Məhkəmə qərarları › İş №2-1(112)-1958/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1958/2023

23.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1958/2023 23.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X12 cəlb olunmaqla) “torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və arayışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Maştağa Tərəvəzçilik-Südçülük sovxozunun ərazisində yerləşən 1454 kv.metr torpaq sahəsinin İddiaçı adına qeydiyyata alınmaqla bu barədə texniki pasportun və çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Maştağa südçülük-tərəvəzçilik sovxozunun 07 may 1965-ci il tarixli 58 nömrəli əmrinə əsasən X2 adına yaşayış evinin tikintisi üçün 0.15 hektar torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhər 15 saylı xüsusi notariat ofisinin 19 nömrəli 11 yanvar 2022-ci il tarixli məktubuna əsasən X1 qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhər 15 saylı notariat ofisinə vərəsəsi, arvadı - İddiaçı müraciəti daxil olmuş və ərizə əsasında vərəsəlik işi açılmışdır. Miras qoyanın adında xx.xx.1965-ci il tarixli 58 saylı əmrə əsasən Bakı şəhəri Sabunçu rayonu, Nardaran qəsəbəsi, Maştağa Südçülük tərəvəzçilik sovxozu ərazisində yerləşən 0.12 hektar torpaq sahəsinin özəlləşdirilməsinə və çıxarış verilməsinə etiraz edilməmişdir. Qeyd olunan torpaq sahəsinə dövlət reyestrindən çıxarış verilməsi üçün cavabdehə müraciət edilmiş, lakin cavabdeh 18 fevral 2022-ci il tarixli məktub göndərərək iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh iddiaya dair yazılı münasibətini (etirazını) məhkəməyə təqdim etmişdir. Etirazda bildirilmişdir ki, iddiaçı müvafiq tələblə bağlı xx.xx.2022-ci il il tarixli, ********** saylı ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, torpaq sahəsinə dair Maştağa südçülük-tərəvəzçilik sovxozunun rəhbərinin əmri və qanunvericiliyə uyğun təsdiq edilmiş yerləşmə cizgisi təqdim edilməmişdir. Belə ki, iddiaçı tərəfindən təqdim edilən Maştağa südçülük-tərəvəzçilik sovxozunun 58 nömrəli, xx.xx.1965-ci il tarixli əmrin arxiv arayışında ayrılan torpaq sahəsini sovxoz direktoru (və ya kənd təsərrüfatı müəssisəsi rəhbəri) deyil, “baş yerquruluşcu” təsdiq etmişdir. Torpaq sahəsinin yerləşmə cizgisi isə Abşeron rayon İcra hakimiyyətinin baş memarı tərəfindən təsdiq edilmişdir. Bundan əlavə, elektron kadastr məlumatlarına əsasən iddiaçı tərəfindən göstərilən əraziyə digər fiziki şəxsin (X12) Sabunçu rayon Naradaran qəsəbəsi üzrə nümayəndəliyi aparatının 02/627 nömrəli, xx.xx.2005-ci il tarixli qərarından çıxarış əsasında müraciəti qeydə alınmışdır. Torpaq sahəsinin sənəd üzrə ölçüsü 1500 kv.m göstərilsə də, faktiki 1454 kv.metr təşkil edir. Bu səbəblərdən ərizənin icrasını təmin etmək mümkün olmamış və iddiaçıya xx.xx.2022-ci il tarixli **********74 saylı cavab məktubu ünvanlanmışdır. Məlumat üçün bildirilir ki, 58 nömrəli, xx.xx.1965-ci il tarixli əmrdə mərhumun adı “Südeyib”, notarius məktubunda isə “Südef” kimi qeyd olunmuşdur. Cavabdeh “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə istinad edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 31 oktyabr 2022-ci il tarixli qərardadına əsasən X8 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı tərəf sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Bakı şəhəri, Sabunçu rayonu, Maştağa Tərəvəzçilik-Südçülük Sovxozunun ərazisində yerləşən 1454 kv.metr torpaq sahəsinə dair hüququn X3 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq üçüncü şəxs hər hansı səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsi və tələbin dəqiqləşdirilməsinə dair ərizədə göstərilənlərə uyğun məzmunda izahat verərək tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********74 saylı məktubundan görünür ki, iddiaçının Bakı şəhəri, Sabunçu rayonu, Maştağa südçülük-tərəvəzçilik sovxozu ərazisində yerləşən torpaq sahəsinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciətinə baxılmış və etirazdakı dəlillərə uyğun imtina cavabı verilmişdir. -Abşeron rayon Dövlət Arxivi tərəfindən verilmiş 12 oktyabr 2021-ci il tarixli, F1062 №li arxiv çıxarışından görünür ki, Maştağa südçülük-tərəvəzçilik sovxozunun qaytanlanmış Torpaq Kitabından çıxarışdan görünür ki, 07 may 1965-ci il tarixli, 58 nömrəli əmrinə əsasən X3 0.15 hektar həyətyanı torpaq sahəsi ayrılmışdır. -Abşeron rayonu İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsi tərəfindən tərtib edilmiş sənəddən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Maştağasüdçülük sovxozu ərazisindən xx.xx.1965-ci il tarixli, 58 nömrəli əmrə əsasən vətəndaş X7 ayrılmış 0,15 ha torpaq sahəsinin yerləşmə sxemi təsdiq edilmişdir. -Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhər 15 saylı notariat ofisinin 19 nömrəli 11 yanvar 2022-ci il tarixli məktubundan görünür ki, X4 qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhər 15 saylı notariat ofisinə vərəsəsi, arvadı - İddiaçı müraciəti daxil olmuş və ərizə əsasında vərəsəlik işi açılmışdır. Miras qoyanın adında xx.xx.1965-ci il tarixli 58 saylı əmrə əsasən Bakı şəhəri Sabunçu rayonu, Nardaran qəsəbəsi, Maştağa Südçülük tərəvəzçilik sovxozu ərazisində yerləşən 0.12 hektar torpaq sahəsinin özəlləşdirilməsinə və çıxarış verilməsinə etiraz edilməmişdir. -Bakı şəhər 15 saylı Notariat ofisi tərəfindən tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə göndərilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, miras qoyan X6 adında xx.xx.1965-ci il tarixli, 58 nömrəli əmrə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Maştağa südçülük-tərəvəzçilik sovxozu ərazisində yerləşən torpaq sahəsinin özəlləşdirilməsinə və iddiaçının adına çıxarış verilməsinə etiraz edilməmişdir. Müvafiq sorğu əsasında cavabdeh DƏDKR-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Maştağa südçülük-tərəvəzçilik sovxozu ərazisində yerləşən torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı iş üzrə üçüncü şəxsin etibarnamə üzrə nümayəndəsinin müraciətinə verilmiş verilmiş xx.xx.2017-ci il tarixli, **********61 qeydiyyat nömrəli məktubla aşağıdakı məzmunda cavab verilmişdir: “Bakı şəhər, Sabunçu rayon, Nardaran qəsəbəsi, sahə 1, yer 92 ünvanda yerləşən torpaq sahəsinə dair plan və ölçünün tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı xx.xx.2017-ci il tarixli ərizənizə baxılmışdır. Bununla əlaqədar bildiririk ki, təqdim edilmiş 02/627 nömrəli, xx.xx.2005-ci il tarixli Sabunçu rayon İcra Hakimiyyəti Nardaran qəsəbəsi üzrə nümayəndəliyi aparatının qərarından çıxarış qanunvericiliyə uyğun tərtib edilməmişdir. Qanunvericiliyə uyğun olaraq torpağın ayrılması Nardaran qəsəbə nümayəndəliyinin səlahiyyətləri xaricindədir. Həmçinin bildiirik ki, 2001-ci il tarixli yanvarın 1-dən sonra vətəndaşların mülkiyyətinə bələdiyyənin ehtiyat fondundan torpaq sahələri qanunvericiliylə müəyyən edilmiş qaydada satılır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının qanununun 19-cu maddəsinin ikinci hissəsinin birinci cümləsinə əsasən bu qanun qüvvəyə mindiyi gündən sonra yaşayış evi, həyətyanı və bağ sahəsi üçün Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bələdiyyənin ehtiyat fondundan torpaq sahələri müəyyən edilmiş normalara uyğun olaraq qanunvericilikdə müəyyən edilmiş qaydada satılır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının qanununun 25-ci maddəsinə əsasən bu qanunun 19-cu maddəsinin ikinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş səlahiyyətləri bələdiyyələr 2001-ci il yanvarın 1-dən etibarən həyata keçirir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 8-ci maddəsinə uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 358.1-ci maddəsinə əsasən səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənizin icrasından imtina edilir.” -Məhkəmənin sorğusuna cavab olaraq verilmiş Bakı şəhəri Sabunçu RİHB-nin Nardaran qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iş üzrə üçüncü şəxsin adına torpaq sahəsi ayrıılması haqqında nümayəndəlikdə heç bir məlumat yoxdur. -Bakı şəhər Nardaran Bələdiyyəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2023-cü il tarixli məktubda Nardaran Bələdiyyəsi tərəfindən üçüncü şəxsin adına torpaq sahəsinin ayrılmadığı bildirilmişdir. Beləliklə, işin faktiki hallarından görünür ki, Maştağa südçülük-tərəvəzçilik sovxozunun qaytanlanmış torpaq kitabəndan çıxarışa əsasən 07 may 1965-ci il tarixli 58 nömrəli əmri ilə iddiaçının əri X3 0,15 ha həyətyanı torpaq sahəsi ayrılmış, Abşeron rayonu İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsi tərəfindən sözügedən torpaq sahəsinin yerləşmə sxemi tərtib və təsdiq edilmişdir. İddiaçı qeyd olunan sənədlərə istinad edərək sözügedən torpaq sahəsi üzərində hüququn ölmüş şəxsə məxsus olması barədə arayış verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. Hazırkı iddia ilə cavabdehin imtinası mübahisələndirilir. Məhkəmə aşağıda göstərilən qanunvericiliyin tələblərinə əsasən iddia tələbinin əsaslı olduğu nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 139-1.8-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.8-ci maddəsinə əsasən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”na yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış (2.5) da daxildir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Eyni Qanunun 10.2-ci maddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri və torpaq sahəsinin planı və ölçüsü əlavə olunmalıdır (10.2.1, 10.2.2.). Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 22.2-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. «Torpaq islahatı haqqında» AR Qanunun 9-cu maddəsinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Göründüyü kimi, mövcud qanunvericilik daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir və qanunverici “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan hər hansı sənədlərdən birinin təqdim olunmasını hüquqların dövlət qeydiyyatı üçün kifayət sayır. Məhkəmə hesab edir ki, iddiaçının mübahisəli torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədləri yuxarıda istinad olunan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndindəki aktlara uyğun gəlir. Belə ki, Maştağa südçülüktərəvəzçilik sovxozunun qaytanlanmış torpaq kitabından çıxarışa əsasən 07 may 1965-ci il tarixli 58 nömrəli əmri ilə iddiaçının əri X3 0,15 ha həyətyanı torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsinin yerləşmə cizgisi mövcuddur. Cavabdeh tərəfindən qeyd olunan inzibati aktın həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdir. Həmin akt ləğv edilməmiş və ya etibarsız hesab edilməmiş, hazırda qüvvədədir. Məhkəmə cavabdeh inzibati orqanın imtina dəlillərini əsaslı saymayaraq bildirir ki, hazırkı halda torpaqayırma sənədinin və onun yerləşmə sxeminin mövcudluğu mübahisələndirilmir. Mübahisəli məqam bu sənədlərin müvafiq olaraq sovxozun rəhbərinin əmri ilə təsdiq edilməməsi və torpağın yerləşmə cizgisinin rayon icra hakimiyyətinin baş memarı tərəfindən təsdiq edilməməsi ilə bağlıdır ki, göstərilən xüsusatlar iddiaçının məsuliyyətinə aid olan hal olmadığından onun hüquqlarının məhdudlaşdırılması ilə nəticələnməməlidir. Yuxarıda qeyd edildiyi ki, təqdim edilmiş sənədlərin ləğv edilməsi, yaxud etibarsız hesab edilməsi ilə bağlı hər hansı mötəbər dəlil yoxdur. Torpaqayırma sənədindəki ad uyğunsuzluğunu isə məhkəmə işin mahiyyətinə təsir etməyən hal hesab edərək texniki səhv kimi qəbul edir. İddiaolunan torpaq sahəsinə dair üçüncü şəxsin müraciəti ilə bağlı məsələyə gəldikdə qeyd edilməlidir ki, iş materiallarından göründüyü kimi, iş üzrə üçüncü şəxsə nəinki mübahisəli torpaq sahəsinin ayrılması, ümumilikdə Nardaran qəsəbəsi ərazisində torpaq sahəsi ayrılması barədə məlumat aşkar edilməmiş, cavabdeh tərəfindən də qanunla nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədin mövcud olması və həmin torpaq sahələrinin üst-üstə düşməsini təsdiq edən dəlillər məhkəməyə təqdim edilməmişdir. Beləliklə, məhkəmə qanunvericiliklə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq belə nəticəyə gəlir ki, iddiaçının ona ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüququn qeydiyyata alınması üçün “qanuni gözləntisi” vardır. Cavabdehin imtinası qanunaziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Odur ki, iddia təmin edilməli, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa Tərəvəzçilik-Südçülük Sovxozunun ərazisində yerləşən 1454 kv.metr torpaq sahəsinə dair hüququn X3 məxsus olması barədə arayışın verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa Tərəvəzçilik-Südçülük Sovxozunun ərazisində yerləşən 1454 kv.metr torpaq sahəsinə dair hüququn X3 məxsus olması barədə arayışın verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar