Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1955/2022 17.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi İddiaçı, iddiaçının vəkili X2, cavabdehin nümayəndəsi X3, tərcüməçi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı «iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi» barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı «iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində qeyd olunur ki, İddiaçı xx xxxxxx 1964-cü il tarixdə doğulmuşdur. O, əmək kitabçasına (İT-İ № 0809092) əsasən 3 dekabr 1981-ci il tarixdən 4 yanvar 1998ci il tarixədək "AZON" Zavodunda işləmişdir ki, həmin zavod rejimli obyekt idi və oradakı əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərə aiddir. İddiaçı güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması ilə bağlı cavabdehə müraciət edərkən onun 57 yaşı tamam olmuş və sığorta stajı 20 ildən çox təşkil etmişdir. Cavabdeh inzibati orqana müraciət etməmişdən əvvəl iddiaçı güzəştli şərtlərlə əmək pensiyası hüququnun təsdiq olunması məqsədilə işlədiyi zavoda sorğu göndərmişdir. Sorğu ilə bağlı zavod tərəfindən təqdim olunmuş 13 aprel 2021-ci il tarixli 03/130 nömrəli arayışda onun 8 yanvar 1982-ci il tarixdən 1 fevral 1988-ci il tarixədək 43 saylı sexdə çeşidləyici vəzifəsində, 1 fevral 1988-ci il tarixdən 4 yanvar 1998-ci il tarixədək 43 saylı sexdə mikrosxem yığıcısı (yarımötürücü cihazların qaynaqçısı) vəzifəsində işlədiyi göstərilmişdir. İddiaçı hesab edir ki, yuxarıda göstərilən hallar və 3 saylı Bakı "ASAN xidmət" mərkəzinə təqdim olunan sənədlər ona «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə əmək pensiyası hüququnu verir. Lakin cavabdeh ona güzəştli şərtlərlə pensiya təyinatından imtina edərək iddiaçının güzəştli iş stajının 10 ildən az təşkil etdiyini bildirmişdir. İmtina məktubunundan göründüyü kimi, cavabdeh tərəfindən yalnız 8 yanvar 1982-ci il tarixdən 1 fevral 1988-ci il tarixədək əhatə olunan dövr güzəştli iş stajı kimi nəzərə alınmış, zavod tərəfindən 1 fevral 1988-ci il tarixdən 4 yanvar 1998-ci il tarixədək göstərilən iş fəaliyyəti güzəştli iş stajı kimi qiymətləndirilməmişdir. "xxxx" MMCnin arayışından görünür ki, mikrosxem yığıcısı və yarımötürücü cihazların qaynaqçısı eyni işdir, mikrosxemlərin yığılması məhz yarımötürücü cihazların qaynaq edilməsi ilə əmələ gəlir. Bu iş prosesində işçi qurquşun buxarı ilə nəfəs almaq məcburiyyətindədir. Bu səbəbdən də o (iddiaçı), 2000-ci ildə ağciyər xəstəliyi keçirmişdir. Onun ciyəri 90% funksiysını itirmişdir. Zərərli işin fəsadlarını o, bu gün də səhhətində hiss edir. İddiaçının qeyd etdiyi faktları və gördüyü işini mahiyyətini zavodda işləyən işçilər də təsdiqləyə bilər. Zavodun təqdim etdiyi arayışda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarının 2 nömrəli siyahısının XVİ bölməsinə (istehsalatda zərərli maddələrlə işləyən sahəyə – şifrə 2170100a, kod 11982) və 23 yanvar 2007-ci il tarixli 12 sayiı qərarının 13(a) bölməsinə daxildir. Göstərilənlərə və «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3, 3.1-ci maddəsinə əsaslanaraq, ona (iddiaçıya) pensiya hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh tərəfin iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazında aşağıdakılar bildirilir: - İddiaçı iddiası rədd edilməlidir. Belə ki, iddiaçının Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Bakı şəhər 3 saylı “ASAN xidmət” mərkəzi tərəfindən DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına daxil olmuş müraciətinə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmışdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Eyni zamanda bildirilir ki, DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X7 qərarlarını, X7 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli icmal məktubunda qeyd olunur ki, məhkəmə qərarının əəsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. İddiaçı təqdim etdiyi sənədlərdən göründüyü kimi, 1 fevral 1988-ci il tarixdən 4 yanvar 1998-ci il tarixədək dövr ərzində "xxxx" MMC-nin 43 saylı sexində mikrosxem yığıcısı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Onun işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı»nda nəzərdə tutulmamışdır. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 10 ildən az (6 il 23 gün – 8 yanvar 1982-ci il tarixdən 1 fevral 1988-ci il tarixədək) dövr) təşkil edir. Bundan başqa İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 41.000 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 17.418,33 manat təşkil edir. Göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Göstərilənlərə əsaslanaraq, iddianın təmin edilməməsiu məhkəmədən xahiş olunur. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 54.1-ci maddəsinə görə inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək (dəqiqləşdirilərək) «iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədiyini bildirdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X4 iddia ərizəsində göstərilənləri təsdiqlədiyini bildirdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə görə bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 30.1-ci maddəsinə əsasən əmək pensiyası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. Həmin Qanunun 30.2-ci maddəsinə əsasən əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi "xxxx" MMC-nin 17 fevral 2022-ci il tarixli arayışında aşağıdakılar bildirilir: - İddiaçı 3 dekabr 1981-ci il tarixdən (2 dekabr 1981-ci il tarixli 434 nömrəli əmr) 4 yanvar 1998-ci il tarixədək (30 iyun 1998-ci il tarixli 239 nömrəli əmr) “Azon” zavodunda işləmişdir. 8 yanvar 1982-ci il tarixdən 1 fevral 1988-ci il tarixədək 43 saylı sexdə çeşidləyici vəzifəsində alışmışdır. Bu işin icrası zamanı “BK” yapışqanı, aseton, qliserin, hidrogen peroksid, toluol və fotorezistlə bütöv iş saatı işləmişdir. Bu vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarının 2 nömrəli siyahısının XVİ bölgüsünə (istehsalatda zərərli maddələrlə işləyən sahə – şifr 2170500a, xod 18654) və 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarının 13.3(a) bölməsinə daxildir. 1 fevral 1988-ci il tarixdən 4 yanvar 1998-ci il tarixədək 43 saylı sexdə mikrosxem yığıcısı (yarımötürücü cihazların qaynaqçısı) vəzifəsində işləmişdir. Yarımötürcü cihazların birləşməsindən mikrosxem hazırlanır və bu işin icrası zamanı 450°C temperaturda, mikrosxemdə hidrogen qazı istifadə edilməklə, Al və Au naqilləri ilə çıxışlara texniki qaynaq edilərək birləşmə əməliyyatı yerinə yetirilmişdir. Mikrosxemlər hər hansı maddi daşıyıcının üzərində yaxud içərisində yerləşdirilmiş çoxfunksiyalı yarımkeçirici cihazların tərkib hissəsi olan elektron qurğulardır. Yarımkeçiricılər böyük termoelektrik güc faktorlarına malikdirlər ki, bu da onları termoelektrik generatorlar üçün faydalı edir, həmçinin yüksək termoelektrik göstəricilər onları termoelektrik soyuducularda əhəmiyyətli edir. Bu vəzifə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarının 2 nömrəli siyahısının XVİ bölgüsünə, istehsalatda zərərli maddələrlə işləyən sahəyə: şifr 2170100a, Kod 11982-ə və 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarının 13(a) bölməsinə daxildir. İş materiallarında olan əmək kitabçasının surətindən görünür ki, İddiaçı 3 dekabr 1981-ci il tarixdə “AZON” zavoduna qaynaqçı şagirdi vəzifəsinə qəbul olunmuş, 8 yanvar 1982-ci il tarixdən çeşidləyici şagirdi vəzifəsinə keçirilmiş, 28 iyun 1982-ci il tarixdə İİ dərəcli cihaz, lövhə və kristal çeşidləyicisi peşəsi verilmiş, 3 may 1984-cü il tarixdə cihaz, lövhə və kristal çeşidləyici İİİ dərəcəsi verilmiş, 1 fevral 1988-ci il tarixdən yenidən tarifləmə ilə əlaqədar olar İV dərəcəli mikrosxem yığıcısı vəzifəsinə keçirilmiş, 4 yanvar 1998-ci il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. 5 mart 1998-ci il tarixdə Azərbaycan Respublikası RTT Baş İdarəsinin Rayonlararası İstehsalat Təmir Tikinti Birliyinin Təmir Tikinti sahəsinə nəzarətçi vəzifəsinə işə qəbul edilmiş və 13 dekabr 2004-cü il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, İddiaçı xx xxxxxx 1964-ci il tarixdə doğulmuşdur, 2006-cı ilin yanvar ayının 1-dək 10 ildən artıq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə çalışmışdır və onun 10 ildən artıq işlədiyi vəzifə – “çeşidləyici” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»nın “XVİ Radio aparatlarının və elektron texnikası məmulatlarının istehsalı” bölməsində 2170500a – 18654 kodu; “Mikrosxem yığıcısı” vəzifəsi isə həmin bölmədə 2170100a – 11982 kodu ilə nəzərdə tutulmuşdur (bu barədə müvafiq arayış iş materiuallarında mövcuddur və bu, işin mübahisə olunmayan hallaarına aiddir). İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəsi Filialına müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsi imtinaya səbəb kimi, onun qanunla tələb olunan həcmdə sığorta kapitalı məbləğinin toplanmadığını və güzəştli iş stajının 10 ildən az olmasına, 1 fevral 1988-ci il tarixdən 4 yanvar 1998-ci il tarixədək "xxxx" MMC-nin 43 saylı sexində işlədiyi mikrosxem yığıcısı vəzifəsinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrə aid olmamasını göstərmişdor, İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir və ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil olunur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəısinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. «Əmək pensiyaları haqqında» AR Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə qadınlar 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqust ayının 1-dən başlayaraq 2000-ci ilin avqust ayının 1dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 qərarı ilə «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» təsdiq edilmiş və müəyyən edilmişdir ki, «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Həmin qərarla təsdiqlənmiş 2 nömrəli Siyahının “XVİ. Radio aparatlarının və elektron texnikası məmulatlarının istehsalı” bölməsində mika çeşidlənməsi ilə məşğul olan xammal, məmulat və material çeşidləyiciləri (2170500a – 18654) və yarımötürücü cihaz qaynaqçıları (2170100a – 11982) güzəştli şərtlərlə pensiya hüququ verən peşələrə aiddir. Göründüyü kimi, mövcud qanunvericilik normaları nəzərdə tutur ki, 1 yanvar 2006-cı il tarixədək 20 il ümumi iş stajına, o cümlədən 10 il güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə (AR NK-nın 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiqlənmiş 2 nömrəli Siyahıda göstərilən) iş stajına malik qadınlar 52 yaşına çatdıqda onların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranır. Bu isə o deməkdir ki, güzəştli şərtlərlə yaşa əmək pensiyasının «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun tələbləri 1 yanvar 2006-cı il tarixədək yuxarıda göstərilən iş stajlarına malik şəxslərə başqa şərt, o cümlədən “müvafiq minimum məbləğdə sığorta kapitalını toplamaq” şərtini qoymur. İşin hallarından isə 16 fevral 2016-ci il tarixdə 52 yaşı tamam olan hazırkı iddiaçının 1 yanvar 2006-cı il tarixədək 20 ildən artıq ümumi staja, o cümlədən Azərbaycan Respoublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiqlənmiş 2 nömrəli Siyahı üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə 10 ildən artıq staja malik olması müəyyən edilir. Nəzərə alınmalıdır ki, cavabdeh tərəfindən iddiaçının güzəştli iş stajı müəyyən edilərkən onun "xxxx" MMC-nin 43 saylı sexində işlədiyi mikrosxem yığıcısı vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiqlənmiş 2 nömrəli Siyahıda nəzərdə tutulmamasına istinad olunmuşdur. Məhkəmə cavabdehin bu mövqeyi ilə razılaşmır və iddiaçıya "xxxx" MMC-dən verilmiş arayış və əmək kitabçasına əsasən belə nəticəyə gəlir ki, onun 1988 – 1998-ci illərdə adıçəkilən qurumda işlədiyi həmin peşə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrə aiddir, cavabdehin dəlilləri formal mülahizələrə söykənir. Məhkəmə həmçinin qeyd edir ki, 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə müraciət edən şəxs «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Arayışın məzmunu sadəcə, şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Məhkəmə tərəfindən aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, iddiaçının işlədiyi mikrosxem yığıcısı – yarımörtücü cihazların qaynaqçısı vəzifəsi ilə oxşar əmək funskiyası eyni funksional xarakter daşıyır ki, bu da müvafiq olaraq güzəştli arayışda öz təsdiqi tapmışdır. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 178 nömrəli 31 oktyabr 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Peşə təhsili üzrə ixtisasların Təsnifatı»nda mikrosxemlərin yığıcısı “elektron avadanlıqlarına xidmət” sahəsinə aiddir. Belə olan halda, iddiaçının "xxxx" MMC-də işlədiyi mikrosxem yığıcısı peşəsinin funksional xarakter baxımından yarımörtücü cihazların qaynaqçısı peşəsinə uyğunluğu, eyni zamanda həmin peşənin radioelektronika sahəsinə aid olması, artıq iddiaçının həmin dövrləri (1 yanvar 1988-ci il tarixdən 4 yanvar 1998-ci il tarixədək) güzəştli iş stajı kimi nəzərə alınması üçün əsas yaradır. Odur ki, məhkəmənin qənaətinə görə İddiaçı 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “güzəştli iş stajının və tələb olunan minimum məbləğdə sığorta kapitalının toplanmaması” səbəbi ilə imtinası qanuna zidd və iddiaçının sosial təminat hüququnun pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. İddiaçıya 52 yaşdan (16 fevral 2016-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı Yuryevaya 52 yaşdan (16 fevral 2016-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı Yuryevaya 52 yaşdan (16 fevral 2016-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-1955/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1955/2022
17.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver