vətəndaşı olması barədə müvəqqəti şəxsiyyət vəsiqəsinə (Forma 9) malik olmuşdur. Məhkəmə işin faktiki hallarını (İddiaçı Yasin qızının (iddiaçının anası) iddiaçının doğum anında Azərbaycan Respublikasının vətəndaşı olmasını təsdiq edən müvəqqəti şəxsiyyət vəsiqəsinə malik olmasını) nəzərə alaraq, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “mənsubiyyətin tanınması” barədə iddiasına dair mübahisənin həlli ilə bağlı, iddiaçının anası İddiaçı Yasin qızının xx.xx.1997-ci il tarixdə Azərbaycan Respublikasının vətəndaşı olması barədə müvəqqəti şəxsiyyət vəsiqəsinin olmasını nəzərə alaraq, iddiaçı X2 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması barədə müraciətinə yenidən baxılması üçün cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə 30 (otuz) gün müddət təyin edilməsini qərara almışdır. Lakin cavabdeh inzibati orqan İddiaçı Yasin qızının xx.xx.1997-ci il tarixdə əldə etdiyi müvəqqəti şəxsiyyət vəsiqəsinin (forma 9) “Azərbaycan Respublikasının vətəndaşlığı haqqnda” Azərbaycan Respublikasının Qanunun 6-cı maddəsində göstərilmiş siyahıda nəzərdə tutulmadığına istinad edərək A.Əhmədovanın Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması barədə inzibati aktın qəbul edilməsinin mümkün olmadığı qənaətinə gəlmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən yenidən aparılan icraat da iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmuş və Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasından məhrum etmişdir. Təkzib olunmaz haldır ki, Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunun müddəaları ilə həyata keçirilir. Lakin nəzərə alınmalıdır ki, şəxsin Azərbaycan Respublikasının vətəndaşı olmasını tənzimləyən normalar “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunda nəzərdə tutulmuşdur. Adı çəkilən Qanunun 6-cı müddəasından görünür ki, şəxsin Azərbaycan Respublikası vətəndaşı olması aşağıdaki sənədlər əsasında müəyyən olunur: - Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi - 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı; - Azərbaycan Respublikası vətəndaşının pasportu. Nəzərə alınmalıdır ki, qanunvericilik şəxsin Azərbaycan Respublikası vətəndaşı olmasını təsdiq edən sənədlərdən biri olaraq şəxsiyyət vəsiqəsinin olmasını şərtləndirir. Şəxsiyyət vəsiqəsi dedikdə Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd başa düşülür. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinin ilkin redaksiyasına nəzər yetirsək görünür ki, şəxsiyyət vəsiqəsi növlərinin nümunələrini Azərbaycan Respublikasının Ali Soveti təsdiq edir. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanunun hazırki redaksiyasına əsasən:
1. Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir (bundan sonra—şəxsiyyət vəsiqəsi). Xarici dövlətlərlə müvafiq beynəlxalq müqavilə bağlanmış olduğu halda, şəxsiyyət vəsiqəsindən həmin dövlətlərdə də vətəndaşın şəxsiyyətini təsdiq edən, habelə onun ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi üçün nəzərdə tutulan sənəd kimi istifadə oluna bilər. Azərbaycan Respublikasının hər bir vətəndaşı 15 yaşı tamam olduqdan və ya şəxs Azərbaycan Respublikası vətəndaşlığına qəbul edildikdən sonra bir ay müddətində şəxsiyyət vəsiqəsi almalıdır. 15 yaşı tamam olmamış Azərbaycan Respublikasının vətəndaşı şəxsiyyət vəsiqəsini onun valideyninin, vətəndaşı övladlığa götürənin, vətəndaşın qəyyumunun və ya himayəçisinin (bundan sonra – qanuni nümayəndəsinin), habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxsin müraciəti əsasında almaq hüququna malikdir. Hər bir vətəndaş və ya vəsiqə sahibinin qanuni nümayəndəsi şəxsiyyət vəsiqəsini möhkəm saxlamağa borcludur. Şəxsiyyət vəsiqəsinin verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi, bu Qanunla müəyyənləşdirilən qaydalara zidd olaraq onun alınması qəti qadağandır. Şəxsiyyət vəsiqəsi itdikdə, onun sahibi və ya vəsiqə sahibinin qanuni nümayəndəsi sənədi verən dövlət orqanına dərhal müraciət etməlidir. Şəxsiyyət vəsiqəsinin təsvirini, spesifikasiyasını və nümunəsini müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Qeyd olunmalıdır ki, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinin ilkin redaksiyasında qeyd olunmuşdur ki, şəxsiyyət vəsiqəsi növlərinin nümunələrini Azərbaycan Respublikasının Ali Soveti təsdiq edir. Bu nümunələrin formaları ilə bağlı məlumat isə qanunvericiliyin müddəalarında əks olunmamışdır. Lakin nəzərə alınmalıdır ki, ümumməlum olan faktdır ki, 2000-ci ilin əvvəllərindən başlayaraq vətəndaşlara şəxsiyyət vəsiqələrinin verilməsi başlanılmış, o vaxta kimi isə vətəndaşlara pasport və ya müvəqqəti şəxsiyyət vəsiqəsini təsdiq edən Forma 9 arayışının verilməsi həyata keçirilirdi. Qeyd olunmalıdır ki, iddiaçının anası İddiaçı Yasin qızının 1997-ci il tarixdə Azərbaycan Respublikası vətəndaşı olması və müvəqqəti şəxsiyyət vəsiqəsinə malik olması (Forma 9 arayışına) - yaşayış yeri və olduğu yer üzrə qeydiyyat qaydalarına riayət olunmasına nəzarətin həyata keçirilməsini təmin edən Daxili İşlər Nazirliyinin aidiyyəti Polis İdarəsinin uçot məlumatlarında aşkar olunmuşdur ki, həmin məlumatların mötəbərliyinin şübhə altına alınması üçün hər hansı əsas yaranmamışdır. Məhkəmə qeyd edir ki, daimi vəsiqələr verilənədək şəxsiyyəti təsdiq edən sənəd kimi olmalı olan sənəd iddiaçının valideynində olmuş, bunun nəticəsində də o, sonradan daimi şəxsiyyət vəsiqəsi ilə təmin edilmişdir. Göstərilən bütün hallar ona dəlalət edir ki, İddiaçı Yasin qızı həmin vaxt müvəqqəti şəxsiyyət vəsiqəsi, yəni şəxsiyyətini təsdiq edən sənədə malik olmuşdur ki, bu da uşaq (iddiaçı) doğulduğu anda onun Azərbaycan Respublikası vətəndaşı statutusu olmasını təsdiq edir. Bu səbəbdən cavabdehin imtinasında istinad olunan dəlil, yəni iddiaçının doğularkən valideyinlərdən birinin, hazırki halda iddiaçının anasının (İddiaçı Yasin qızı) Azərbaycan Respublikasının vətəndaşı olmaması hazırki mübahisədə tətbiq edilə bilməz. Məhkəmə xüsusi ilə bir məqama da toxunmaq istəyir ki, ümumiyyətlə Forma 9 hazırda belə bəzi ölkələrdə (Rusiya Federasiyasında – «Справка о регистрации по месту жительству») şəxsin yaşayış qeydiyyatını əks etdirən arayış hesab olunur. Belə olan halda Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. İPM-nin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İPM-nin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
xx.xx.1998-ci il təvəllüdlü iddiaçı X2 Azərbaycan Respublikası vətəndaşı kimi mənsubiyyətin tanınmasının cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Həsənov