Məhkəmə qərarları › İş №2-1(112)-1956/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1956/2023

14.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1956/2023 14.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin nümyəndələri X3 və Murad-X1 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “pul təminatı üzrə müavinatın yenidən hesablanıb ödənilməsi” haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı cavabdeh-Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə (bundan sonra mərndə DSX) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona qanunvericiliklə nəzərdə tutulmuş qaydada “Kəşfiyyat və əks kəşfiyyat fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu”nun 20.6 və 20.7-ci maddələrinə əsasən pul təminatı müavinatlarının müraciət etdiyi gün üzrə (hal-hazırki) məbləğləri əsas götürülməklə hesablanaraq, birdəfəlik ödənilməsi üçün cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək məhkəmədən ona qanunvericilikdə nəzərdə tutulmuş qaydada “Kəşfiyyat və əks kəşfiyyat fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu”nun 20.6 və 20.7-ci maddələrinə əsasən tərxis olunduğu N-cü ildə ödənilməyən pul təminatı müavinatlarının müraciət etdiyi gün üzrə (hal-hazırki) məbləğləri əsas götürülməklə hesablanaraq, birdəfəlik ödənilməsi üçün cavabdehə həvalə edilməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası Silahlı Qüvvələrdə təqvimi 26 il 11 ay (güzəştli imtiyazlı 32 il 2 ay 3 gün) müddətdə xidmət etmişdir. N №li hərbi hissə komandirinin N may N-cü il tarixli 0104 №-li əmri ilə Sahil mühafizəsi rəisinin 1-ci müavini-qərargah rəisi (1-ci dərəcəli kapitan rütbəsində) vəzifəsindən azad olmaqla şəxsi heyətin siyahısından və bütün növ təminatlarından çıxarılmaqla 41.0.3-cü maddəsinə (xəstəliyə görə) müvafiq olaraq DSX-dan Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. xx.xx.N-cü il tarixdə sol mədəciyin ön divarının kəskin miokard infarktından sol koronar arteriyasının stenləşdirilməsi əməliyyatı keçirmişdir. Daha sonra xx.xx.N-cü il tarixdə DSX-nın Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən şəhadələndirilərək xəstəliklə əlaqədar 30 gün və xx.xx.N-cü il tarixdə təkrarən DSX MHHK tərəfindən şəhadətləndirilərək 30 gün xəstəliklə əlaqədar ümumilikdə 60 gün xəstəliyə görə məzuniyyətdə olmuşdur. 2008-ci ildən DSX rəisinin müvafiq əmrinə əsasən kəşfiyyat və əks kəşfiyyat subyekti əməkdaşları siyahısına daxil edilmişdir. O, ehtiyata buraxılarkən N-cü ildə “Kəşfiyyat və əks kəşfiyyat fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu”nun 20.6 və 20.7-ci maddələrinə əsasən nəzərdə tutulan müavinatlar verilməmişdir. Bununla bağlı DSX-ya 20 iyun 2022-ci il tarixdə ərizə təqdim etmişdir. Ərizəsində qanunvericilkdə nəzərdə tutulan pul təminatı müavinatlarının birdəfəlik ödənilməsini və ödəməni həyata keçirərəkən müraciət etdiyi gün üzrə məbləğləri əsas götürülməklə hesablanmaqla birdəfəlik ödənilməsini xahiş etmişdir. Ona cavab olaraq bildirilmişdir ki, “Kəşfiyyat və əks kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularına (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq pul təminatı məbləğində birdəfəlik müavinat verilir. Müalicə müavinatı hərbi qulluqçuların raportuna əsasən müavinatın ödənilməsi barədə əmrin imzalandığı gün hərbi qulluqçuya hesablanan pul təminatı nəzərə alınır (kompensasiya xarakterli ödənişlər nəzərə alınmır). Müraciəti ilə bağlı xidmət etdiyi hərbi hissəyə sorğu verilmişdir. Qeyd etdiyi müraciət ilə bağlı raportu və müvafiq əmr olduqda ödənişin müvafiq qaydada həyata keçirilməsi təmin olunacaqdır. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqan DSX-nin iddia tələbinə dair yazılı münasibətində (etirazı) göstərilmişdir ki, DSX-nin sabiq hərbi qulluqçusu İddiaçı iddiası əsassızdır və təmin olunmamalıdır. “Kəşfiyyat və Əks-kəşfiyyat Fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 20.6-cı maddəsinə əsasən, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin hərbi qulluqçularına hər il məzuniyyətə çıxarkən iki aylıq pul təminatı məbləğində müavinət verilir. Həmin Qanunun 20.7-ci maddəsinə əsasən kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşları (pensiyaya çıxmış əməkdaşlar da daxil olmaqla), o cümlədən onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq pul təminatı məbləğində birdəfəlik müavinət verilir. Yuxarıda qeyd olunan müavinətlərin ödənilib-ödənilməməsi ilə bağlı aidiyyəti üzrə sorğular göndərilmişdir. Sorğular nəticəsində pul təminatı və əmək haqqı üçün tərtib edilmiş vərəqəyə əsasən müəyyən edilmişdir ki, İddiaçı qeyd olunan dövr üzrə bütün ödənişlərlə nağd və köçürmə yolu ilə tam təmin edilmişdir. 2015-ci ildə DSX-nın Maliyyə-Plan İdarəsinin Təftiş şöbəsi tərəfindən, 2018-ci il tarixdə Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən və 2020-ci il tarixdə Maliyyə Nazirliyinin Maliyyə Nəzarət Xidməti tərəfindən maliyyə təsərrüfat fəaliyyəti təftiş olunduğu səbəbindən saxlama müddəti bitmiş bütün paylama cədvəlləri məhv edilmişdir. Qeyd olunan fakt DSX-nın Sahil Mühafizəsində tərtib edilmiş xx.xx.2019-cu il tarixli məxfi qrifli 1 nömrəli məhvetmə aktı ilə təsdiq olunmuşdur. Məhvetmə aktı DSX rəisinin 22 iyun 2018-ci il tarixli 0210 nömrəli əmri ilə təsdiq olunmuş “Dövlət Sərhəd Xidmətinin fəaliyyəti nəticəsində yaranan sənədli materialların saxlanma müddəti üzrə Siyahısı” rəhbər tutularaq tərtib olunmuşdur. Bu səbəbdən də iddiaçı sabiq hərbi qulluqçu İddiaçı “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 20.6 və 20.7-ci maddələrinə əsasən pul təminatının ödənilməsi tələbinə dair iddia ərizəsinin əsassız olmasını hesab edirlər. İddiaçı məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh DSX-nın nümayəndələri X5 və X2 oğlu məhkəmə iclasında ayrı-ayrılıqda verdikləri izahatlarında iddianı qəbul etməyərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdilər. İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı konstitsion hüquqlarından istifadə edərək hazırki tələb üzrə məhkəmədə iddia qaldırmaq üçün mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətlidir. Məhkəmə hesab edir ki, onun hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddia mümkündür. İşin halları. İş materiallarında olan: iddiaçıya məxsus AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1968-ci ildə doğulmuşdur. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti “N” nömrəli hərbi hissə komandirinin Nizami hissə üzrə “Şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmış hesab edilmə” barədə 0104 №-li N may N-cü il tarixli əmrindən çıxarışın surətindən müəyyən olunur ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.3-cü maddəsinə (xəstəliyə görə) müvafiq olaraq Sahil Mühafizəsi rəisinin 1-ci müavini-qərargah rəisi 1-ci dərəcəli kapitan İddiaçı N may N-cü il tarixdən vəzifəsindən azad olunması; “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 120-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün ona N may N-cü il tarixdən 90 (doxsan) gün müddətinə məzuniyyət verilməsi və 01 avqust N-cü il tarixdən DSX-da həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmış hesab edilməsi; Hərbi qeydiyyata götürülmək üçün Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nərimanov rayon İdarəsinə göndərilməsi əmr edilmiş, əmrdə onun 01 avqust N-cü il tarixə xidmət illəri aşağıdakı kimi qeyd olunmuşdur: təqvimi 26 il 11 ay 00 gün; güzəştli 05 il 03 ay 03 gün; cəmi 32 il 02 ay 03 gün. Əmrdə İddiaçı N-cü il üçün nəzərdə tutulmuş məzuniyyətdən istifadə etdiyi, məzuniyyət müavinəti və maddi yardım aldığı, xx.xx.N-cü il tarixdən xx.xx.N-cü il tarixə qədərki xidmət dövrü üçün birdəfəlik pul mükafatını 100 faiz həcmində almağa layiq olduğu qeyd olunmuşdur. İddiaçının hazırkı tələbi ilə bağlı müraciətinə cavab olaraq DSX-nin 10/R-131 №-li xx.xx.2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, “Kəşfiyyət və əks kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularına (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq pul təminatı məbləğində birdəfəlik müavinət verilir. Müalicə müavinəti hərbi qulluqçunun raportuna əsasən müavinətin ödənilməsi barədə əmrin imzalandığı gün hərbi qulluqçuya hesablanan pul təminatı nəzərə alınır (kompensassiya xarakterli ödənişlər nəzərə alınmır). Onun müraciəti ilə bağlı xidmət etdiyi hərbi hissəyə sorğu verilmişdir. Qeyd etdiyi müraciət ilə bağlı raportu və müvafiq əmr olduqda ödənişin müvafiq qaydada həyata keçirilməsi təmin olunacaqdır. Məhkəmə araşdırması zamanı cavabdeh orqan DSX tərəfindən məhkəməyə təqdim olunmuş: - DSX rəisinin 22 iyun 2018-ci il tarixli 0210 №-li əmri ilə təsdiq olunmuş “DSX-nın fəaliyyəti nəticəsində yaranan sənədli materialların saxlama müddətləri üzrə 2018-ci il tarixli Siyahısı”ndan müəyyən olunur ki, birdəfəlik və digər nağd yardımların verilməsi barədə yazışmların saxlama müddəti 3 il müəyyən olunmuşdur (s/s 904). - 06 mart 2019-cu il 01 №-li məhvetmə aktının surətindən müəyyən olunur ki, DSX rəisinin 22 iyun 2018-ci il tarixli 0210 №-li əmri ilə təsdiq olunmuş “Dövlət Sərhəd Xidmətinin fəaliyyəti nəticəsində yaranan sənədli materialların saxlanma müddəti üzrə Siyahısı”nı rəhbər tutaraq elmi, tarixi, praktiki və s. dəyərini itirmiş sənədləri (kitabları, jurnalları, işləri) məhv etmək üçün seçib ayırmışdır. Qeyd: Məhvetmə aktına daxil edilmiş xx.xx.2009-cu il tarixdən xx.xx.2016-cı il tarixədək olan maliyyə-təsərrüfat sənədləri DSX rəisinin xx.xx.2016-cı il tarixli 22 №-li sərəncamına əsasən təftiş olunmuşdur (DSX MPİdən daxil olmuş xx.xx.2016-cı il tarixli 10/561N arayış). - Maliyyə Plan İdarəsi tərəfindən İstintaq və Təhqiqat İdarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli Xidməti məktubda qeyd olunmuşdur ki, İddiaçı xidmət etdiyi hərbi hissəyə ödənişlərlə bağlı sorğu verilmiş və sorğu nəticəsində pul təminatı və əmək haqqı üçün tərtib olunmuş vərəqəsinə əsasən müəyyən olunmuşdur ki, qeyd olunan dövr üzrə bütün ödənişlərlə nağd və köçürmə yolu ilə tam təmin edilmişdir. Qeyd olunanları nəzərə alaraq bildirirlər ki, 2015-ci ildə DSX-nın Maliyyə-Plan İdarəsinin Təftiş şöbəsi tərəfindən, 2018-ci il tarixdə Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən və 2020-ci il tarixdə məhkəmənin qərarı ilə Maliyyə Nazirliyinin Maliyyə Nəzarət Xidməti tərəfindən maliyyə təsərrüfat fəaliyyəti təftiş olunduğu səbəbindən saxlama müddəti bitmiş bütün paylama cədvəlləri məhv edilmişdir. Məhkəmənin mövqeyi. Məhkəmə hesab edir ki, cavadehin imtinası qanuni və əsaslıdır. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 711-İİQ nömrəli Qanununun: 20.1-ci maddəsinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri hərbi qulluqçularının sosial müdafiəsi “Hərbi qulluqçuların statusu haqqında”, “Əmək pensiyaları haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanunları, bu qanunla və digər qanunvericilik aktları ilə müəyyən edilir. 20.2-ci maddəsinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının pul təminatı (təminat xərcliyi) vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, üstəlik verilən pul təminatının digər növlərindən, kompensasiyalardan və müavinətlərdən ibarətdir. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin rəhbəri həmin subyektin hərbi qulluqçularına bu qanuna və xidmətin xüsusiyyətləri nəzərə alınmaqla digər qanunvericilik aktlarına əsasən üstəlik verilən pul təminatı növlərinin normalarını və ödəniş qaydalarını müəyyən edir. 20.6-cı maddəsinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin hərbi qulluqçularına hər il məzuniyyətə çıxarkən iki aylıq pul təminatı məbləğində müavinət verilir. 20.7-ci maddəsinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşları (pensiyaya çıxmış əməkdaşlar da daxil olmaqla), o cümlədən onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq pul təminatı məbləğində birdəfəlik müavinət verilir. Məhkəmə araşdırması zamanı DSX-nın nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş Maliyyə Plan İdarəsi tərəfindən İstintaq və Təhqiqat İdarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli Xidməti məktubun surətindən və məktuba surəti əlavə olunmuş İddiaçı aid “Pul təminatı və Əmək haqqı üçün Şəxsi vərəqə”dən müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən mübahisələndirilən dövr üzrə bütün ödənişlər nağd və köçürmə yolu ilə tam təmin edilmişdir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olunur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar