Məhkəmə qərarları › İş №2-1(112)-1962/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1962/2021

16.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1962/2021 16.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Məşğulluq Agentliyinin 2 saylı X1rşı «iddiaçıya xüsusi karantin rejiminin tətbiq olunduğu dövr üzrə aylıq birdəfəlik ödəmənin verilməsi»nə dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh AR ƏƏSM Nazirliyi tabeliyində Məşğulluq Agentliyinin 2 saylı X1rşı «xüsusi karantin rejiminin tətbiq olunduğu dövr üzrə aylıq birdəfəlik ödəmənin verilməsi» tələbini irəli sürərək ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, iddiaçı işsizlik statusunun və işsizliyə görə 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi ilə bağlı “online” qaydada qeydiyyatdan keçmişdir. Müraciətimə cavab olaraq ona “sms” vasitəsilə bildiriş gəlməmişdir. Bundan sonra o, cavabdeh orqana yazılı şəkildə müraciət etmişdir. xx xxxxxx 2020-ci il tarixli cavab məktubu ilə ona bildirilmişdir ki, xüsusi karantin rejimində işsiz şəxslər üçün nəzərdə tutulan ödəmə üzrə təyinatla bağlı müraciətlər cari ilin 27 aprel tarixində dayandırılmışdır. İşsiz kimi qeydiyyat aparılmadığından, 190 manat birdəfəlil ödəmə təyin edilməmişdir. Hesab olunur ki, bu imtina əsassızdır. Belə ki, o (iddiaçı), xüsusi karantin dövründə işsiz kimi qeydiyyatdan keçmişdir və bununla bağlı ona iki dəfə müvafiq təsdiq (mesaj) gəlmişdir. O, hal-hazırda da işləmir. Fəhlə kimi qazandığı vəsaitlə hər ay 154 manat aliment ödəyir. Göstərilənlətrə və Azərbaycan Respublikası Konstitusiyasının 26, 38, 60, 71-ci maddəsinə, İPM-in 2.2.2, 33, 34.1, 73.1-ci maddələrinə əsaslanaraq, ona (iddiaçıya) 190 manat birdəfəlik ödəmənin verilməsi öhdəliyinin cavabdeh AR ƏƏSM Nazirliyi tabeliyində Məşğulluq Agentliyinin 2 saylı X4 Filialının üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə müvafiq olaraq, işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəıncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. Cavabdeh tərəfin məhkəməyə iddia ilə bağlı təqdim etdiyi vəsatətdə aşağıdakılar bildirilmişdir: - Koronavirus (COVİD-19) xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, onun Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması məqsədi ilə Azərbaycan Respublikası Prezidenti tərəfindən “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” xx xxxx 2020-ci il tarixdə 1950 nömrəli sərəncam imzalanmışdır. Həmin sərəncamın icrası olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxx 2020-ci il tarixli 135s nömrəli sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planında Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsi, bu ödəmənin dörd ay (aprel, may, iyun, avqust ayları) həyata keçirilməsi, 600 min şəxsi əhatə etməsi, habelə buna uyğun olaraq, dövlət vəsaitinin ayrılması nəzərdə tutulmuşdur. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabineyinin xx xxxxx 2020-ci il tarixli 138 nömrəli Qərarına əsasən sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi nəzərdə tutulmuşdur. Hazırda məşğulluqla bağlı məhdudiyyətlərin əksəriyyəti aradan qaldırılmış, birdəfəlik ödəmənin verilməsi proqramı başa çatdırılaraq, icrası müddəti bitmiş və 600 min şəxsə ödəmə təyin olunaraq ödənişlər həyata keçirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxx 2020-ci il tarixli 127 nömrəli qərarı ilə “Koronarirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin təsdiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası” təsdiq edilmişdir. Həmin qaydaya əsasən birdəfəlik ödəmə «Məşğulluq haqqında» Azərbaycan Respublikası Qanununa və bu Qaydanın 2.1-ci bəndinə uyğun olaraq işsiz kimi qeydiyyata alınmış şəxslərə təyin olunur və ödənilir. Eyni zamanda həmin qaydanın 3.4-cü bəndinə əsasən birdəfəlik ödəmənin verilməsindən imtina olunduğu halda, bu barədə işsiz şəxsə imtinanın səbəbi göstərilməklə mobil telefon vasitəsilə SMS göndərilir və onun elektron kabinetinə əsaslandırılmış bildiriş yerləşdirilir. X3 işsiz kimi qeydiyyatdan keçmədiyi üçün ona 190 manat birdəfəlik ödəmə təyin edilməmişdir. AR ƏƏSM Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin 2 saylı X4 Filialı Bakı şəhəri Xəzər, Pirallahı rayonları üzrə aktiv məşğulluq tədbirlərinin, sosial tərəfdaşlarla işin təşkili, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi ilə bağlı tədbirlərin, «Məşğulluq haqqında» AR Qanununun tələblərinə əməl olunmasına nəzarət, habelə aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə əmək bazarının təhlili və qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması ilə bağlı nəzarət tədbirlərinin həyata keçirilməsi, bununla bağlı maarifləndirmə, məlumatlandırma, təbliğat işinin təşkili sahəsində fəaliyyət göstərən yerli qurumdur. AR Nazirlər Kabinetinin x xxxxx 2020-ci il tarixli 127 nömrəli qərarının 1.4-cü bəndinə uyğun olaraq birdəfəlik ödəmənin təyin olunması elektron qaydad AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. 190 manat birdəfəlik ödəmənin təyin edilməsi, verilməsi, verilməsindən imtina edilməsi mərkəzin fəaliyyət istiqamətinə aid deyil. Göstərilənləri və hazırda məşğulluqla bağlı məhdudiyyətlərin əksəriyyətinin aradan qalxdığını, birdəfəlik ödəmələrin verilməsi proqramı başa çatdırılaraq icrası müddətinin bitdiyini nəzərə alaraq, iddianın mümkünsüz sayılması barədə qərardad çıxarılması məhkəmədən xahiş olunur. İş üzrə məhkəmə iclası təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Azərbaycan Respublikası Nazirlər Kabineti AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində işsiz kimi qeydiyyatda olan şəxslərə koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 manat məbləğində birdəfəlik ödəmə verilməsi və «Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası»nın təsdiq edilməsi barədə x xxxxx 2020-ci il tarixli 127 nömrəli qərar qəbul etmişdir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Məhkəmə qeyd edir ki, hazırkı iddiaçının tələbi ona “xüsusi karantin rejiminin tətbiq olunduğu dövr üzrə aylıq birdəfəlik ödəmənin verilməsi” barədədir və bu ödəmənin verilməsi hazırkı cavabdehin deyil, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətləri daxilindədir. Həzərə alınmalıdır ki, sözügedən birdəfəlik ödəməni tələb etmək hüququna yalnız işsiz kimi müvafiq qaydada qeydiyyata alınmış şəxslər malikdir, iddiaçı isə işsiz statusuna malik deyil (özünün bildirdiyinə görə). Qeyd olunanları münasibətdə, məhkəmə həmçinin İPM-in 13-cü maddəsinnin tələbləri baxımından iddianın dəyişdirilməsi ilə bağlı iddiaçıya müvafiq tövsiyə olunmasını da məqsədəuyğun saymır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmır. Odur ki, iddia mümkünsüzdür. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı mıəhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23, 35-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar