Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1963/2021 24.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “məhəllədə su və kanalizasiya xətlərinin yenilənməsi və məhəllədə yaşayan abonentlərin hamısına su sayğaclarının qoyulması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhəllədə tamamilə sıradan çıxan su və kanalizasiya xətlərinin yenilənməsi, məhəllədə yaşayan abonentlərin hamısına, fərq tutmadan su sayğaclarının qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, XXİ əsrdə Azərbaycanın çiçəkləndiyi bir zamanda, Bakı şəhərinin dünyada nümunəvi bir şəhərə çevrildiyi dövrdə 30 ailənin yaşadığı bir məhəllədə, şəhərin düz mərkəzində antisanitariya şəraitində yaşamaq əsl bir faciəyə çevrilmişdir. Belə ki, onların yaşadıqları məhəllənin yaşı 100 ildən artıqdır. Bu müddətdə kanalizasiya, su xətlərinin dəyişdirilməməsi və kapital təmir olunmaması nəticəsində sistem demək olar ki, işləmir. Kanalizasiya xətlərinin keçdiyi ərazidə, yəni küçənin tən ortasında asfalt çökmüş, kanalizasiya xətləri sınmışdır. Nəticədə ötürmə qabiliyyətini itirmiş borular tez-tez tutulur və çirkab sular həyətin zirzəmilərinə dolur. Onsuz da köhnə və çürümüş evlərin üfunətinə çirkab suların iyi qarışaraq həyətdə dözülməz şərait yaradır. Məhəllədə yaşayan sakinlər dəfələrlə yazılı və şifahi surətdə Nəsimi rayon Sukanal İdarəsinin rəisinə müraciət etsələr də, heç bir tədbir görülməmişdir. Qarşıdan qış fəsli gəlir. Sakinləri qayğı bürüyür ki, yenə keçən il kimi sular donacaq, çirkab suları həyətə dolacaq. Həyətlərində yaşayan azyaşlı uşaqların sayı çoxdur. Bunun dərdindən kanalizasiya tutulan kimi adambaşına pul yığıb kanalizasiya idarəsinin işçilərini tez çağırıb açdırırlar ki, həyəti çirkab su basmasın. 2013-cü ilin avqust ayının 15-də məhlədə yaşayanların imzası ilə Nəsimi rayon Sukanal İdarəsinin rəisinin adına ərizə ilə müraciət etmişlər. Onlar ərizəni qəbul edərək qeydiyyata almışlar. Heç bir nəticəsi olmaşdı. 26 yanvar 2015-ci ildə yenə də məhlə sakinləri adından ərizə yazaraq həmin idarəyə müraciət etmiş və yenə qəbul edərək qeydiyyata almışlar və yenə də hec bir nəticə olmadı. Yenə ərizə ilə müraciət etmək istəyirlər, lakin nəticəsi olmayacağına əmin olduqlarına görə məhkəməyə, sakinlərə kömək etmək üçün müraciət etmişlər. Digər bir pozuntu isə bundan ibarətdir ki, məhlədə yaşayan abonentlərin yarısı su sayğacları ilə təmin edilmiş, yarısı isə təmin edilməmişdir. Bu da abunə haqlarının ödənilməsində uyğunsuzluqlar törədir. Belə ki, adambaşına yığılan su pulu çox şişirdilir. Məsələn, onların ünvanına aid su pulu adambaşına hesablandığına görə çox şişirdilmişdir. Ona görə ki, onlar o ünvanda az yaşayırlar və yaşadıqları vaxtda da su az istifadə edirlər ki, kanalizasiya dolmasın. Bu barədə də dəfələrlə idarəyə müraciət etmişlər. Su idarəsinə müraciət etməklə yanaşı, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmsinə iddia ərizəsi ilə iddia qaldırmışlar. Məhkəmə 06.12.2017-ci ildə olmuş və qarşı tərəf onlardan xahiş etmişdir ki, iddianı geri götürsünlər, onlar problemi tezliklə həll edəcəklərini bildirmişlər. Bundan sonra 06.03.2018-ci ildə "Cavabdeh" Açıq Səhmdar Cəmiyyəti Nəsimi Rayon Sukanal İdarəsinin rəisi İntiqam Tağıyevin imzası ilə rəsmi məktub gəlmişdir Daha bir məktub 13.03.2018-ci ildə həmin təşkilatın Müştəri Xidmətləri Departamentinin rəisi Əbülfəz Kərimzadənin imzası ilə gəlmişdir. Hər iki məktubda problemin həll olunmasına vədlər verilmişdir. Lakin çox əfsuslar ki, bu problemlər bu günə qədər də həll olunmamışdır. Əksinə, probemlər daha da acınacaqlı vəziyyət almışdır. Çünki 110 ildən artıq yaşı olan dəmir trubalar il-ildən çürüyür. Bir ay qabaq həyətdə su partlamış və zirzəmilərə dolmuşdur. Məcbur olub su nasoslarından istifadə etmişlər. Dəfələrlə zəng etdikdən sonra iki fəhlə göndərilmiş və bütün həyəti qazdıqdan sonra partlamış yeri tapmış və təmir etmək əvəzinə yamaq qoyub getmişlər. Onlar hesab edir ki, ən azından bu məhlə sakinlərinə qarşı təhqirdir, onları aldatmaqdır. Qarşıdan qış gəlir. Problemlər isə həll olunmamışdır. Onların probleminin həll olunmasına mane olan vəzifəli şəxslərin əməllərində və onların hərəkətlərində qanun pozğunluğu var. Ona görə də onlar cavabdeh idarəyə qarşı mübahisə qaldırmağa məcbur qalmışlar. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsnin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd). Qeyd olunan qərardakı hüquqi mövqeyə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasıdır. İddia ərizəsindən görünür ki, iddiaçı bütün məhəllədə su və kanalizasiya xətlərinin yenilənməsini, habelə məhəllədə yaşayan abonentlərin hamısına su sayğaclarının qoyulmasını tələb edir. Məhkəmə hesab edir ki, iddiaçı səlahiyyəti olmadığı halda bütün məhəllə və bütün abonentlər adından iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir ki, bu da məhkəmə tərəfindən iddiaçının belə bir iddia qaldırması üçün subyektiv hüququnun olmaması kimi qiymətləndirilir. Bu səbəbdən məhkəmə hesab edir ki, məhkəməyə müraciət etmək üçün iddiaçının hazırki iddia tələbi üzrə subyektiv hüququ yoxdur. Ona görə də iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə qeyd edir ki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-1963/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1963/2021
24.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver