Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1963/2020 07.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin nümayəndəsi-X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə qarşı müavinətin ödənilməsi barədə iddia tələbi üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2006, 2007, 2009, 2010, 2012, 2013 və 2014-cü illərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin tabeçiliyində olan cəzaçəkmə müəssisələrində xidmət etdiyi illərdə müalicə olunmağı ilə əlaqədar hər il üçün iki aylıq əmək haqqı həcmində birdəfəlik müavinətin ona verilməsi vəzifəsinin cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1998-ci ilin mart ayından xx xxx 2018-ci il tarixədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin tabeçiliyində olan cəza çəkmə müəssisələrində müxtəlif vəzifələrdə, o cümlədən xüsusi müəssisələrdə böyük əməliyyat müvəkkili, əməliyyat-rejim işləri üzrə rəis müavini və xüsusi sərəncam olanadək xüsusi müəssislərin rəisi vəzifələrini icra etmiş, xx.xx.2018-ci il tarixdə Penitensiar Xidmətin rəisinin müvafiq əmrinə əsasən ədliyyə mayor rütbəsində pensiyaya çıxmaqla ədliyyə orqanlarında qulluq keçməyinə xitam verilmişdir. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin tabeçiliyində olan cəzaçəkmə müəssisələrində xidmət edən zaman o, 2006, 2007, 2009, 2010, 2012, 2013 və 2014-cü illər üzrə müalicə olunmağı ilə əlaqədar ildə bir dəfə iki aylıq əməkhaqqı həcmində birdəfəlik müavinət verilməyi nəzərdə tutulmağına baxmayaraq həmin müavinət ona verilməmişdir. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının 119- 111Q saylı, xx xxx 2006-cı il tarixli Qanunun 23.2-ci maddəsində göstərilmişdir ki, ədliyyə orqanlarının işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla) və onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Ədliyyə orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əməkhaqqı həcmində birdəfəlik müavinət verilir. Göstərilən hüquq normasının tələblərinə uyğun olaraq müalicə olunmağı ilə əlaqədar ildə bir dəfə ona iki aylıq əməkhaqqı həcmində birdəfəlik müavinət verilməsi üçün 2006-cı, 2007-ci, 2009-cu, 2010-cu, 2012-ci, 2013-cü və 2014-cü illər üzrə müavinətlərin ödənilməsi ilə əlaqədar ərizə ilə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə müraciət etmiş, lakin Xidmətin Maliyyə- İqtisadiyyat İdarəsi tərəfindən 16091 saylı xx.xx.2019-cu il tarixli cavab məktubu ilə ona imtina cavabı verilmişdir. Bundan başqa o, xx.xx.2011-ci il tarixdə “Ürəyin sol mədəciyinin aşağıdivarının miokard infarktı, kəskin mərhələ” və bununla yanaşı “Hipertoniya xəstəliyi 2-ci mərhələ” diaqnozları ilə X3 yerləşdirilmiş və ürəyin üç damarına (stend yerləşdirilmişdir) əməliyyat olunmuşdur. Həmin vaxtdan hər il daimi həkim nəzarətindədir və müalicə müəssisələrində, o cümlədən “Mediplanet” klinikasında, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin Poliklinkasında müayinə və müalicə olunur. Buna görə qeyd edilən hər il üçün iki aylıq əməkhaqqı həcmində ona birdəfəlik müavinət verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx xxxxxx 2019-cu il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti iddiaya dair yazılı münasibət bildirmiş və göstərmişdir ki, İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətdə xx.xx.1998-ci il tarixdə qulluğa qəbul edilmiş və xx.xx.2018-ci il tarixdə ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir. İddiaçı xidmət etdiyi illər ərzində 2008, 2011, 2015, 2016, 2017 və 2018-ci illərdə müraciət etmiş və müalicə olunması ilə əlaqədar birdəfəlik müavinət almışdır. Lakin 2006-cı, 2007-ci, 2009-cu, 2010-cu, 2012-ci, 2013-cü və 2014-cü illərdə K.İ. Qurbanov müalicə olunması ilə əlaqədar birdəfəlik müavinət verilməsi üçün müraciət etməmişdir. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının xx xxx 2006-cı il tarixli Qanununun 23.2-ci maddəsi iki abzasdan ibarətdir. Həmin maddənin 1-ci abzasına əsasən ədliyyə orqanlarının işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla) və onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar, 2-ci abzasına əsasən ədliyyə orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı həcmində birdəfəlik müavinət verilir. Göründüyü kimi, pensiyaya çıxan əməkdaşlara pulsuz dövlət tibb xidməti ilə təmin olunması nəzərdə tutulmuş, lakin ildə bir dəfə iki aylıq əmək haqqı həcmində birdəfəlik müavinətin verilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Ədliyyə nazirinin xx xxxxx 2008-ci il tarixli 7-T nömrəli əmri ilə təsdiq olunmuş “Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi Qaydaları” “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə uyğun olaraq hazırlanmış və ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi qaydalarını müəyyən edir. Həmin Qaydalarda pensiyaya çıxan əməkdaşlara müavinətin verilməsi nəzərdə tutulmamışdır. Bundan başqa “Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi Qaydaları”nın 1.3-cü bəndinə əsasən işçinin hətta sərəncamda olduğu və ya vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırıldığı müddətlərdə ona müavinət verilmir. “Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi Qaydaları”nın 2.1-ci bəndinə əsasən müavinət işçinin və ya onun nümayəndəsinin müraciəti əsasında verilir. Göstərilənləri və İddiaçı iddiasının əsassız olduğunu nəzərə alaraq iddianın təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclaslarında iştirak etmiş İddiaçı iddiasını müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclaslarında iştirak etmiş cavabdehin nümayəndələri X1 və X4 ayrıayrılıqda etiraza uyğun izahat verərək, məhkəmədən iddianın rədd olunmasını xahiş etmişlər. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İş materialları ilə müəyyən edilir ki, İddiaçı xx.xx.1963-cü ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Oğlanqala kəndində doğulmuş ( AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsi), xx.xx.1998-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətdə qulluğa qəbul edilmiş və xx.xx.2018-ci il tarixdə ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir. İddiaçının hazırki tələblə bağlı müraciətinə cavab olaraq verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xx.xx.2019-cu il tarixli 16091 saylı imtina məktubundan görünür ki, iddiaçının müalicə xərci üçün müavinətin ödənilməsinə dair ərizəsinə baxılmış və ona bildirilmişdir ki, “Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi” Qaydalarının 2.1 bəndinə əsasən “müavinət işçinin və ya onun nümayəndəsinin müraciəti əsasında verilir.” Penitensiar Xidmətin Kadrlar İdarəsinin təqdim etdiyi arayışa əsasən tabe qurumlarda xidmət etdiyi müddətdə 2008, 2011, 2015, 2016, 2017 və 2018-ci illərdə müalicə olmağı ilə əlaqədar birdəfəlik müavinət almış, digər illərdə isə tibbi müavinət almaq üçün yazılı olaraq müraciəti olmadığından birdəfəlik müavinət almamışdır. Azərbaycan Respublikasının Ədiiyyə Nazirliyi üzrə xx xxxxx 2008-ci il tarixli 7-t nömrəli əmri ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi” Qaydalarında pensiyaya çıxan əməkdaşlara müavinətin verilməsi nəzərdə tutulmamışdır. Aşağıdakı hüquqi məsələlərə əsasən məhkəmə iddianın əsassız olduğu nəticəsinə gəlmişdir. İddiaçının 2006, 2007, 2009, 2010, 2012, 2013 və 2014-cü illərdə müalicə olunmaq üçün istifadə etmədiyi müavinətin ona ödənilməsini hazırda cavabdehdən tələb etmək hüququ yoxdur, iddiaçı işlədiyi müddətdə hər il qeyd olunan müavinətin ona ödənilməsi üçün xəstəliyi barədə müvafiq sənədləri əlavə etməklə işlədiyi inzibati orqana müraciət etməmişdir. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsində qeyd olunmuşdur ki, ədliyyə orqanlarının işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla) və onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Ədliyyə orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əməkhaqqı həcmində birdəfəlik müavinət verilir. Azərbaycan Ruspublikası Ədliyyə nazirinin xx xxxxx 2008-ci il tarixli 7-T nömrəli əmri ilə “Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi” Qaydaları təsdiq edilmiş, xx xxx 2008-ci il tarixdə 3397 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. Həmin Qaydaların 2.1-ci və 2.2-ci bəndlərinə əsasən müavinət işçinin və ya onun nümayəndəsinin müraciəti əsasında verilir. Müavinət verilməsi üçün müraciətə müalicə müəssisəsi (həkim) və ya nazirliyin tibb xidməti tərəfindən verilən müalicə olunmaq zərurəti barədə arayış və ya müvafiq müalicə, sanatoriya kurort müəssisəsinə göndəriş, əmək qabiliyyətinin müvəqqəti itirilməsi barədə xəstəlik vərəqəsi və ya yerli, yaxud xarici müalicə müəssisəsində tibbi müayinədən və ya müalicədən keçməsi haqqında sənəd, sanatoriya-kurort müəssisəsinə putyovka və ya turizm xidməti müəssisəsinin müvafiq sənədi əlavə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası İPM-nin 68, 69 və 85.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-1963/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1963/2020
07.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver