Məhkəmə qərarları › İş №2-1(112)-1955/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1955/2021

29.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1955/2021 29.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi ilə İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə qarşı X4 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla yaşayış yeri üzrə qeydiyyata alınma tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhər Sabunçu Rayon Polis İdarəsinin Şəxsiyyət Vəsiqəsi və Qeydiyyatı Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun Bakı şəhəri, Sabunçu rayonu, Südçülük sovxozunda yerləşən evə qeydiyyata alınmasının cavabdehin üzərinə vəzifə kimi qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı razılığı ilə əsl olmayan cavabdeh Bakı şəhər Sabunçu Rayon Polis İdarəsinin Şəxsiyyət Vəsiqəsi və Qeydiyyatı Şöbəsi əsl cavabdeh Bakı şəhər Sabunçu Rayon Polis İdarəsi ilə əvəz edilmişdir. Məhkəmənin 02.10.2020-ci il tarixli, 2-1(102)-6845/2020 nömrəli qərardadı ilə X4 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X8 ilə 29 yanvar 2010-cu il tarixdə Bakı şəhəri, Nizami rayon Qeydiyyat Şöbəsində 76 nömrəli nikah akt qeydi rəsmiləşdirilməklə ailə həyatı qurmuşdur. Birgə nikahlarından 26 oktyabr 2010-cu il təvvəllüdlü X11 və 15 iyul 2012-ci il təvəllüdlü X7 iki övladları dünyaya gəlmişdir. 2011-ci il tarixində o, keçmiş qaynatası cavabdeh X2 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Südçülük savxozu ünvanında yerləşən evə gəlin olaraq köçmüş və digər cavabdeh X8 ilə birlikdə qaynatasıgil ilə birlikdə yaşayır. Məhkəmə qərarı ilə evə köçürülmüşdür. Yaşadığı evə qeydiyyata düşmək üçün cavabdehə etdiyi yazılı müraciətinə baxmayaraq onlar onu qeydiyyata almaqdan boyun qaçırırlar. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən üçüncü şəxs X4 iddia tələbinə etiraz edərək iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçı, cavabdeh və üçüncü şəxs lazımi qaydada məlumatlandırılmışlar. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq iş üzrə məhkəmə iclasının onun iştirakı olmadan keçirilib iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə məktubla müraciət edərək işə səlahiyyətli nümayəndələrinin iştirakları olmadan baxılmasına etiraz etmədiklərini bildirmişdir. Üçüncü şəxs X4 isə hər hansı üzürlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə icraatında tədqiq edilmiş: - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-12282/2018 nömrəli, 14 noyabr 2018-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnaməyə əsasən Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin 16 iyul 2018-ci il tarixli, 2(008)-4137/2018 saylı qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbi təmin edilmiş, İddiaçı azyaşlı uşaqları – 26 oktyabr 2010-cu il təvəllüdlü X11 və 15 iyul 2012-ci il təvəllüdlü X5 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ünvanında yerləşən özbaşına tikiliyə köçürülməsi qət edilmişdir. - Həmin qətnamə ilə həmçinin müəyyən edilmişdir ki, Abşeron rayon S.Əliyev adına Südçülük Maldarlıq üzrə X19 Təsərrüfatı Müəssisəsinin 17 fevral 2000-ci il tarixli, 6 saylı əmrindən çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ramana Südçülük sovxozunun ərazisində yerləşən 0,05 ha torpaq sahəsi sovxozda işləyən X2 fərdi ev tikintisi üçün ayrılmış, sonuncu tərəfindən həmin torpaq sahəsində özbaşına tikinti olmaqla, yaşayış evi inşa edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən verilmiş 15.05.2019-cu il tarixli, 2(103)-12282/2018 №-li icra vərəqəsinin surətindən görünür ki, məhkəmənin 2(103)-12282/2018 nömrəli, 14 noyabr 2018-ci il tarixli qətnaməsinə əsasən İddiaçı azyaşlı uşaqları – 26 oktyabr 2010-cu il təvəllüdlü X11 və 15 iyul 2012-ci il təvəllüdlü X5 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ünvanında yerləşən özbaşına tikiliyə köçürülməlidirlər. - Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Daşqın Həsənəliyevin, icra məmuru Rəşad Mustafayevin, icra məmuru Vüqar Alıyevin, hal şahidi X12, icra sənədi üzrə tələbkar X3, icra sənədi üzrə borclu X1 iştirakları ilə tərtib edilərək imzalanmış 17.12.2019-cu il tarixli aktın lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-12282 saylı, 14.11.2018-ci il tarixli icra vərəqinə əsasən İddiaçı azyaşlı uşaqları 26.10.10-cu il təvəllüdlü X11 və 15.07.12-ci il təvəllüdlü X5 ilə birlikdə Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ünvanında yerləşən özbaşına tikiliyə köçürülməlidir. İcranı təmin etmək məqsədilə Ramana qəsəbəsi, Südçülük sovxozu ünvanına gəlmişlər. Öncədən xəbərdar edilməsi ilə əlaqədar ünvanda onları X4 və X13 qarşıladı. Borclunun həyat yoldaşı Müşgünaz xanım icranın həyata keçirilməsinə maneçilik törədəcəyini bildirərək səs-küy salmış və ətrafdakıların diqqətinin öz üzərinə çəkməyə çalışmışdır. Tərəflərindən daşıdığı məsuliyyətlər izah olundu və köçürülmənin həyata keçiriləcəyi bildirildi. Bundan sonra tələbkar İddiaçı evə köçürüldü. Tərəflərə birgəyaşayış qaydaları izah olundu. Evin giriş qapısının açarının surəti tələbkara təhvil verildi. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 15.07.2020-ci il tarixli, 073-19169/2F- 3220 №-li məktubdan görünür ki, ərizəsinə tərəflərindən baxılmışdır. Ərizəsinin icrası ilə əlaqədar olaraq bildiririlir ki, onun yuxarıda göstərilən ünvana qeydiyyata alınması üçün yaşayış sahəsinə köçməyə əsas verən sənədlərin (orderin, mülkiyyət hüququnun qeydiyyat vəsiqəsinin və ya Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan başqa sənədlər) RPİ-nin X6 təqdim olunması vacibdir. Lakin yuxarıda göstərilən sənədlər Sabunçu RPİ-nin X6 təqdim olunmadığından göstərilən ünvana qeydiyyata alınması imkan xaricindədir. Qeydiyyatla əlaqədar olaraq məhkəməyə müraciət etməyi məqsədəmüvafiq hesab edilir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə üçüncü şəxsin oğlu Nəsib Feyzullayev arasında olan nikah məhkəmə qaydasında pozulmuş, tərəflərin birgə nikahlarından olan uşaqlarının anaları, İddiaçı yanında qalmaları qət edilmişdir. Məhkəmə qətnaməsinə əsasən iddiaçının uşaqları ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülülk sovxozu ünvanında yerləşən özbaşına tikiliyə köçürülməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra müvafiq icra sənədi verilmiş və həmin icra sənədi icra olunmuşdur. İddiaçı köçürüldüyü ünvana qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh göstərilən ünvana qeydiyyata alınması üçün yaşayış sahəsinə köçməyə əsas verən sənədlərin (orderin, mülkiyyət hüququnun qeydiyyat vəsiqəsinin və ya Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan başqa sənədlər) təqdim edilmədiyini əsas gətirərək müraciətin təmin edilməsindən imtina etmişdir. Hazırda iddiaçı cavabdeh inzibati orqanın imtinasını mübahisələndirir. Azərbaycan Respublikası Konstitusiyasının: -24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. -28-ci maddəsinə görə qanuni surətdə Azərbaycan Respublikasınıın ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. - 52-ci maddəsinə görə Azərbaycan dövlətinə mənsub olan, onun siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikası vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə görə Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. - 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. - 3-cü maddəsinin 1-ci hissəsinin tələbinə görə Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. - 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqanı vətəndaşı dərhal qeydə almalı və ona 10 gün müddətində «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verilməlidir. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə, yaşayış yerinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini təqdim etməlidir. - 8-ci maddəsinin tələblərinə görə müvafiq icra hakimiyyəti orqanları şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından bu Qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə; bu Qanunun 4-cü maddəsində müəyyən edilmiş əsaslar üzrə qeydiyyatın məhdudlaşdırılması nəzərdə tutulduğu hallarda; şəxsin qeydiyyata alınacağı halda (Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən ailə üzvü kimi yaşayış sahəsinə köçürüldüyü hallar istisna olmaqla), həmin yaşayış sahəsində yaşayan şəxslərin hər birinə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 40-cı maddəsində müəyyən edilmiş mənzil normasından az yaşayış sahəsi düşdükdə; şəxsin qeydiyyata alınmaq istədiyi ev (yaşayış sahəsi) uçmaq qorxusu altında olduqda imtina edir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında” Əsasnamənin 2-ci bəndinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşlara və 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə almış vətəndaşlığı olmayan şəxslərə və onların “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək doğulmuş uşaqlarına (bundan sonra - “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxs”) ilk dəfə müvafiq şəxsiyyət vəsiqəsi verilərkən onlar yaşayış yeri üzrə qeydiyyata alınırlar. Bu məqsədlə müvafiq icra hakimiyyəti orqanının məsul əməkdaşı vətəndaşdan və vətəndaşlığı olmayan şəxsdən “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamədə və “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin xüsusi sənədləri haqqında” Əsasnamənin 10-cu bəndində göstərilən sənədlərdən əlavə, yaşayış sahəsinə köçmək üçün əsas verən aşağıdakı sənədlərdən birini tələb etməlidir: a) mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış; b) icarəyə verənin və ya kirayəyə verənin müvafiq olaraq icarəçi və ya kirayəçi ilə bağladığı icarə və ya kirayə müqaviləsi; v) yaşayış sahəsinə köçmək üçün əsas verən order və ya Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd; q) vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Göründüyü kimi mövcud qanunvericilik şəxsin yaşayış yeri üzrə qeydiyyata alınması üçün tələb olunan əsasların siyahısını müəyyən etmiş və mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsindən başqa “Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd”ləri də həmin sıraya aid etmişdir. Hazırki işin hallarından görünür ki, iddiaçı Sevinc Feyzullayevin və onun uşaqlarının müvafiq yaşayış sahəsinə köçürülməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur və həmin qətnamə icra edilmişdir. Məhkəmə sözügedən qanuni qüvvəyə minmiş qətnaməni «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində yaşayış yeri üzrə qeydiyyat üçün əsas qismində nəzərdə tutulan “Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd” kimi çıxış etməsi qənaətindədir və belə qətnamə olduğu halda iddiaçının köçürülərək yaşadığı ünvan üzrə qeydiyyata alınmasından cavabdeh inzibati orqanın imtinası qanuni zidd olmaqla sonuncunun hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməklə İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülülk sovxozu ünvanında yerləşən evə qeydiyyata alınması vəzifəsi cavabdehə həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülülk sovxozu ünvanında yerləşən evə qeydiyyata alınması vəzifəsi cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə həvalə edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar