Məhkəmə qərarları › İş №2-1(112)-1954/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1954/2021

17.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1954/2021 17.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X9 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Baş Səhiyyə İdarəsi 8 saylı Şəhər Poliklinikasına qarşı “ölüm haqqında tibbi şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhər Baş Səhiyyə İdarəsi 8 saylı Şəhər Poliklinikasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında qeydiyyatda olmuş, 25.01.1948-ci il təvəllüdlü X3 ölümü haqqında tibbi şəhadətnamə (F106/u) barədə müvafiq arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında qeydiyyatda olmuş, 25.01.1948-ci il təvəllüdlü X3 ölümü haqqında tibbi şəhadətnamə (F106/u) verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X17 iddianı müdafiə edərək izahatında bildirdi ki, mərhum X10 ilə iddiaçı arasında 12.05.2018-ci il tarixdə Renta müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən iddiaçı, renta ödəyicisi olaraq Renta alan X7 özgəninkiləşdirilən tam hissə (32,4 kv.m) müqabilində aylıq 200 manat haqq ödəməli, həmin 200 manat məbləğindən iddiaçı, X7 ömrünün sonuna qədər hər ay 150 manat dəyərində ərzaq, geyim, həkim xidməti, dərman, lazım olan qulluq və tələb olunan digər yardımla təmin etməyi, bundan əlavə də ona hər ay 50 manat nəğd pul ödəməyi öz üzərinə götürmüşdür. Müqavilə şərtlərinə uyğun olaraq X10 ölən günədək iddiaçı öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmişdir. X10 25.01.1948-ci il təvəllüdlüdür, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamışdır. 26.10.2019-cu il tarixdə X3 səhhəti pisləşdiyi üçün iddiaçı Bakı şəhəri Təcili və X11 Stansiyasına müraciət etmişdir. X13 həkimləri həmin tarixdə X3 yaşadığı ünvana gələrək, ona tibbi yardım etdikdən sonra onun səhhəti normallaşmış və onun müalicəsi üçün müəyyən dərman preparatlarının alınmasını və tövsiyələrini verdikdən sonra çıxıb getmişlər. Növbəti gün X3 səhhəti daha da pisləşmiş və o, 27.10.2019-cu il tarixdə yaşadığı ünvan 1 ünvanında vəfat etmişdir. X3 ölümü ilə bağlı Bakı şəhəri Təcili və X11 Stansiyasının 01 saylı yardım stansiyasına müraciət edilmiş, lakin stansiyanın nümayəndələri gələndə artıq gec olmuş, mərhum artıq keçinmişdir. TTTYS-nin 27.10.2019-cu il tarixli arayışına əsasən, həmin tarixdə saat 16:25-də ünvan 3 ünvanına X3 adına çağırış olmuş, çağırışa gələn həkim tərəfindən qadın cinsli meyit aşkar edilmişdir. X3 ölümündən sonra ona ölüm haqqında şəhadətnamə almaq üçün 5 saylı Bakı “Asan Xidmət" Mərkəzində qeydiyyat şöbəsinə iddiaçı müraciət etmiş, lakin onun ölümü barədə tibbi şəhadətnamə olmadığından akt qeydinin aparılmasından imtina edilmişdir. Bu səbəbdən Bakı şəhər Baş Səhiyyə İdarəsi 8 nömrəli Şəhər Poliklinikasına müraciət edərək, ünvan 1 ünvanında qeydiyyatda olmuş, 25.01.1948-ci il təvəllüdlü X3 ölümü haqqında tibbi şəhadətnamə (F106/u) barədə müvafiq arayış verilməsi xahiş edilmişdir. Bakı şəhər Baş Səhiyyə idarəsi 8 nömrəli Şəhər Poliklinikası X3 ölümü haqqında tibbi şəhadətnamənin (F106/u) verilməsindən imtina etmişdir. Bakı şəhər Baş Səhiyyə İdarəsi 8 nömrəli Şəhər Poliklinikasının iddiaçıya ünvanladığı 16.09.2020-ci il tarixli, 546 saylı məktubunda qeyd edilmişdir ki, ölümə səbəb olan xəstəlik poliklinika şəraitində təsdiq olunmamışdır. Bu səbəbdən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 03.07.2015ci il tarixli, 52 saylı əmrinə əsaslanaraq ölüm haqqında tibbi şəhadətnamənin verilməsinə əsas yoxdur. Həmin əmrin 12-ci bəndinə əsasən ölüm şəhadətnaməsinin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Ölüm haqqında şəhadətnamə (F106/u) əmrdə təsdiq olunmuş təlimata əsasən ölümü haqqında tibbi şəhadətnamə səhiyyə müəssisəsinin, müalicə həkiminin xəstəni müşahidə və xəstənin ölümünə qədərki vəziyyəti əks etdirən tibbi sənədlərdəki qeydlər əsasında verilir. Qiyabi ölüm faktı həkim tərəfindən şəxsən təyin etmədən ölüm şəhadətnaməsinin tərtib edilməsi qadağandır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9.1-ci bəndində qeyd edilmişdir ki, “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə” mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi, ev 104, mənzil 14 ünvanına qeydiyyatda olmuş mərhum X10 tüfeyli həyat tərzi keçirmiş və ümumiyyətlə heç vaxt poliklinikaya müraciət etməmişdir. Sahə həkimi dəfələrlə həmin ünvana gedib mərhumu müayinə olunması üçün polilinikaya dəvət etsə də, lakin mərhumun poliklinikaya heç bir müraciəti olmamışdır. Ölümə səbəb olan xəstəlik poliklinika şəraitində təsdiq olunmamışdır. Bu səbəbdən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 03.07.2015-ci il tarixli 52 saylı əmrinə əsaslanaraq ölüm haqqında tibbi şəhadətnamənin verilməsinə əsas yoxdur. Əmrdə təsdiq olunmuş təlimata əsasən ölüm haqqında tibbi şəhadətnamə səhiyyə müəssisəsinin, müalicə həkiminin xəstəni müşahidə və xəstənin ölümünə qədərki vəziyyətini əks etdirən tibbi sənədlərdəki qeydlər əsasında verilir. Qiyabi ölüm faktını həkim tərəfindən şəxsən təyin etmədən ölüm şəhadətnaməsinin tərtib edilməsi qadağandır. Həmin əmrin 12-ci bəndinə əsasən ölüm şəhadətnaməsinin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. İddiaçı tibbi sənədlər olmadığına görə ölüm haqqında tibbi arayışın alınması üçün məhkəməyə müraciət olunması dəfələrlə şifahi və yazılı sürətdə məsləhət görülmüşdür. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Renta alan X10 ilə Renta ödəyicisi İddiaçı arasında imzalanmış 12.05.2018-ci il tarixli renta müqaviləsinin surətindən görünür ki, Renta alan X2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi 104 saylı evin 14 saylı mənzilini (tam hissə 32.4 kv.m) Renta ödəyicisi İddiaçı mülkiyyətinə vermiş, Renta ödəyicisi Renta alana özgəninkiləşdirilən tam hissə (32,4 kv.m) müqabilində aylıq 200 manat haqq ödəməyi, həmin 200 manat məbləğindən İddiaçı X7 ömrünün sonuna qədər hər ay 150 manat dəyərində ərzaq, geyim, həkim xidməti, dərman, lazım olan qulluq və tələb olunan digər yardımla təmin etməyi, bundan əlavə də ona hər ay 50 manat nəğd pul ödəməyi öz üzərinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi 104 saylı evin 14 saylı mənzilinə İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 17.05.2018-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Baş Səhiyyə İdarəsi 8 nömrəli Şəhər Poliklinikası tərəfindən X1 ünvanlanmış 14 noyabr 2019-cu il tarixli 681 saylı məktubda qeyd olunur: Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi, ev 104, mənzil 14 ünvanında qeydiyyatda olmuş, 25.01.1948-cı il təvəllüdlü X10 son 5 il ərzində 8 saylı poliklinikaya müraciəti olmamışdır. Sahə həkiminin və qonşuların dediyinə görə X10 tənha yaşayırmış və asosial həyat tərzi keçirirmiş. Alkoqoldan sui istifadə etmiş, zibilliklərdən tullantılar yığarmış. X3 poliklinikaya müraciəti olmadığı üçün ölüm haqqında tibbi şəhadətnaməni (forma 106) almaq üçün məhkəməyə müraciət etmək məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Baş Səhiyyə İdarəsi 8 nömrəli Şəhər Poliklinikası tərəfindən X1 ünvanlanmış 29 iyul 2020-ci il tarixli 452 saylı məktubda qeyd olunur: ünvan 5 ünvanına qeydiyyatda olmuş mərhum X10 tüfeyli həyat tərzi keçirmiş və ümumiyyətlə heç vaxt poliklinikaya müraciət etməmişdir. Sahə həkimi dəfələrlə həmin ünvana gedib mərhumu müayinə olunması üçün polilinikaya dəvət etsə də, lakin mərhumun poliklinikaya heç bir müraciəti olmayıb. Ölümə səbəb olan xəstəlik poliklinika şəraitində təsdiq olunmamışdır. Bu səbəbdən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 03.07.2015-ci il tarixli 52 saylı əmrinə əsaslanaraq ölüm haqqında tibbi şəhadətnamənin verilməsinə əsas voxdur. Həmin əmrin 12-ci bəndinə əsasən ölüm şəhadətnaməsinin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Məlumat üçün bildiririk ki, ölüm haqqında şəhadətnamə (F106/u) əmrdə təsdiq olunmuş təlimata əsasən ölüm haqqında tibbi şəhadətnamə səhiyyə müəssisəsinin, müalicə həkiminin xəstəni müşahidə və xəstənin ölümünə qədərki vəziyyətini əks etdirən tibbi sənədlərdəki qeydlər əsasında verilir. Qiyabi ölüm faktını həkim tərəfindən şəxsən təyin etmədən ölüm şəhadətnaməsinin tərtib edilməsi qadağandır. Tibbi sənədlər olmadığına görə ölüm haqqında tibbi arayışın alınması üçün məhkəməyə müraciət olunması məsləhət görülmüşdür. İş materiallarında olan İcbari Tibbi Sığorta üzrə X19 Ərazi Bölmələrini İdarəetmə Birliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi 8 nömrəli Şəhər Poliklinikası tərəfindən X15 ünvanlanmış 16 sentyabr 2020-ci il tarixli 546 saylı məktubda qeyd edilir: Sizin S/60 №-li 09.09.2020-ci il tarixli məktubunuza cavab olaraq bildiririk ki, ünvan 6 ünvanına qeydiyyatda olmuş mərhum X10 tüfeyli həyat tərzi keçirmiş və ümumiyyətlə heç vaxt poliklinikaya müraciət etməmişdir. Sahə həkimi dəfələrlə həmin ünvana gedib mərhumu müayinə olunması üçün polilinikaya dəvət etsə də, lakin mərhumun poliklinikaya heç bir müraciəti olmayıb. Ölümə səbəb olan xəstəlik poliklinika şəraitində təsdiq olunmamışdır. Bu səbəbdən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 03.07.2015-ci il tarixli 52 saylı əmrinə əsaslanaraq ölüm haqqında tibbi şəhadətnamənin verilməsinə əsas yoxdur. Həmin əmrin 12-ci bəndinə əsasən ölüm şəhadətnaməsinin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Məlumat üçün bildiririk ki, ölüm haqqında şahadətnamə (F106/u) əmrdə təsdiq olunmuş təlimata əsasən ölüm haqqında tibbi şəhadətnamə səhiyyə müəssisəsinin, müalicə həkiminin xəstəni müşahidə və xəstənin ölümünə qədərki vəziyyətini əks etdirən tibbi sənədlərdəki qeydlər əsasında verilir. Qiyabi ölüm faktını həkim tərəfindən şəxsən təyin etmədən ölüm şəhadətnaməsinin tərtib edilməsi qadağandır. Mərhum X3 qonşusu olan İddiaçı ölüm haqqında tibbi şəhadətnaməsi F106 alınması üçün poliklinikaya dəfələrlə müraciət etmişdir. Ona şifahi və yazılı surətdə məhkəməyə müraciət olunması məsləhət görülmüşdür. Diqqətinizə catdırırıq ki, Sizin məktubunuzda ittiham etdiyiniz “28.07.2020 il tarixində poliklinikanın əməkdaşları tərəfindən qəbul edilməsinə baxmayaraq, bu günə kimi cavablandırılmamışdır” həqiqətə uygun deyil. Sizin məktuba əlavə eldiyiniz poçt qəbzində qeyd olunduğu kimi, poçt vasitəsi ilə çatdırılan İddiaçı məktubıı 28.07.2020-ci il tarixində poliklinikada qəbııl olunmuşdur. 29.07.2020-ci il tarixli 452 saylı məktubla cavab verilmiş. həmin tarixdə sahə həkimi şəxsən özü məktubu İddiaçı yaşadığı ünvana aparıb və özünə təhvil vermişdir. Sizin iradınız tam əsassızdır. İş materiallarında olan 5 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən X1 ünvanlanmış 31 oktyabr 2019-cu il tarixli 600-05/75 saylı məktubda qeyd olunur: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31.10.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümün təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində Sizin ərizənizin təmin edilməsi mümkün deyil. İş materiallarında olan 5 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən 31.10.2019-cu il tarixdə verilmiş 819-05/70 nömrəli arayışdan görünür ki, X10 barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlandırılmış qeydiyyat informasiya sistemində Bakı şəhəri üzrə ölüm haqqında akt qeydi aşkar olunmadı. Arxiv məlumatları 27.10.2019-cu ildən 31.10.2019-cu ilədək yoxlanılmışdır. İş materiallarında olan Təcili və X11 Stansiyası Ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, 27.10.2019-cu ildə X3 adına çağırış olmuş, həkimə qədər ölüm, qadın cinsli meyid aşkar edilmişdir. İş materiallarında olan Bakı şəhəri Biləcəri Bələdiyyəsinin 06.04.2021-ci il tarixli 01- 06/08-146 nömrəli arayışından görünür ki, X14 27.10.2019-cu il tarixdə 2 saylı Biləcəri qəbrstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın: 8.1-ci bəndinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır; 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 nömrəli Qərarı ilə təsdiq edilmiş «İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası»nın: 4.1-ci bəndinə əsasən “Ölüm haqqında tibbi şəhadətnamə’' (bundan sonra “şəhadətnamə”) mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir; 4.2-ci bəndinə əsasən ölüm hadisəsi yaşayış yerində (kənd və qəsəbə istisna olmaqla) baş veribsə Təcili və X11 Stansiyasının (TTTYS) həkimi ölüm hadisəsini təsdiq edir, bu barədə çağırış vərəqəsində qeydiyyat aparmaqla vəfat edənin şəxsiyyətini təsdiq edən sənəd əsasında “Xəbərdarlıq vərəqəsi”ni bu qaydanın 4.1-ci bəndində qeyd olunan tibb müəssisələrinə təqdim etmək üçün doldurur (2 nömrəli əlavə) və ölüm hadisəsi barədə ərazi üzrə polis və ya prokurorluq orqanına (bundan sonra “hüquq-mühafizə orqanı”) məlumat verir. Ölüm hadisəsi rayonun (şəhərin rayonu istisna olmaqla) kənd (qəsəbə) yerində baş veribsə, kənd sahə xəstəxanasının (həkim məntəqəsinin) həkimi və ya tibb məntəqəsinin feldşeri ölüm hadisəsini təsdiq edir və hadisə barədə hüquqmühafizə orqanına məlumat verir. Zorakı ölümə şübhə olduğu hallarda, həmçinin ölüm hadisəsi qeyri yaşayış sahələri və ümumi istifadədə olan ərazilərdə baş veribsə, TTTYS-in həkimi və ya kənd sahə xəstəxanasının (həkim məntəqəsinin) həkimi və ya tibb məntəqəsinin feldşeri hüquq-mühafizə orqanlarının nümayəndəsi gələnə qədər meyitin yanında gözləməlidir; 4.3-cü bəndinə əsasən ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə “Xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir; 4.4-cü bəndinə əsasən aşağıdakı hallarda tibbi şəhadətnamə patoloji-anatomik və ya məhkəmə-tibbi müayinə aparan tibb müəssisəsi tərəfindən verilir: 4.4.1. hamiləlik və doğuşla əlaqədar baş vermiş ana ölümləri zamanı; 4.4.2. infeksion xəstəliklər və ya onlara şübhə olduğu hallarda; 4.4.3. tibbi müayinə və müdaxilə zamanı baş verən və səbəbləri araşdırılmalı olan ölüm hallarında; 4.4.4. zorakı ölümə şübhə olduğu hallarda; 4.4.5. ölümün baş vermə səbəbi məlum olmayan digər hallarda; 4.4.6. ölənin qohumları tərəfindən müayinə və müalicəsi ilə bağlı şikayət olduğu hallarda; 4.7-ci bəndinə əsasən şəhadətnamədə bilavasitə ölümə səbəb olmuş xəstəlik, travma və ya digər hallar və ölümün baş verməsinə təsir etmiş, lakin onun birbaşa səbəbi olmamış digər vacib hallar da ardıcıllıqla qeyd olunmalıdır. Ölümün səbəbi “Xəstəliklərin və Sağlamlıqla Bağlı Problemlərin X4 (XBT-10)” üzrə kodlaşdırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqqında» 12 aprel 2019-cu il tarixli 03 nömrəli qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 9.1-ci bəndinə əsasən “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Məhkəmə tərəfindən müəyyən edildi ki, Renta alan X10 ilə Renta ödəyicisi İddiaçı arasında imzalanmış 12.05.2018-ci il tarixli renta müqaviləsinə əsasən Renta alan X2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi 104 saylı evin 14 saylı mənzilini (tam hissə 32.4 kv.m) Renta ödəyicisi İddiaçı mülkiyyətinə vermiş, Renta ödəyicisi Renta alana özgəninkiləşdirilən tam hissə (32,4 kv.m) müqabilində aylıq 200 manat haqq ödəməyi, həmin 200 manat məbləğindən İddiaçı X7 ömrünün sonuna qədər hər ay 150 manat dəyərində ərzaq, geyim, həkim xidməti, dərman, lazım olan qulluq və tələb olunan digər yardımla təmin etməyi, bundan əlavə də ona hər ay 50 manat nəğd pul ödəməyi öz üzərinə götürmüşdür. Hazırda Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi 104 saylı evin 14 saylı mənzilinə İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı X3 ölümü haqqında tibbi şəhadətnamənin verilməsi üçün cavabdehə müraciət etsə də, X3 heç vaxt poliklinikaya müraciət etmədiyini, ölümə səbəb olan xəstəliyin poliklinika şəraitində təsdiq olunmadığını əsas gətirməklə müraciətin təmin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 nömrəli Qərarı ilə təsdiq edilmiş «İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası»nın tələblərindən göründüyü kimi, Ölüm haqqında tibbi şəhadətnamədə bilavasitə ölümə səbəb olmuş xəstəlik, travma və ya digər hallar və ölümün baş verməsinə təsir etmiş, lakin onun birbaşa səbəbi olmamış digər vacib hallar ardıcıllıqla qeyd olunmalı, ölümün səbəbi “Xəstəliklərin və Sağlamlıqla Bağlı Problemlərin X4 (XBT-10)” üzrə kodlaşdırılmalıdır. Lakin hazırki halda X3 adına çağırış olmuş, çağırış gələn Təcili və X11 Stansiyasının həkimi tərəfindən doldurulmuş Ölüm haqqında xəbərdarlıq vərəqəsində ölümün səbəbi göstərilməmişdir. Qeyd olunan Qaydaların tələblərindən də göründüyü kimi, ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə “Xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir, ölümün baş vermə səbəbi məlum olmayan hallarda isə patoloji-anatomik və ya məhkəmə-tibbi müayinə aparan tibb müəssisəsi tərəfindən verilir. Göründüyü kimi, X3 heç vaxt poliklinikaya müraciət etməmiş, habelə ölümə səbəb olan xəstəliyi poliklinika şəraitində təsdiq olunmamışdır. Belə olan halda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 nömrəli Qərarı ilə təsdiq edilmiş «İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası»nın tələblərinə əsasən Poliklinika tərəfindən ölüm haqqında tibbi şəhadətnamə verilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Bu səbəbdən də iddia əsassız hesab edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar