Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1966/2024 06.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi) “çıxarışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı qanuni istifadəsində olan Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, ev 14a, mənzil 59 ünvanlı yaşayış sahəsinin özəlləşdirilməsinə dair cavabdehin verdiyi xx.xx.2023-cü il tarixli cavab məktubu qanunsuz və əsassız hesab edilməsi, ailəsinin qanuni istifadəsində olan Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, ev 14a, mənzil 59 ünvanlı yaşayış sahəsinin mülkiyyət hüququ ilə dövlət qeydiyyatına alınması və müvafiq çıxarışla təmin edilməsi bir öhdəlik kimi cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
2. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi üçüncü şəxs qismində (zəruri cəlbetmə) işə cəlb edilmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 1969-cu ildə anadan olmuşdur. Birinci Qarabağ müharibəsinin iştirakçısıdır. İkinci qrup müharibə əlilidir. Mənzil şəraitinin yaxşılaşdırmağa ehtiyacı olduğundan uzun müddət Suraxanı rayon İH-də güzəştli şərtlərlə mənzil növbəsində olmuşdur. Güzəştli şərtlərlə mənzil növbəsində olduğunu nəzərə alınaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2009-cu il tarixli qərarı ilə Suraxanı rayonu Hövsan qəsəbəsi E.Qasımov küçəsində Qarabağ müharibəsi əlilləri və Şəhid ailələləri üçün inşa edilmiş 14a saylı binadakı 59 nömrəli iki otaqlı mənzil ona və ailə üzvlərinə verilmişdir. Daima istifadəsinə verilmiş həmin mənzili özəlləşdirmək üçün isə mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq 2023-cü ilin iyun ayında ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesti publik hüquqi şəxsin 1 saylı Bakı ərazi İdarəsinə müraciət etdi. Müraciətinə 1 saylı Bakı Ərazi İdarəsinin rəis müavini Fərid Həşimov adlı şəxsin imzası ilə qeyri-müəyyən cavab verilmiş və cavabın sonunda yazılmışdır ki, "Bu məktub daşınmaz əmlakın dövlət reyestrində qeydiyyartdan imtina sayılmır". Verilmiş cavab o qədər absurddur ki, çatışmamazlıqların və qeydiyyata alınmamağın səbəblərinin nədən ibarət olduğunu həmin cavabdan müəyyən etmək mümkün olmur. Hesab edir ki, verilmiş cavab müraciətlərə baxılması qaydalarının tələblərinə zidd olmaqla yanaşı, hüquqlarının pozulmasına yönəlik cavabdır. Məhkəmənin nəzərinə çatdırır ki, verilmiş cavab heç cür əsaslandırılmamışdır. Cavabda əsaslandırma xətrinə müəyyən normalar göstərilsə də, həmin normaların onun müraciətinə nə aidiyyatinin olması, hansı tələblərin tərəfindən yerinə yetirilməməsini cavabdan müəyyən etmək mümkün deyil. Hesab edir ki, cavabdeh ona münasibətdə qeyri-obyektiv olmuş, müraciətinə baxılmasına səhlənkar yanaşılmışdır. Odur ki, verilmiş cavabı əsassız hesab edir və məhkəməyə müraciət edərək, mənzilinin qeydiyyata alınmasını bir öhdəlik kimi cavabdehin üzərinə qoyulmasını xahiş edir. Göründüyü kimi, cavabdeh qanunun göstərdiyi tələblərinin heç birinə əməl etməmişdir. O səbəbdən hesab edir ki, tələbinin yerinə yetirilməsi bir öhdəlik kimi cavabdehin üzərinə qoyulmalıdır.
4. Cavabdehin xx.xx.2023-cü il tarixli 3-21-3-30/2-A-0485-8/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, fərdi yaşayış evinə dair Sizin adınıza “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində (8.0.10.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə, həmçinin həmin Qanununun 8.0.10.2-ci maddəsinə əsasən, məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd tələb olunur.) və torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməlidir.
5. Cavabdehin iddia tələbinə dair etirazında qeyd etmişdir ki, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, ev 14a, 59 saylı mənzilinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin, iddiaçının məhkəməyə təqdim etdiyi qeyd olunan mənzilə dair Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti başçısının 133 saylı sərəncamı xx.xx.2011-ci il tarixdə verilmişdir. Məlumat üçün bildiririk ki, İdarənin mütəxəssisləri tərəfindən mənzilə texniki baxış keçirilən zaman məlum olmuşdur ki, mənzil 9 mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşməklə faktiki sahəsi 81.2 kv.m təşkil edir. Əlavə olaraq bildiririk ki, “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma) və vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi təqdim edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər.
6. Bakı şəhər Suraxanı Rayon İcra Hakimiyyətinin xx.xx.2011-ci il tarixli 133 nömrəli sərəncamına əsasən ƏƏSMN-də yaradılmış komissiyanın təklifi ilə Hovsan qəsəbəsində inşa edilmiş 14 a №-li evin, yaşayış sahəsi 41,29 kv.m. olan 2 otaqlı, 59 №-li mənzili Qarabağ müharibəsi əlili İddiaçı ayrılması, Hövsan qəsəbəsi E.Qasımov küçəsi, 14 a №-li evin, yaşayış sahəsi 41,29 kv.m. olan, 2 otaqlı, 59 №-li mənzili aşağıdakı ailə tərkibi ilə X1 adına (gələcəkdə sosial kirayə müqaviləsi bağlanilmaq şərti ilə) rəsmiləşdirilməsi qərara alınmışdır.
7. Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli 18/2-2145/2024 nömrəli ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan şəxs müəyyən edilməmişdir.
8. Cavabdehin xx.xx.2024-cü il tarixli 3-21-3-xx/xx-5615/2024 nömrəli məhkəməyə ünvanlandığı məktubunda qeyd edilmişdir ki, ünvan 2 ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış binasının istismarına icazə sənədi 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilməmişdir.
9. Cavabdehin xx.xx.2024-cü il tarixli 3-21-5-30/2-1194/2024 nömrəli məhkəməyə ünvanlandığı məktubunda qeyd edilmişdir ki, ünvan 2 ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış binasının istismarına icazə sənədi 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilməmişdir. Qeyd olunan ünvanda inşa edilmiş yaşayış binasında yerləşən mənzillər üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair vətəndaşlar tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilmədiyindən müraciətlərin icrası tərəfimizdən mümkün olmamışdır.
10. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2024-cü il tarixli 3-17/2-4765/2024 nömrəli məhkəməyə ünvanlandığı məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar ikinci dərəcə əlilliyi müəyyən edilmiş İddiaçı 7 dekabr 2006-cı il tarixində Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətində yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış və Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2009-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş ’’Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Nazirliyin sifarişi ilə Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsində inşa olunmuş 81 mənzilli 9 mərtəbəli yaşayış binasında Nazirlik üzrə 26 sentyabr 2009-cu il tarixli 11/7-129Ü nömrəli əmrlə yaradılmış Komissiyanın 29 oktyabr 2009-cu il tarixli iclasının qərarına əsasən ümumi sahəsi 84,3 kvadratmetr, yaşayış sahəsi 41,29 kvadratmetr təşkil edən ikiotaqlı mənzillə təmin edilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanunu Azərbaycan Respublikası Mənzil Məcəlləsi qanuni qüvvəyə mindiyi 1 oktyabr 2009-cu il tarixindən sonra vətəndaşlara həmin Məcəllənin lll-İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. Bildiririk ki, Mənzil Məcəlləsinin 59.1-ci maddəsinə uyğun olaraq yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. Göründüyü kimi, sosial kirayə müqaviləsi üzrə yaşayış sahələri verilmiş şəxslər, o cümlədən şəhid ailəsi üzvləri onlara verilmiş mənzil üzərində Mülki və Mənzil Məcəllələrinə əsasən yalnız sahiblik və istifadə hüququna malikdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildiririk ki, Mənzil Məcəlləsinin qüvvəyə mindiyi 1 oktyabr 2009cu il tarixindən sonra İddiaçı Nazirlik tərəfindən təqdim edilmiş həmin mənzilə dair mülkiyyət hüququ verən sənədin vətəndaşın adına rəsmiləşdirilməsi mövcud qanunvericiliyə uyğun deyildir. Məlumat üçün bildiririk ki, İddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən 2003-cü ildə Biləsuvar rayonunda 4 saylı qəsəbədə 182 nömrəli fərdi yaşayış evi ilə təmin edilmişdir. Əlavə olaraq onu da bildiririk ki, İddiaçı daimi yaşayış yeri üzrə pasport qeydiyyatı 22 may 2005ci il tarixinədək Cəbrayıl rayonunun Çaxırlı kəndində olmuş, qeyd edilən tarixdən sonra Bakı şəhəri, Suraxanı rayonu ərazisinə daimi qeydiyyata düşmüş, 20 avqust 2019-cu il tarixindən isə yenidən Cəbrayıl rayonu, Çaxırlı kəndində daimi yaşayış yeri üzrə qeydiyyata düşmüşdür.
11. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2024-cü il tarixli 3-35/2-1739/2024 nömrəli məhkəməyə ünvanlandığı məktubunda qeyd edilmişdir ki, tikintisinə icazə tələb olunan obyektlərin istismarına icazə verilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 309 nömrəli “Tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən əlavə edilən tikinti sənədlərinin siyahısı”nın təsdiq edilməsi haqqında Qərarı tam tərkibdə təqdim edildikdən sonra həyata keçirilir. Eyni zamanda bildiririk ki, Komitənin arxivində mövcud olan müvafiq sənədlərə baxış nəticəsində ünvan 4 ünvanı ilə bağlı sənəd aşkar edilməmişdir.
12. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onların iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.
II. İddianın növü və mümkünlüyü
14. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.
15. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.
16. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
17. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).
18. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır.
20. Məhkəmə qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış inzibati orqan tərəfindən həyata keçirilmiş faktiki xarakterli hərəkətin (hüquqların qeydiyyatının) nəticəsi olaraq, aparılmış qeydiyyatın ifadəsi olduğundan özlüyündə hüquqi nəticə yaratmır. Çıxarış qeydiyyatın (hüquqi aktın) nəticəsinin hüquq sahibinə təqdim edilməsidir. Hüquq sahibi üçün hüquqi nəticə məhz cavabdeh qurumun faktiki xarakterli hərəkəti ilə yarandığından (qeydiyyatın aparılmasına dair hüquqi akt) hazırki iddiaya öhdəliyin icrası haqqında iddia kimi baxılmalıdır.
21. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
22. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
23. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.
24. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
25. İddia tələbi ünvan 5 ünvanlı yaşayış sahəsinin mülkiyyət hüququ ilə dövlət qeydiyyatına alınması və müvafiq çıxarışla təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasıdır.
26. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.
27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə;
28. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, iddiaçı ünvan 6 üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh isə öz növbəsində qeyd olunan ünvanda yerləşən yaşayış binasının istismarına icazə sənədinin olmadığından müraciətinə imtina etmişdir.
29. İş materiallarını nəzərdən keçirən məhkəmə ünvan 6 ünvanında yerləşən binanın istismara icazə sənədinin iş materiallarına əlavə edildiyini aşkar etməmişdir. Bununla yanaşı məhkəmə sorğusu əsasında müəyyən edilmişdir ki, sözügedən ünvanda yerləşən tikinti obyektinə dair məlumatlar Tikintilərin Dövlət reyestrinə daxil edilməsi üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim edilməmişdir.
30. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 8.0.9.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquq əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab edilir.
31. Həmçinin məhkəmə iddiaçının mənzilə dair hüquqmüəyyənedici sənədinin olub-olmaması ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruridir.
32. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 8.0.Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi.
33. Normaların məzmunundan da göründüyü kimi qanunverici mənzilin özəlləşdirilməsi və mənzilə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün tələb olunan sənədlərin siyahısını dəqiq müəyyən edib. Həm də qanunverici orderin, kirayə müqaviləsinin və onun verilməsinə dair sərəncamın – hər üç sənədin eyni vaxtda mövcudluğunu şərt kimi müəyyən etmir. Həmin sənədlərdən hər hansı birinin mövcudluğu mənzilə dair hüququn qeyd alınması üçün əsasdır. Lakin həmin maddənin tələbindən də aydın olur ki, qeyd olunan sənədlərin 2009-cu il oktyabrın 1-dək, yəni Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək qəbul edilməsi şərti də müəyyən edilmişdir.
34. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 133 №-li sərəncamı xx.xx.2011-ci il tarixli olmaqla “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının qanununun təsiri dairəsinə düşmür və sərəncamda həmin mənzilin iddiaçının istifadəsinə verildiyi görünmür.
35. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilmir.
36. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
37. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
38. Göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva