Məhkəmə qərarları › İş №2-1(112)-1953/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1953/2025

06.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1953/2025 06.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə qarşı “pasport qeydiyyatına alınma” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı1 və İddiaçı2 iştirakları ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinə qarşı “pasport qeydiyyatına alınma” tələbinə dair iddiası üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə (bundan sonra mətndə Qaradağ RPİ) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 və qızı İddiaçı2 uzun müddət yaşadığı ünvan 1 ünvanda yerləşən mənzilə pasport qeydiyyatına alınmasına dair Qaradağ RPİ-nin üzərinə öhdəlik qoyulması barədə qərar çıxarılmasını xahiş etmişlər. İddiaçıların əsaslandırması: İddiaçılar tələbini onunla əsaslandırmışlar ki, İddiaçı1 xx.xx.1958-ci il təvəllüdlü, ailəsi (qızı İddiaçı2 - xx.xx.1979-cu il) ilə birgə Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, 35 saylı evin 11 saylı mənzilində 1977-ci ildən yaşayırlar. Yaşadıqları binalar daş karxanalarına məxsus olub. Həmin mənzili ailələri böyük olduğundan onlara karxana rəhbərliyi tərəfindən verilmişdir. Lakin mənzilə dair heç bir sənəd verilməmişdir. Artıq 47 ildir ki, o ailəsilə birgə bu mənzildə yaşayırlar. Mənzilə dair bütün kommunal xidmət haqqları tərəflərindən ödənilir. Mənzilə qeydiyyata alınmaları ilə əlaqədar tərəflərindən dəfələrlə bir neçə qurumlara şifahi və yazılı müraciət etmələrinə baxmayaraq imtina cavabı almışlar. Onun və ailəsinin bu mənzildən başqa yaşayış yeri yoxdur. Bununla bağlı məhkəməyə müraciət etmək fikrində olduğundan Qaradağ RPİ-yə ərizə ilə müraciət etmiş və müraciəti Qaradağ RPİ-nin xx.xx.2024-cü il tarixli, 3-13-48/2-A-11155/2024 saylı məktub ilə cavablandırılmşdır. Məktuba əsasən məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqanın iddia ilə bağlı yazılı etirazı məhkəməyə təqdim olunmamışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş cavabdeh inzibati orqan nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, lakin məktubla məhkəməyə müraciət edərək, məhkəmə iclasının onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı1 və İddiaçı2 məhkəmə iclasında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdilər. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçılar iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçılar əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı1 xx.xx.1958-ci ildə Sumqayıt şəhərində doğulmuşdur. ünvan 3 ünvanında pasport qeydiyyatındadır. AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı2 xx.xx.1979-cu ildə Bakı şəhərində doğulmuşdur. ünvan 3 ünvanında qeydiyyatdadır. Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi 126 saylı Mənzil-Kommunal İstismar sahəsi tərəfindən verilmiş 301 saylı, xx.xx.2024-cü il tarixli arayışda göstərilmişdir ki, İddiaçı1 və İddiaçı2 ünvan 1-də 1977-ci ildən qeydiyyatsız yaşayırlar. İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən təqdim olunmuş Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi 126 saylı Mənzil-Kommunal İstismar sahəsi tərəfindən verilmiş 34 saylı xx.xx.2025-ci il tarixli arayışda göstərilmişdir ki, 126 saylı MKİS-nin balansında olan 35 saylı binanın 11 saylı mənzili 1980-ci ildə Qaradağ tikinti kombinatı tərəfindən həmin kombinatın işçisi İddiaçı1 ailə üzvlərinin sayı çox olduğuna görə həmkarlar təşkilatının qərarı ilə genişlənmə kimi verilib. 126 saylı MKİS-nin şəxsi hesab vərəqəsində kirayə müqaviləsi bağlanıb. Həmin ildən hal-hazıra qədər ona ayrılan kommunal xidmətləri ödəyir. “Kirayəyə verən”126 saylı MKİS ilə “Kirayəçi” İddiaçı1 arasında bağlanmış xx.xx.2010-cu il tarixli 02 №li “Xüsusi təyinatlı yaşayış sahələrinin kirayəsi müqaviləsi”ndən görünür ki, bu müqaviləyə görə “Kirayəyə verən” Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, 35 nömrəli evdə 11 nömrəli dövlət mənzil fonduna aid 28 kv. metrdən ibarət iki otaqlı yaşayış sahəsinin haqqı ödənilməklə, müvəqəti yaşamaq üçün “Kirayəçi”nin sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürmüşdür (bənd 1.1). İddiaçıların hazırki iddia tələbinə dair müraciətlərinə əsasən verilmiş Qaradağ RPİnin xx.xx.2024-cü il tarixli, 3-13-48/2-A-11155 saylı cavab məktubunda göstərilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndinin tələblərinə əsasən, yaşayış yerinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud qanunvericiliklə nəzərdə tutulan başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi təqdim edildikdən sonra vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması məsələsinə baxıla bilər. Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, ev 35, mənzil 11 ünvanına qeydiyyata alınmaq üçün aidiyyəti üzrə məhkəməyə müraciət etmək məqsədəmüvqafıqdir. Məhkəmənin müvafiq sorğularına əsasən: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, **********50 №-li cavab məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Qaradağ rayonu, Qızıl Daş qəsəbəsi, ev 35, 12 saylı mənzil ilkin olaraq xx.xx.2023-cü il tarixdə X5 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 8 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli 2V-27 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2024-cü il tarixdə X1 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri, Qaradağ rayonu, Qızıl Daş qəsəbəsi, ev 35, 11 saylı mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli, 18/2-30485/2024 saylı cavab məktubunda göstərilmişdir ki, İddiaçı2 Məmmərza qızı və X2 xx.xx.2003-cü il, İddiaçı1 xx.xx.2006-cı il, X4 xx.xx.2016-cı il X3 xx.xx.2016-cı il tarixdən ünvan 3 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınmalarına əsas olan sənədlərin saxlanma müddəti bitdiyinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məhv edildiyindən təqdim edilməsi mümkün deyildir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** saylı, xx.xx.2024-cü il tarixli Çıxarışın surətindən müəyyən olunur ki, ünvan 3 (Yeni qaydalarla: Az 1071, Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, Elşən Aslanov küçəsi, giriş 114, M4, m 3) X1 adına qeydiyyata alınmışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun: 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar; 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir; 5-ci maddəsinə əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinə əsasən, hamı qanun və inzibati orqan qarşısında bərabərdir; inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır; inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır; inzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Məhkəmənin mövqeyi. Məhkəmə iddiaçıların izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Yuxarıda sadalanan normalardan görünür ki, qanunvericilik fiziki şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icrası ilə bağlı məhz daimi yaşadığı yer üzrə qeydiyyata alınmasını zəruri sayır. Bunun məntiqi davamıdır ki, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməli, habelə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. Belə ki, şəxs qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini təqdim etməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçılar hal-hazırda pasport qeydiyyatına alınmaq iddiasında olduqları mənzildə (ünvan 1) yaşayırlar. İddiaçılar hazırda yaşayış yeri üzrə ünvana qeydiyyata alınmaları üçün cavabdeh inzibati orqana müraciət etsələr də, cavabdeh iddiaçıların həmin ünvana qeydiyyata almaqdan imtina etmişdir. Nəzərə alınmalıdır ki, iddiaçıların yaşadığı mənzil vahid ünvan göstəricilərinə də (mənzilin fərdiləşdirilməsini təmin edən rəqəm və hərflərdən və (və ya) işarələrdən ibarət ünvan nömrəsi) malikdir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddiaçıların tələbi əsaslı olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməli, iddiaçılar İddiaçı1 və İddiaçı2 ünvan 1 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınmaları öhdəliyi Qaradağ RPİ-yə həvalə edilməlidir. Nəticəvi hissə Şərh edilənlərə əsasən və İPM-nin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçılar xx.xx.1958-ci il təvəllüdlü İddiaçı1 və xx.xx.1979-cu il təvəllüdlü İddiaçı2 ünvan 1 ünvanına qeydiyyata alınmaları öhdəliyi cavabdeh Bakı şəhər Qaradağ Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar