Məhkəmə qərarları › İş №2-1(112)-1965/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1965/2021

24.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1965/2021 24.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, cavabdehin nümayəndəsi X2 (Ünvanı: Balakən rayonu, Tülü kəndi; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Məhkəmə mübahisələri üzrə iş şöbəsinin böyük mütəxəssisi) iştirakı ilə, iddiaçı - İddiaçı Niyazim oğlunun cavabdeh - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı Niyazim oğlu cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiaçıya 57 yaşı tamam olduğuna görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün lazım olan hərəkətlərin icra edilməsi öhdəliyini cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin iş üzrə sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilərək cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazı xx.xx.2021-ci il tarixdə məhkəməyə təqdim edilmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclası xx.xx.2021-ci il tarixə təyin olunmuşdur. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində bildirilmişdir ki, iddiaçı xx.xx.1962-ci il təvəllüdlü İddiaçı Niyazim oğlu xx.xx.1979-cu ildən xx.xx.1984-cü ilədək Azərbaycan Politexnik İnstitunda (indiki Azərbaycan Texniki Universiteti) əyani təhsil almışdır. xx.xx.1984-cü ildən xx.xx.1987-ci ilədək Rusiya Federasiyasının Ulyanovsk şəhərində “Mars” elmi - tədqiqat institunda mühəndis vəzifəsində çalışmışdır. xx.xx.1987-ci ildən xx.xx.1988-ci ilə qədər Qəbələ RLS stansiyasında mühəndis işləmişdir. xx.xx.1988-ci ildən Az.QRES müəssisəsinin İÖC və A sexinə köçürmə yolu ilə mühəndis vəzifəsinə təyin olunmuşdur. xx.xx.1989-cu ildən xx.xx.1990-cı ilə qədər ikinci dərəcəli növbə mühəndisi işləmişdir. xx.xx.1990-cı ildən xx.xx.2012-ci ilə qədər İ qrup usta işləmişdir. xx.xx.2012-ci ildən aparıcı mühəndis işləyir. Hal -hazırda həmin vəzifədə çalışır. Onun 57 yaşı tamam olduğu üçün, təhsil ilə birlikdə sığorta iş stajı 2006-cı ilə qədər 25 ildən artıq olduğu üçün zərərli iş stajı 2006-cı ilə qədər 12 il 6 aydan cox olduğu üçün güzəştli pensiyaya çıxması ilə bağlı cavabdehə müraciət etsə də,cavabdeh orqan onun müraciətini təmin etməkdən imtina etmişdir. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş iddiaçı məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istesalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsində (24) avadanlığın yerində təmiri üzrə ustalar, böyük ustalar (qazanxana, turbin (buxar-qaz turbini) yanacaqötürmə, tozhazırlama), qazanxana, turbin (qaz turbini), yanacaqötürmə, tozhazırlama sexlərinin istehsalat sahələrinin ustaları, böyük ustaları vəzifələri nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi 22 oktyabr 1984-cü il tarixli AT-İİİ ******* nömrəli əmək kitabçasında xx.xx.1990-xx.xx.2006-ci il tarixləri arasındakı dövr ərzində Azərbaycan Dövlət Rayon X1 Ölçü Cihazları və Avtomatika sexində usta vəzifələrində işlədiyi qeyd olunmuşdur. Lakin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsinin ona dair xx.xx.2020-ci il tarixli 16 №-li arayışında xx.xx.1993-xx.xx.1997-ci il tarixləri arasındakı dövr ərzində Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olduğu qeyd edilmişdir. Bu səbəbdən iddiaçının güzəştli iş stajı 1 yanvar 2006-cı ii tarixinədək 12 il 6 aydan az təşkil edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi göstərilənlərə əsasən iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 1.1-ci maddəsinə əsasən bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə əsasən bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İş materiallarından görünür ki, İddiaçı Niyazim oğlu xx.xx.1952-ci il tarixdə Qəbələ rayonu, Quşlar kəndində anadan olmuşdur. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş 040957 nömrəliDiploma əsasən İddiaçı Niyazim oğlu 1979-cu ildən 1984-cü ilədək Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunda təhsil almışdır. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsinin xx.xx.2020-ci il tarixli 16 nömrəli Arayışına əsasən İddiaçı Niyazim oğlu xx.xx.1993-cü il tarixdən xx.xx.1997-ci il tarixə kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. İş materiallarında olan 596270 nömrəli Əmək Kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1984-cü il tarixdən hal-hazıradək müxtəlif müəssisə və peşələrdə işləmişdir. İş materiallarından görünür ki, iddiaçı ona 57 yaşı tamam olduğuna görə güzəştli şərtlərlə əmək pensiyasını təyin edilməsini tələb edir. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan onun müraciətini təmin etməkdən imtina etmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslıdır və iddiaçının hüquqlarını pozmur. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə isə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində qeyd edilir ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx.xx.2007-ci il tarixədək qüvvədə olan «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.2006-cı il tarixə qədər ümumi stajının 25 ildən çox olması mübahisə doğurmur. Araşdırılmalı hal həmin dövrün ən azı 12 il 6 ayının güzəştli şərtlə yaşa görə pensiya hüququ verən peşədə işləməsi ilə bağlıdır. Məhkəmə iddiaçının güzəştli iş stajı ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.9-cu bəndinə əsasən Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. Həmin Qaydaların 4.1.11-ci bəndinə əsasən 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün: 2.4.1 əsasən şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, işçinin əmək funksiyasını, yəni yerinə yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti işəgötürən müəyyən etdiyi üçün güzəştli arayış məhz iş yerindən tələb olunur. İş materiallarından görünür ki, "xxxx"ASC "xxxx" MMC xx.xx.2020-ci il tarixli Arayışında bildirmişdir: “İddiaçı Niyazim oğlu xx.xx.1962 -ci ildə anadan olmuşdur. xx.xx.1979 cu ildə Azərbaycan Politexnik instituna qəbul olunmuş, xx.xx.1984-ci il tarixində oranı bitirmişdir. xx.xx.1984-xx.xx.1987 -ci illərdə təyinatla Ulyanovsk şəhərində X4 mühəndis işləmişdir (Əmr № 662). 294 saylı əmrlə işdən azad olmuşdur. xx.xx.1987xx.xx.1988-ci (Əmr № 20-k - Əmr № 30-k) ildə Qəbələ şəhərində Hərbi bazada mühəndis işləmişdir. xx.xx.1988-ci ildən (Əmr № 318) köçürmə yolu ilə Azərbaycan Dövlət Rayon X1 ölçü Cihazları və Avtomatika sexinin avtomatik idarəetmə sistemləri (AİS) qrupunda mühəndis vəzifəsinə təyin olunmuşdur. xx.xx.1990- xx.xx.2012-ci ilə qədər (Əmr № 137) İ qrup usta, xx.xx.2012-ci ildən hal- hazıra qədər (Əmr № 272) aparıcı mühəndis işləyir. Ramazanov X3 müddətdə Qazan Turbin sexində yerləşən X5 və Avtomatika sexinin avadanlıqlarının quraşdırılması, sazlanması və yerində təmiri işlərini yerinə yetirir. Bu qeyd edilmiş sahələrdə yüksək temperatur, titrəmə və səs-küy mövcuddur. İş şəraitinin ağır və zərərli olduğuna görə İddiaçı 1988 - 2012 - cı il tarixinədək 80%, 2012-ci ildən başlayaraq 120% miqdarında əlavə əmək haqqı ödənilmişdir. "xxxx"ASC-nin xx.xx.2003-cü il tarixli AÜ/091 saylı əmrinə əsasən İdarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar olaraq Azərbaycan DRES-Azərbaycan Dövlət Rayon Elektrik Stansiyası” Məhdud Məsuliyyətli Cəmiyyət adlandırılmışdır. "xxxx" ASC-nin AÜ/002 saylı xx.xx.2006-cı il tarixli əmrinə əsasən "xxxx" MMC - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət adlandırılmışdır.” Göründüyü kimi, "xxxx" ASC "xxxx" MMC tərəfindən iddiaçının iş stajı barədə məlumat təqdim edilsə də, iddiaçının işlədiyi peşələrin güzəştli iş stajı olması barədə hər hansı məlumat təqdim edilməmişdir. Həmçinin, məhkəmə qeyd edir ki, iddiaçının işlədiyi peşələrdən yalnız usta peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın “Xİİİ. Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı” bölməsində nəzərdə tutulan “qazanxana, turbin (qaz turbini), yanacaq ötürmə, tozhazırlama sexlərinin istehsalat sahələrinin ustaları, böyük ustaları” (kod 2140000b— 23398) peşəsinə uyğunlaşdırılsa da belə, iddiaçı həmin peşədə 12 il 6 aydan az işləmişdir. Belə ki, iddiaçının Əmək kitabçasında xx.xx.1990-xx.xx.2006-ci il tarixləri arasındakı dövr ərzində Azərbaycan Dövlət Rayon X1 Ölçü Cihazları və Avtomatika sexində usta vəzifələrində işlədiyi qeyd olunmuşdur. Lakin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsinin ona dair xx.xx.2020-ci il tarixli 16 №-li arayışında xx.xx.1993-xx.xx.1997-ci il tarixləri arasındakı dövr ərzində Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olduğu qeyd edilmişdir. Göründüyü kimi, Əmək kitabçasında göstərilən xx.xx.1990-xx.xx.2006-ci il tarixləri arasındakı dövrün, yəni 15 il 2 ay 24 günün 4 il 3 ay 27 gününü iddiaçı həqiqi hərbi xidmətdə olmuşdur. Beləliklə, iddiaçı xx.xx.2006-cı il tarixədək qanunvericiliklə nəzərdə tutulmuş güzəştli iş stajına malik olmaması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, İddiaçı Niyazim oğlunun xx.xx.2006-cı il tarixədək 25 ildən çox ümumi iş stajına malik olsa da, xx.xx.2006-cı il tarixədək 12 il 06 aydan çox güzəştli şərtlərlə pensiya hüququ verən iş stajının mövcud olmaması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, iddiaçıya münasibətdə «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsaslanmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin oluna bilməz. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Niyazim oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiaçıya 57 yaşı tamam olduğuna görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilmir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar