Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1967/2023 23.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi İddiaçı, iddiaçının nümayəndəsi (vəkili) X4, cavabdehin nümayəndəsi X2, inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxsin nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (inzibati məhkəmə icraatına üçüncü şəxs qismində X7 cəlb olunmaqla) «torpaq sahəsinə dair plan və ölçünün verilməsi»nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (hazırkı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin) 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «torpaq sahəsinə dair plan və ölçünün verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia ərizəsində bildirilmişdir ki, iddiaçı onunla X8 arasında notarial qaydada bağlanmış 6 aprel 2007-ci il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi əsasında Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, bağ massivindəki 71 saylı bağ sahəsini satın almışdır. Bunun əsasında ona Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 7 aprel 2016-cı il tarixdə RX ******* nömrəli reyestrdən çıxarış verilmişdir. Bundan sonra iddiaçının vəsaiti hesabına həmin bağ sahəsinə hasar çəkilmiş və ora darvaza qoyulmuşdur. Lakin bir müddət sonra bağ sahəsinin başqa şəxslər tərəfindən zəbt olunduğu məlum olmuşdur. Həmin torpaq sahəsinin yerinin daha dəqiq müəyyən edilməsi üçün ona dair kadastr planının verilməsi ilə bağlı iddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh inzibati orqan həmin məsələnin həllindən imtina etmişdir. İmtina məktubunda bildirilmişdir ki, torpaq sahəsi başqa fiziki şəxs tərəfindən istifadə edildiyindən ərizəyə baxılması mümkün olmamışdır. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139, 152.7, 178.2-ci maddələrinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2, 8.0.4, 9-cu maddələrinə, İPM-in 2.2.3, 14, 35.1, 68.2-ci maddələrinə əsaslanaraq, daşınmaz əmlakın dövlət reyestrində İddiaçı mülkiyyəti kimi 7 aprel 2016-cı il tarixdə qeydiyyata alınmış (RX ******* nömrəli reyestrdən çıxarışla rəsmiləşdirilmiş) Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, bağ massivi, 71 saylı bağ sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü”nün verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə cavabdehə təqdim edilmişdir. Lakin cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. İPM-in 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1646/2019 saylı iş üzrə 30 may 2019-cu il tarixli qərarı ilə iddia təmin edilmişdir. Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3 oktyabr 2019-cu il tarixli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30 may 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-312/2020 saylı iş üzrə 4 fevral 2020-ci il tarixli qərarı ilə cavabdehin verdiyi kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin 3 oktyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2019-cu il tarixli 1325 nömrəli Sərəncamının 1-ci və 2-ci bəndlərinə əsasən 2020-ci il yanvarın 1-dən Bakı şəhərində Bakı İnzibati Məhkəməsi və Bakı Kommersiya Məhkəməsi təşkil edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi ləğv edilmişdir. X1 (nümayəndəsi vasitəsilə) vəsatətlə Bakı İnzibati Məhkəməsinə müraciət edilərək, 2-1(82)-1646/2019 saylı 30 may 2019-cu il tarixli məhkəmə qərarnın ləğv edilməsi, iş üzrə icraatın təzələnməsi və onun (X3) hazırkı iş üzrə inzbati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, Bakı Şəhər XDS İcraiyyə Komitəsinin 18 yanvar 1990-cı il tarixli 15/558 saylı qərarı ilə Baki şəhəri, Əzizbəyov (indiki Xəzər) rayonu, Şüvəlan bağ massivində yerləşən 51 saylı Bağ Tikinti Kooperativinin tərkibində 770a saylı bağ sahəsi ərizəçi Kamal Nəsirovun istifadəsinə verilmiş, həmin vaxtdan bağ sahəsi fasiləsiz olaraq onun istifadəsindədir. 2016-cı ildən İddiaçı adlı şəxs ona məxsus torpaq sahəsini guya aldığını bildirərək sahəni boşaltmağı tələb etməyə başlamışdır. Ərizəçi yaşlı şəxs olduğundan, bağ sahəsinə daha çox övladı gedib-gəlir. İddiaçı tərəfindən polis orqanlarına şikayət ərizəsi verilmiş və araşdırma zamanı ona Şüvəlan qəsəbəsi bağ massivi 71 saylı bağ sahəsinə dair reyestrdən çıxarış verildiyi məlum olmuşdur. Lakin həmin reyestrdən çıxarışın məhz hansı torpaq sahəsinə aid olduğunu təsdiq etməli olan “Torpaq sahəsinin planı və ölçüsü” sənədi təqdim edilməmişdir. Belə olduqda, onun torpaq sahəsinin məhz ərizəçiyə məxsus yer olduğunu hansı səbəbdən iddia etdiyi soruşulmuş, lakin məntiqli cavab verilməmişdir. Yalnız məlum olmuşdur ki, onun mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarışdan başqa, torpağın dəqiq koordinatlarını bildirməli olan “Torpaq sahəsinin planı və ölçüsü” sənədi ümumiyyətlə verilməmişdir. Bu məsələyə əhəmiyyət verilməmişdir. Bundan sonra İddiaçı bir neçə dəfə ərizəçini narahat etsə də, ona özünə məxsus olan torpaq sahəsini tapmaq tövsiyyə olunmuşdur. 19 oktyabr 2020-ci il tarixdə ərizəçinin ailə üzvü kimi övladına Bakı şəhəri Xəzər rayon İcra və Probasiya Şöbəsindən ona məxsus torpaq sahəsinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qərardadla “iddianın təmin etmə tədbiri”nin tətbiq edildiyi bildirilmişdir. Onun ailə üzvü Şöbəyə dəvət olunmuş və Şöbədə ona 16 oktyabr 2020-ci il tarixli “İcraata başlamaq haqqında” qərar təqdim edilmişdir. Məlum olmuşdur ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3454/2020 saylı 15 oktyabr 2020-ci il tarixli icra sənədinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi bağ massivi 71 saylı bağ sahəsində hər hansı təmir-tikinti işlərinin aparılması cavabdeh X9 və digər şəxslərə qadağan edilmişdir. Bundan sonra, ərizəçinin oğlu Nəsirov Anar Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh qismində cəlb edilmiş olduğu 2(003)-3454/2020 saylı mülki işin hakimin icraatında olduğunu öyrənmiş, eyni zamanda da “iddianın təmin etmə tədbiri”nə dair qərardadı, iddia ərizəsinin surətini iddia ərizəsinə əlavə edilmiş sənədlərin surətini 20 oktyabr 2020-ci il tarixdə alınmasına dair qəbzi imzalamaqla əldə etmişdir. Sənədlərlə tanış olduqda məlum olmuşdur ki, Bakı şəhəri, Şüvəlan qəsəbəsi, 71 saylı bağ sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü” sənədi də iddia ərizəsinə əlavə edilmiş sənədlər arasındadır. Həmin sənədin surətindən məlum olmuşdur ki, bu sənəd 7 avqust 2020-ci il tarixdə tərtib edilmiş və sənədin tərtib edilməsinə əsas 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 2-1(82)-1646/2019 saylı iş üzrə 30 may 2019-cu il tarixli qərarı olmuşdur. Beləliklə, 1990-cı ildən fasiləsiz olaraq onun istifadəsində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 770a saylı bağ sahəsinin yerləşdiyi torpaq sahəsinin koordinatları 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1646/2019 saylı 30 may 2019-cu il tarixli qərarı əsasında 71 saylı bağa verilmişdir. Belə olduqda, həmin qərarın ərizəçinin maraqlarına toxunmuş olması aşkardır. O, məhkəməyə müraciət edərək, qəbul edilmiş qərarın surətini 28 oktyabr 2020-ci il tarixdə almışdır. Qərarla tanış olduqda məlum olmuşdur ki, İddiaçı iş üzrə cavabdeh DƏDRX-ə müraciət edərək alqı-satqı əsasında əldə etmiş olduğu torpaq sahəsinə dair reyestrdən çıxarışın olduğu halda, kadastr planının verilmədiyini bildirmiş, iş üzrə cavabdeh təşkilata müraciət etdikdə, cavabdeh təşkilat məsələnin həllindən imtina etmişdir. İmtina məktubunda bildirilmişdir ki, torpaq sahəsi başqa fiziki şəxs tərəfindən istifadə ediİdiyindən, ərizəyə baxılması mümkün olmamışdır. Hesab edilir ki, məhkəmə işin araşdırılması zamanı əhəmiyyətli olan iki məqama aydınlıq gətirməmişdir. Birinci məqam mübahisəli torpaq sahəsindən faktiki olaraq istifadə edən başqa fiziki şəxsin tərəf kimi işə cəlb olunmamasıdır. İkinci məqam isə, mübahisəli torpaq sahəsinin sxematik xəritəyə əsasən məhz iddiaçıya aid olub-olmadığına da aydınlıq gətirilməməsidir. Hesab olunur ki, bu məqamlar mütləq araşdırılmalıdır. Məhkəmə icraatının təzələnməsi və onun (X3) məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsi xahiş olunur. Bakı İnzibati Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli qərardadı ilə X3 vəsatəti təmin edilməməmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 mart 2021-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 16 iyun 2021-ci il tarixli qərarı ilə ərizəçinin kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apelyasiya Məhkəməsinin 17 mart 2021-ci il tarixli qərardadı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli qərardadı ilə X1nun apelyasiya şikayəti qismən təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli qərardadının ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Apellyasiya instansiyası məhkəməsinin 25 yanvar 2022-ci il tarixli qərardadında məhkəmə kollegiyası aşağldakıları qeyd etmişdir: - İşdən görünür ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin olunmamasının əsası kimi bağ sahəsinin başqa fiziki şəxsin sahibliyində olduğuna istinad etmişdir. Həmin əsaslar isə, icraatın iştirakçısı olmayan şəxsə aiddirsə, deməli, həmin əsaslar aid olduqları şəxsin iştirakı ilkə yoxlanılmalı və qiymətləndirilməli idi. Lakin həmin fiziki şəxs icraat zamanı birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilməmiş, icraata cəlb olunmamışdır. Ərizəçi vəsatətindəki dəlillərin əsası kimi istinad etdiyi sənədləri ərizəsinə əlavə etsə də, birinci instansiya məhkəməsinin qərardadında həmin dəlil və sənədlər qərarda ifadə olunmuş hüquqi mövqeyə uyğun tətbiq olunmamış və qiymətləndirilməmişdir. Halbuki, iddiaçının Kamal Nəsirova qarşı Xəzər Rayon Məhkəməsində bağ sahəsindən cavabdehin və üçüncü şəxslərin çıxarılması, qanunsuz aparılmış tikililərin sökülməsi, torpaq sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi məzmunda iddia irəli sürməsi həmin məhkəmə tərəfindən “iddianın təmini tədbiri“ kimi cavabdehə və digər şəxslərə mübahisəli bağ sahəsində təmir-tikinti işlərinin aparılmasını qadağan edilməsi barədə qərardad qəbul etməsi iddia olunan bağ sahəsinin məhz hazırkı iş üzrə ərizəçinin faktiki sahibliyində olduğunu və həmin bağ sahəsindən onun tərəfindən istifadə etdiyinə dair vəsatətin dəlillərini təsdiq edir. Birinci instansiya məhkəməsi müəyyən etdiyi kimi, iddiaçının mülkiyyəti kimi qeydiyyata alınmış və müvafiq reyestrdən çıxarışla rəsmiləşdirilmiş bağ sahəsi ilə hazırkı ərzəçiyə müvafiq orderlə ayrılan bağ sahəsinin nömrələri fərqlidir, yəni birinin nömrəsi 71, digərinin nömrəsi isə, 770a-dır. Göründüyü kimi, iddiaçının adına verilmiş çıxarış 71 saylı bağ sahəsinə aiddir və işin materiallarında həmin bağlara aid torpaq sahələrinin üst-üstə düşməsini, yaxud iddiaçıya bağ sahəsinin ayrılmasına dair hüquq müəyyənedici sənədin məhz ərizəçiyə məxsus 770a saylı bağa aid torpaq sahəsinə verildiyini təsdiq edən hər hansı sübut məhkəmə araşdırılmasının predmeti olmamışdır. İddia olunan bağ sahəsinin planı və ölçüsü isə, ərizəçinin cəlb olunmadığı icraat üzrə məhkəmə qərarına əsasən verilmişdir. Ərizəçi də məhz həmin sənədin və onun verilməsinə səbəb olmuş məhkəmə qərarının onun hüquqlarına toxunduğunu bəyan edir. İşdən göründüyü kimi, ərizəçi iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surətlərini əldə etdikdən sonra hazırkı inzibati iş üzrə qərarın ona təqdim edilməsi barədə ərizə ilə 21 oktyabr 2020-ci il tarixdə icraata cəlb olunma barədə vəsatətlə 2 noyabr 2020-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin ərizəçinin istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşməsi halı təsdiqləndiyi təqdirdə, hazırkı iş üzrə qəbul edilmiş məhkəmə qərarlarının X1nun qanunla qorunan maraqlarına toxunması ehtimalı istisna olunmur. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə təkrar baxılarkən sadalanan pozuntular aradan qaldırılmalı və ərizəçinin hazırkı iş üzrə üçüncü şəxs qismində cəlb edilməsi barədə vəsatətinə yenidən baxılmalıdır. İPM-in 87.9-cu maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. İş materialları Bakı İnzibati Məhkəməsinə qaytarıldıqdan sonra məhkəmənin 10 avqust 2022-ci il tarixli qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 1646/2019 saylı iş üzrə 30 may 2019-cu il tarixli qərarı ləğv edilmiş, işə mahiyyəti üzrə baxılması təzələnmiş və X7 inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. İPM-in 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmənin 30 yanvar 2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə ekspertizası təyin edilmiş, eksperizanın keçirilməsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin mütəxəssisləri cəlb olunmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə olunmuş və və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: - İddiaçı və inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuş X3 iddia etdikləri Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivində yerləşən mübahisəli bağ sahəsinin koordinatlarının və həmin bağ sahəsinin bağların sxematik xəritəsinə əsasən 71 saylı və 770a saylı bağ sahələrindən hansına aid olmasının müəyyən edilməsi: - Şüvəlan bağ massivində yerləşən 71 saylı və 770a saylı bağ sahələrinin bağların sxematik xəritəsinə əsasən yerləşmə yerlərinin müəyyən edilməsi, onların mübahisəli torpaq sahəsindən hansı məsafədə yerləşməsinin müəyyən edilməsi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 7 iyul 2023-cü il tarixli məktubu ilə iş materialları Mərkəzin ekspertinin “məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə” məlumatı ilə birlikdə məhkəməyə geri qaytarılmışdır. Ekspertin məlumatında bildirilir: Ekspert qarşısında qoyulmuş sualların həlli məqsədilə 14 mart 2023-cü il tarixdə əlavə məlumatların (ƏMDX-nin müvafiq mütəxəssis rəyi) Mərkəzə təqdim edilməsi xahiş olunmuşdur. Lakin vəsatətin verilməsindən uzun müddət keçməsinə baxmayaraq, əlavə məlumatlar Mərkəzə təqdim edilməmişdir. Göstərilənləri nəzərə alaraq, «Məhkəmə ekspertizası fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə və «Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizanın aparılmasının təşkili haqqında» Təlimatın 3.2-ci bəndinə əsasən hazırkı ekspertizanın aparılmasından imtina edilərək, iş üzrə materiallar geri qaytarılır. Bundan sonra məhkəməyə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin 11 iyul 2023-cü il tarixli məktubu ilə Bakı İnzibati Məhkəməsinə 30 yanvar 2023-cü il tarixli qərardadın isrası üzrə mütəxəssis rəyi təqdim olunmuşdur. Rəydə aşağıdakılar bildirilir: - (1-ci sual üzrə) Sözügedən mübahisəli sahə vahid elektron kadastr baza məlumatlarına əsasən **********57 reyestr nömrəsi ilə İddiaçı adına 71 saylı bağ nömrəsi kimi qeydiyyatdan keçmişdir. Bağ sahəsinin koordinatları 71 saylı bağ sahəsinin texniki pasportunda (plan və ölçüdə) qeyd olunmuşdur. - (2-ci sual üzrə) Sözügedən mübahisəli sahə vahid elektron kadastr baza məlumatlarına əsasən **********57 reyestr nömrəsi ilə İddiaçı adına 71 saylı bağ nömrəsi kimi qeydiyyatdan keçmişdir. Lakin mübahisəli sahəyə X3 adına olan 770a saylı bağ nömrəsi qeyd olunan order ilə iddia olunur. Həmin oprderin sözügedən bağ sahəsi ilə heç bir aidiyyəti yoxdur. Həmçinin, eyni 770a nömrəli bağ sahəsi sözügedən mübahisəli sahədən 1.300 – 1.400 metr şimal-şərq istiqamətində digər fiziki şəxsin adına qeydiyyatdan keçmişdir və sonradan özgəninkiləşdirilmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasda iştirak edən iddiaçının nümayəndəsi (vəkili) X10 iddianı müdafiə etdi və onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxsin nümayəndəsi (vəkili) Vəkil2 iddianın əsassız olduğunu bildirdi və təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında mütəxəssis qismində iştirak edən X11 bildirdi ki, mübahisəli torpaq sahəsinin hansı bağ tikinti kooperativinə ayrılması barədə məlumat yoxdur. Mübahisəli bağ sahəsi ilə sxematik xəritə ilə nömrələrinin müəyyən edilməsi mümkün olan ən yaxın bağ sahələrinin nömrələri 1319, 1316-dır və həmin bağlar mübahisəli sahədən 740 metr şimal-qərb istiqamətində yerləşir. 71 saylı bağ sahəsi haqqında ekspert məlumat vermişdir və həmin bağ sahəsi Çöl-Şüvəlan ərazisində yerləşir, xəritədə Şüvəlan və Çöl- Şüvəlan ayrılmışdır. Mübahisəli yerin bağçılıq-yoldaşlıqlarının ayrıcları arasında olan sahədə yerləşməsinə gəldikdə isə, nəzərə alınmalıdır ki, həmin sahələrin üzərində hüquqlar onların bağçılıq-yoldaşlığına ayrılması səbəsi ilə qeydiyyata alınır. Məhkəmə prosesdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İV hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır (maddə 15.1). Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz (maddə 15.2). Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Həmin Qanunun 24-cü maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur (maddə 24.1). İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz (maddə 24.2). İşin məhkəmə araşdırılması ilə məlum olur ki, hazırkı İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, bağ massivi, 71 saylı bağ sahəsinə müvafiq alqı-satqı müqaviləsi əsasında mülkiyyət hüququ əldə etmiş və onun hüququ hazırkı cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınmış, bu barədə müvafiq reyestrdən çıxarış verilmişdir. Sonradan iddiaçı həmin qeydiyyat əsasında sözügedən torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü”nün verilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh məsələnin həllindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən qeyd edilən torpaq sahəsi digər fiziki şəxsin istifadəsindədir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublıikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Xəzər rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Nizamnaməsi»nin 2.0.1-ci bəndinə görə daşınmaz əmlakın dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını həyata keçirmək Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin fəaliyyət istiqamətlərinə aiddir, 3.1.16-cı və 3.1.20-ci bəndlərinə görə isə, bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq qurumun vəzifələrinə daşınmaz əmlaka, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq, Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv, kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək qurumun vəzifələri sırasına daxildir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldlırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Mübahisənin ərazi aidiyyəti belədir ki, mübahisə Bakı şəhərinin Xəzər rayonu ərazisində yerləşən daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar olduğundan, bu mübahisəyə İPM-in 8.1.1-ci maddəsinin tələblərinə uyğun baxılmalıdır. Odur ki, işə baxmaqda müvafiq daşınmaz əmlakın olduğu yer (Bakı şəhərinin Xəzər rayonu) üzrə inzibati məhkəmə kimi Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə aşağıdakıları diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Həmin Qanunun 8-ci maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - (8.0.3) daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: (10.2.1) hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, (10.2.2) torpaq sahəsinin planı və ölçüsü, (10.2.3) torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, (10.2.4) dövlət rüsumunun ödənilməsi barədə sənəd. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivlərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Prezidentinin 17 iyun 2015-ci il tarixli 553 nömrəli Fərmanı ilə “Torpaq sahəsinin planı və ölçüsü”nün təsviri təsdiq edilmişdir. Sənədin 4-cü bəndinə görə plan və ölçüdə aşağıdakılar göstərilir: Komitənin, habelə onun strukturuna daxil olan, plan və ölçünü verən qurumun adı, torpaq sahəsinin ünvanı, ünvan olmadıqda isə Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə uyğun olaraq onun yerləşdiyi ərazi vahidi, torpaq sahəsi üzərində hüquq sahibi haqqında məlumat, torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı), torpaq sahəsinin mülkiyyət növü, torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınan hüququn növü, torpaq sahəsinə daşınmaz əmlak obyekti kimi verilən reyestr nömrəsi, torpaq sahəsinin hüquqmüəyyənedici sənədlərdə əksini tapmış sahəsi (hektarla), torpaq sahəsinin inventarlaşdırılma (çöl ölçmə) işləri nəticəsində müəyyən edilmiş faktiki sahəsi (hektarla), torpaq sahəsində mövcud olan servitutlar barədə məlumat, plan və ölçünün tərtib edilməsi üçün əsas olan sənədin rekvizitləri, plan və ölçünün tərtib edilməsi tarixi, torpaq sahəsinin kadastr göstəriciləri, o cümlədən torpaq sahəsinin qaiməsi (sertifikatı), torpaq sahəsinin döngə nöqtələrinin koordinatları və onlar arasındakı məsafələr, torpaq sahələri üzrə rəqəmli (elektron) kadastr xəritəsindən çıxarış, şərti işarələr (rəqəmli (elektron) kadastr xəritəsindən çıxarışda göstərilən işarələrin təsviri), torpaq sahəsinin qonşu sərhədləri, torpaq sahəsinin ölçüsünə müvafiq miqyasda tərtib olunmuş torpaq sahəsinin planı, plan və ölçünün X13 Kitabında uçota alındığı nömrə və tarix (üzərində hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahəsinə dair tərtib edilən plan və ölçü istisna olmaqla), Komitənin strukturuna daxil olan qurumun möhür yeri, vəzifəli şəxsinin imzası, soyadı, adı, atasının adı, plan və ölçünü tərtib etmiş icraçının imzası, soyadı, adı, atasının adı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli qərarı ilə «Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları» təsdiq edilmişdir. Qaydaların 4-cü bəndinə görə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 gün müddətində icra edilir. Mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur. Göründüyü kimi, mövcud qanunvericilik (o cümlədən, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir və daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr bu əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Həmçinin, qanunvericilik normaları daşınmaz əmlaka, o cümlədən tprpaq sahəsinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatını həmin əmlakın müvafiq əlamətlərini özündə əks etdirən “Torpaq sahəsinin planı və ölçüsü”nün tərtib edilməsi ilə şərtləndirir. Hazırkı işin hallarına görə isə, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, deməli göstəriciləri əks olunan torpaq sahəsinə müvafiq alqı-satqı müqaviləsi əsasında alıcı kimi İddiaçı mülkiyyət hüquqlarının qeydiyyatı aparılsa da, onun adına yeni “Torpaq sahəsinin planı və ölçüsü”nün tərtib olunması təmin edilməmişdir. Məhkəmə vurğulayır ki, daşınmaz əmlakın dövlət reyestrində üzərində hüquqlar qeydiyyata alınmış və həmin qeydiyyat ləğv olunmamış torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü” qeydiyyat orqanı tərəfindən mülkiyyətçinin adına şərtsiz olaraq tərtib edilməli və ona verilməlidir. Üzərində hüquq qeydiyyat alınmış (ləğv edilməmiş) həmin torpaq sahəsi ilə bağlı hər hansı şəxsin qeydiyyat orqanına müraciəti heç bir halda, mülkiyyətçiyə plan və ölçünün verilməməsinə əsas vermir. Məhkəmə həmçinin iş üzrə aidiyyəti qurumdan alınmış mütəxəssis rəyinə də diqqət çəkərək qeyd edir ki, inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuş X6 müvafiq orderlə Şüvəlan bağ massibində 51 saylı BTK-nın nəzdində ayrılmış 770a saylı bağ sahəsinin mübahisəli sahəyə aid olması öz təsdiqini tapmır, mütəxəssisin qənaətinə görə mübahisəli ərazi sxematik xəritəyə əsasən BTK-lar üçün ayrılmış ərazilərdə yerləşmir. Mütəxəssis rəyini verən qurum hazırkı iş üzrə cavabdeh inzibati orqan olsa da, məhkəmə həmin qurumun səlahiyyətlərini, Azərbaycan Respublikası Prezidentinin «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» 22 may 2007-ci il tarixli Sərəncamına əsasən Bakı ŞİH-in nəzdində olan bağ təsərrüfatı idarəsinin arxiv daşıyıcısı olmasını, habelə müvafiq məsələ ilə bağlı mövcud inzibati praktikaya görə digər təşkilatdan rəy alınmasının mümkünsüzlüyünü, eləcə də rəydə onun əsassılığı ilə əlaqədar xüsusatların müəyyən edilmədiyini nəzərə alaraq, iş üzrə verilmiş “mütəxəssis rəyi”ni mötəbər sübut kimi qiymətləndirir. Belə olan halda məhkəmə cavabdeh inzibati orqanın mövqeyi ilə razılaşmır və hesab edir ki, iddiaçının müvafiq torpaq sahəsinə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığından, həmin torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü”nün tərtib edilərək iddiaçıya verilməsindən imtina olunması qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək daşınmaz əmlakın dövlət reyestrində İddiaçı mülkiyyəti kimi 7 aprel 2016-cı il tarixdə qeydiyyata alınmış (RX ******* nömrəli reyestrdən çıxarışla rəsmiləşdirilmiş) Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, bağ massivi, 71 saylı bağ sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü”nün verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 81, 85-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Daşınmaz əmlakın dövlət reyestrində İddiaçı mülkiyyəti kimi 7 aprel 2016-cı il tarixdə qeydiyyata alınmış (RX ******* nömrəli reyestrdən çıxarışla rəsmiləşdirilmiş) Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, bağ massivi, 71 saylı bağ sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü”nün verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim: Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-1967/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1967/2023
23.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver