Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1959/2021 23.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsinə qarşı «doğum haqqında təkrar şəhadətnamənin verilməsi»nə dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsinə qarşı «doğum haqqında təkrar şəhadətnamənin verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, iddiaçı xx xxxxx 1961-ci il tarixdə Gürcüstan SSR Bolnisi rayonunda doğulmuşdur. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Azərbaycan Respublikasının vətəndaşlığının alınması üçün müraciət edərkən ona məxsus doğum haqqında şəhadətnamədə yazıların aydın şəkildə oxunmadığı bildirilmişdir. Buna görə də o, Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsinə müraciət edərək, doğum haqqında şəhadətnamənin təkrar verilməsini xahiş etmişdir. Lakin həmin qurum müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdehin imtinası tamamilə qanunsuz və əsassızdır. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 12, 26, 60, 71-ci maddələrinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 160.1-ci maddəsinə, İPM-in 2.1, 34.1-ci maddələrinə, «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 9.1ci bəndinə əsaslanaraq, ona (iddiaçıya) doğum haqqında şəhadətnamənin təkrar verilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul olunması məhkəmədən xahiş edilir. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə müvafiq olaraq işin hazırlıq icraatına başlanmış və iddia ərizəsi və ona əlavə olunmuş sənədlər cavabdehə təqdim olunmuşdur. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə etdi və onun təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İPM-in 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxx 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 1.1-ci bəndinə görə bu Qayda Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və dövlət mənafeyi, ictimai mənafe üçün, vətəndaşların şəxsi, habelə əmlak hüquqlarının qorunması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri (bundan sonra – müvafiq olaraq "Qeydiyyat şöbəsi", "konsulluq idarəsi, "icra hakimiyyətinin nümayəndəliyi") tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasını müəyyən edir. Qaydanın 1.2-ci bəndinə görə Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi və müvəqqəti yaşayan, habelə müvəqqəti olan Azərbaycan Respublikası vətəndaşlarının vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı konsulluq idarələri tərəfindən aparılır. Qaydanın 1.14-cü bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr, barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. Qaydanın 9.1-ci bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında və ya Qeydiyyat şöbəsinin və konsulluq idarəsinin yaş kağızı kitablarında vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinə əsasən vətəndaşlara onların ərizəsi əsasında arzusu nəzərə alınmaqla, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir. Qaydanın 9.2-ci bəndinə görə təkrar şəhadətnamələrin verilməsi haqqında ərizələri maraqlı şəxslər vətəndaşlıq vəziyyəti akt qeydinin olduğu Qeydiyyat şöbəsinə, konsulluq idarəsinə və ya Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə təqdim edirlər. Qaydanın 9.5-ci bəndinə görə qeydiyyat şöbəsində və konsulluq idarəsində vətəndaşlıq vəziyyəti haqqında akt qeydləri olmadıqda, təkrar şəhadətnamə verilməsi haqqında ərizə icra olunmaq üçün Azərbaycan Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə göndərilir. Qaydanın 9.6-cı bəndinə görə Azərbaycan Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının arxivində, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivində vətəndaşlıq vəziyyəti haqqında akt qeydi barədə məlumatlar olmadıqda, ərizəçiyə vətəndaşlıq vəziyyəti haqqında akt qeydinin olmaması barədə arayış verilir (göndərilir). Göründüyü kimi, mövcud qanunvericilik normaları müraciət edən şəxsə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında və ya qeydiyyat şöbəsinin və konsulluq idarəsinin yaş kağızı kitablarında vətəndaşlıq vəziyyəti aktlarının qeydləri mövcud olduğu halda, təkrar şəhadətnamənin verilməsini, Azərbaycan Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının arxivində və Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivində müvafiq akt qeydi barədə məlumatlar olmadığı hallarda isə, bu barədə arayışın verilməsini nəzərdə tutur. Hazırkı işin hallarına görə iddiaçı Gürcüstan Respublikasında doğulmuşdur və bu onun doğum akt qeydinin həmin ölkədə tərtib olunduğu həm böyük ehtimallıdır, həm də bunu özü də təkzib etmir. Hər bir halda, iddiaçının doğumu haqqında akt qeydinin Azərbaycan Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının arxivində və Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivində olmadığı müəyyən edilir. Məhkəmənin qənaətinə görə hazırkı cavabdeh Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi İddiaçı doğum haqqında təkrar şəhadətnaməsinin verilməsində səlahiyyətli deyil. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən İddiaçı hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmır. Odur ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23, 35, 80, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-1959/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1959/2021
23.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver