Məhkəmə qərarları › İş №2-1(112)-19569/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-19569/2025

16.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-19569/2025 16.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (struktur dəyişikliyi ilə əlaqədar bundan sonra Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi) qarşı (3-cü şəxs: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 4 saylı Abşeron Ərazi İdarəsi) “çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (struktur dəyişikliyi ilə əlaqədar bundan sonra Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Abşeron Rayon İcra Hakimiyyətinin 15 aprel 1999-cii il tarixli, 096 nömrəli sərəncamı ilə verilmiş və Bakı şəhəri, Buzovna Tərəvəzçilik- Südçüliik Sovxozu ərazisində yerləşən 0,10 hektar torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Buzovna Tərəvəzçilik- Südçülük Sovxozu ərazisində yerləşən 0,10 hektar torpaq sahəsi Abşeron rayon İcra Hakimiyyətinin 15 aprel 1999-cu ili tarixli, 096 nömrəli sərəncamı ilə ayrılmışdır. İddiaçı həmin torpaq sahəsi özəlləşdirmək istəyir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu onun müraciətinin təminindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsi Prezidentin İşlər İdarəsi X3 ayrılmış ərazilərin hüdudlarından 94 metr kənarda yerləşir. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə hazırki iş üzrə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 4 saylı Abşeron Ərazi İdarəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına adi qaydada cəlb edilmişdir. Məhkəmə ərizəni və iş materiallarında mövcud digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. Məhkəməyə daxil olmuş iddia ərizəsində iddiaçı qismində İddiaçı göstərilmiş olsa da, sözügedən ərizənin bilavasitə iddiaçı tərəfindən imzalanmadığı müəyyən edilmişdir. Belə ki, iddia ərizəsinin nəticə hissəsində İddiaçı adı qarşısında olan imza ilə iş materiallarında olan etibarnamədə mövcud olan imzanın eyni şəxsə — X1 məxsus olduğu aşkar edilmişdir. Hər iki sənəddə olan imzaların xətşünaslıq ekspertizası aparılmadan belə eyni şəxs tərəfindən atıldığı açıq-aydın müşahidə olunur. Eyni zamanda bu hal, məhkəmə iclasında da müəyyən olunmuşdur. Bununla yanaşı, iddia ərizəsinin faktiki olaraq X2 tərəfindən imzalanmasına baxmayaraq, həmin şəxsin iddiaçını təmsil etmək üçün qanunvericiliklə nəzərdə tutulmuş əsaslara malik olması sübuta yetirilməmişdir. Belə ki, onun etibarnaməyə malik olması müəyyən edilsə də, iddiaçı ilə yaxın qohumluq münasibətlərinin mövcudluğu müəyyən olunmamışdır. Halbuki, AR İPM-nin 31-ci maddəsinə görə inzibati məhkəmə icraatında proses iştirakçılarının vəkillə təmsil olunmaq hüququ vardır. Dövlət və bələdiyyə orqanları, yaxud hüquqi şəxslər, həmçinin bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətli nümayəndə vasitəsilə, fiziki şəxslər isə yaxın qohumlar vasitəsilə təmsil oluna bilərlər. Prosessual nümayəndə onun nümayəndəliyini təsdiq edən sənədi məhkəməyə təqdim etdiyi andan məhkəmə icraatı ilə bağlı bütün məhkəmə aktları və sənədləri bu Məcəllə ilə müəyyən olunmuş qaydada ona təqdim olunur və həmin nümayəndə təmsil etdiyi şəxsin adından bütün prosessual hərəkətləri həyata keçirə bilər. Göründüyü kimi iddiaçını məhkəmə iclasında etibarnamə ilə ya vəkil, ya da yaxın qohumluq statusunda olan şəxs təmsil etmək hüququna malikdir ki, onun adından hər hansı hərəkətin edilməsi ilə bağlı müvafiq səlahiyyətə malik olmuş olsun. Bununla bağlı Məhkəmə qeyd edir ki, İPM-in 13-cü maddəsinin tələblərinə görə məhkəmə qaldırılan iddialarda yol verlən formal xətaların aradan qaldırılmasında proses iştirakçılarına yardım etməyə borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir (3.3cü bənd); Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır (3.4-cü bənd). Beləliklə, məhkəmənin mövqeyinə görə iddia ərizəsi iddiaçı və ya onun müvafiq səlahiyyət verdiyi şəxs (vəkil olmadığı halda yaxın qohum olması şərti ilə) tərəfindən imzalanmadığından, ərizədə yazılanlar “iddiaçı” kimi qeyd edilən şəxsin (İddiaçı) iradə ifadəsi kimi qiymətləndirilə bilməz. Odur ki, iddia mümkün sayılmamalıdır. Beləliklə, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq zəruri ilkin şərt kimi iddianın mümkünlüyünü yoxlamış, iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olmadığını aşkar etmişdir ki, İPM-nin 35.1-ci maddəsinin və “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarının 1.1-1.5-ci bəndlərinin də tələbləri baxımından iddianın mümkün hesab edilməməsi barədə qərara gəlmişdir. Qeyd olunan maddə və bəndlərin mahiyyətindən aydın olur ki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. (35.1-ci maddə) İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (1.1 - 1.5-ci bəndlər) Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim:Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar